525.Az

Əbədi yaşamaq formulu -  İsmayıl Şıxlı - 105


 

Əbədi yaşamaq formulu - <b style="color:red">  İsmayıl Şıxlı - 105</b>

İsmayıl Şıxlı, şəksiz, böyük yazıçıdır, böyük Azərbaycan-türk yazıçısıdır. O, M.P.Vaqif, A.Bakıxanov, H.Zərdabi, S.Vurğun, M.Hüseyn səviyyəsində sələflərini oxumuşdu. Amma xoşbəxtliyi bir də onda idi ki, dilindən belə söz çıxmamışdı: "Mən onlardan öyrənmişəm!" İ.Şıxlı pedaqoq idi və tələbələrlə işləyirdi. Tələbələri isə etiraflarından qalmırdılar: - Biz İsmayıl Şıxlıdan öyrənmişik. Yazıçı qəti etirazını bildirirdi: - Siz məni oxuyursunuz, nəticəni çıxarmaq özünüzdən asılıdır. Rus ədiblərində sələflərini sıralamaq adəti köhnədir və cüt xatırlamağı sevirlər: Puşkinlə Lermontovu, Tolstoyla Dostoyevskini, Qoqolla Çexovu, Turgenevlə Kuprini qoşalaşdırırlar. İ.Şıxlı bizə dərs dediyi illərdə bu siyahını "açıqlamadı" və bu da onun böyüklüyü idi .

Sovet "sosializm realizmi"nin tuğyan elədiyi illərdə yazıb-yaratmışdı və bir dəfə də bu başabəla realizmin nəzəri məsələlərindən sitat gətirməmişdi. Siyasətdən, nəsihətçilikdən uzaqdı. Yazıçılar var, xaraktercə hansısa mənfi və müsbət qütblərin ortasında ora-bura vurnuxur, gah sol, gah da sağ əlini yapışdırıb özünə sıxır və zamanın ab-havası burnuna toxunanda əlinin birini boşaldır. İ.Şıxlının hər iki qolu və biləyi həmişə gücünü saxlamışdı. Çünki təbiətcə həssas, hərəkətcə müdrik və humanistdi; bu komponentləri hər gün auditoriyada nümayiş elətdirirdi. Şöhrətpərəstlikdən uzaqdı. Kənd yumşaqlığı şəhər sərtliyinə tabe olmamışdı, Bakı onu uda bilmədi, çünki İ.Şıxlı bu şəhərin timsah dişlərini tanımışdı.

Müharibədən şinellə kəndə və oradan Bakıya gələn, məşhur pedaqoji institutda oxuyan gənc qələm sahibi heç bir xüsusi iddiaya düşmədi bu sahədə: böyük alim olmağa səy göstərmədi, çünki əhatəsində çox sevdiyi (biz tələbələrə bu adı daima xatırladır və yüksək qiymət verirdi Əli Sultanlıya) professorlardan Əli Sultanlı, Mir Cəlal Paşayev, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Həmid Araslı vardı.

İlk hekayələr kitabı - "Kerç suları" işıq üzü gördü. Adı cəlbedici və həyati idi, müharibənin amansız üzünün kövrək çalarlarını İ.Şıxlı qabarıq təsvir etmişdi. Dilinin lakonikliyi, əsgərin psixologiyası, detalların aydınlığı çox mətləblərdən soraq gətirirdi oxuculara. Ailə həyatı da onun istəyincə oldu. Ciddi və namuslu tarixçi Məmmədağa Şıxlının həkim qızı Ümidəylə uğurlu izdivacı yaradıcılığına hətta təkan verdi. M.Şıxlı (anamın doğmaca dayısıdır) tarixçi və pedaqoq idi, 30 ildən çox kafedra müdiri işləmişdi. Bizə də dərs demişdi Pedaqoji İnstitutda. Ümidə xanım isə İsmayıl Şıxlı üçün fədakar həmdərd, qələmdaş idi. İsmayıl müəllimin ağır xəstələndiyi illərdə diktə etdiyi son romanını - "Ölən dünyamı" məhz Ümidə xanım yazıya aldı. Milli ədəbiyyatımız klassik bir əsəri itirmədi.

İ.Şıxlı böyük yaradıcılıq sevincini yaşamış, "Ayrılan yollar" və "Dəli Kür" romanlarını qələmə almışdı. Və unutmayaq, elə bir zamanda ki, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əbülhəsən, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Əli Vəliyev kimi qüdrətli ədiblər gözəl romanlarını yazırdılar. Öz yaşıdları da geri qalmırdı. S.Qədirzadə, B.Bayramov, İ.Hüseynov, V.Babanlı və daha neçə imza yaxşı qarşılanan əsərlərlə üzə çıxırdı...

İsmayıl Şıxlı az yazırdı, ədəbiyyatın sevincini və kədərini gözü önünə gətirirdi. O, sağlam, ləkəsiz şəxsiyyətində qidalanan ədəbi qabiliyyətini "məhsuldar"lığa güzəştə getmədi və "Dəli Kür"lə sənətin zirvəsində qərar tutdu. Həm də bəzi ədəbi yaşıdlarına dərs verdi ki, çox yazmaq yazıçının taleyini həll eləmir. İ.Şıxlının böyüklüyündə, əsərlərində səhvə yol verməməsində pedaqoqluğu az rol oynamırdı, ona görə də oxucu yazıçıya qarışıq hisslərlə yanaşmada haqsızlığa yol verməmişdi, ədib kimi sevir və pedaqoq kimi qiymətləndirirdi. Mənə qalsa, onu - yazıçı Şıxlı ilə pedaqoq İsmayıl müəllimi bir-birindən ayırmazdım. Ona görə ki, bizim elə söz adamlarımız olub və var ki, əməllərilə, peşələrilə yaradıcılıqları arasında böyük uçurum görünür. Əsərlərindəki obrazlar humanistdir, ədalət hissini qoruyandır, gözütoxdur. Amma həyatda özü tam tərsinədir. İ.Şıxlı "Dəli Kür"də azərbaycanlı həqiqətini Cahandar ağa obrazında sübut etməyi bacardı. Bu məsələdə İ.Şıxlı dövrünün ideologiyasına əhəmiyyətsiz yanaşmışdı, Cahandar ağanı sanki gələcək sovet həqiqətlərinin puçluğunu göstərmək üçün yaratmışdı. Kimdir bu Cahandar ağa? Çoxmu vacibdi 60-cı illərdə obraz timsalında "dirilsin?" Vacibdi! Ona görə ki, bəyliyimizin üstündən xətt çəkilmişdi, ona əyalətçilik damğası vurulmuşdu. İ.Şıxlı bəylərimizin hətta sivil gedişatı dərk etməsi psixologiyasını da ümumiləşdirirdi. İnsanın əxlaqi paslanması mənəviyyatsızlıqdan başlayır və bəşəri əhəmiyyət daşıyır. Cahandar ağa başqa bir bəyin arvadını atın tərkində evinə gətirir, yenə ona "namussuz" damğası vurulmur. Halbuki bizim adətimizdə belə hal yoxdur. Bizdə namus sayılan bir hərəkət də var: kişinin arvadıdır, atıdır, papağıdır - bunlar yad adamın əliylə ləkələnmişsə, adekvat cavablandırılır. Cahandar ağanın atının quyruğu Allahyar bəy tərəfindən kəsilmişsə o, ölümə məhkumdur. Obrazın bir hərəkəti kimi sayılan bu addımı böyük mənəviyyatdan xəbər verir. Qaçırılmış qadın da sanki hərəkəti düzgün anlayır və fürsət tapıb aralanmaq həvəsinə düşmür. Halbuki yad evdə bunun üçün şərait  yaratmaq mümkün idi, təki qayıtsın. Oxucu onu ərə xəyanətdə əsla günahlandırmır.

İsmayıl Şıxlı bütün yazıçılardan həm də onunla fərqləndi ki, ilk dəfə rus kazaklarını türk barmağı ilə Cahandar bəyin gülləsinə qurban elədi.

İsmayıl Şıxlı siyasətçi olmasa da, biz tələbə ikən, 60-cı illərdə dünya ədəbiyyatından mühazirələr oxuyanda mövcud vəziyyətə laqeyd qalmırdı, sovet ideologiyasının mənfiliklərini, haqsızlıqlarını deyirdı. Xüsusilə, repressiya illərini vurğulayırdı. Çünki onun da doğmalarından qurbanlar vardı. Əmisi Türkiyəyə sığınmağa məcbur olmuş, sonralar Türkiyənin məşhur generalı səviyyəsinə qalxmışdı. Yeri gəlmişkən, mən bu generalın şəklini ailə albomumuzda görmüşəm, baxmayaraq, uzun illər boyu o foto gizlədilirdi. İ.Şıxlı bütöv şəxsiyyət imiciylə siyasətçiydi, haqqa, ədalətə çağıran Siyasət Adamıydı. Sovet sisteminin çökməsi ərəfəsində xalqın, ziyalıların onu axtarması, onun sözünü eşitmək istəməsi sübuta yetirdi ki, "siyasi xadim"lik nə mitinq rəhbəri olmaqla, nə də prezidentlik iddiasına düşməklə ölçülmür. Şəxsiyyət və əqidə bütövlüyü, xaricdən süzülən parıltılara uymamaq iradəsi yaradıcı insana, yazıçıya əsl ictimai-siyasi xadim nüfuzunu qazandırır. Müstəqilliyimizin ilkin məqamında İsmayıl Şıxlını xalq özünə Millət vəkili seçdi və yanılmadığını əyani göstərdi. İsmayıl Şıxlı deputat idi və bu məsul etimadı kimin necə və hansı hisslərlə yaşamasını bilavasitə duymuş, görmüşdü. Sovet dövrü deputatlarını tanıyırdı, onlar əksərən ənənəvi yollarla seçilmişlərdi. Və səksəninci illərdə "Deputat" (1989) adlı gözəl bir hekayə qələmə almışdı. Hekayədə qəhrəmanın adı-soyadı yoxdur. Kənddən Bakıya deputat kimi gəlib. Abırlı, zərif, zəhmətdən qaralmış və yorğun bir qızcığazdır. Yazıçı onun səliqəsinə və bu görkəmdən doğan daxili aləminə, hətta xırda ştrixlərinə diqqət kəsilir. Qız, bəlkə də, sövqi-təbii  hiss edir ki, (nə qədər sadəlövh olsa da, ilk dəfə buraya ayağı dəysə də) quru, rəsmi bir yığıncağa göndərilib. Üstəgəl, deyiləcək sözlərin siyasi mənasını anlamaqdan məhrumluğu və yorğunluğunun canından çıxması intizarı: "...qızcığaz ehtiyatla ayaqqabısının bir tayını çıxartdı. İpək corabın içində bir-birinə sıxılmış barmaqlarını oynadıb qırışığını açdı. Elə bil qan dövranı qaydaya düşdü. Yanaqları xəfifcə qızardı, qaşqabağı açıldı. Heç kəsin ona baxmadığını yəqin etdikdən sonra ayaqqabılarının o biri tayını da soyundu və dərindən nəfəs alıb səndəldə yayxandı... Şalını dizinin üstünə salmışdı ki, baldırları görünməsin... Onun qumral gözləri süzülürdü. Özü burada olsa da, fikiri uzaqlarda idi. Elə hey gözləri yol çəkirdi, heç on dəqiqə çəkməmiş bu yol çəkən gözlər yuxuya getdi".

İ.Şıxlı başqa bir detala da toxunur. 18-19 yaşlı qızcığaz ana uşağı olsa da, yaxşı gün görməyib: "...Əlləri qaralmışdı, barmaqlarında qabar vardı, dərisi bəzi yerlərdə çat-çat olmuşdu, alnında da güclə seziləcək ağ zehlər nəzərə çarpırdı".

Yazıçı hekayə qəhrəmanının zahiri və daxili aləmini təsvir edəndən sonra oxucu üçün daha bir məqama işıq salır: "Nazirlər hey danışır, dövlət büdcəsinin artmasından, güzəranın yaxşılaşmasından, ərzaq bolluğundan, yollar çəkilib, məktəblər, xəstəxanalar tikilməsindən hesabat verirdilər... Qızcığaz isə yatmışdı. Deyilənləri eşitmirdi... Şirincə yatır, elə bil rahat yer tapıb dincəlirdi".

İ.Şıxlı son illərində ölümünə yaxınlaşdıqca ürəyindəkiləri yazıya alırdı. Ölməz hekayələr yazırdı. "Məleykə xala", "Qızıl ilan", "Namus qaçağı", "Namərd gülləsi", "Görüş" və sair hekayələri işıq üzü görürdü. Çünki yazıçı ədəbiyyata da hekayə ilə gəlmişdi. Və ixtiyar yaşında bir daha sübut elədi ki, o, sözün böyük hərfiylə Yazıçıdır.

...Bir bahar günü Fəxri xiyabana yolumu salmışdım. Bu məzarıstana tez-tez baş çəkirəm və hər bir insanın borcudur, barı bir neçə saatlığa içindəki kin-küdurətdən, pisliklərdən uzaqlaşsın. Xeyli aralıda beş-on cavan oğlanın-qızın əllərindəki gül-çiçək dəstələrini məzara qoyduğunu gördüm. Sonra bir anlığa əyildilər və yola düzəldilər. İsmayıl Şıxlının qranit abidə-məzarından sanki uzaqlaşmaq istəmirdilər. Onun nurlu baxışlarını və mənalı sifətinin cazibəsini tərk etməyə sanki həvəsləri çatmırdı. Şəksiz, bunlar tələbələrdi. Bu dəqiqələrdə bir vaxt İsmayıl Şıxlınının  Səməd Vurğun barədə yazdığı xatirə-oçerkinin son cümlələrini xatırladım: "Güllərin arxasından, qəbrin baş tərəfindən pərişan ağ saçlar göründü. Mənə elə gəldi ki, qəbir tərpəndi. Səməd Vurğun ayağa qalxdı və öz şəklinin arxasında dayandı. Gözüm alacalandı, sarsıldım. Reallıqla vahimə arasında qaldım. Amma yanıqlı bir səs məni özümə gətirdi. "Əlli yaşı tamam olmuşdu... Əlli birindən isə cəmi altmış beş gün yaşadı mənim belimi sındıran qardaşım". Ayıldım, tamam ayıldım. Güllərin arxasından çıxan Mehdixan müəllim idi, şairin böyük qardaşı Mehdixan!"

Mən İsmayıl Şıxlının məzarı önündə qəbrinə səpələnmiş tər ətir saçan gülləri, çiçəkləri görürdüm. Sanki ölməmişdi, adəti üzrə, sıx qara saçlarını barmaqları ilə daradı, sağanaqlı eynəyini düzəltdi. Bir vaxt etdiyi kimi, sinifə göz gəzdirdi, sağ dirsəyini kürsüyə söykədi. Bal təki şirin və müalicəvi nitqinə başladı. Bu dəfə təkdim, bu dəfə böyük insanın, yazıçının daşlaşmış məzarı ilə üzbəüz idim. O, çətin ki, bu həqiqətə inansın. Mümkünsüzdü bu onun üçün, amma əslində gerçəyin özüydü: İsmayıl Şıxlının məzarına baş əyən onun tələbəsi idi.

 

 

 





14.03.2024    çap et  çap et