525.Az

Nəhəng tonqallara nə hacət? - Sosial şəbəkədə yazılanlar


 

Nəhəng tonqallara nə hacət? - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Şahbaz Xuduoğlu, naşir: 

- London Kitab Sərgisində bir məsələni özüm üçün tam aydınlaşdırdım. Burda insanlar yalnız həqiqətən narahat olduqları məsələ ilə bağlı danışırlar. Kitabla bağlı bəzi məsələlər var ki, Avropa kitab sektorunu həqiqətən ciddi narahat edir. İlk sırada gələn Süni intellekt və tərcüməçilik məsələsidir ki, hər yerdə, hər görüşdə ondan danışılır.

 

Simran Qədim, yazar:

- İnsanlar, adətən, yüngül, cazibədar, əyləncəli nə görürlərsə, dərhal onun ətrafına toplaşırlar. Bu zaman hər şeyi ölçüb-biçən rasional təfəkkür yalnız həzz arxasınca qaçan ibtidai instinktlərə – hedonizmə uduzur. Zehni qidadan, mənəvi-estetik dəyərlərdən məhrum qaldıqca kütləşir, cəhalətə yuvarlanırıq. Müəyyən müddətdən sonra isə "həzz dozası" əvvəlki təsirini itirir, şiddətli maraq, cəlbedicilik yoxa çıxır. Axırda boşluq hissi ilə üz-üzə qalırıq - nə ibtidai instinktlər məmnun olur, nə də ağıl, rasional təfəkkür.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Od çərşənbəsi Novruz bayramından əvvəlki sonuncu çərşənbə sayılır.

Bu heç...

Şəhərdə yaşayış evlərinin həyətində bu boyda tonqallar qalamağa nə ehtiyac var? Simvolik balaca tonqal qalayıb üstündən adlamaq olar. Taxta yoxdursa, evdə qazan qapağı üstündə üzərrik yandırıb üstündən keçin.

Alovu asimana bülənd olan nəhəng tonqala nə hacət?

Dünən iki nəfər tullananda toqquşub düşüb odun içinə...

 

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- DTX qondarma “Artsax” rəhbərlərini həbsdən öncə izləyibmi?

AzTV rəhbəri Rövşən Məmmədov ötən həftənin sonunda efirə gedən, müəllifi olduğu “HƏFTƏ” verilişində maraqlı bir anons verib. Rövşən bəy 2020-2023-cü illər arasında DTX tərəfindən Qarabağda aparılan əməliyyatların bəzi məqamlarına həsr olunan, AzTV və DTX-nin birgə hazırladığı “Bir günlük  əməliyyat: ANTİTERROR” sənədli filmi haqqında danışıb. O, hazırda DTX təcridxanasında olan qondarma “Artsax”ın keçmiş “rəhbəri” Araik Arutunyan və bu qondarma qurumun uzun müddət  müdafiə naziri olmuş Lyova Mnasatkanyanın AzTV-yə müsahibə verdiyini açıqlayıb.

Filmdən təqdim olunan bir hissədə isə maraqlı, diqqət çəkən məqamlar var. DTX həmin müddət arasında qondarma “Artsax”ın 18-70 yaş arası bütün kişi əhalisinin fərdi məlumatlarının ələ keçirildiyini bildirir. Filmdə həm də Ermənistan xüsusi xidmətinin qondarma Artsax  “rəhbərlərinin” otaqlarında yerləşdirdiyi gizli video müşahidə kameralarına, onların keçirdikləri əməliyyatlara DTX-nın giriş əldə etdiyi vurğulanır.

Burada diqqət çəkən məqam əməliyyatın unikallığı və DTX-nın peşəkarlığı ilə yanaşı, “Artsax” rəhbərlərinin həm də Ermənistan kəşfiyyatı tərəfindən izlənməsidir. Yəni bizim xüsusi xidmət Ermənistan kəşfiyyatının qurduğu xüsusi izləmə sistemindən istifadə edərək əməliyyat tədbirlərini reallaşdırıb. Belə görünür ki, Ermənistan hökumətinin də “Artsax” rəhbərlərinə inamı olmayıb.

Filmin efirə gedən hissəsindən belə qənaətə gəlmək olur ki, DTX həbsdən öncə, uzun müddət nəinki Arutunyanı və digər Artsax “rəhbərlərini”, həmçinin bizim xüsusi xidmətin maraq dairəsində olan “Artsax” vətəndaşlarını  izləyib. Və məqam yetişəndə düymə basılıb.

Filmin martin 28-də efirə gedəcəyi bildirilib.

Maraqlı olacaq.

 

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Artıq yeni mərhələ başlayıb. Şəhər mərkəzində əksər yerlər avtomobillər üçün boşaldılacaq.  Malakan bağından sonra növbə 28 maya keçdi, yaxın günlərdə başqa yerlər də bu şəkildə boşaldılacaq. Çox gözəl addımdır, AMMA bu qaydalar şəhərdə avtomobil sıxlığını azaltmır axı.

Bu, bilirsiniz nəyə bənzəyir? Böyüyə gücü çatmayıb balacanı vurmağa.

Bəs böyük kimdir? Şəhər mərkəzində dayanmadan bina tikənlər.

Misalçün, darısqal Azadlıq prospektinin kənarlarında hündürmərtəbəli binalar tikilir. Buna kim icazə verir? Nəzərə alsaq ki, kvadratmetri 3000 AZN-ə ordan ev alanın əlbəttə, avtomobili də var. Bir binada ən azı 100 maşın olacaq. Hansı yola sığacaq onlar? Birtərəfli darısqal Azadlıq prospektinə?

“Xətai”də barmaq basmağa yer qalmayıb. Hər yerdə bina tikirlər. Bütün şəhər olub beton yığını.

Bərbad şəhərsalma və iç-içə binalar.

Buna tədbir görmək əvəzinə o parkı, bu yolu bağlamaqla guya bunlar iş görürlər də.

 

Əli Məhərrəmli, bloger:

- Məşhur “Taste Atlas” yemək jurnalı Ermənistanın ən çox sevilən 15 yeməyinin siyahısını paylaşıb:

1. Mantı

2. Lavaş

3. Lamadjo (Lahmacun)

4. Sujux (Sucuq)

5. Lula kebab (Lülə kabab)

6. Matnakaş və ya Çöereg (Çörək)

7. Qata (Kətə)

8. Jinqalov qatasi (Göyərtili kətə)

9. Çeçil (Saçaqlı pendir)

10. Kufta (Küftə)

11. Çanax (Çanaq pendiri)

12. Yalançi tolma (Yalançı dolma)

13. Qapama (Qapama plov)

14. Xanum budu (Xanım budu)

15. Basturma (Basdırma)

Unudulmaz dadı olan birini də mən əlavə edim.

16. Damir yımrıx (Dəmir yumruq)

 

Səadət Məmmədova, jurnalist:

- Oskar da, “Avroviziya” da getdikcə daha çox və daha açıq şəkildə siyasiləşdiyini göstərir. Siyasiləşdikcə də ədalətsizləşir və maraqsızlaşır. Daha layiqli sənət nümunələri daha “lazımlı” nümunələrin kölgəsində qalır və obyektivlik itir...

Siyasətdə mədəniyyətdən vasitə və alət kimi istifadə olunması bütün dövrlərdə olub - bəzən yumşaq, bəzən dolayısı ilə, bəzən birbaşa... Amma son vaxtlarda dünya bunu lap “alına tuşlayır”...

Sonra da əlinə qələm və mikrofon düşən bizə demokratiya öyrədir.

 

Fərid Pərdəşünas, texnobloger:

- Amerika qısa və konkret olaraq deyir ki, ya "TikTok"u bizə verirsiniz (satırsınız), ya da Amerikada bloklayacağıq. Birmənalı şəkildə Çin və Amerika arasında data (məlumat) müharibəsi gedir. Əsas əməliyyat sistemlərinin və tətbiq mağazalarının (Android, iOS, Windows) Amerikanın əlində olması, ölkəni nəhəng monopolistə çevirib. Sizcə, "TikTok" hara qədər müqavimət göstərə biləcək?

 

Səlahəddin Xəlil, filosof:

- Nə yaxşı ki, ad günləri də var imiş.

İldə bir dəfə Anarın yaratdığı ədəbi irsdən danışılır, çağdaş Azərbaycanın böyük yazıçısı olduğu yada düşür, - qalan 364 gündə isə gənc nəslin bir qrup avanqardı onun gördüyü yox, görmədiyi, onların təbiri ilə desək, - cəsarət eləmədiyi işlərdən bəhs edir.

Gənc nəslin Anara bu qədər inkarçı münasibəti əslində təkdəlşüurda ona həddindən çox güvənmələrinin və ondan böyük bəkləntiləri olmasının nəticəsidir, - sanki bütün problemlərin açarı onun və ya AzYB-nin əlindəymiş.

Və bir də: gənc nəsil Anarı ən çox ... 6-cı mərtəbəyə, Zaur və Təhminə hekayətinə görə tanıyır, yeri gəlmişkən, mənim sevmədiyim bir əsər... Halbuki Anar öncə 5 mərtəbənin hamısını addım-addım keçmiş, sovet ictimai quruluşunun ədəbiyyat üçün bir növ yasaq olan mübhəm guşələrinə işıq salmış, dövrünün ən cəsarətli əsərlərini yaratmışdı.

Təhsildə rüşvətin hələ kütləviləşmədiyi bir dövrdə "Şəhərin yay günləri" - açıq səmada şimşək effekti yaratdı. "Evləri köndələn yar" yumoristik-satirik janrın yeni imkanlarını üzə çıxardı. Dədə Qorqudun arxivlərdən çıxıb məktəblərə, ictimai-kütləvi şüura ulaşması da Anarın başqa bir ampluada parlaq xidməti idi.

Bəli, Anar cəsarətli və yenilikçi bir yazar idi. Amma şübhəsiz ki, hakimiyyətin çəkdiyi sərhədlər daxilində... Məqsədim Anarın xidmətlərini sadalamaq deyil; bunu ədəbiyyatçılar məndən daha yaxşı bilirlər. Mən Anar fenomeninin sadəcə bir neçə cizgisini çəkdim, - miqyası bəlirləmək üçün.

 

Asif Nərimanli, jurnalist:

- Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır. Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var.

Erməni mənbələr Oskanyanın son günlər ərzində 16 görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır.

Komitənin iki əsas hədəfi var:

- Beynəlxalq mandat almaq: komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər;

- “Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etmək;

İstisna deyil ki, Qərbdə erməni lobbisi və Cənubi Qafqazda maraqları olan ölkələr qondarma komitəyə dəstək verəcəklər. Bu, Qarabağdakı vəziyyətə praktiki olaraq təsir etməsə də, maraqlı qüvvələrin əlində Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edilə bilər. Oskanyan komitəni Avropada qəbul etdirə bilsə, Paşinyan hakimiyyətinin də bu ideyaya dəstək verəcəyi gözləniləndir.

Birincisi, Ermənistan hakimiyyəti kənarda qalarsa, “Qarabağın erməni əhalisinin hüquqları” üzərindən apardığı siyasətə alternativ yaranacaq və bu, həm daxildə, həm də erməni diasporu/lobbisi cəbhəsində əleyhinə işləyə bilər;

İkincisi, Paşinyan “Qarabağ erməniləri”ni hələ də Bakı ilə sülh danışıqlarında lazım olanda istifadə etmək üçün rıçaq olaraq saxlayır, xüsusilə Qərbi azərbaycanlıların qayıdışına qarşı;

Bu komitənin Avropadakı fəaliyyətinə diqqət etmək, kimlərlə görüşdüyü, hansı təşkilatlardan yardım istədiyini izləmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə, Qərbi Azərbaycan məsələsini azərbaycanlıların qayıdışı mərhələsini irəliyə daşımaq, misal üçün, dövlət qurmaq mərhələsinə qaldırmaq olar.

 





15.03.2024    çap et  çap et