525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

Aktrisa ilə döyüşçünün dostluğu

 

Qərb və rus mətbuatında Çeçenistanın məşhur səhra komandiri Əhməd Zakayevlə dünya şöhrətli ingilis aktrisası Vanessa Redqreyv mövzusu uzun müddət qəzetlərin səhifəsindən düşmədi... Səbəb nə idi?

Zakayev Londona Kopenhagendən xanım Vanessanın müşayiəti ilə uçub gəlmişdir. Məlum olduğu kimi, prezident Aslan Masxadovun emissarı İnterpolun beynəlxalq orderi əsasında Rusiyanın xahişi ilə tutulub saxlanılmışdı. Lakin Danimarka məhkəməsi Rusiyanın Baş prokurorunun göndərdiyi dəlilləri əsassız saymış və onun ekstradisiyasından imtina etmişdir. Yeri gəlmişkən xatırladaq ki, Danimarkada Zakayevin hüquqi müdafiəsi xanım Vanessanın şəxsi vəsaiti hesabına təşkil olunmuşdur.

Londondakı məşhur Hitrou aeroportunda Əhməd Zakayev Britaniya polisi tərəfindən saxlanılmış və sorğu-sual edilmişdir. O, elə həmin gün Londondakı munisipal məhkəmənin hakimi qarşısında dayanmış, hətta, məhkum olunması barəsində hökm çıxarılmışdı; lakin hakim bildirmişdir ki, İçkeriya prezidentinin nümayəndəsi 50 min funt (80 min dollara yaxın) ödəməklə zaminə çıxa bilər. Həmin pulu Vanessa Redqreyv ödəməli oldu.

Zakayev özü bildirir ki, o, hələ Kopenhagendə olarkən özünün danimarkalı vəkilindən xahiş edibmiş ki, ingilis hakimiyyətini onun Londona uçacağı barədə məlumatlandırsın. O deyir: "Ürəyimin dərinliyində belə bir inam var ki, ingilislər məni ruslara təhvil verməzlər". Londona gələndən bir gün sonra xanım Vanessa mətbuat konfransında çıxış edərək bildirdi ki, Zakayevin İngiltərəyə gəlişi tamamilə leqal xarakter daşıyır. Masxadov emissarının məhz şəxsi dəvətlə gəldiyini bildirən aktrisa elan etdi ki, keçmiş döyüşçü onun qonağıdır. Son aylara qədər Zakayevin Qərbdə olması rusları o qədər də maraqlandırmırdı. Hətta, ötən müddət ərzində o, Fransa və İsveçrədə olmuş, rəsmi şəxslərlə görüşüb Çeçenistan problemi barədə diskussiyalar aparmışdır. O, habelə gələcəkdə Qərbdən siyasi sığınacaq istəməyəcəyini də bəyan etmişdir.

Bəs ilk baxışda bir-biri ilə heç bir əlaqəsi olmayan bu iki nəfəri - aktrisa ilə döyüşçünü bağlayan nədir? Xanım Vanessa öz müsahibələrində tez-tez vurğulayır ki, Zakayevi lap çoxdan tanıyır və onu qətiyyən terrorçu hesab etmir. Məsələ burasındadır ki, əslində səhra komandirinin özü də vaxtilə Qroznı Dram Teatrının aparıcı aktyorlarından biri, sonralar isə İçkeriya Respublikasının mədəniyyət naziri olmuşdur. Bu gün rus mətbuatında Britaniyanın dünya şöhrətli teatr artisti, "Oskar" mükafatı laureatı Redqreyvlə onun həmkarı, keçmiş aktyor Zakayevin əlaqəsi, dostluğu barədə çoxlu dedi-qodular və uydurmalar yazılmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, Redqreyv İngiltərədə təkcə məşhur aktrisa kimi yox, həm də sol radikal siyasətçi kimi tanınır. O, bir vaxtlar parlamentdə sosialist fəhlə partiyasının nümayəndəsi kimi təmsil olunmuş, lakin bu fəaliyyət uğursuzluqla başa çatmışdır. O, 80-ci illərdə fələstinlilərin müdafiəçisi idi. Bu gün isə çeçenləri müdafiə xərclərini məşhur aktrisa təkbaşına çəkməyəcək. Boris Berozovskinin Xeyriyyəçilik fondu bütün xərcləri öz üzərinə götürüb. 65 yaşlı Vanessa Redqreyv və 43 yaşlı Əhməd Zakayev tez-tez jurnalistlər qarşısında çıxış edir, Rusiyanın apardığı imperialist siyasəti ifşa edirlər.

Böyük Britaniya ilə Rusiyanın rəsmi dairələrinin nümayəndələri Zakayevin Rusiyaya təhvil verilməsi barədə danışıqlar aparsalar da, bunun heç bir əhəmiyyəti olmamışdır. Hətta, Toni Bler və Putin arasında gedən 15 dəqiqəlik söhbətdə səhra komandirinin ekstradisiyası barədə söhbət açıldığı da ehtimal olunur. Lakin bu yaxınlarda keçirilən  məhkəmədə Zakayevin ruslara təhvil verilməsi məsələsi tamamilə gündəmdən çıxmışdır. Siyasətçilər belə hesab edirlər ki, bu, gələcəkdə Qərblə Rusiya arasında beynəlxalq mübahisələrin yaranmasına səbəb ola bilər.

Tam qətiyyətlə demək olar ki, Qərb, çeçen komandirini qanunların düz-əməlli işləmədiyi Rusiyaya təhvil vermək niyyətində deyildi. Belə bir məsələ də var ki, Britaniya qanunları ölüm hökmünü ləğv etməyən ölkələrə heç kəsi təhvil vermir; hətta, terrorçunu belə.

Artıq bir ilə yaxındır ki, (2002-ci ilin əvvəlindən üzü bəri) Zakayev və Redqreyev mövzusu mətbuatın diqqət mərkəzindədir.

Aktrisa və döyüşçü. Görəsən, onları birləşdirən nədir? Sənət, əqidə, dostluq, mübarizə? Bəlkə də bütün bunların hamısı birlikdə... Yəqin ki. Əslində onların hər ikisi aktyor və hər ikisi döyüşçüdür. Mübarizə isə davam edir.

11 yanvar 2003-cü il

 

Mən onu tanıyırdım...

Söhbət böyük rus şairi Andrey Voznesenskidən gedir

 

Rusiyanın və rusların tarixində Voznesenski soyadlı simalar çox olub. Onların arasında çox güman ki, şair Voznesenski daha məşhurdur.

Andrey Andreyeviç Voznesenski 1933-cü ildə Moskvada tanınmış alim, professor Andrey Nikolayeviç Voznesenskinin ailəsində doğulub. Sənətkar 2010-cu ildə elə doğulduğu şəhərdə, lap dəqiq desəm, Moskva yaxınlığındakı yazıçı şəhərciyində - Peredelkinoda vəfat edib. Şairin ulu babası məşhur din xadimi olub.

Andrey 77 il yaşayıb. Onun iki yeddi ilə tamamlanan ömrü nədənsə mənə böyük şairin özünün çox illər öncə yazdığı bir şeiri, daha doğrusu, bir şeirin iki misrasını xatırladır. Zira hələ çox gənc ikən - 1962-ci ildə qələmə aldığı "Mən - ailəyəm" adlı həmin şeirdə də söhbət məhz 7-dən gedir, amma qoşa yox, tək 7-dən.

Ə - semğə

Vo mne kak v spektre jivut semğ "ə",

nevınosimıx, kak semğ zverey

A samıy siniy

           svistit v svirelğ!

A vesnoy

Mne snitsə

          çto ə -

             vosğmoy!

Mən bu şeiri bilərəkdən orijinalda təqdim edirəm. Çünki burada da Voznesenskinin "memarlığı" apaydın görünür.

Bu şeir bir vaxtlar adi adamların və intellektlərin dilində çox məşhur idi.

Voznesenski ixtisasca "ədəbiyyat adamı" deyildi. Moskva Memarlıq İnstitutunu bitirmişdi. O, şeirin də memarı - arxitektoru idi desəm, zənnimcə, səhv etmərəm.

Gəlin bu məqamda Andrey Voznesenskini öz şeirləri ilə yad edək. Mərhum şairimiz Adil Mirseyid vaxtilə Voznesenskinin bir neçə şeirini dilimizə tərcümə etmişdi. Həmin şeirlərdən birini xatırlatmaq pis olmazdı:

Əgər müqəddəs olsaydım,   

Ah, Tanrım, hər məbəddən 

Bayramlarda boş çərçivə    

Gəzdirərdim hər il mən.      

 

Gah müqəddəs ağcaqayın,

Gah bir çay panoramı         

Görünərdi çərçivədən        

və kövrələrdi hamı.             

 

Qızıl çərçivəyə girər            

Görüşdən gələn qadın.      

Bilmirsən, müqəddəssən - 

Hanı, hanı qanadın?           

 

Küçənin sol tərəfi 

durub ayaq saxlayardı.       

sağ tərəf çərçivədən           

baxaraq ağlayardı.

Dediyim kimi, mən Andrey Andreyeviç Voznesenskini tanıyırdım.

Bir zamanlar Voznesenskini bütün Sovetlər Birliyinin ədəbiyyat həvəskarları tanıyırdı. Onu Avropa və Amerikada da yaxşı tanıyırdılar.

Şairin sözlərinə yazılan mahnıları kim xatırlamır? Elə təkcə Alla Puqaçovanın ifa etdiyi "Milyon-milyon qızılgül" mahnısını yada salmaq kifayətdir. Şair bu mahnının süjetini Paustovskinin bir novellasından götürmüşdü. Mahnıda məşhur gürcü rəssamı Nika Pirosmaninin (Pir Osmanlı) fransız aktrisasına sonsuz sevgisindən bəhs edilir.

Əlbəttə, "Allo", "Unutma", "Müğənni", "Akının nəğməsi", "Nostalgiya" və digər onlarla mahnının mətnini də yada salmaq olar.

Voznesenski zahirən sakit təbiətli, amma daxilən üsyankar bir adamdır.

Onu vaxtilə Xruşşov kəskin tənqid etmişdi.

O, məşhur dramaturq Artur Miller və onun arvadı Merilin Monronun ailəvi dostu idi. Bu barədə şairin bir şeiri və şeirdə bu misralar var: "Mən Merlinəm, Merlin. Mən qəhrəmanıyam İntihar və heroinin". O, on dörd yaşından Pasternakla tanış olmuşdu.

O, Sartrın, Haydeggerin, Pikassonun, Paulsun, Vısotskinin, Bob Dilanın dostu idi. Yəqin ki, sonuncu isim oxuculara artıq yaxşı tanışdır; axı Bob Dilan bu ilin Nobel mükafatçısı oldu.

Onun xanımı (1929-cu il təvəllüdlü) Zoya Boquslavskaya  tanınmış tənqidçidir və öz fəaliyyətini yenə davam etdirməkdədir.

Hə, gəldim çıxdım mətləb üstünə.

Bəli, mən Voznesenskini tanıyırdım. Yazıçıların Mərkəzi Yazıçılar Evindəki (Sedeel - adlanan yerə) yeməkxanaya gedərkən mən daim onu stol arxasında görərdim. O, adətən tək oturardı. Hamıdan seçilərdi. Yayda, payızda əynində dama-dama pencək, payızda uzun plaş (yağmurluq) olardı. Onun boğazında çox vaxt qırmızı rəngli şərf olardı və bu şərf bir növ onun qalstukunu əvəz edərdi. Sanki Voznesenski bu dünyaya elə bu "qalstukla" gəlmişdi.

O, adətən yeməkxanaya daxil olarkən əsl yüksək mədəniyyət sahiblərinə məxsus bir əda ilə təzim edərək hamı ilə salamlaşardı. Üzündə bir uşaq səmimiliyi olardı.

Onu az qala həmişə "öz" məlum yerində görmək olardı.

Yadımdadır, bəzən onun stolunun arxası boş olanda rus yazıçıları yarızarafat-yarıcıddi deyərdilər: "Görəsən, bu gün Andrey Andreyeviç "iş yerində" niyə görünmür?"

 

İran eskizləri

 

Xəyyamın vətənində.

Gənclər nə barədə söhbət edirdi?

 

Tehrandan Məşhədə gedən qatar Nişapur şəhərindəki dəmiryol vağzalına yan alıb dayandı. Axşam çoxdan düşmüşdü. Kupenin pəncərələrini açdıq. Öyrəndim ki, hələ təxminən yarım saat burada olacağıq. Əlbəttə, otuz-qırx dəqiqəlik qısa bir vaxt səfərə çıxan adamın vağzalda var-gəl etməsi, ötəri tələbatlarını ödəməsi üçün kifayət edə bilərdi. Amma mən kupeni tərk etmədim. Getməyə bir yer də yox idi. Daha doğrusu, baş çəkmək istədiyim bir yer vardı, amma oraya getmək üçün nəinki yarım saat, hətta bir saat belə, kifayət etməzdi. Məsələ burasındadır ki, Şərqin böyük alimi və şairi Ömər Xəyyamın məzarı məhz bu şəhərdə, İranın Nişapur şəhərində idi və mənim də ürəyimdən keçirdi ki, dahi sənətkarın məqbərəsinə baş çəkim. Amma dediyim kimi, vaxt məhdud idi.

Kondinsioner işləsə də, vaqonun pəncərəsini endirdik. Avqustun qorabişirən istisi sərin kupeyə təpilirdi. Amma pəncərəni qapamaq fikrimiz yox idi; hər necə olsa da, süni soyuq havadansa təbii isti daha xoş idi. Bir də ki, bu yerlərdən sanki Xəyyam şeirinin xoş ətri gəlirdi...

Nə isə...

Cavan  bir oğlan bizim kupenin pəncərəsinə dirsəklənib mobil telefonla farsca nə barədəsə danışmağa başladı. Sonra oğlan aralandı. Çox keçməmiş kupemizin pəncərəsinə gənc bir qız yaxınlaşdı, o da oğlansayaq çərçivəyə dirsəkləndi və kiminləsə nə barədəsə danişmağa başladı. Təbii ki, söhbət yenə fars dilində gedirdi. Bu "yerdəyişmə" bir neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc oğlanla qız bizim kupenin pəncərəsinin açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət vermirdilər.

Oğlanla qız bir müddət boz qaranlıqda "əridilər". Hərəsi bir səmtə üz tutdu. Və bu vaxt səfər dostlarım Həmid ilə Rza astadan, bığaltı gülməyə başladılar. Sonra bu xəfif gülüşü pıqqıltı əvəz etdi.

Həmid məndən soruşdu:

- Ağa, bilirsiz, bu qızla oğlan nə barədə danışırlar?

- Yox, - deyə, cavab verdim.

Rza gülüb dedi:

- Bayaqdan fikir verirsinizsə, bu qızla oğlan bir-biri ilə söhbət edir...

Mən dedim ki, qızın və oğlanın ayrı-ayrılıqda telefonla danışdıqlarını gördüm; amma söhbətin nədən getdiyini anlaya bilmədim.

Həmid söhbətə aydınlıq gətirdi:

- Danışıqlarından belə anlamaq olur ki, bu qızla oğlan bir-birini sevir. Amma onlar üzbəüz dayanıb söhbət etməyə cürət etmirlər. Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri ilə əl-ələ tutması, hətta üzbəüz söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə dair "gizli" söhbət telefonla gedir. Onlar hələlik yalnız telefonla bir-birinə sevgi ismarışları göndərə bilirlər...

Rza bunu da əlavə etməyi unutmadı:

- Əgər polislər bilsələr ki, bunlar gecənin bu vaxtı bu vağzalda bir-birinə sevgilərini izhar edir, özləri də Xəyyamdan sevgi şeiri deyirlər, bu işin sonu yaxşı olmaz.

Biz gülüşdük.

Qatar dərindən nəfəs aldı.

Mən həmin anlarda Xəyyamın bir rübaisini xatırladım:

Ey şəhər müftisi, səndən pərgarıq,

Bunca sərxoşluqla səndən huşyarıq.

Biz şərab içirik sən xalq qanını,

İnsaf  et, hansımız daha qəddarıq?

...Bir azdan qatar yerindən tərpədi. Nişapurun işıqları uzaqdan sayrışırdı.

 





14.03.2024    çap et  çap et