525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Biz Rafiqlə Balidə istirahət edərkən yerli teatra baş çəkmək istədik. Bali teatrı da öz qədim tarixinə malik olmaqla, Asiya xalqlarının kiçik teatrını təmsil edənlərdən biridir. Bu qitənin bir neçə ölkəsində teatr mövcud idi. Bu teatrlarda dramaya, demək olar ki, rəqs əlavə olunurdu. Sanskrit dramalarına hind klassik rəqsi daxil idi, müasir hind filmlərini də bol rəqssiz güman etmək mümkün deyildir. Balidə isə belə rəqslər hər yerdə gedə bilərdi, hətta məbəd qarşısında və icma iclasları üçün olan pavilyonların özündə də ifa edilirdi. Dialoqları adətən musiqi müşayiət edir, rəqslərin özü də mahiyyətə xidmət edir. Xüsusi prinsipial cəhət xordur. Musiqi də tamaşanın ruhuna uyğun olur, şadlıq, şən hadisə vaxtı heç vaxt rekviyem musiqisi çalınmır. Rəqqas söz jesti ilə pərdənin açılmasına göstəriş verirdi. Rəqslərdə qollar, ovucun içi sifətin qarşısında olurdu, onlar fiquranı göstərmək üçün diaqonal xətt çəkirdilər. Yalnız Bali rəqsi başa çatanda, onlar dayanırdılar. Adada əhali xristian dininə sitayiş etsə də, milli ənənələrə böyük ehtiram vardır və onlar yaşamaqda davam edir. Mən gənc ərimin nəzakətindən çox razı idim, belə davranışına görə onun valideynlərinə də minnətdarlıq hissləri bəsləyirdim. Rafiq məni yarım sözdən başa düşürdü, heç bir istəyimə etiraz etmirdi. Balidə mənim təklifimlə yerli teatrın hind eposu "Ramayana" mövzuları əsasında hazırlaşmış tamaşaya da baxmışdıq. Onlar mənim aktrisa olduğumu eşitdikdə, pantomimama və rəqsimə baxmaq istədiklərini bildirdilər. Mən onlarda dəbdə olan qaş-göz mimikası vasitəsilə fikrimi ifadə etdiyimi göstərdim, sonra isə hind rəqsini ifa etdim. Onlar mənim çıxışımdan, xüsusilə rəqsimdən çox razı qalıb, ərimə mənim istedadımı təriflədilər.

Rafiq əvvəldən mənim teatrda işləməyimə mane olmayacağına söz vermişdi və vədinə də əməl etdi. O, mənim işə gedib qayıtmağıma bahalı maşın ayırmışdı, avtomobil mənim sərəncamımda idi. Truppamızın bəzi üzvləri mənim yeni vəziyyətimə paxıllıqla yanaşır, arxada mənim belə ərə getməyimdə hiyləgərliyimin əsas rol oynadığını danışırdılar. Guya ki, ərim məni sevdiyinə görə deyil, toruma düşdüyünə görə almışdır. Belə çıxır ki, mən əsl hörümçək təbiətinə malik imişəm. Gözü götürməyənlərin belə danışıqları məni qıcıqlandırmamış qalmadığı kimi, məni ərimə, ailəmə, hətta işlədiyim kollektivə də daha sıx bağlayırdı. Artıq mənə boğazdan yuxarı tərif deyənlər də çox idi, lakin bu hiperbolalara mən inanmırdım. Çünki indiyədək ciddi psixoloji bir obrazı yaratmağa müvəffəq olmamışdım, xırda personajlardakı uğurumu isə o qədər də böyük bir şey hesab etmirdim, çünki artıq dəbə düşmüş hərəkətlər, danışıq tərzi, qəhqəhəyə keçən gülüş elə bir dayanıqlı uğur sayıla bilməzdi. Bir rejissor hətta mənə "Homer qəhqəhəsindən" artıq əl çəkməyi məsləhət görmüşdü.

Toyumuzdan bir il on ay sonra mən Rafiqi və valideynlərini oğlan uşağı doğmaqla, qiymətli bir hədiyyə ilə çox sevindirdim. İl yarım sonra mənə çox oxşayan qızımız dünyaya gəldi. Oğlumuz Namiq və qızımız Sara evimizin təbii bəzəyinə çevrilmişdilər.

Mən ana olmaq sevincini yaşamağın yaratdığı yeni, mənə tanış olmayan bir ruhla daha çətin rollar axtarışına düşmüşdüm, istəyirdim ki, onlar ən azı 10-15 il ömür sürsün. Bu məsələdə Rafiqin köməyinə ehtiyacım vardı, o, zəngin mütaliəsinə görə mənə yaxşı məsləhətçi ola bilərdi. Həm də məndə vətənpərvərlik hissini daha da yüksəltmək üçün şəhərimizin keçmişinə bələd olmağımı istəyirdi. Bu barədə mənim dünyagörüşüm zəif idi, kasıb bir küçədə yaşamış və bir də məktəbimizin və universitetimin yerləşdiyi əraziləri az-çox tanıyırdım. Bakının müəyyən tarixi abidələrini birgə gəzmək barədə istəyimi nəzərə alıb, məni yaxşı tanımadığım yerlərə apardı, İçərişəhəri gəzmək və XX əsrin başlanğıcında tikilmiş dəbdəbəli evləri görmək mənə ləzzət verdi.

 

Yeni ailənin ev qayğıları

 

Bizim mənzilimiz olduqca geniş idi, onu səliqə-səhmanda saxlamaq müəyyən əziyyət və diqqət tələb edirdi. Etiraf etməliyəm ki, mən belə genişliyə öyrənməmişdim və ondan irəli gələn işləri görmək, problemləri həll etmək sahəsində də mənim səriştəm yox idi. Əvvəlcədən razılaşdığımız kimi, ev təsərrüfatının idarəçiliyi, bu sahədə müəyyən təcrübəsi olan Rafiqin üzərinə düşürdü. Digər tərəfdən mən daim teatrda olurdum, evdə baş verən hadisələrdən dəyişikliklərdən sonra xəbər tuturdum və ərim də xoş xasiyyəti hesabına mənə heç bir iradını bildirmirdi.

Ev təsərrüfatını idarə etməkdə Rafiqin yaxın köməkçisi evimizin yaşlı qulluqçu qadını idi. Mətbəx isə bütünlüklə onun hökmranlığı altında idi. Uşaqların dayələri də lazım gəldikdə ona köməklik edirdilər. Rafiqlə mən evdə səhər yeməyini yeyib, işə yollanırdıq. Səhər yeməyimiz də olduqca sadə idi, yulaf sıyığından, bir parça çörəyin üstünə yaxılmış qaymaq və baldan ibarət olurdu. Mən köhnə adətimə uyğun olaraq bir armudu stəkan çay içir, Rafiq də öz yeniyetməliyindən öyrəndiyi kofeyə üstünlük verirdi. Axşamlar isə evə qayıtdıqda xırda qəlyanaltı ilə kifayətlənirdik.

Qulluqçu danışqan arvad idi, nəsə xoşuna gəlməyəndə açıq narazılığını bildirməkdən çəkinmirdi. O, ərimlə sıx əlaqədə işlədiyindən, ona daha tez-tez iradını bildirirdi, təkcə mənimlə nəzakət çərçivəsində davranırdı, uşaqların və dayələrin üstünə yeri gələndə qışqırırdı da. Lakin heç kəs ondan incimirdi, bilirdilər ki, o, adətən haqlı iradlar tutur. Onun belə tələbkarlığı olmasaydı, evdə çox şey alt-üst olardı, ev təsərrüfatı idarəçilikdən çıxardı.

Uşaqların tərbiyəsindən atası da, mən də razı idik. Dayələr bizim gözlədiyimizdən də fərasətli çıxmışdılar və uşaqlar da onları sayır, göstərişlərinə əməl edirdilər. Qulluqçu isə pis qidalandıqlarına görə onlardan narazılıq edirdi. Evin bazarlığını Rafiqin sürücüsü edirdi, aldığı hər şeyin keyfiyyətli olmasına xüsusi diqqət verirdi, bu məsələdə bəzən həddi aşıb, satıcılarla uzun-uzadı mübahisə edir, bəzən hətta dava salırdı. Rafiq ona iradını bildirəndə deyirdi ki, mən haqsızlığa dözə bilmirəm, qiyməti əsassız olaraq qaldıranlara öz etirazımı bildirirəm. Axı kasıb adamlar da həmin bazardan ərzaq alırlar, onlar qəpiyə də qənaət etməyə öyrənmişlər. Mən öz evimə də bazarlıq edirəm, baha qiymət ailə büdcəmə böyük ziyan vurur.

Qulluqçunu əsəbiləşdirən səbəblərdən biri rayonlardan bizim evə gələnlər idi, onlar Rafiqin biznes partnyorları idi, bizə pay gətirirdilər. Ona görə evimizdə meyvə-tərəvəz bolluğu yaranırdı. Onları yerləşdirmək isə qulluqçunun üzərinə düşürdü və bu, onu əlavə zəhmətə salırdı. Onu narazı salan başqa bir cəhət isə, həmin adamların nahar etməmiş evi tərk etməməsi idi. Qulluqçu şikayətlənəndə, Rafiq onu sakitləşdirirdi ki, bu, bizim milli qaydadır, rayona gedəndə onlar bizi duz-çörəklə, yüksək qonaqpərvərliklə qarşılayırlar, bizdən də müvafiq cavab gözləyirlər. Mən bunun canlı şahidi oldum.

Bir dəfə bir fermer təzə tikdirdiyi evinin açılışına bizi ailəliklə dəvət etmişdi. Süfrə elə bol çeşiddə bəzədilmişdi ki, elə bil kralı qarşılayırlar. Natiq və Sara onun uşaqları ilə dostlaşıb, bağda tər axıdana qədər oynamışdılar, kənddən geri qayıtmaq istəmirdilər. Biz də rayonlu dostumuzun ailəsinə yaxşı sovqat aparmışdıq, yükümüzün çoxu bahalı İsveçrə şokolad qutularından ibarət idi.

Məclisdə baş verən bir hadisə mənə olduqca güclü təsir etdi, başqa iri ziyafətlərimizdə buna təsadüf olunmamışdı. Biz sakitcə süfrədəki xörəkləri dadanda, Rafiq dilə gəlib, dedi:

- Gəlin ümumi qaydanı pozaq, bədəni qidalandırmaqla yanaşı, ruhumuzun da qidalandırılması qayğısına qalaq, məclisimizdə bir şənlik atmosferi yaradaq. İzolda xanımdan xahiş edək ki, bu abad evin açılışını musiqi, şərqi hesabına daha yadda qalan etsin, bir mahnı oxusun. Və birbaşa təklif etdi ki, ingilis dilində amerikanların bir vaxtlar çox sevdikləri "Edelveys" mahnısını oxuyum, nə vaxtsa onu oxumağım ərimin xoşuna gəlmişdi. Xahişini yerə sala bilməzdim və oxumağa keçdim. İlk notları eşidəndən sonra zaldakı evin özü kimi təzə olan pianinonun arxasına keçdi, klavişləri azacıq yoxladıqdan sonra, melodiya ilə məni müşayiət etdi. Edelveys dağın çılpaq zirvəsinə yaxın bitdiyindən əlçatmaz hesab olunur, mahnı da bu hissləri ifadə edir. Mən musiqiyə uyğun olaraq yüksək notlarda oxuyurdum. Hamı heyran qalmışdı.

Mahnı bitdikdən sonra, o, başqa bir xahişini də dilə gətirdi. Hələ uşaqlarımız olmadığı, mənim buna görə çox qüssə çəkdiyim vaxtlarda, özü səfərlərə gedərkən, dərdimə həm də həsrətin əlavə olunduğu bir dövrdə tez-tez həzin mahnılara müraciət etdiyimdən hali idi. O, səfərdən qayıdanda sevinc göz yaşları içində mən bunu ona söyləmişdim, əsasən də Şövkət Ələkbərovanın qəmli mahnılarına oxumağı sevirdim. İndi də onlardan birini oxumağı xahiş etdi. Mən həzin səslə "Sevgilim dənizdədir, ağ yelkəni üzdədir" sözlərini oxuyanda, o, daha da cuşə gəldi və unison qaydada musiqi ilə mənə dəstək verdi. Mahnının ifası olduqca yaxşı alındı. Hamı məni və Rafiqi alqışladı, uşaqlarımız sevinclərini gizlədə bilmirdilər. Ev sahibi, onun xanımı və Türkiyədə təhsil alan kiçik qardaşı şən əhval-ruhiyyə yaratdığımıza görə bizə minnətdarlıq etdilər və fermer razılığını bildirmək üçün dedi ki, musiqiniz evin açılışını daha təntənəli etdi və biz bunu heç vaxt yaddan çıxarmayacağıq.

Biz sadə həyat tərzini seçmişdik. İmkanlarından asılı olmayaraq, Rafiqdə lovğalıq, məğrurluq xüsusiyyəti yox idi. Bu, mənim olduqca xoşuma gəlirdi. Zaman ötdükcə, mən onun daha gözəl keyfiyyətləri ilə tanış olurdum və mən bəxtimə düşən püşkdən daha çox razı qalırdım.

 

İkinci Dünya müharibəsi qəhrəmanlarının abidələrinə ziyarət

 

Mən nikahımızdan bir neçə il keçdikdən sonra, səhər yeməyi vaxtı Rafiqə bir xahişə müraciət etdim:

- Əgər mümkünsə, işinə maneə olmayacaqsa, məni İkinci Dünya müharibəsində igidliklə iştirak etmiş həmyerlilərimizin heykəllərini görməyə apar. Mən onları çoxdan gördüyümdən, cizgiləri yaddaşımda yaxşı qalmayıbdır.

Rafiq arvadının müəmmalı xahişinə təəccüb etdisə də, təklifinə razılığını bildirdi. İndiyədək evimizdə bu Sovet İttifaqı Qəhrəmanları heç yada düşməmişdi.  Yaxşı ki, həlak olduqları yerə getmək təklifi edilməmişdi, bu, tam müşkül məsələ olardi. Pribaltikaya, Yaponiyaya, Sloveniyaya getmək lazım gələrdi.

İlk olaraq Dağüstü parka, Həzi Aslanovun abidəsi yanına getdik, o qədər də ifadəli deyildi. Heydər Əliyevin təşbbüsü ilə yaradılan və 1983-cü ildə Lənkəranda təntənəli surətdə açılan abidə daha möhtəşəm idi. Onsuz da general balaca boylu adam idi, onun mənzil-muzeyində həmin təntənəli günlərdə dolaşan bacısı da, addım başı adamlara qəhrəman qardaşının "cürəpə" olduğunu deyirdi. Lakin bu igid insan tank diviziyası komandanlığına yüksəlmişdi, Stalinqrad cəbhəsində xüsusi ilə fərqlənmişdi. Ona görə də "Stalinqrad döyüşü  Qəhrəmanlarının abidə- ansamblının" yerləşdiyi Mamayev Kurqanda başqa Sovet İttifaqı Qəhrəmanları kimi Həzi Aslanovun da rəmzi qəbiri vardır.

 (Ardı var) 

 





13.03.2024    çap et  çap et