525.Az

Poetik pasport


 

Poetik pasport<b style="color:red"></b>

O, möcüzə idi, möcüzə kimi də haqqa qovuşdu

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə

Hörmətli Rəşad müəllim,

Mart ayının 24-də qardaşım qızı Qənirə Paşayevanın ad günüdür.

Lakin o, ad gününü 8 martda, Beynəlxalq qadınlar günündə keçirərdi. İlk dəfə idi ki, nəslimizin fəxri, kamil insanın keçməli olduğu şəriət, təriqət, mərifət, həqiqət mərhələlərini keçən, şəriətimizin tələbləri üzrə Həcc ziyarətində olan, Yaradanın sevimli bəndəsi Qənirə xanımın ad gününü onsuz keçirirdik.

Qohumlar, dostlar, Milli Məclisdə çiyin-çiyinə çalışdığı millət vəkilləri Fəxri xiyabanda məzarı önündə toplaşmışdıq.

Millət vəkilləri Arzu Nağıyev, Aydın Hüseynov, iraqlı soydaşımız Dr.Şəmsəddin Kuzəçi, Əməkdar artist Nuriyyə Hüseynova, Qənirə xanımın möhtəşəm "Addım-addım Türkiyə" filminin rejissoru Elnurə Kazımova və başqaları çıxış edərək fəxrlə Qənirə Paşayevanın dövlət və xalq qarşısında xidmətlərindən söz açdılar.

Fitri istedadı sayəsində şair, nasir, həkim, hüquqşünas, alim, publisist, ictimai xadim kimi şöhrət tapan, Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın yaradıcılığında səfər qeydləri, səfərnamələr xüsusi yer tuturdu. Hər dəfə səyahətdən dönəndən sonra getdiyi ölkə haqqında maraqlı kitabı çıxır və təqdim edilirdi. Yadımdadır, onun "Sirlər dünyasına səyahət: Misir" (Bakı, 2021, 288 səh.) kitabının təqdimatında siz də çıxış edərək əsərin məziyyətlərindən, Qənirə xanımın uğurlarından söz açdınız, mən də. Gözləmədiyim halda təklif etdiniz ki, çıxışımı redaktoru olduğunuz "525-ci qəzet"ə təqdim edim. Kitabı bir daha gözdən keçirərək "Sirlər dünyasına səyahət" adlı məqalə yazdım və qəzetinizdə (25.12.2021) çap olundu. Qənirə xanım haqqında yazdığım bu yeganə məqaləyə görə Sizə minnətdaram.

Maraqlıdır ki, Qənirə xanım da mənim yaradıcılığıma bircə məqalə həsr edib.

O, kərküklü soydaşımız Dr.Şəmsəddin Kuzəçinin mənə ithaf etdiyi "Kərkük şairləri", 2-ci cild (Ankara, 2007, 624 səh.) kitabı əsasında tərtib etdiyim akademik İsa Həbibbəylinin redaktorluğu, professorlar Şirindil Alışanlı və Elmar Quliyevin rəyi, onun maddi dəstəyi ilə çap etdirdiyim "İraq türkman poeziya antologiyası", II cild (Bakı, 2021, 464 səh.) əsərinə "Poetik Pasport" adlı çox maraqlı ön söz yazmışdır.

Qədirşünaslıq əlaməti olaraq Antologiyanın sonunda yazmışdım: "Kitabın işıq üzü görməsində maddi-mənəvi dəstəyə görə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Prof.Dr.Qənirə Paşayevaya iraqlı soydaşlarımız adından minnətdarlığımızı bildiririk".

Rəşad müəllim, xahiş edirəm, Qənirə xanımın İraq türkman ədəbiyyatına işıq tutan dəyərli və gərəkli "Poetik pasport" məqaləsinin çapına yardımçı olasınız.

Hörmətlə,

Qəzənfər Paşayev

 

Qənirə PAŞAYEVA

 

"İraq-Türkman poeziyas antologiyası" Əməkdar elm xadimi Prof.Dr. Qəzənfər Paşayevin ürəkdən bağlı olduğu fəaliyyət sahəsinin yeni səhifəsi, hadisəsidir. Ustad ədəbiyyatşünasın İraq-Türkman mədəniyyəti, ictimai-sosial həyatı, ümumən İraq türkmanlarının keçmişi, bu günü ilə bağlı yazdıqları ayrıca götürülmüş bir ədəbiyyatşünaslıq (kulturalogiya) bölməsi təşkil edir. Professorun sözügedən sahədəki əsərləri İraq-Türkmanşünaslıq məktəbi yaratmaq güc və keyfiyyətindədir desək, yanlış olmazdı.

Mən İraqda dəfələrlə olmuşam və hər səfərimdə oradakı soydaşlarımızla təmasları, dərdləşməyi, uğurlaşmağı qaçırmamağa çalışmışam. Deyə bilərəm ki, İraq-Türkman adına xüsusi önəm daşıyan nə varsa, hara varsa və kim varsa, onun haqqında bu və ya digər dərəcədə məlumatlıyam, yaxud ümumi təsəvvürlərə malikəm. Üstəlik, İraqın ən taleyüklü dönəmlərində ora etdiyim səfərlər baxımından, iraqlı soydaşlarımızın (İraq ictimaiyyətinin) ağrı-acılarını, yaşanmış və yaşanmamışları bir xeyli müşahidə etmək imkanım olub. Həyatın dibində və zirvəsində insan xarakteri, yaxud xaraktersizliyi daha əyani şəkildə görünür. Mən İraq insanını, İraq türkmanlarını həmişə mərd gördüm, millətcanlı, torpaq sevdalı gördüm, insancıl gördüm. İraq haqqında danışarkən, İraqa gedib-gələrkən "sülh, əmin-amanlıq olsun!" alqışımız hələ də öndə gəlir. İraqa gedincə, saysız-hesabsız görüş, qonaq dəvətləri isə... ayrı bir söhbətin mövzusu, bir ömrün zövqü-səfasıdır...

İraqdan, türkman elindən Bakıya gələn olunca da məni aramasalar, xətrimə dəyəcəyini bütün dostlarım yaxşı bilir.

Mən İraq türkmanlarını tanımazdan, bilməzdən daha öncə Qəzənfər müəllimi tanımışam, bilmişəm, əlbəttə. Əlbəttə, Qəzənfər müəllimin qardaşı qızı olmaq mənə İraq türkmanlarını daha erkəndən tanımaq, bilmək şansı verib. Və Türkmaneli sevdasını hələ orta məktəb şagirdi ikən ruhuma hopdurmaq imkanına malik olduğum üçün Tanrıma şükranlıyam.

Beləliklə, Qəzənfər müəllimin duyğu-düşüncələri, Kərkük, türkmaneli sevdası Kərkükə, Türkman elinə getməzdən oraları bizə gətirib, bizi doğmalaşdırıb. Və mən bu işin sevda, könül işində qalmadığını görmüşəm. Sevdalı olmaq gözəldir, gözəllikdir, könül işi xüsusi bir mənəviyyat kateqoriyasıdır; lakin bu sevdalılıq və könüllülük peşəkarlıq müstəvisində inikas olunmazsa, elmə, elmi əsərə çevrilə bilməz. Elmi əsər, araşdırma işi, kitab tərtibi, redaktəsi də... eşqsiz, ruhsuz olarsa, araya-ərsəyə gələn kitab maraqsız və cansıxıcı alınar. Bu anlamda, İraq-Türkman poeziya antologiyası bir ürəkman poeziyası antologiyasıdır. Çox şadam ki, Qəzənfər müəllim məhz ustad universallığı ilə sevda, könül işini peşəkarlıqla elm müstəvisinə daşıdığı kimi, bu kitaba da daşıyıb. Onun sayəsində respublikamızda ədəbiyyatşünaslığın İraq-Türkman bölməsi təşəkkül edib. Azərbaycanda İraq türkmanşünaslığının ən davamlı, uzunmüddətli, peşəkar tədqiqatçısı təbliğatçısı, tərənnümçüsü və təşkilatçısı məhz Qəzənfər Paşayevdir. O, İraq türkmanşünaslığı sahəsində ilk addımlarını atan gənclərin xeyirxahı olmaqla, bu sahədəki çalışmalara başqa bir keyfiyyət qazandırıb.

Ayrıca, Qəzənfər müəllimin bəhrələndiyi kitabların, o kitabların müəlliflərinin adını dönə-dönə qeyd etməsi bir qədirşünaslıq, minnətdarlıq örnəyidir.

Professor Q.Paşayevin tərtibçisi olduğu "İraq-Türkman poeziya antologiyası"nın 2-ci cildinə (özünün də dəfələrlə vurğu etdiyi kimi) Dr. Şəmsəddin Kuzəçinin "Kerkük şairleri" kitabında (Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) nəşri, Ankara, 2006) yer alan şairlərdən 61-nin öz-keçmişi və şeirləri daxil edilib. Həmin kitaba yazılmış "Giriş"də Şəmsəddin Kuzəçi haqlı olaraq, türk dünyasında İraq türklərinin "Kültür elçisi" kimi xarakterizə edilib: "Şəmsəddin Kuzəçi 2000-ci ildə ilk dəfə Birliyimizdə görəv almışdır. Bu gün onun doğulub-böyüdüyü Türkmaneli toraqlarının, ümumən Türk dünyasının kültürünə vermiş olduğu önəm və təmin etdiyi qatqı, hər kəsə bəllidir. Şəmsəddin Kuzəçinin gördüyü işləri bir araşdırma mərkəzinin gördüyü işlə müqayisə etmək olar" (Əkbər Qoşalı).

Bəli, "İraq-Türkman poeziya antologiyası" ədəbiyyatşünaslıq əsəri deyil, lakin ədəbiyyat hadisəsidir, ədəbiyyatşünaslar üçün bir qaynaqdır. Antologiya İraq-Türkman poeziyasının keçdiyi inkişaf yolunu, tendensiyaları, mətn-mündəricə əlvanlığını, onun bugününü və inkişaf yönünü göstərir. Bir güldəstə olaraq, İraq-Türkman soydaşlarımızın poetik duyğu düşüncəsi, onların həyata, dünyaya, insanlara (hətta münasibətlərin özünə!) münasibəti ayrı-ayrı qələmlərlə göz önündə canlandırılır. Qəzənfər müəllimin həssaslıq və peşəkarlıqla tərtib etdiyi antologiya İraq-Türkman dünyasının poetik pasportudur. Antologiya necə deyərlər, İraq-Türkman bədii-milli identivlik sertifaktı əyarındadır.

Aydın Kərkükün "Kərkükün Xasası" şeirində oxuyuruq:

Bir qərib ozan kimi,

Coşar Kərkükün Xasası.

Sevdalanıb dəli kimi

Daşar Kərkükün Xasası.

Kərkük şəhərini iki yerə bölüb keçən Xasa çayını vəsf edən şair çaya, onun özəlliklərinə elə anlamlar yükləyir, deyirsən, şairlə çay yüzillərin dostu, həmdərdi, həmsevincidir... Bəzən xurma ağaclarından başqa bir ağac bitirilməyibmiş kimi görünən, göz işlədikcə uzanan, illər uzunu qar görməyən, daim yanan Gurgur Babalı İraq düzəngahlarında çaya xüsusi məhəbbət, çayla dərdləşmək, uğurlaşmaq, onu elliklə tərənnüm etmək ayrı-ayrı fəlsəfi kateqoriyalarda incələnə biləcək hadisədir.

İhsan Kitabçıoğlu isə özünün "Yan yatmaq" şeirində iraqlı soydaşlarımızın bir başqa düşüncə qatına, fikir layına güzgü tutur:

Cəhənnəmdə göz açdıq, atəş nədir ki?

Top səsiylə böyüdük, təlaş nədir ki?

Sən qiyamətdən danış, savaş nədir ki?

Biz mina tarlasında yallı gedərik...

Burada "mina" sözünün şeirə bu qədər səliqəli gətiril-məsindən tutmuş, başıbəlalı İraqda yaşananlar və yaşanmalı olub da yaşanmayanlar poetik dillə gözəl ifadə edilib.

Firdovs xanım Kərküklünün "Gözləmək" şeiri öz poetik tapıntıları ilə ayrı bir hava gətirir, sanki hey pıçıldamaq istəyirsən:

Boşluqlardan gələn küləyin

Sərinliyində qırıldı qanadı könlümün.

Yosun ağaclarında xətt düşdü.

İllərcə həsrətlərdən açdığımız

Yaşıl meşəli günlər,

Bir daha qovuşdu qaranlıqlı çiçəklər...

Yaxud Həmzə Hamamçıoğlunun "Yeddinci qədəh"inə diqqət edək:

Beşinci qədəhdə:

Məhbusları öpüb qaçırdacaq

Sərxoş bir polis olmaq istəyirəm...

Bu fikir konstruksiyası haralardan gəlir? Burada bir sonopsixoloji portret var. İraq türkmanlarına haqq-hüquq yetərsizliyi yaşatmış uzun illik diktator yönətimindən sonra, bu dəfə ("yağışdan sonra yağmura düşən") işğala məruz qalan, haqsızlığa uğrayan ölkədə, məhbusluq da, polislik də şərtidir sanki... Sanki yerlər bir an öncə dəyişə bilər, yaxud artıq dəyişib... Sanki tutulan da, tutan da həyatın dərin qatını anlayıb... və şair bu anlayışı qədəh-qədəh sarxoşluqla "həll edir"...

Bu isə 40 ildən artıq Vətən həsrəti ilə İsveçrədə yaşayan Nüsrət Mərdandır:

Al gözlərimi,

Sənin olsun, Kərkük.

Dənizlərə həsrətin bitsin.

Al əllərimi, sənin olsun, Kərkük,

Zəncirə vurulmuş şeirlərini yazsın...

("Kərkük mənim kimliyim")

Mənə elə gəlir, bir antologiya əsərlərin əsəri üçün bu deyilən, vurğulanan məqamlar çox önəmlidir. Önəmli bulduğumuz bu vurğular, məqamlar oxucunun İraq-Türkman soydaşlarımızın dünyasına vurğun olmasına yol açacaq.

Qəzənfər müəllimi bu sanballı antologiyaya görə ürəkdən təbrik edirəm!

Bütün oxucuları təbrik edirəm!

Əlbəttə, müəllifləri xüsusi təbrik edirəm!

Ümidvaram, gələcəkdə antologiyanın 3-cü və növbəti cildləri də könül xoşluğu ilə, zövqlə tərtib edilib, oxucuların ixtiyarına veriləcəkdir. Qəzənfər müəllimin də çox sevdiyi xoyratda deyildiyi kimi:

BU SEVDA ÖLÜNCƏDİR...

Bakı, sentyabr 2021

 





14.03.2024    çap et  çap et