525.Az

Mənəviyyata ekrandan vurulan zərbələr - Həyəcan təbili gecikməyibmi?


 

ƏXLAQİ DƏYƏRLƏRƏ ZİDD, İNSANLARIN ƏSƏB VƏ HEYSİYYƏTİNƏ TOXUNAN “ŞOU PROQRAMLAR” MİLLİ-İCTİMAİ TƏHLÜKƏ MƏNBƏYİNƏ ÇEVRİLİB

Mənəviyyata ekrandan vurulan zərbələr -<b style="color:red"> Həyəcan təbili gecikməyibmi?</b>

Ötən əsrin ortalarında “Diqqət! Göstərir Bakı!” şüarı ilə fəaliyyətə başlayan milli televiziyamız bu gün öz arealını genişləndirərək hətta sərhədləri aşmağı bacarıb. Bu gün Bakı göstərir, özü də geniş imkanlar vasitəsilə, daha əhatəli, fərqli və çoxtərəfli rakursdan... 

Ətraf aləmin, baş verənlərin əyani nümayişi ilə daha çox informasiyanın insanlar üçün əlçatan olması naminə belə bir məsuliyyətli işi üzərinə götürmüş çeşidli televiziya kanallarımız bu gün nəyi və necə göstərir? Bu sualın ortaya çıxmasına zərurət yaradan məsələlərin çərçivəni aşaraq artıq böyük təhlükəyə çevrilməsi və müasir tendensiyaya mənfi təsir edərək eybəcər mənzərə yaratması son vaxtlar mütəmadi ictimai narahatlığa, ciddi müzakirələrə səbəb olur.

“Bu ayinədə əyri görünmək” əvvəllər səmimi narahatlıq doğururdusa, günümüzdə sindroma çevrilib və televiziya məkanımız artıq “əyri görünməyə və göstərməyə” adətkardır. Bəzi şou proqramlarındakı ağlasığmaz ifadələr və davranışlar, sosial verilişlərdə bütün çılpaqlığı ilə nümayiş etdirilən, olmayanda isə uydurulan ailə-məişət konfliktləri özünün kulminasiya nöqtəsinə çatıb və görünür, bu düyünün açılmasının vaxtı artıq yetişib. Bəzən ən “çoxbilmiş” xəfiyyəyə, bəzən ən “ədalətli” hakimə, bəzən isə ən “meydangir” masabəyinə çevrilən fərdlərin idarə etdiyi “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi məramı-məqsədi qeyri-müəyyən, ancaq təsiri ziyanlı olduğu dəqiq bilinən proqramlar barədə ictimai rəylə tanışlıq üçün həmin verilişlərdən sosial şəbəkədə paylaşılmış hissələrə gələn şərhləri oxumaq da kifayətdir. Bu gün heç iki nəfərin arasında danışılmayası məsələlər, neçə vaxtdır ki, efir məkanına rahat yol, mənəviyyatımıza qarşı əl-qol açıb. Həyəcan təbili bir az gecikməyibmi?! 

Artıq neçə illərdir, ölkə teleməkanında reytinq xatirinə bu cür bayağı, əxlaqi dəyərlərdən uzaq, insanların əsəb və heysiyyətinə toxunan verilişlər yayımlanır. “Gəlir yalnız bu cür şou proqramlardan əldə edilir” deyə özəl telekanallar belə verilişlərə geniş yer verirlər. Mənfəət xatirinə bəzi telekanallar milli-mənəvi dəyərləri heçə sayaraq bayağı şouların arxasınca qaçır, efiri, xüsusilə, gənclərin təlim-tərbiyəsini aşındıracaq qədər məzmunsuz, aşağı səviyyəli, ən əsası isə qeyri-etik verilişlərlə yükləyirlər. 

Telekanalların təmsilçiləri sözügedən mövzularda səsləndirilən iradlara bəzən "heç kimi məcbur etmirik, kim istəmir, baxmasın" şəklində reaksiya verirlər. Bunun isə bir adı var: “İctimai rəyi saymamaq”. 

Aydın məsələdir ki, texnologiyanın inkişaf etdiyi və sosial medianın önə keçdiyi bir dövrdə ənənəvi media, xüsusən, televiziya öz hazırladığı materialı maraqlı, qəliblərdən və şablonlardan uzaq təqdim etməlidir ki, müəyyən tamaşaçı kütləsi cəlb etməyi bacarsın. Amma bu o demək deyil ki, telekanallar milli-mənəvi dəyərlərə hörmətsiz yanaşıb cəmiyyətə qeyri-etikliyi, bayağılığı aşılasınlar. 

Həmin verilişlərin əskəriyyəti bəzən məhkəmə salonunu, bəzən də məhəllədə qonşular arasında gedən hədsiz-sərhədsiz müzakirəni xatırladır. Ailələrdəki problemlər, qohumlar arasındakı ürəkbulandıran əhvalatlar efirdə qabarıq şəkildə müzakirəyə çıxarılır. “Aparıcılar” xırda bir “məsələ”ni şişirdir, çıxılmaz bir durum görüntüsü yaradır, “ekspertlər” isə birləşib günlərlə bunu müzakirə edirlər. Sonra isə “aparıcı”nın “sehrli çubuğu” vasitəsilə günlərdir çək-çevir edilən, sonu görünməyən “məsələ” dəqiqələr içində guya öz həllini tapır. Əslində, onların gördükləri işin çox sadə adı var: beyinlərin yuyulması, mənəviyyatın qurudulması. Uzun illərdir ki, bu yolverilməz əməliyyat beləcə icra edilir. Bu, kütləvi şüurun amansızcasına manipulyasiyasıdır. Burada insanın düşüncəsini, davranışını, dini inanclarını, duyğularını və ya qərar qəbuletmə prosesini onun iradə və istəklərinə zidd olaraq dəyişdirmək cəhdləri nəzərdə tutulur. 

Milyonlarla insanın gözü qarşısında mütəmadi olaraq hansısa faktlar üzərində müzakirələr aparmaq və hər dəfə müxtəlif fərdlərin problemlərinin təfərrüatını çılpaq şəkildə yayımlamaq mövcud problemin həlli deyil, göstəriş naminə şou yaratmaq cəhdidir. İnsanlar arasında qəbuledilməz “riyakarlıq” əlaməti bu gün hər kəsin evində olan “sehrli qutu” vasitəsilə nəinki nümayiş etdirilir, hətta birbaşa insan psixologiyasına sızdırılır və özümüzdən asılı olmayaraq, az qala yaşam tərzimizi müəyyənləşdirir. 

Hər gün efirdə işıqlandırılan hansısa bir ailənin faciəsi əslində eyni anda yüzlərlə ailədə yaşanır və bir evin işığı digərinə düşmədiyi kimi, verilişlərdəki səsli-küylü çıxışlar, ədəbsiz müdaxilələr, küçə leksikonunda danışılanlar və nəhayət, nəticəsiz polemikalar vəziyyətin daha da kritikləşməsinə yol açır. Televiziyada yayımlanan sosial verilişlər cəmiyyətdəki hansısa problemlərin ümumi mənzərəsinə, onların kökündə dayanan nəsnələrə və çıxış yollarına işıq salmağa çalışsa, normal qarşılamaq olar. Ölkəmizdə kifayət qədər təcrübəli, ekstremal vəziyyətdə “nə etmək lazımdır?” sualına bir neçə rakursdan cavab verməyi bacaran təcrübəli ekspertlər və insan instinktləri, düşüncələri, davranışlarına yaxşı bələd olan psixoloqlar var. Həmin ümumiləşdirilmiş problemlərin çıxış yolları barədə aparılan müzakirələr və maarifləndirici çıxışlar cəmiyyətdəki eynitipli mübahisələrin, çəkişmələrin qarşısını ala bilər. Axı həmin verilişlərlə insanların kütləvi şəkildə zövqünü korlayan və psixologiyasını pozan bəzi televiziya kanalları həm də müsbətyönümlü, islahedici, sanballı proqramları milyonlarla insana nümayiş etdirməyə qadirdir. Bəs nə üçün etmir və hansısa kənar müdaxiləni gözləyirlər? Məgər onlar özləri bu cəmiyyətin nümayəndəsi deyillərmi? Yoxsa uşaqdan böyüyə qədər hər kəsin aydın sabahına qənim kəsiliblər?.. 

Məzmun formanı şərtləndirdiyindən bazar səviyyəli məsələlərin müzakirəsi zamanı aparıcılar efir məkanının tələb etdiyi ədəbi dilin sərhədlərindən çıxıb, ən arzuolunmaz yönlərə üz tuturlar. Aydın məsələdir ki, səviyyəcə aşağı olan hadisələri şərh edərkən kamil səviyyəli, layiqli Azərbaycan dilində danışmaq mümkün deyil. Fəlakət isə odur ki, həmin üslubda üç-dörd saat çıxış edən aparıcıların səsi əksər evlərə yol tapıb, onların səs arealının genişlənməsi üçün əlverişli şərait yaradılıb. Həmin şəxslərin “xələfləri” yetişir və gələcəkdə bu cür “jurnalist” olmaq cəhdlərinin da toxumları səpilir. Həmin “jurnalist”lərin danışdıqları “dil” insanların özünüifadə tərzinə təsir edir və şifahi nitqlərində təzahür tapır. Efir ana dilimizin qırmızı xətlərini cızıb cəmiyyətə aşılamalı olduğu halda, bu tipli proqramların şərtləndirdiyi “dil, üslub” nəyin yanlış, nəyin doğru olduğunu unutdurmağa, milli-mənəvi manqurtlaşmaya yol açır. Bu gün bəzi proqramlar və onların aparıcıları insanlar tərəfindən istinad nöqtəsi sayılan televiziyanın simasını dəyişməklə, daha konkret desək, mənəvi cinayətlə məşğuldular.

"Bu verilişlər nə üçün lazımdır?” sualı ortaya qoyulanda telekanallar bunu maddi vəziyyətləri ilə əlaqələndirir, belə verilişlərin yüksək reytinq və nəticədə pul gətirməsi ilə haqq qazandırırlar. Reytinqi bəhanə gətirən subyektlər unudurlar ki, həmin tamaşaçının zövqünü formalaşdıran və sözügedən bayağı verilişlərə baxmağa sövq edən də bugünkü efir məkanıdır. Bu tip proqramlar xalqımızın kürəyinə arxadan vurulan zərbədir. Təbii ki, əgər onlara proqram demək mümkündürsə...

Hazırda sözügedən kanalların aparıcıları və həmin kanalların rəhbərləri ilə yanaşı, Azərbaycan Respublikası Audivizual Şurasını da günahlandıranlar var. Aydın məsələdir ki, Audivizual Şura kanal rəhbərlərindən ehtiyat etmir. Çünki bu şura birbaşa dövlətə tabedir və həm dövlət qarşısında, həm də cəmiyyət qarşısında məsuliyyət, mükəlləfiyət daşıyır. Audivizual Şura səlahiyyətləri çərçivəsində ara-sıra hansısa tənqid obyektinə çevrilən kobud səhvlər barədə tədbir görməyə çalışır. Amma təəssüf ki, həmin tədbirlər yetərincə bəhrə vermir. Düzdür, bu gün sadalanan xoşagəlməz nümunələrlə yanaşı, sanballı və milli televiziyamızın adına, dəyərlərinə, ənənələrinə layiq proqram və verilişlər də yayımlanır. Amma bu o demək deyil ki, mövcud problemlərin ardınca düşüb onların həll yollarını axtarmayaq.

Ötən əsrin amerikalı telejurnalisti Edvard Merou televiziya haqqında deyirdi: "O öyrədə və maarifləndirə, hətta həvəsləndirə bilər, ancaq o vaxta qədər ki, insanlar ondan müvafiq surətdə istifadə edə bilsinlər. Əks halda o, sadəcə olaraq, naqil və lampalardan ibarət qutudur". Milli televiziyamızın bəsit, qaranlıq bir qutuya çevrilməsinə göz yummamalı, o qutudan mənəviyyatımıza davamlı çirkab sıçramasına imkan verməməliyik. Yoxsa o qutunun zərərli-zəhərli tilsimindən qurtulmaq, yaydığı çirkabı yuyub paklamaq çox çətin, hətta mümkünsüz ola bilər.

Nadir YALÇIN,

Sevinc QARAYEVA

 





14.03.2024    çap et  çap et