525.Az

Azərbaycan - Qazaxıstan: strateji tərəfdaşlar, müttəfiqlər və qardaş ölkələr...


 

Azərbaycan - Qazaxıstan: strateji tərəfdaşlar, <b style="color:red"> müttəfiqlər və qardaş ölkələr...</b>

Azərbaycan-Qazaxıstan münasibətləri tarixi köklərə, ənənəvi dostluğa, qardaşlığa əsaslanır. İki ölkənin keçdiyi yola, xüsusilə müstəqillik illərində qarşılaşdığı çağırışlara, inkişaf mərhələlərinə nəzər saldıqda, burda da oxşarlıq özünü göstərir. Son illər Azərbaycan-Qazaxıstan münasibətləri yeni dinamika alıb, bütün sahələrdə inkişaf, xüsusilə dostluq əlaqələrinin daha da möhkəmlənməsi müşahidə olunur. Hazırda iki ölkə strateji tərəfdaşdır, münasibətlərimiz müttəfiqlik  səviyyəsindədir. Tərəflər əlaqələrin daha da sıxlaşdırılmasında maraqlıdırlar. Bu günlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri, verilən bəyanatlar bunu deməyə əsas verir. Qazaxıstan lideri zəngin bir gündəliklə Azərbaycanda oldu, eyni zamanda azad edilmiş ərazilərə səfər etdi.

Bu gün münasibətlər həm ikitərəfli qaydada, həm Türk Dövlətləri Təşkilatında, eyni zamanda Mərkəzi Asiya regionu çərçivəsində inkişaf edir.

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində türk dünyası ilə bağlı çox önəmli mesaj verdi. Dövlət başçısı dedi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini vurğulayan dövlət başçısı bildirib: "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Bu baxımdan Bakı-Astana əlaqələrinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Onu da vurğulayaq ki, Azərbaycan-Qazaxıstan münasibətləri bir çox sahələrdə inkişaf edir. Ötən 1 il 6 ay ərzində Azərbaycanla Qazaxıstan arasında 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. 2020-ci ildən bu yana iki ölkənin ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollar) artıb. Təkcə keçən il ərzində ticarət dövriyyəsinin həcmi 314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb. Ümumiyyətlə, 2005-2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib.

Azərbaycan-Qazaxıstan qarşılıqlı yükdaşımaları da son 3 ildə 5 dəfə artıb. Beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyanın bu il martın 6-da keçirilən növbəti iclasında 2023-cü il üzrə daşımaların davamlılığının təmin edilməsi məqsədilə "İcazə" blanklarının əlavə mübadiləsi və 2024-cü il üçün ölkələrimiz arasında "İcazə" blanklarının ilkin kvotası razılaşdırılıb. Orta Dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfindən daşınması üçün təşkilati işlərin görülməsi barədə razılıq əldə edilib. Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlığın qurulması, qazax şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştiraklarına əlverişli imkan yaradılması əməkdaşlığımızı daha da gücləndirib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Qazaxıstan liderinin azad olunmuş ərazilərə - Füzuli və Şuşaya səfəri həm də qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin növbəti dəfə ifadəsi idi.

Qeyd edək ki, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Tokayev öz nitqində deyib ki, biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.

O, Mərkəzin Qazaxıstan xalqı adından hədiyyə olduğunu deyib: "Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir".

Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.

Yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması heç şübhəsiz ki, Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov "525"ə deyib ki, Azərbaycan və Qazaxıstanı ortaq soy-kök, eyni dil və yaxın mədəni-tarixi əlaqələr, qardaşlıq münasibətləri birləşdirir. Hər iki ölkə son dərəcə strateji əhəmiyyətli bir regionda yerləşməklə, Qərblə Şərq arasında körpü rolunu oynayaraq ən strateji qlobal enerji, nəqliyyat layihələrini təmin etməklə regionun ümumi inkişafına töhfə verir.

Deputat deyib ki, son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, o cümlədən, Qazaxıstana, eləcə də həmin dövlətlərinin başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə yeni əməkdaşlıq imkanlarının güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur: "Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar, o cümlədən, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən "Aktau İstehsal və Logistika Mərkəzi" ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanın müəllifi olduğu strateji layihə Bakı-Tbilisi-Ceyhan Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir".

A.Hüseynov əlavə edib ki, ölkələr arasında iqtisadi potensial da böyükdür: "İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə son il yarım ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu fəaliyyət göstərir. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub".

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə "KazMunayGas" arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirən millət vəkili qeyd edib ki, hər iki qardaş ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir və qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşıda duran əsas vəzifələrdəndir: "Qazaxıstan işğaldan azad olunmuş ərazilərdə də Azərbaycana dəstək verməkdədir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bu təşəbbüskarlığın ən yaxşı nümunəsidir.

Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallqılar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Yeni İpək Yolunun Orta Dəhlizinə çevrilən Azərbaycan Şərq-Qərb nəqliyyat magistralının əsas nöqtələrindən biri olan Mərkəzi Asiya ilə əlaqələri də gücləndirir. Xüsusilə  Zəngəzur dəhlizinin yaradılması ilə Çin-Mərkəzi Asiya və Avropanın sıx inteqrasiyası artmış olacaq ki, bu prosesdə əsas xətt Azərbaycanın ərazisini əhatə etmiş olacaq".

Deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən, regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanla Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Hər iki ölkə eyni kökə, mədəniyyətə, ənənələrə malik xalqlardır. Qazaxıstanda yüz minlərlə soydaşımız yaşayır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan strateji tərəfdar olan ölkələrdir, iki dövlətin dostluğunun əsasını qarşılıqlı əlaqələr və əməkdaşlıq təşkil edir.

C.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Azərbaycan və Qazaxıstan xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir.

Deputat bildirib ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi oldu: "Bu sənədlərbundan sonra da hər iki xalqın və dövlətin münasibətlərinin güclənməsinə öz töhfəsini verəcəyinə deməyə əsas verir. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Bu, hər iki ölkə Prezidentinin qarşılıqlı səfərlərindən aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olub. Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib".

 

 





14.03.2024    çap et  çap et