525.Az

Pərvindən yeni monoqrafiya


 

Pərvindən yeni monoqrafiya<b style="color:red"></b>

Bu günlərdə yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın “Anar yaradıcılığında janr müxtəlifliyi” adlı monoqrafiyası işıq üzü görüb. Kitab Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəyi ilə “Qanun” nəşriyyatında çapdan çıxıb. Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Xalq yazıçısı Anarın yaradıcılığının ardıcıl tədqiqatçısı P.Nurəliyeva bu dəfə yazıçının teatr, kino, tərcümə, şeir, ictimai-həyat kimi istiqamətlərdə uyğun əsərlərini geniş tədqiqata cəlb edib. 

Müəllif “525-ci qəzet”ə verdiyi a,ıqlamada kitabın araya-ərsəyə gəlmə səbəbləri barədə danışıb: “Artıq 10 ildən çoxdur ki, ustad Anar yaradıcılığı ilə bağlı dissertasiya, yazılar, məqalələr, ön sözlər, kitablar yazıram. Yazıçının 80 və 85 illiklərində isə bu yuvarlaq rəqəmlərin diktəsi ilə Anarsevərlərə təqdim etdiyim işlərin miqyasını bir az da genişləndirdim. 80 yaşında Türkiyədə dəyərli dostumuz, yazıçı-tərcüməçi İmdat Avşarla birlikdə “Türk ədəbiyyatı” dərgisinin Xalq yazıçısı Anardan bəhs edən xüsusi sayını hazırlayıb oxuculara təqdim etdik. Həmçinin İmdat Avşarın təşəbbüsü ilə “Yaxşı Padşahın nağılı” əsərinin qazax, özbək, tatar və s. türk dillərinə tərcümə olunmuş versiyasının, eləcə də, orijinal variantının toplandığı kitabı mənim redaktəm və ön sözümlə çap etdirdik. Eyni zamanda, Anar müəllimin “Çağdaşlarım” (tərcümə: İ.Avşar) kitabı da mənim ön sözümlə TÜRKSOY-da işıq üzü gördü. Ötən il isə 85 illik yubiley münasibətilə Bakıda “Anar yaradıcılığında zaman və insan” adlı dərs vəsaitim, Türkiyədə İmdat bəyin tərcüməsində “Anar: Çağının önündə bir yazar” kitabım işıq üzü gördü. Kitab İstanbulda dəyərli Kabaklılar ailəsinin ustad Anara dərin hörməti ilə Türk Ədəbiyyatı Vəqfində, daha sonra İstabul Universitetində, Ankarada TÜRKSOY-da  təqdim olundu. Həmçinin ssenari müəllifi olduğum, Azərbaycan Televiziyasında ekranlaşdırılan “Sarsılmaz dostluq” filmində üç sənətkarın Anar, Emin Sabitoğlu və Vaqif Səmədoğlunun dostluğundan yaranan, Azərbaycan mədəniyyətinə bəxş edilən ölməz əsərlərdən söz açdım. Opera Studiyasında “Anar 85 - Yazıçı ilə görüş” tədbirinin də ssenari müəllifi və aparıcısı kimi ustadın yaradıcılığını bir az daha anlamağa, duymağa çalışdım”. 

P.Nurəliyeva onu da xüsusi qeyd edib ki, yeni işıq üzü görən monoqrafiyada daha əvvəllər toxunmadığı mövzulara geniş yer verib: “Daha öncələr fəlsəfə doktoru dissertasiyamın mövzusu yazıçının nəsri ilə bağlı olduğu üçün, əsasən, prozanı təhlilə cəlb etmişdim. İlk yazdığım “Anar dünyası” kitabımda ayrı-ayrı əsərlərə həsr edilmiş esselər yer alırdı, dissertasiyada bu bilgiləri ümumiləşdirib daha geniş, sistemli təhlillər apardım. Yeni monoqrafiyada isə artıq yazıçının sənətin müxtəlif yönlərinə aid əsərləri tədqiqat obyektimdir. Anar müəllimin Azərbaycan kinosu, teatrı üçün gördüyü böyük işlər, ictimai fəaliyyəti və bunu əks etdirən əsərləri, çox da geniş tətqiq edilməyən şeir və tərcümələri burada ardıcıl təhlil edilib”. 

Sonda kitabın müəllifi monoqrafiyanın işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, eyni zamanda, maraqlı bir anons verib: “Əlbəttə, kitabın işıq üzü görməsi və ümumiyyətlə, monoqrafiya arzusu, ilk növbədə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və hörmətli elmi məsləhətçim, akademik İsa Həbibbəylinin xidmətidir. İsa müəllimin timsalında İnstitut əməkdaşları gənclərin yazıb-yaratmaq arzusuna böyük motivasiya verir və bu yolda dəstəklərini, gözəl rəy və münasibətlərini əsirgəmirlər. Buna görə də başda İsa müəllim olmaqla, dəyərli alimlərimizə minnətdarlığım sonsuzdur. Həmçinin kitabın belə qısa müddətdə çap olunması “Qanun” nəşriyyatının həssaslığı, yazıçıya hörməti və ədəbiyyat adına görülən işlərə əbədi qayğısı sayəsində alındı. Şahbaz Xuduoğluna və nəşriyyatın əməkdaşlarına təşəkkür edirəm. Həm də bir kiçik anonsu da verim ki, ustad Anar haqqında geniş “Ədəbi söhbətlər” kitabımın konturları artıq görünür. Təki ustad uzun və sağlam ömür yaşasın, mən də hər il onu sevənləri yeni kitabla sevindirim!”


 

 





14.03.2024    çap et  çap et