525.Az

İstedadın cazibə qüvvəsi - İlham Rəhimli yazır


 

BİR TAMAŞANIN BEŞ AKTYORU HAQQINDA SEVİNCLİ DÜŞÜNCƏLƏR

İstedadın cazibə qüvvəsi - <b style="color:red"> İlham Rəhimli yazır</b>

Monumental tamaşalar hazırlamaq və bu səhnə əsərlərində aktyorların yeni-yeni yaradıcılıq imkanlarının üzə çıxmasına zəmin yaratmaq Akademik Milli Dram Teatrının uzun illər formalaşmış gözəl və unudulmaz ənənələrindən biridir. Teatr bu istiqamətdə daha bir addım ataraq dünya şöhrətli qırğız ədibi Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanını səhnələşdirərək tamaşaya hazırlayıb. Romanı səhnələşdirən və tamaşanın müəllifi teatrın yeni baş rejissoru, Azərbaycan teatr məkanında istedadlı, səriştəli, mürəkkəb mövzulara can atan, orijinal forma-məzmun həllinə cəsarətlə girişən Mehriban Ələkbərzadədir. Əminəm ki, tənqid tamaşanın rejissor işi, aktyor oyunu, gözəl və məzmunlu musiqisi (Azər Hacıəsgərli), obrazlı bədii tərtibatı (İlham Elxanoğlu), real geyim eskizləri (Aygün Mahmudova) barədə peşəkar sözünü deyəcək, təhlilə geniş yer verəcək və buna ehtiyac var. Gəlin unutmayaq ki, belə möhtəşəm rejissor və aktyor işi ilə bağlı müxtəlif qeydlər, fərqli fikirlər, mübahisəli məqamlar da ola bilər və bunlar tamaşanın bədii məziyyətinə daha bütöv monolitlik gətirərsə, yəqin nəzərə alınar.

Məni bu tamaşada sevindirən cəhətlərdən bəlkə də birincisi odur ki, əsas qəhrəmanlardan əlavə, obrazların ifasında uğurlu, tamaşaçını sevindirən, səhnə əsərinin fikir dərinliyinə, fəlsəfi mahiyyətinə, rejissorun ali məqsədinə, qabartdığı ideyanın bütövlüyünə zəmin yaradan maraqlı yaradıcılıq uğurları var. Adətən bədii təqdimat baxımından əsas qəhrəmanlara yardımçı olan obrazlara ikinci dərəcəli personajlar deyilir. Bu ifadəni işlətmək aktyorlara şamil edilərək onlara "ikinci dərəcəli" damğası "vurmur". Unutmayaq ki, Azərbaycanın SSRİ Xalq artisti fəxri adına layiq görülmüş sənətkarlarından Mirzağa Əliyevin və İsmayıl Osmanlının zəngin obrazlar qalereyasının əksəriyyətini məhz ikinci dərəcəli tip-personajlar təşkil edir.  

"Əsrə bərabər gün" tamaşasının əsas və aparıcı obrazlarından Yedigeyin (Nurəddin Mehdixanlı), Nayman ananın (Bəsti Cəfərova) və Abutalıb Kuttubayovun (Elşən Rüstəmov) bədii materialları güclü və konflikt, ideya üçün daha əhəmiyyətli məna daşıdığına görə ifaçıların da çiyinlərinə ağırlıq çox düşür. İnanıram ki, tənqid onların ifaları haqqında öz peşəkar sözünü deyəcək. Məni çox sevindirən odur ki, Zərifə (Vəfa Rzayeva), Sabitcan (Anar Heybətov), Ayzadə (Şəhla Əliqızı), Ayzadənin əri (İlyas Əhmədov), Kospan və Juanjuan tayfa başçısı (Rövşən Kərimduxt) obrazlarının hər biri ayrılıqda və tamaşanın ali məqsədinin məhvər cazibəsində kamil, məna tutumu dərin, aktyor ifası yüksəl peşəkarlıqla seçilən, dərin və cazibəli estetik yükə malik yaradıcılıq nümunələridir.

1996-cı ildən Akademik teatrın truppasında çalışan Vəfa Rzayeva (əvvəllər Zeynalova soyadı ilə çıxış edib) aktrisa kimi güclü emosiyaya malikdir, zərif və lətafətli səhnə davranışına yiyələnib, oynadığı obrazın xarakterindən, mətn baxımından böyük, yaxud kiçikliyindən asılı olmayaraq, bütün tamaşalarda məlahətli və cazibəlidir, obrazı dəqiq bədii məntiqə əsaslanan ifadə vasitələrinin toplusunda təqdim etməyi məharətlə bacarır. Sevimli ifaları ilə yadda qalan aktrisanın Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Sona ("Hələ "sevirəm" deməmişdilər...", Ramiz Novruz), Səltənətbəyim, Bəyim ("Hökmdar və qızı" və "Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Leyla ("Mesenat", Əli Əmirli), Saqo ("Kaş araba aşmayaydı!..", Otia İoseliani), Keysuel ("Tələ", Aqata Kristi), Aynişan ("Burla xatun", Nəbi Xəzri), Gənc qadın ("Uçqun", Tuncər Cücənoğlu), Firəngiz və Fransuaza ("Qürbətdən məktublar", Həsən Həsənov) obrazları siyahısında yeni yaratdığı Zərifə surəti xüsusi yer tutur. Vəfa Rzayeva səhnədə məlahətli, cazibəli olduğu qədər də diqqətlidir, yöndaşları ilə səmimi ünsiyyət qurmağı bacarır. Tamaşada əri Sabitcan və uşaqları, Yedigey, eləcə də ünsiyyətdə olduğu digər personajlarlarla dialoqunda, davranışında səmimdir, təravətlidir, obrazın ana xəttindən kənara çıxmır. Onun ifasında Zərifə min bir zülmə düçar olsa da, mənəvi saflığını, xanım-xatınlığını, incə zərifliyini ləyaqətlə qoruyub saxlayır.

Anar Heybətov daxilən sakit təbiətli aktyordur, yumşaq, düşünüşlü ifaya üstünlük verir. Qumarbaz ("Hələ "sevirəm" deməmişdilər...", Ramiz Novruz), Əziz ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Laert ("Hamlet", Vilyam Şekspir), Şair ("Kəllə", Nazim Hikmət), Daşdəmir ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Buxuti ("Kaş araba aşmayaydı", Otia İoseliani), Rodolfo ("Körpüdən mənzərə", Artur Miller), Qara ("Varlı qadın", Əli Əmirli) rollarını məhz həmin ahəngdə oynayıb. "Əsrə bərabər gün" tamaşasında aktyorun ifa etdiyi Sabitcan obrazının daxili qaynarlığı, riyakarlığının ölçüyəgəlməzliyi, rəzilliyinin iyrəncliyi sanki dayanmayan, mütəhərrik hərəkətlər toplusu, dinamik cazibə qüvvəsi ilə tamaşaçılara təqdim olunur. Aktyor sözün əsl mənasında xarakter yaratmağa ustalıqla, peşəkar məharətlə nail olub.

Anar teatrda İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi baş rol da ifa edib. Ancaq mənim fikrimcə, Sabitcan obrazı onun yaradıcılığında xüsusi yer tutur. Çünki məhz bu rolla aktyor güclü satirik çalarlara, qroteskli komediya cizgilərinə, obrazı koloritli tip səviyyəsinə çatdırmaq üçün hələ qatı açılmamış ifadə vasitələrinə, potensial psixoloji imkanlarını ustalıqla, dəqiq ritm ahəngində, rejissorun tamaşadakı üslubuna uyğun tərzdə canlandırmaq gücündə aktyor olduğunu mətanətlə göstərdi. Ümidvaram ki, teatrda tamaşa hazırlayacaq digər rejissorlar da Anar Heybətova daxili yaradıcılıq imkanlarının yen-yeni məziyyətlərini açan mürəkkəb və tipik-xarakterik rolları cəsarətlə tapşıracaqlar.

Şəhla Əliqızı müxtəlif illərdə oynadığı Xanım Həsənzadə, Zulya ("Qatil" və "Arılar arasında", Elçin), Qumru ("Dirilən adam", Mir Cəlal), Ziba xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Rozaliya Solimene ("Filumena Marturano", Eduardo de Filippo), Almaz ("Əmir Teymur", Hüseyn Cavid), Oledis ("Şorgöz deputat", Rey Kuni), Anaxanım ("Dantenin yubileyi", Anar) obrazları ilə kifayət qədər tamaşaçı rəğbəti qazanıb, səhnə təcrübəsinin peşəkarlığını artırmağa daim səylə can atır. Aktrisa tamaşada Ayzadə obrazının ifasında coşqun ehtirasdan, dramatik ritm ahəngindən həssaslıqla istifadə edir. Hərəkətləri düşünüşlüdür, səhnədə baş verən müxtəlif məqamların bədii yükünü və oynadığı obrazla bağlılığının məziyyətlərini dəqiqliklə realizə edir. Xarakterindən asılı olmayaraq, oynadığı personajlara yaradıcı axtarışlarla yanaşmaqda, onun ana xətlə, əsas ideya ilə əlaqələrinin estetik səciyyələrini öz ifasında təcəssüm etdirməkdə məharətlidir.

Rövşən Kərimduxt aid olduğu həmsənət nəslinin arasında xüsusi seçilən, bənzərsiz aktyordur. Güclü emosiyası var, daxilən dəyişməkdə səriştəlidir, dramatik vəziyyətdən asılı olaraq, hərəkət dialoqlarından, eləcə də kəskin psixoloji məqamda hərəkət monoloqundan yaradıcılıqla bəhrələnir. "Əsrə bərabər gün" tamaşasındakı Kospan və Juanjuan tayfa başçısı obrazlarının ifasında aktyorun enerjisi sanki kükrəyir, səsinin ahəngini psixoloji münasibətlərə uyğun şəkildə nizamlaya bilir, hayqırtılı, gərgin məqamlarda da daxili təmkinini itirmir və obrazı xarakter səviyyəsinə qaldırmağa nail olur. Aktyorun oyunu ifadə vasitələrinə görə digər yöndaşlarından fərqləndiyi qədər də tamaşanın ümumi ruhuna, müəllif məqsədinə, rejissor qayəsinə vəhdətdədir.

Rövşən Kərimduxt Qara Musa ("Şeyda", Hüseyn Cavid), Cənab Cəbrayıl ("Teleskop", Elçin), Saday bəy ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Don Baltasar Lopes ("Don Juan və həndəsə", Maks Friş), Şahpələng ("Oliqarx", Əfqan), Mirzə Həsən ("Anamın kitabı", Cəlil Məmmədquluzadə), Mixail Tyablov ("Sinif yoldaşları", Yuri Polyakov) rollarındakı ifası kimi, Kospan və Juanjuan tayfa başçısı obrazlarının ifasında da sifət cizgiləri və səs ahəngi ilə oynadığı obraza xarakterik səciyyə aşılaya, onların mürəkkəb və təzadlı daxili xislətinin mahiyyətini açmağa nail olub. Rövşənin eyni məkanda, eyni hadisələr burulğanında iki müxtəlif obrazda çıxış etməsi və sözün əsl mənasında bütöv tip-xarakterlər yaratması istedadın, peşəkar sənət vərdişlərinin bariz nümunəsidir.

İlyas Əhmədov Akademik teatrın truppasında 11-ci ildir çalışır. Bu zamanın da iki ili pandemiya dövrünə düşüb və sənət ocağında tamaşa oynanılmayıb. Zaman azlığına, zəif uşaq tamaşalarında çıxışlarına baxmayaraq, aktyor Bağır ("Dirilən adam", Mir Cəlal), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Hüseynqulu xan ("           Qarabağnamə", İlyas Əfəndiyev), Gənc kişi ("Uçqun", Tuncər Cücənoğlu), Fəxrəddin ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), Cinni Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Türbət ("Yaşar", Cəfər Cabbarlı), Düşmən şair ("Ah, bu uzun sevda yolu", Əli Əmirli)  rolları il öz istedadnı dəyanətlə və əsl aktyor cəngavərliyi ilə təqdim edə bilib.

Aktyorun təqdimində Ayzadənin əri içkiyə meyillidir, lakin məsləksiz və şərəfsiz deyil; haqsızlıqlara qarşı kəskin mübarizə aparmağı bacarmır, lakin püskürən çılğınlığı ilə etirazını və mənəvi gücsüzlüyünü tamaşaçılara çatdırır; hayqırtıları qəzəb püskürür, ancaq mənsub olduğu xalqın, eləcə də ailə fəlakətinin ictimai-siyasi mahiyyətini dərindən anlamaq iqtidarında deyil. İlyas Əhmədov mürəkkəb dialoqlarda da obrazın daxili ritmindən çıxmır, güclü, ehtiraslı çılğınlığını vəziyyətə uyğun ifadə etməklə tip-personajın bədii məziyyətlərini daha da gücləndirir. Sözü olmayan səhnələrdə də "boş" dayanmır, daim hərəkətdədir və qətiyyən personajın daxili gərginliyindən kənara çıxmır. "Lal" səhnələrində danışan adamların hər birinə onların söz-mətninə uyğun hərəkət və mimika ilə reaksiya verir.

Vəfa Rzayevanın, Şəhla Əliqızının, Rövşən Kərmduxtun, Anar Heybətovun, İlyas Əhmədovun dəqiq, düşünülmüş, psixoloji dürüstlüklə ifa etdikləri obrazlar çağdaş teatr estetikasının tələblərinə cavab verən bitkin və ifadəli, məzmunlu və dəyərli, cazibəli və təravətli xarakterlər kimi qəbul olunurlar. Unutmayaq ki, tamaşaçıları heyrətləndirən sənət ocağında mütləq böyük sənət uğurları da var. Sənət uğurları varsa, teatrdan daha möhtəşəm tamaşalar gözləməyə inamımız da güclənir...

 





15.03.2024    çap et  çap et