525.Az

Nizami Gəncəvinin vəfat günündə alimlərin və gənclərin birgə tədbiri


 

Nizami Gəncəvinin vəfat günündə alimlərin və gənclərin birgə tədbiri<b style="color:red"></b>

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin, eləcə də Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə dahi mütəfəkkir Nizami Gəncəvinin anım gününə həsr edilən konfrans keçirilib.

"Nə qədər şair var, söz var, şeir var..." adlı tədbirdən əvvəl ulu Nizaminin məqbərəsi ziyarət olunub, qəbri üzərinə tər çiçəklər düzülüb.

Qonaqlar Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Könüllü teatr" ın gənc istedadlarının ifasında  Nizami Gəncəvinin "Xəmsə" qəhrəmanlarının hikmətli səhnələrini, eləcə də məktəblilərin əl işlərindən ibarət sərgini izləyiblər.

Toplantıda Nizaminin həyat və  yaradıcılığına dair mövzular, eləcə də digər ictimai əhəmiyyət kəsb edən məsələlər üzrə  Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasnın A.Bakıxanov adına Tarix İnstitutundan tarix elmləri doktoru İlham Həsənov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi Məqbərə filialının müdiri Gülnarə İsmayılova çıxışlar ediblər.

Tədbirdə həmçinin samuxlu gənclərin "Könüllü teatr" ının yarandığı andan keçən dörd il ərzində Nizami Gəncəvinin yaradıcılığı üzrə tamaşaçılara təqdim etdikləri səhnələrdən yığılmış videoçarx da maraqla izlənib. Eləcə də Samux rayonunun  Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimlərinin və onların yetirmələrinin ifasında Nizami Gəncəvinin sözlərinə bəstələnmiş klassik musiqiləri inclərimiz səslənib.

Maraqlı anlardan biri də “Açıq mikrofonla Nizami şeir və qəzəlləri” olub. Ürəyi istəyənlər dahi şairin poetik irsindən nümunələri sevə-sevə səsləndiriblər.

Zakir Muradov, Gəncə-Samux

 





14.03.2024    çap et  çap et