525.Az

“Məişət zorakılığına yox deyək!” devizli hekayə müsabiqəsi yekunlaşıb


 

“ULDUZ” JURNALI İLƏ SƏHİYYƏ NAZİRLİYİ İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİNİN BİRGƏ TƏŞKİL ETDİYİ MÜSABİQƏNİN QALİBLƏRI MÜKAFATLANDIRILIB

“Məişət zorakılığına yox deyək!” devizli hekayə müsabiqəsi yekunlaşıb<b style="color:red"></b>

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə əməkdaşlığı çərçivəsində təşkil edilmiş hekayə müsabiqəsinin yekunlarına aid tədbir keçirilib. AYB-nin “Natəvan” klubunda keçirilən tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib. O bildirib ki, məişət zorakılığı halları bütövlükdə cəmiyyət üçün təhlükəlidir və yalnız məqsədyönlü yanaşma, geniş maarifləndirmə ilə bu problemin həllinə nail olmaq mümkündür. 

İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd gənc nəsildə tolerantlıq, dözümlülük, qarşılıqlı anlaşılma və hörmət, ailədaxili problemlərin dinc yolla çözülərək həllinin tapılması kimi xüsusiyyətlərin aşılanması olub. 

Ədəbiyyatşünas Seyfəddin Hüseynli, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək bildiriblər ki, məişət, eləcə də gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir. 

Sonra “Məişət zorakılığına yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçıları elan edilib. Arif Rəhimov (“Zərif və kövrək məxluq”), Azər Musaoğlu (“Fidan”), Fatimə Bayramova (“Bağlı qapı arxasında”), Maya İmran (“Humay Atabəy”), Rəşid Bərgüşadlı (“Otit”), Şəfa Vəli (“Quşxanadan reportaj”), Zemfira Məhərrəmli (“Ailə sənin məbədindir”) qalib kimi mükafatlandırılıb. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib, belə müsabiqələrin gələcəkdə davam etdirilməsi və seçilmiş hekayələrin ayrıca kitab şəklində çapı nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqə“525-ci qəzet”in informasiya dəstəyi ilə baş tutub. 


 

 





13.03.2024    çap et  çap et