525.Az

Eşqin dahi tərənnümçüsünün obrazı təsviri sənətdə


 

Eşqin dahi tərənnümçüsünün obrazı təsviri sənətdə<b style="color:red"></b>

Azərbaycan təsviri sənətində bir çox ədibin surəti yaradılıb. Dahi Nizaminin, əsilzadə ruhlu Natəvanın, satira ustası Sabirin... Bu mövzuda əsərlər ədiblərin yaradıcı simasına xas olan fərdi əlamətləri və müəlliflərin ifadə tərzinin rəngarəngliyi ilə göz oxşayır. Eşqin dahi tərənnümçüsü, mənəviyyat carçısı olan Məhəmməd Füzulinin surəti isə əsas etibarilə lirizm və dərin şeiriyyətlə aşılanıb. Təsviri sənətdə M.Füzuli surəti ilə tanışlığımız 1939-cu ildən başlayır. Həmin ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dekorativ bəzəkli, firuzəyi-göy şirəli naxışlarla bəzədilən eyvanında şairin heykəli ucaldıldı. Sadəliyi, səmimiliyi, mənəvi zənginliyi ilə tamaşaçının qəlbinə yol tapan bu əsər heykəltaraş Fuad Əbdürrəhmanovun nailiyyəti idi. F.Əbdürrəhmanov ilkə imza atmış və heykəltaraşlıq tarixində M.Füzulinin ilk dəfə olaraq heykəlini hazırlamışdı. Bu heykəl, eyni zamanda şairin bizə tanış olan simasının ilk eskizi idi. Çünki M.Füzulinin real cizgilərini əks etdirən portreti müasir dövrədək gəlib çatmayıb. Bunun səbəbi isə orta əsrlərdə portretə, heykələ dini səbəblərdən mənfi münasibətlə bağlı idi. F.Əbdürrəhmanovun gərgin axtarışları nəticəsində yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən və rəsmən qəbul olunmuş ilk portreti kimi tanındı.          Heykəl muzeyin eyvanında abidəsi yer alan digər ədiblərin fiqurları ilə eyni ölçü və həcmdə, ayaqüstü pozada işlənib, ansambl ilə uyğunlaşdırılıb. Sənətkarın uğurla hazırladığı bu heykəldə şairin yaradıcılıq simasına xas olan fərdi əlamətlər inandırıcı, gerçək təəssürat oyatmağa qadir cizgilərdir. Müəllif ehtiraslı şair qəlbinin incəliklərinə nüfuz etmək istəmiş və buna müvəffəq olmuşdu. Şairin surətini şöhrətləndirən heykəltaraş bu əsərində peşəkarlıq məharətini bir daha nümayiş etdirmişdi.

M.Füzulinin sonrakı dövrlərdə hazırlanan portret və heykəllərində sənətkarlar şairin simasını öz yaradıcılıq süzgəclərindən keçirsələr də, F.Əbdürrəhmanov tərəfindən yaradılmış obrazın ümumi cizgilərinə sadiq qalmışlar.

M.Füzuli heykəlləri onun şəxsiyyətinin daşla ifadə olunan rəsmidir. Füzuli dühasının möhtəşəmliyini vurğulayan, Füzuli əzəmətinin duyulduğu digər bir heykəl isə Tokay Məmmədov və Ömər Eldarov təxəyyülünün ortaq məhsuludur. Söhbət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə ucaldılmış heykəldən gedir. Azərbaycan heykəltaraşlıq sənətində monumental abidələrin ən uğurlu örnəklərindən biri olan bu heykəl 1958-1962-ci illərdə hazırlanıb. Heykəldəki lirik əhval-ruhiyyə, incə plastik keçidlər sənətkarların yaradıcılıq dəsti-xəttini açıq-aşkar nümayiş etdirir. Real natura hissiyatına malik heykəltaraşlar öz sənətinin fədaisi şairə xas olan xüsusiyyətlərin mahir ifaçısı kimi çıxış etmişlər. Onlar qəhrəmanları üçün səciyyəvi duruş, psixoloji vəziyyət seçmiş, surətin xarakteristikasını tamamlayan yardımçı detallardan ustalıqla faydalanıblar. Heykəldə ilhamlı şairindərin mənəviyyatının əksi nə qədər mənalı və cazibədardır. Ona baxdıqca bizi onun hiss və həyəcanları düşündürür.                Şairin uzun libaslı fiquru, onun əzəmətli qaməti, möhtəşəm silüeti mavi səma fonunda daha aydın və qabarıq nəzərə çarpır.            Tunc heykəl qranit pyedestal üzərindədir. Abidə kompleksinin ümumi hündürlüyü 12 metrə çatır. Memarlarla heykəltaraşların birgə zəhmətinin dəyərli məhsulu olan heykəlin postamentindəki qorelyefdə şairin "Leyli və Məcnun" əsərindən bir səhnənin təsvir edilməsi heykəlin məzmununu xeyli zənginləşdirib. Sözsüz ki, şairin bədii xəzinəmizə bəxş etdiyi töhfələr sənətkarlarımız tərəfindən yüksək qiymətləndirilib və bu da əsərə öz təsirini göstərib. Fiqurun başını nisbətən sola istiqamətləndirilməsi və əlini çənəsinə söykəyib öz daxili aləminə qapılmış halda təsviri şairin abidələşmiş obrazındakı kamilliyi təmin edən cəhətlərdəndir. M.Füzulinin bu müdrik görkəmi sanki onun dünya poeziya zirvəsini fəth etmiş şair dühasına bədii işarədir. 

Füzuli qəzəli, Füzuli ruhu, Füzuli məhəbbəti bir çox sənətkarın ilham mənbəyi olub. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk opera məhz şairin eyniadlı əsəri əsasında yaradılmış, Füzuli poetikasının işığı hətta musiqi sənətimizi belə aydınlatmışdı. Necə ki, musiqi ahəngdən, şeir avazdan ibarətdir, rəsm əsəri isə həm ahəngdən, həm də avazdan yoğrulur. Bu mənada, klassik musiqinin, klassik ədəbiyyatın vurğunu olan Toğrul Nərimanbəyovun "Azərbaycan  müğənniləri" diptixindəki Füzuli surətini təhlil etməsək, düzgün olmaz. T.Nərimanbəyovun mürəkkəb təsvir sxemini kompozisiya şəklində tamaşaçıya çatdırmaq bacarığı onun bu əsərinin belə mükəmməl alınmasına səbəb olmaya bilməzdi. Rəssamın dəsti-xəttinin unikallığı bu tabloya xüsusi parlaqlıq verir. Şairin sanki canlı olan, ülvi fikirlər ifadə edən çöhrəsi göstərir ki, rəssamın ən çox sevdiyi qəhrəmanlarından biri də M.Füzuli olub. T.Nərimanbəyovun öz illüstrativ üslubuna sadiq qalması şairin mistik üslubu ilə səsləşir. Rəssamın bu üslubu yenə də tamaşaçını heyran edir və personajla izləyici arasında dialoq başlayır. Müəllifin öz şair personajını tünd kolorit və dekorativlik daxilində təhlil və təqdim etməsi heyranedicidir. Bu dekorativlik şairi çərçivə kimi haşiyələyərək onun simasına tamamlıq, bütövlük bəxş edir. Detalların çoxluğuna baxmayaraq, kompozisiyanın fikir mərkəzini şairin surəti təşkil edir. Tablonu seyr edərkən sanki şairin mənəvi aləminə xəyalən gəzintiyə çıxmış oluruq. Mürəkkəb rənglər, ornamentallıq, qaval və kamança  səsinin ahəngi içərisində sanki şairin qəzəllərini eşidirik. Rənglərin poeziyasını yaradan sənətkarın fırçasının gücü elə bundan ibarətdir ki, onun hər tablosunu izlərkən sanki nağıllar aləminə səyahət etmiş oluruq.        

Səttar Bəhlulzadənin "Qəzəlxan" portretindəki pastel tonlu rəng çalarlarını lüzumsuz alabəzək adlandırmaq olmaz. Rəssamın bu əsərində hər bir rəngin öz mənası, öz fəlsəfəsi var. Tablodakı rəng palitrası, şeiriyyət, dinamika sanki portreti hərəkətləndirir, dilə gətirib danışdırır. Sıralanmış oxra, yaşıl, qəhvəyi rəng uyğunluğuna xüsusi meyl göstərən rəssamın bu lövhəsində parlaq ağ zolaqlar da görmək mümkündür. Həmin rənglərin ahəngi ilə cingiltili təzad təşkil edən bu ağ ləkələr koloritin daha mənalı çıxmasına səbəb olur. Rəssam surətinin psixologiyasının təhlilinə xüsusi fikir verir, həmin dramatik boyalarla şairi diqqətimizə çatdırır. Detalları incə xətlərlə rəsm edilmiş bu əsərdə S.Bəhlulzadə personajını qəmgin əhval-ruhiyyədə təqdim edib. Onun sifəti ciddi, alnını kəsib keçən qırışlar ifadəli və mənalıdır. Şair sanki sevimli surətlərini düşünür. Rəssamın obrazı ümumiləşdirib, xırdalıqları qabardaraq sənət baxımından tutarlı əsər yaratmaq qabiliyyəti bu tabloda da nəzərə çarpır.     

Vurğulamalıyıq ki, S.Bəhlulzadə portret janrına az-az müraciət etsə də, M.Füzulinin portretinə bütün yaradıcılığı boyu dəfələrlə qayıtmışdı. "Mənim bir rəssam kimi yetişməyimdə üç müdrik sənətin-qədim xalça və miniatür sənətimizin, bir də Füzulinin odlu-alovlu poeziyasının böyük rolu  olub" deyən rəssamın Füzuli poeziyasına bəslədiyi ülvi məhəbbət onun qrafika və rəngkarlıq tablolarında öz əksini tapıb. Hətta müasirlərinin söylədiklərinə görə, rəssam bəzən dahiyanə əsərləri üzərində işləyərkən M.Füzulinin qəzəllərini zümzümə edərmiş. S.Bəhlulzadə Füzuli  və onun nakam məhəbbət yaşamış qəhrəmanları olan Leyli və Məcnuna saysız-hesabsız əsərlər ithaf edib. "Füzulinin portreti", "Şair kədəri", "Məcnun ağlar, şam ağlar", "Leylinin sorağında", "Zəncirlənmiş arzular" kimi əsərlərə baxarkən görürük ki, rəssam izləyicidə nəcib duyğular doğuran motivlər axtarmış və buna nail olmuşdu. Rəssamın bu mövzuya həsr etdiyi, müəyyən mənada pərakəndə və təxmini çəkilmiş lövhələrini belə həyəcansız izləmək qeyri-mümkündür. Füzuli əsl məhəbbəti sözlərlə təsvir edən rəssam idi, Səttar isə rənglər dünyasının şairi idi.

Milli illüstrasiya sənətimizin başlıca mövzusu mücərrəd rəvayətlər deyil, bəşəri motivlər olub. Görkəmli rəssamımız Mikayıl Abdullayev də M.Füzuli poeziyasına ara-sıra müraciət etmiş, onun "Leyli və Məcnun" poemasına illüstrasiyalar çəkmişdi. Rəssam eyni zamanda "Leyli və Məcnun" operasına bədii  tərtibat vermişdi. "Hər gün ən azı dörd saat mütaliə edirəm, iki saat yazıram, səkkiz saat molbert önündə dayanıram" deyən sənətkar görünür ki, Füzuli poeziyası ilə də yaxından tanış olubmuş. Bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dahi şairə aid zalında Füzuliyə

ithaf edilmiş dekorativ-tətbiqi sənət nümunələri, heykəllər, portretlərlə birlikdə süjetli bir tablo da diqqətimizi çəkir. Rəssam Əyyub Məmmədovun fırçasının məhsulu olan və "Azərbaycanlıların Bağdada köçü" adlanan bu tablo M.Füzulinin atası Süleymanın ailəsi ilə birlikdə köç etdiyi tarixi təqdim edən maraqlı eksponatdır. Boyaların ahəngi, ifa tərzi ilə fərqlənən bu tabloda şairin yaşadığı dövrün nəbzi və nəfəsi duyulur. Dünya ədəbiyyatının inci-gövhəri sayılan M.Füzuli və onun poeziyası ilə bağlı mövzular bir çox sənətkarımız üçün bir növ yaradıcılıq imtahanı olub, onlarda kompozisiya təfəkkürünün zənginləşməsinə və bədii təxəyyülün inkişafına təkan verib. Bu gün bir çox şəhərdə mütəfəkkir şairin heykəl və büstləri sərgilənir, onun bədii obrazının əks olunduğu portretləri və kiçik ölçülü heykəlləri muzeylərimizin ekspozisiyasını bəzəyir. Həmin sənət əsərləri Füzuli təfəkkürünə, Füzuli dünyagörünüşünə xas olan əlamətləri özündə əks etdirir.

Azərbaycan rəssamlıq sənətinin mənşəyini, tarixi köklərini tədqiq edərkən dahi Füzulinin əsərlərində rəssamlıq, xəttatlıq sənətlərinə həsr olunan beytlər, misralar qarşımıza çıxır. Bu məqamda deyə bilərik ki, sənətkarlarımızın M.Füzuli irsinə göstərdiyi maraq, şairə ithaf edilmiş saysız-hesabsız sənət əsərləri təsadüfən yaranmayıb.     

          

 

 





13.03.2024    çap et  çap et