Taylandın Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsinin digər döyüş gəmisinə dəyməsi nəticəsində 2-si ağır olmaqla 13 əsgər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 11:50 radələrində Taylandın Çonburi əyalətindəki Sattahip hərbi dəniz bazasında Tayland Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsi digər döyüş gəmisinə dəyib.
“HTMS Chonburi” gəmisindən atılan top gülləsinin həmin limanda yerləşən “HTMS Khirirat” gəmisinə dəyməsi nəticəsində yanğın baş verib. Yanğında 2-si ağır olmaqla 13 əsgər yaralanıb.
Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilsə də, Tayland Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Top gülləsinin atıldığı "HTMS Chonburi" gəmisinin dünən gecə keçirilən hərbi təlimdən bazaya qayıtdığı və döyüş sursatlarının boşaldılmadığı bildirilib.
Qeyd edək ki, qəzanın baş verdiyi dəniz bazasının ətrafında təhlükəsizlik tədbirləri görülüb, qəza ilə bağlı araşdırma başlanıb.
Malik Atilay
çap et