525.Az

Alim fədakarlığı, tədqiqatçı kamilliyi - Mustafa Çəmənli yazır


 

Alim fədakarlığı, tədqiqatçı kamilliyi - <b style="color:red"> Mustafa Çəmənli yazır</b>

Ədəbiyyat xəzinəmizi zənginləşdirmiş Xaqani Şirvaninin, Nizami Gəncəvinin, Seyid İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin və başqa klassiklərimizin əlyazmaları şəklində günümüzə gəlib çıxmış və artıq kitab halında böyük tirajlarla çap edilərək oxuculara çatdırılmış əsərlərə görə ilk öncə xəttatlara, təzkirəçilərə, poetik nümunələri hafizəsində qoruyub saxlayan, nəsildən-nəslə ötürən söz sərraflarına borcluyuq. Əgər onlar öz dövrlərində bu nəcib işləri vaxtında görməsəydilər, bu gün ədəbiyyatımız bu qədər zəngin olmazdı.

Bu nəcib işi sonralar dəyərli şərqşünas, mətinşünas alimlərimiz həyata keçirdilər. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışan alimlərimizin bu sahədə gördükləri işlər təqdirəlayiqdir. Son 24 ildə XIX əsr Qarabağ şairlərinin əlyazmalarını tədqiq edən, araşdırıb gün işığına çıxaran alimlərimizdən biri də filologiya elmləri doktoru, professor Raqub Kərimovdur. Onun bu sahədə gördüyü işlərin miqyası çox genişdir. İxtisasca şərqşünas-filoloq, tərcüməçi, pedaqoq olan Raqub Şahmar oğlu Kərimovun bu günə kimi gördüyü işlərin işığında onun keçdiyi həyat yoluna nəzər saldıqda bu təvazökar, zəhmətkeş alimin zəngin bioqrafiyası gözlərimiz önündə canlandı. O, hələ 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsinin beşinci kurs tələbəsi ikən tərcüməçi kimi Əfqanıstana göndərilmiş, 1971-ci ildə vətənə qayıdaraq universiteti bitirib Tarix İnstitutunda baş laborant vəzifəsində çalışmışdı. Lakin Azərbaycanda çox qalmaq ona qismət olmamışdı, 1973-1975-ci illərdə yenidən Əfqanıstanda tərcüməçi kimi çalışmışdı. Əlbəttə, o zaman Raqub Kərimov Əfqanıstanda tərcüməçilik edən yeganə azərbaycanlı deyildi. İllər sonra mənim də yaxından tanışdığım, Azərbaycan ədəbiyyatına, elminə töhfələr vermiş şərqşünas alimlərdən Əlibala Hacızadə, Şahin Fazil, Maqsud Hacıyev, Möhsün Nağısoylu da dəfələrlə tərcüməçi kimi Əfqanıstana göndərilmişdilər. On il Əfqanıstanı işğal altında saxlayan sovet hökuməti 1989-cu ildə qoşunlarını geri çəkməyə məcbur oldu. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etməyə məcbur olmuş nə qədər soydaşımız,o cümlədən, mənim bibim oğlu Allahverən həyatını itirmişdi. Şükür ki, tərcüməçi kimi Əfqanıstana göndərilmiş yuxarıda adlarını çəkdiyimiz ziyalılarımız sağ-salamat vətənə qayıtdılar, əfqanlar haqqında, Əfqanıstan barədə bir-birindən dəyərli əsərlər yazıb çap etdirdilər. Raqub Kərimov da 1975-ci ildə Əfqanıstandan vətənə qayıtdıqdan sonra, 1976-cı ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim kimi pedaqoji fəaliyyətə başladı. Burada dekan, kafedra müdiri vəzifələrində çalışdı. 1978-ci ildə ADU-nun nəzdində məqsədli aspiranturaya daxil olub, 1982-ci ildə "XIX əsrin ikinci yarısı farsdilli Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə edərək namizədlik, daha sonra "Qasım bəy Zakir: həyatı, dövrü, mühiti və müasirləri" mövzusunda dissertasiya müdafiə edib filologiya üzrə elmlər doktoru dərəcəsi aldı.

M.Qorbaçovun yenidənqurmasına qədər Xankəndi Pedaqoji İnstitutunda erməni professor-müəllim heyəti ilə azərbaycanlı alimlərlə, tələbələrlə münasibətlərində elə bir gərginlik yaşanmamışdı. 1988-ci ildə isə vəziyyət dəyişdi, xəstə təfəkkürlü ermənilərin içi üzə çıxdı. Xankəndidə erməni separatçıları mitinqlər keçirməyə, nəinki yerli azərbaycanlılara, hətta institutda çalışan azərbaycanlı alimlərə, tələbələrə qarşı da təziqlər, təhdidlər göstərməyə başladılar. Vəziyyət o həddə çatmışdı ki, Xankəndi Pedaqoji İnstitutunda anadilli fakültələrin, professor-müəllim heyətinin sərbəst, təhlükəsiz fəaliyyət göstərməsi sadəcə müşkül bir işə çevrildi. Belə olan təqdirdə institutun Azərbaycan fakültələri bir müddət Şuşada fəaliyyət göstərdi. Raqub müəllim ADPU-nun Şuşa filialında Tarix-filologiya fakültəsinin dekanı, daha sonra ADPU-nun Ağcabədi tədris məntəqəsinin müdiri vəzifələrində çalışdı. Şuşa filialının sonuncu tələbələrini uğurla (əlbəttə, kədərli notlarla) yola saldıqdan sonra 2003-cü ilin iyul ayından Raqub Kərimov Sumqayıt Dövlət Universitetinin Qədim və orta əsrlər ədəbiyyatı kafedrasının, daha sonra Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirdi.

Uzun illər pedaqoji fəaliyyət göstərən Raqub Kərimov ömrünün 24 ilini AMEA M.Füzuli adına Əlyazmalar İnstitutuna bağlayıb. Doğrusu, hörmətli alimin ömrünün kamil dövrünü Əlyazmalar İnstutuna bağlamaqla nə dərəcədə özünü məmnun hiss edib-etmədiyini deyə bilmərəm, amma mənə qalsa, deyərdim ki, Raqub Kərimov kimi şərqşünas-filoloqun, tərcüməçinin burada baş elmi işçi kimi çalışması, gənclər arasında elmə marağın azaldığı bir vaxtda,İlahinin lütfüdür. Axı doğrudan da, ömrünü sərf edərək, dünyasını çoxdan dəyişmiş şairlərin əlyazmasını araşdırmaq, onların poetik irsinin məziyyətlərini, müasirləri ilə münasibətlərini, həyatını, mühitini öyrənmək, əski əlifbada yazdıqlarını səbirlə müasir əlifbaya köçürmək, kitab tərtib etmək, ön söz və şərhlər yazmaq, sonra isə çap etdirməyin qayğısına qalmaq, nəşriyyatlar qapısını döymək məgər hər "aliməm" deyənin işidir?! Xeyr, bu, fədakarlıqdır. Alim-vətəndaş fədakarlığı! Dünyasını çoxdan dəyişmiş, zamanında yazdıqlarının sabahkı taleyindən nigaran getmiş şəxslərin ruhunu şad etmək naminə göstərilən fədakarlıq!

Raqub Kərimov Qarabağ şairlərindən Mir Möhsün Nəvvabın, Mir Mehdi Xəzaninin, Məşədi Əyyub Bakinin, Məhəmmədəli bəy Məxfinin, Həsənəli xan Qaradağinin, Abdulla bəy Asinin, Sədi Sani Qarabağinin, Məşədi Məhəmməd Bülbülün, İbrahim Tahir Musayevin, Mirzə Baxış Nadimin, Mirzə Rəhim Fənanın əsərlərini transfoneliterasiya, tədqiq və tərtib edərək, geniş ön sözlə nəşrə hazırlayıb çap etdirib.

Hörmətli alimin "Elm və təhsil" nəşriyyatında Əlyazmalar İnstitutunun elmi şürasının 2012-ci il tarixli qərarı ilə nəşr etdirdiyi "Qasım bəy Zakir və müasirləri" monoqrafiyasını burada böyük məmnunluq hissilə yad etmək istərdik. Qasım bəy Zakirdən zamanında məqalələr, oçerklər yazmış, əsərlərini toplayıb çap etmiş Firidun bəy Köçərlini, Salman Mümtazı, Kamran Məmmədovu, Həmid Araslını və başqa alimlərimizi minnətdarlıqla yad edərək, R.Kərimovun "Qasım bəy Zakir və müasirləri" monoqrafiyasını zakirşünaslığa verilən dəyərli bir töhfə hesab edirik. Şəxsən mən bu monoqrafiyanı bədii publisistik bir roman kimi oxudum. Professor əsərdə "Zakirin irsinə yeni baxış", "Zakirin dostları və məsləkdaşları", "XIX əsr ədəbi mühiti və Zakir", "Qasım bəy Zakirin qeyri-mətbu şeirləri" başlıqları altında "Satirik şeirimizin bayraqdarı"nın (S.Mümtaz) həyatını, yaradıcılığını, ədəbiyyatımızdakı yerini, müasirləri ilə münasibətlərini, nəsil-səcərəsini, bir sözlə, Qasım bəy Zakirin şəxsində böyük bir dövrü araşdıraraq mükəmməl bir monoqrafiya ərsəyə gətirib.

R.Kərimov fars dilini bilən alim kimi kitablarını tərtib etdiyi XIX əsr şairlərinin bəzən farsca yazdıqları şeirlərinə də biganə qalmayıb, tərcümə edərək tərtibə əlavə edib. Alimin sonuncu dəyərli işlərindən biri də 2021-ci ildə nəşr etdirdiyi Məhəmməd ağa Müctəhidzadənin "Əsərləri"dir. Elm aləmində tərkirəçi-şair kimi tanınan Məhəmməd ağa Müctəhidzadə sağlığında ancaq İstanbulda "Riyazül-aşiqin" əsərini çap etdirmişdi. R.Kərimov vaxtilə Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi-üns"ün üzvlərindən olmuş Məhəmməd ağanın ədəbi irsini ilk dəfə toplayıb tərtib etdi, "Məhəmməd ağa Müctəhidzadənin həyatı və bədii irsi" sərlövhəli geniş bir ön sözlə (34 səhifə) çap etdirdi. Bu geniş ön sözlə biz Məhəmməd ağanı bir insan, şəxsiyyət, şair-vətəndaş kimi tanıyıb sevirik. Tərtibçi onu müasirlərinə bir vətənpərvər, Qarabağı canından artıq sevən vətəndaş şair, həm də alim kimi təqdim edir: "Vətənini, eləcə də onun yetirdiyi gözəlləri fərəh hissi ilə təsvir edən şair onları behiştin hurilərinə, çəmənlərin tavusuna bənzətməklə bu torpağın yetirmələrinin misli-bərabəri olmadığını bəyan edir və onlarla qürur duyur. Lakin şairin sevinc hissləri o qədər də uzun çəkmir, vətəni Şuşanın başına gətirilən müsibətlər, onun yağılar, yadellilər tərəfindən yandırılaraq külə döndərilməsi şairin qəlbini ağrıdır, onu düşündürür və bu faciələrin əsl səbəbkarının kim olduğunu soraqlayır, suallarına cavab axtarır".

Tərtibçi yazır ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Məhəmmməd ağa uzun müddət Bakıda müəllimlik etmiş və 1945-ci ildə xüsusi göndərişlə Ağdama gəlmişdir. Şair ömrünün axırına qədər orada yaşamış və 1958-ci ildə vəfat etmişdi.

Yeri gəlmişkən, Məhəmməd ağanın Ağdam camaatı arasında çox böyük nüfuzu olmuşdu. Ağdam məscidinin axundu kimi onun xeyirxah əməllərindən bu gün də söhbət açılır, adı rəhmətlə yad edilir. Professor R.Kərimovun böyük axtarışlarının, zəhmətinin bəhrəsi olan Məhəmməd ağa Müctəhidzadə "Əsərləri" (592 səhifə) ədəbiyyatımız üçün çox böyük töhfədir.

Ömrünü Qarabağ şairlərinin irsini öyrənməyə sərf edən R.Kərimov bu günlərdə sayca 26-cı olan "XIX əsr Qarabağ şairlərinin şeir antologiyası" adlı irihəcmli (512 səh.) dəyərli bir kitabda çap etdirib. Məlumdur ki, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının Mədəniyyət Paytaxtı elan edilib. Fikrimizcə, bu antologiya İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri üçün ən böyük töhfələrdən biridir.

R.Kərimov bu söylədiklərimizdən başqa, həm də monoqrafiyaların, metodik tövsiyələrin müəllifidir. Hörmətli alim bununla yanaşı, orijinaldan tərcümə işinə də maraq göstərib, Bəhmən Mirzə Qacarın "Şükümameyi-Şahənşahi", Pənahi Semnarinin "Fətəli şah Qacar" əsərlərini fars dilindən tərcümə edərək çap etdirib.

Təqvimə baxanda gördüm ki, mart ayının 22-si hörmətli Raqub müəllimin doğum günüdür. Fədakar alimimizi bu münasibətlə öncədən ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

 

 

 

 





15.03.2024    çap et  çap et