525.Az

"Tutuşdu qəm oduna..." - Həyat lövhələri


 

"Tutuşdu qəm oduna..." - <b style="color:red"> Həyat lövhələri</b>

499 SÖZ

Ana sığalı görməyənlərə ithaf olunur

 

...Sən demə, qadın qarşı tərəfdə, üzbəüz əyləşmiş oğlanın onun üzündə gəzən, hərdən azıb boynuna, çiyinlərinə, saçlarına səpələnən baxışlarını hiss edirmiş, yoxsa qəfildən nəzərlərini əlindəki kitabın açıq səhifəsindən ayırıb zəhərli ox kimi düz oğlanın gözlərinin içinə sancmazdı - yəni nə var, nə olub, ay görməmiş? Qadın-zad görməmisən?

Oğlan dərhal nəzərlərini yayındırıb qadının başı üzərində vaqonun divarına vurulmuş reklam lövhəsinə yönəltdi - guya bayaqdan qadına yox, ora baxırmış.

Vaqonda seyrəklik idi. Amma təkəm-seyrək, orda-burda əyləşmiş adamların üz-gözündən yağan yorğunluq, qayğılı baxışlar elə bil vaqonun boşluğunu doldurub ona qəribə bir ağırlıq gətirmişdi və bu ağırlıq vaqonu metronun növbəti stansiyasına tərəf yox, geriyə - hansısa məchul, qaranlıq bir ünvana tərəf dartırdı.

...Hardansa süzülüb gələn zərif, titrək bir işıq o qaranlığı tam qova bilməsə də, qatı zülmətə çevrilməyə də qoymurdu. Oğlan diqqətini qaranlığa az da olsa işıq salan o tərəfə yönəltdi: göyçək, gənc bir qadın köhnə dəmir çarpayıda uzanıb nəzərlərini aşağı tərəfdə çarpayının dəmirinə söykənmiş 4-5 yaşlı oğlan uşağına zilləmişdi. Sanki uşağın gözlərinin, üzünün rəngini, baxışlarını həmişəlik yaddaşına hopdurmaq, o uşağı doğanda tutulduğu və onu yeganə övladını oxşamağa tamarzı qoyan əlacsız xəstəlikdən bu yolla hayıf almaq istəyirdi. Çünki bilirdi ki, iflic olmuş ayaqlarını, əllərini tərpədib o uşağa yaxınlaşmağa, qolların açıb onu qucaqlamağa, saçlarını sığallayıb gözlərindən öpməyə bundan sonra da heç vaxt şansı olmayacaq.

...Oğlan nəzərlərini reklam şəklindən çəkdi, amma qarşısında oturmuş bu qadının nəyisə onun yadına salan, nəyə görəsə ona doğma gələn çöhrəsindən yayındırmağa gücü çatmadı və  baxışlarını oğrun-oğrun onun qara saçlarında gəzdirə-gəzdirə təəssüfləndi ki, bu qadının gözlərinin içinə baxmağa cəsarət eləmir.

...Çarpayıdakı qadın nə isə demək istəyirdi, amma deyə bilmirdi - həmin gün onun dili də tutulmuşdu. Ona görə də çarpayının dəmirinə söykənmiş ciyərparasına son sözlərini dodaqlarına qonan təbəssüm və ala gözlərinə dolan iki gilə göz yaşı ilə dedi: "Balamı sənə tapşırıram, İlahi".

Ala gözlər! Hə, ala gözlər... İndi yadına düşdü və nəzərlərini qadının kirpikləri ilə yarıörtülmüş gözlərinə dikdi ki, başını qaldıranda çəkinib eləmədən düz içinə baxsın. Əmin idi ki, bayaqdan bəri üzünün cizgiləri, saçının rəngi ona uzaq dağ kəndindəki köhnə evdə çarpayıya uzanmış anasının zorla xatırladığı çöhrəsini yada salan bu qadının da gözləri ala rəngdədir.

Amma o gözlərin rəngini görmək oğlana qismət olmadı.

- Podumaeş, kəndən-dağdan gəlib özlərini heyvan kimi aparırlar. Elə bil meşədə böyüyüblər! Nə abır qalıb, nə də həya!

Bunları artıq ayağa qalxıb qapıya tərəf gedən qadın dedi və elə dedi ki, sürətini yavaş-yavaş azaldan qatarın təkərlərinin səsi bir anlıq eşidilməz oldu

- Əşi, niyə əsəbiləşirsən? -  vaqonun lap aşağı tərəfindən toyuq qaqqıltısına oxşayan səs gəldi. - Sumkanı çırp kəlləsinə! Bəlkə onda ağlı başına gəldi.

Vaqondakılar axır ki, başlarını qaldırıb onlara tərəf baxdılar. Təəccüb, maraq, istehza yağan cürbəcür baxışlar bir-birinə qarışıb sel kimi bir nöqtəyə - yerində heykəl kimi donub qalmış oğlana sarı axdı. Amma onun bəbəklərinin qabağını tutmuş bulanıq pərdə bunu görməyə imkan vermirdi - gözlərinə dolan iki damla göz yaşı orda donub qalmışdı - nə geri qayıdırdı, nə də daşıb yanaqları ilə aşağı yuvarlanırdı.

...Çox sevdiyi həmin o mahnının melodiyaları müğənninin şüşə kimi kövrək səsi ilə bir yerdə yenə gəlib doldu içinə:

 

Çeşmə görüb dayandım,

Alışdım, oda yandım,

Xəyallardan oyandım,

Anam yadıma düşdü...

 

ÖLMƏK İSTƏYƏN "ÖLÜM SKAMYASININ"  MONOLOQU

 

Dünyada hər şeyin - ağacın, daşın, çiçəyin, hətta tozun da yaddaşı var. Onlar da danışırlar, amma öz dillərində.

Ə.H.

  

Vallah, mənim gördüklərimi siz də görsəydiniz...

Cəmi 5 yaşım var, amma yaşımdan 15-20 il qoca görünürəm. Halbuki 5 il əvvəl usta məni düzəldəndə elə bilirdim ki, heç nə - nə yağış, qar, nə günəşin od saçan nəfəsi, nə də şaxta məni sındıra bilər. Axı usta vicdanlı adam idi, məni ən möhkəm, uzunömürlü ağacdan düzəldilmiş taxtalardan yığmışdı. O taxtalar hələ də çürüməyib, amma mən əvvəlki skamya deyiləm - üstümə çəkilən təzə rəngə baxmayın, bir vaxtlar öyündüyüm şuxluğumdan, bəxtəvər günlərimdən heç nə qalmayıb.

Beş il əvvəl məni gətirib bu idarənin həyətində, bax gördüyünüz bu ağacların kölgəsində quraşdıranda, düzü, əvvəlcə bir az narahat oldum, çünki biz skamyaları, adətən, adamların gur olduğu yerlərdə - parklarda, xiyabanlarda quraşdırırlar ki, yorulub dincəlmək istəyən adamlara, görüşə çıxmış sevgililərə, hətta uşaqlara adımıza layiq xidmət göstərək. Məni isə şəhərin qırağında yerləşən bir idarənin həyətinə gətirmişdilər. Narahatlığım gərəksizlikdən, baxımsızlıqdan üzülmək, hələ desən, çərləmək qorxusundan irəli gəlirdi. Skamya ki heç kimə lazım olmadısa, onda elə onun özünün də var olmağındansa, olmamağı yaxşıdır.

Amma gözlədiyimin əksinə olaraq ilk vaxtlar işlərim pis getmirdi. Yazda ağacların çiçəklərindən ətrafa yayılan xoş reyihə, yayda onların kölgəsi, payızda verdiyi bar burda işləyən adamları dostuma, simsarıma çevirmişdi - fasilə vaxtı gəlib əyləşir, gülüb zarafatlaşır, dincəlib gedirdilər. Bir sözlə, işlər yağ kimi gedirdi, ta o əhvalat baş verənə qədər.

Ona kimi isə sevgililər tədricən bura ayaq açıb onu görüş yerinə döndərdilər. Əvvəlcə işçilərdən subay bir oğlan və göyçək bir qız nahar fasilələrində bura gəlir, mən də qucağımı səxavətlə onlara açırdım, çünki mərifətli, ədəb-ərkanlı idilər, yersiz hərəkətlərə yol vermir, astadan danışa-danışa gələcək həyatları barədə plan cızırdılar. Bir neçə aydan sonra toy edib evləndilər.

Elə bilirdim, həmişə belə olacaq, mənim xoşbəxt günlərim bitib tükənməyəcək, amma...

Amma sonuncu cütlüyün başına gələn əhhvalat bu xoşbəxtliyə son qoydu.

Onlar çox gənc idilər, gözəllikləri də bir-birini tamamlayırdı. Oğlan sürücü, qız isə müdirin katibəsi idi. Gəlib burda oturanda sifətlərindən bəxtəvərlik yağır, dünyanın ən xoşbəxt adamları olurdular. Amma hardan biləydilər ki, qarşıda onları nə gözləyir.

Hər şey ondan başladı ki, idarənin müdirini dəyişdilər: nurani, xoşxəsiyyət kişini yaraşıqlı, amma kobud, təkəbbürlü, şorgöz və eqoist bir cavan oğlan əvəz elədi.  Cütlüyün qara günləri də bundan sonra başladı. Bir müddət keçəndən sonra hiss elədim ki, tədricən onların münasibətində nə isə bir dolaşıqlıq, anlaşılmazlıq yaranır. Belə ki, qız görüşə daha əvvəlki kimi həvəslə yox, candərdi gəlir, söhbət vaxtı şuxluq, səmimi davranış göstərmir, bir bahənə gətirib tezliklə çıxıb gedirdi. Açıq-aşkar hiss olunurdu ki, oğlandan soyuyub. Oğlan ondakı bu qəfil dəyişiklikdən çaşıb qalmışdı, bilmirdi nə etsin.

Tezliklə təzə müdir nəyisə bəhanə edib oğlanı işdən çıxartdı və bununla da onların ayağı buradan biryolluq kəsildi.

Mən əməlli-başlı darıxmağa başladım. Onların əvvəlki şirin söhbətlərinə, şən gülüşlərinə öyrəşmişdim axı.

Bir gün gecə gözləmədiyim halda həmin sürücü oğlan hasardan aşıb mənə tərəf gəldi. Ayın işığında gördüm ki, xeyli arıqlayıb. Gözləri çuxura düşmüş, üzünü tük basmışdı. Gəlib oturdu, cibindən bir araq şüşəsi çıxarıb başına çəkdi, sonra qollarını yana açaraq məni qucaqladı və dodaqlarının altında nə isə deyə-deyə səssizcə, xısın-xısın ağlamağa başladı. İlahi, o nə cür ağlamaq idi?! Bəlkə də bu, ağlamaq deyildi, tamam başqa bir şey idi, sadəcə adını tapmamışdılar. Ürəyini boşaldandan sonra qalxıb ayaqlarını zorla sürüyə-sürüyə getdi. Amma ertəsi gün gecə yenə gəldi,.. sonra o biri gün də və hər dəfə də əvvəlkindən daha zəif, halsız görünürdü. Sonuncu gəlişində halı lap pis idi - ağlayıb qurtarandan sonra qalxıb getməyə gücü çatmadı, tirtap üstümə yıxılıb məni qucaqlamış şəkildə qaldı. Dedim, yəqin yatır, dincini alıb qalxar. Amma bu, onun son yatışı imiş. Səhər məlum oldu ki, zavallı elə mənim qucağımdaca keçinib.

Fikirləşirdim ki, bu ölümün səbəkarı dönük qız bir daha buralara hərlənməz. Amma bir gün iş qurtarandan 30-40 dəqiqə sonra gəldi. Halı yaxşı deyildi, gözləri qəribə tərzdə bərəlmişdi, dodaqları əsirdi. Çırtma vursaydın, qanı çıxardı. Oturdu, başını əlləri arasına alıb deyəsən, kimisə gözləməyə başladı. Nəhayət, gözlədiyi adam da gəldi - təzə müdir idi. Çox əsəbi və dəhşətli bir söhbətin şahidi oldum. Düzdür, qəfil əsən külək ağacların yarpaqlarını xışıldatdığına görə deyilənlərin hamısını eşidə bilmədim. Amma tez-tez təkrarlanan "məni aldatdın", "uşaq", "biabırçılıq", "günah özündədir", "abort", "videogörüntülər" sözlərindən işin nə yerdə olduğunu başa düşdüm. Aydın oldu ki, müdir qızı aldadıb, indi də şantaj edərək bütün rayonda biabır edəcəyi ilə hədələyir ki, dediyinə razı olsun.

Bir azdan müdir idarənin qarşısında saxladığı maşınına minib getdi. Qız isə heykəl kimi donub qalmışdı. Hiss olunurdu ki, özünə nəzarəti tam itirib. Bir neçə üzücü dəqiqə keçdi. Sonrakı hadisələr isə bir neçə saniyənin içində baş verdi. Qız qəfildən çantasını açdı, oradan çıxardığı ülgücün əlində parlamağı ilə onu içəri tərəfdən sol biləyinə çəkməyi bir oldu və qarşımdakı kiçik meydançaya yıxılıb yavaş-yavaş canını tapşırdı.

O əhvalatın sonrakı təfərrüatları barədə heç nə bilmirəm. Düzü, heç bilmək də istəmirəm, çünki indi öz canımın hayındayam. Aydındır ki, mənim də dövranım bitib. İki ölümə qucaq açan, üstünə qan tökülən skamyaya kim yaxın gələr ki? Əlbəttə ki, ancaq narkomanlar, alkaşlar, nə bilim başqa sarsaqlar. İndi hamı mənim adımı "ölüm skamyası" qoyub, hamı məndən uzaq gəzir. Düz də edirlər. Hər gecə şəhərin bir-iki narkomanı, alkoqoliki bura gəlir, üstümdə oturur, iynələrini vurub araqlarını içir, sonra öz dədələrinin goruna söyə-söyə çıxıb gedirlər. Belə skamyanı kim xoşlayar?

Bu da mənim sonum.

Düşünürəm ki, belə ömür yaşamaqdan, "ölüm skamyası" kimi şərəfsiz adı daşımaqdansa, elə ölmək yaxşıdır.

Amma nə cür, nə təhər?

Nə yazıq ki, skamyalar intihar edə bilmirlər...

 





15.03.2024    çap et  çap et