525.Az

Bu dünyanın qapısını döyürəm... - Məmməd Tahirdən poetik nümunələr


 

Bu dünyanın qapısını döyürəm... - <b style="color:red"> Məmməd Tahirdən poetik nümunələr</b>

Unut, gedək

 

Bu dünyanı unutmuşam,

Sən də unut, unut, gedək.

Bir yanından mən tutmuşam,

Bir yanından sən tut, gedək.

Göy üzündən bir bulud dər,

Gözlərində qurut, gedək

 

Gecə solğun işıq düşür

Yarpaqların arasından.

Oturmuşam yer üstündə,

Sünbül-sünbül dən tökülür

Gözlərinin qorasından.

Yığ ovcuna, bir az üfür,

Dodağında soyut, gedək.

 

Açıb bəyaz yaxasını,

Sinəsindən gün görünür.

Mərdimazar biri baxır,

Gözlərindən cin görünür.

Fürsət alıb gedər indi,

Bas sinənə, ovut gedək.

 

Göy o qədər doğub, artıb,

Heç qoymağa yer tapmıram.

Hamı qapıb - qaç dərdində,

Al tapıram, ver tapmıram.

Çox ağladın, daha bəsdi,

Göz yaşını qurut, gedək.

Mən dünyanı unutmuşam,

Könlüm, sən də unut, gedək.

 

A dünyanın yiyəsi

 

Bu dünyanın qapısını döyürəm,

Nə açan var, nə səs verən birisi.

Ölənləri bağışladım Allaha,

Qoy, səs versin heç olmazsa dirisi.

 

Bəlkə elə sorğu-sual yeridi,

Yüzdü, mindi nə üçünü, niyəsi.

Niyə açmır bu qapını görəsən,

Hara gedib bu dünyanın yiyəsi?

 

Bu dünyanın qapısını döyürəm,

Yəqin açsa, sözü yoxdur deyəsi.

Eh, belə baş saxlamağa nə var ki,

Öləsən sən, a dünyanın yiyəsi.

 

Bəlkə biləsən

 

Gözünün önündə gəzsəm, görməzsən,

Bəlkə yoxluğumu gedim, biləsən.

Özgə bir istəyim yoxdu heç səndən,

Səni sevdiyimi dedim, biləsən.

 

Çəkirəm kölgəmi hərdən üstünə,

Deyirəm yağışdan, gündən qoruyum.

Yaxında olanda məni görmürsən,

Çəkilim uzaqdan, gendən qoruyum.

 

Gözümü çəkmirəm sənin üstündən,

Kimsə nəzər etməz, göz gözə gəlməz.

Yanımdan ötəndə hərdən gülümsə,

Kimsə söz eləməz, söz gözə gəlməz

 

Bir az bənzərin var bəyaz çiçəyə,

Üzünə şeh düşsə, gözümdən düşər.

Səni ki, bu qədər uca bilirəm,

Öz gözüm yan baxsa, gözümdən düşər.

 

Bir əlçim buluda dönə saçların,

Axşama, səhərə kölgəlik edə.

Hər gün ürəyimi dilə tuturam,

Gözünün önündən çəkilib gedə.

 

Səni bircə anlıq unutmadım heç,

Səni sevdiyimi dedim, biləsən.

Gözünün önündə gəzdim, görmədin,

Gedim, yoxluğumu bəlkə biləsən.

 

Küləklər səsimə səs versə

 

Nə qırmaya yükdü, nə tətiyə güc,

Əllidən o yana yaşamaq nəhsdi

Ömür də bir çaya atılan daşdı,

Sular alıb gedir, nə bəhsə-bəhsdi.

 

Bir gün haçalansa önündə cığır,

Dərədən səs çıxmaz ha bağır, çağır,

Görsən ki təpələr ovcuna sığır,

O yalı sığalla, oxşa, əbəsdi

 

Dan yeri gözünə sıxa nurunu,

Bulanıq nəzərlər görə durunu,

Görə göydə yaşı, yerdə qurunu,

Bilə bu nə sevgi, bu nə həvəsdi.

 

Ruzisi torpaqdan, qisməti göydən

Hər gün əlçimlənir, əyrilir bədən,

Heç bir təltifində gözüm yox, vətən,

Küləklər səsimə səs versə bəsdi.

 

Gedəsən

 

Saçını bir bahar yağışı yuya,

Yuya, qövsü-qüzeh naxışı yuya,

Gözünü bir gülün baxışı yuya,

Çiçəklər əlindən tutub gedəsən.

 

Əllərin boyana gülün şehinə

Sinəni açasan sübhün mehinə.

Gül-çiçək şehinə batıb gedəsən.

 

Beləcə vaxt keçə, zaman əriyə,

Sevincdən göz dola, dodaq səyriyə.

Cığırın başını qatıb gedəsən.

 

Yamaclar çiyninə alıb ovuda,

Gədiklər bir ana olub ovuda,

Sevgidən bir ocaq çatıb gedəsən.

 

Bir bahar havası, bir açıq sinə,

Yollar da yol verə azacıq sənə,

Sanasan bu dağlar qalacaq sənə,

Dağları dalına atıb gedəsən.

 

Qayıdıb gələndə görəsən yaydı,

Görəsən bu dünya qızıl saraydı,

Ömür də verilmiş kiçik bir paydı,

Onu yaşadasan ya adam kimi,

Ya da ki, ya da ki, satıb gedəsən.

 

Səni könlümə əkdim

 

Səni bir gül bilib könlümə əkdim,

Gün olub başına dolandım hər gün.

Mən səni hamıdan yuxarı çəkdim,

Desəm ki, oduna qalandım hər gün,

Bir az yalan olar,

Yanına nə özgə bir çiçək əkdim,

Nə özgə çiçəyə bir tumar çəkdim.

Könlümdən su içdin, gözümdən işıq,

Aydan oğurladın, gündən gün çaldın.

Hər gün bircə barmaq qalxıb ucaldın,

Ömrümə, günümə oldun yaraşıq.

Olmadı bir qayğın, olmadı dərdin,

Ay olub, il olub nazını çəkdim.

Torpağa əksəydim, solub gedərdin,

Nə yaxşı mən səni könlümə əkdim.

 

Nə divan eylər

 

Yamacda gül olsan, ətəkdə çiçək,

Yağış da islatsa ləçəklərini.

Açıb saçlarını darasa külək,

Kəpənək aldatsa ləçəklərini,

Bir sığal çəksə.

Dolanıb başına bal arısı da,

Səndən bal çəksə,

Görən dərə neylər, görən dağ neylər?

Seli yolu kəssə, yoxuşu kəssə,

Quşların qonmağa yeri qalmasa.

Buludu dağılsa, yağışı kəssə,

Günəşin isitmək sehri qalmasa.

Könlünü bir cığır, ya bir yol çəksə,

Ay enib saçına bir sığal çəksə.

Görən dərə neylər, görən dağ neylər?

Bəyaz ləçəyini biri qoparsa,

Görən dərə neylər, görən dağ neylər?

Bir gün külək alıb səni aparsa,

Bilmirəm, doğrusu, dərə, dağ neylər,

Bu halı pərişan, bu bülbül könül

Kim bilir, dağlara nə divan eylər.

 

Sənə şükür

 

Oturub sayıram, bitmir,

Verdiyin nemətin sayı.

Yedik, doyduq, sənə şükür,

Bu da qurdun-quşun payı.

 

Süfrəni silkirəm yerə,

Qırıntılar quş dənidi.

Köhnə dərdləri unutdum,

Verdiyin dərdlər yenidi.

 

Göz yaşı da bir nemətdi,

Gözümü yuyur, min şükür.

Hər nə versən, səadətdi,

Gözlərim doyur, min şükür.

 

Kəsmədim şükür payımı,

Göndərdim altdan yuxarı.

Cəbrayıl yalan toxuyur,

Bilmirəm nədir çıxarı.

 

Nə verdin geydim əynimə,

Can isindi qışı, yayı.

Yedik, doyduq, şükür, Allah,

Bu da qurdun, quşun payı.

 

Biri var

 

Açıb qızılgüllər, gün... işıq... nə xoş,

Bu may səhərinin özgə sehri var.

Sarılıb budağa bu səhər bir quş,

Quşun ürəyində yəqin biri var.

 

Günəşin şəfəqi açan gül üstə,

Titrəyən yarpağın özgə mehri var.

Məna axtarırsan indi hər səsdə,

Sənin də könlündə yəqin biri var.

 

Könül ovuduruq min şirin dillə,

Hərdən aldanırıq, desəm yeri var.

Bir qoca tələsir dolu zənbillə,

Onun da könlündə yəqin biri var.

 

Közü bir alışa, odu bir yana,

Bəlkə bir olmağın özgə qəhri var.

Səhərlər tələsir hərə bir yana,

Hərənin könlündə yəqin biri var.

 

Kəsilən budağın göyərməz yeri,

Bu təzə pöhrənin ayrı yeri var.

Mənim də dünyada sevdiyim biri,

Məni də dünyada sevən biri var.

 

Könül verdiyim dünya

 

Göy üzündə şamı bir,

Səhəri, axşamı bir.

Üzündə min rəng, boya,

Gah şeytandı, gah mələk

Könül verdiyim dünya.

 

Qurda, quşa yuvadı,

Od, su, torpaq, havadı.

Naxışı, gülü saya.

Gah şirindi, gah acı

Könül verdiyim dünya.

 

Günəş odu, közüdü,

Hər fəsil bir üzüdü.

Bir damla suya dönər,

Ürəyimi suvarar,

Könül verdiyim dünya.

 

Deyirsən bu an

 

Bir də geri dönməz deyirsən bu an,

Vaxt da əlimizdənn yapışmaz daha.

Odu odumuza qarışmaz daha,

Külü külümüzə qarışmaz daha.

Bir də düyçə olmaz əyirsən bu an.

 

Meh əsər, dağıdar üzdən dumanı,

İllərin tozunu silər deyirsən.

Üstünə qızıl şeh çilər deyirsən.

Üzdə göyərəni, gözdən damanı

Yığsan bulud olmaz, ələsən duman,

Yerin tarazını əyərsən bu an.

 

Çiçəklər boylanar torpağın altdan.

Şirəsi torpağın üstünə çıxar,

Qurusa dil üstə könlünü sıxar.

Söz də çiçəkləyər dodağın altda.

Dönüb tərsə axar damarında qan,

Durub dizlərinə döyərsən bu an.

 

Hamı gileylidi vaxt darlığından.

Amma kimsə bilmir vaxt hardan keçir,

Adam nə dövlətdən, nə vardan keçir.

Sorsan çox razıdır öz varlığından.

Nə ayaqdan tutar, nə əldən zaman,

Dönüb bir də gəlməz deyirsən bu an.

 

Küsdürmüsən gülü bağdan

 

Bu sevdanı ha sığalla, yola gəlməz,

Bir də dönüb uçurduğun kola gəlməz,

Qırdığını bir-birinə cala, gəlməz,

Xəbərin yox, küsdürmüsən gülü bağdan.

 

Dodağında tikan bitib gül yerinə,

Yara açıb, od səpmisən kül yerinə,

Nə qatmısan bu rəngləri bir-birinə,

Heç seçilmir qara ağdan.

Xəbərin yox, küsdürmüsən gülü bağdan.

 

Çınqı olub daşdan ayrıl, qayadan qop,

Yuxulardan oyanıb gəl, röyadan qop,

O qapıdan bir də keçməz atdığın top,

Nə vurursan soldan, sağdan.

Xəbərin yox, küsdürmüsən gülü bağdan.

 

Bu fürsət də bir oyundu, qaydası yox,

Ara, axtar, amma heç bu boydası yox,

İndən belə yar sinəni, faydası yox,

Şamaması qopub tağdan.

Xəbərin yox, küsdürmüsən gülü bağdan.

 





14.03.2024    çap et  çap et