525.Az

Qonçabəyim Şahtaxtinskaya haqqında araşdırmalarım və öyrəndiklərim


 

Qonçabəyim Şahtaxtinskaya haqqında araşdırmalarım və öyrəndiklərim<b style="color:red"></b>

Musa RƏHİMOĞLU-QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

Uluxanlı-Culfa dəmiryolu çəkilən zaman Şahtaxtı kəndinin Araz çayına yaxın ərazilərində torpaqların sahiblərinə pul ödənilirdi. Bu zaman tərtib edilən sənədlərin çoxunda Qonçabəyim bəzən də Qonça adına tez-tez rast gəlirdik...

Şahtaxtinskilər haqqında ilk axtarışlarımı aparırdım - XX əsrin 80-ci illəri idi. Naxçıvan şəhərində və Şahtaxtı kəndində yaşayan ağsaqqallarla və ağbirçəklərlə söhbətləşirdim, daha doğrusu, onlardan öyrənirdim. O vaxtlar atam məni Naxçıvan şəhərində yaşayan Zivər xanımgilə apardı. O, İbrahim ağa Şahtaxtinskinin həyat yoldaşı idi. Həyatın xoş günlərini və böyük faciələrini yaşamışdı. Bolşevik erməni çekistlərinin hər zülmünə mətanətlə sinə gərmişdi. Qəddini əyməmişdi. Şərur elinin Qarxun kəndindən olan Hacı ağanın qızı idi. İkinci Dünya müharibəsində iki igid oğlunu itirmişdi. Bu kədər onun qəddini əymişdi. Amma yaddaşı yerində idi. Şahtaxtinskilər haqqında olduqca məlumatlı idi. Ondan sənədlərdə rast gəldiyim Qonçabəyim - Ketevana haqqında soruşmuşdum. Dedi ki, oğul, o kimdirsə, Nəcəfqulu ağanın ailəsindən olmalıdır. Əlavə etdi ki, Nəcəfqulu ağanın oğlanları İsa sultan və Əbülfət ağa ömürlərinin çoxunu Gürcüstanda yaşamış və fəaliyyət göstərmişlər. "Bəlkə, Əbülfət ağanın  birinci həyat yoldaşıdır?! Dəqiq deyə bilmərəm, oğul. Ancaq Əbülfət ağanın 4 oğlu olduğunu bilirəm, bəlkə də onun qızı da olub. Sənədlərə diqqətlə baxın" demişdi. Amma o vaxtlar axtarışlar bir nəticə verməmişdi

2004-cü ildə "Azərbaycan tarixi muzeyi" (Bakı) elmi toplusunda İnna Kostinanın "Abulğfat Aqa Şaxtaxtinskiy i eqo liçnıy Koran" məqaləsi mənim üçün göydəndüşmə oldu. Bu haqda bir az sonra.

Rusiya Dövlət HərbiTarix Arxivindən (Moskva) tapdığımız sənəd - polkovnik Əbülfət ağanın formulyar kitabçası Qonçabəyimin kimliyini aydınlaşdırdı. Həmin xidmət kitabçasından aydın oldu ki, Əbülfət ağa ilə Balabəyim xanımın nikahından aşağıdakı övladları dünyaya gəliblər: 1) Qızı Qonçabəyim 31 mart 1885-ci ildə doğulub; 2) Oğlu Sadıq ağa 3 avqust 1889-cu ildə anadan olub; 3) Oğlu Qasım ağa 19 yanvar 1894-cü ildə doğulub; 4) oğlu Nəcəfqulu ağa 22 iyul 1898-ci ildə doğulub; 5) Oğlu Abbas ağa isə 13 mart 1905-ci ildə anadan olub.

Qeyd edim ki, bu hərbi xidmət kitabçasında məlumatlara əsasən  polkovnik Əbülfət ağa ilə bağlı əhatəli bir yazını "525-ci qəzet"də çap etdirdik.

Qonça bəyim Şahtaxtinskinin varisləri.

İndi qayıdaq İnna Kostinanın mənə göndərdiyi məktuba. Bu məktubu Əbülfət ağanın qızı Qonça xanımın (Ketevananın) varisləri Tbilisidəki Azərbaycan səfirliyinin vasitəsilə muzeyə göndərmişdilər. Göndərdikləri məktubun mətni rus dilindədir. Məktubda deyilir: "Bu Quran bizim babamız, məşhur Əbülfət ağa Şahtaxtinskinindir və bizim ailə mirasımızdır. Onu Bakı Dövlət Tarix Muzeyinə Tbilisidə yaşayan varisləri - kötücələri Nikolay və Natali Mdivanilər tərəfindən hədiyyə veririk. Xahiş edirik ki, Quranı alandan sonra bizə yazılı məlumat verəsiniz. Ədalət naminə, bu kitab digər tarixi eksponatlar arasında layiqli yer tutacaq. Bizim nənəmiz Nina İvanovna Stas Bakıdakı digər qohumları axtarırdı, amma nəticəsi olmurdu. Ya məktublar gedib çatmırdı, ya da ki, ünvanları dəyişmişdilər. Məlum deyildi".

Sonra onlar öz şəcərələri ilə bağlı qısaca bir arayışı məktuba əlavə etmişdilər: 1) Əbülfət ağanın qızı Qonça gürcü zadəganı Varlam Mdivani ilə ailə qurmuşdu. 2) Əbülfət ağanın nəvəsi, Qonça və Varlamın oğlu Nikolay Mdivani 1904-cü ildə doğulub (həbs edilmişdi və 1937-ci ildə güllələnib) Nina Stas ilə ailə qurmuşdu. Nina Stas Quranı qoruyub saxlayandır. O, 4 sentyabr 2001-ci ildə 94 yaşında vəfat etdi.  3) Əbülfət ağanın nəticəsi, Nikolay Mdivaninin və Nina Stasın oğlu Georgi Mdivani 1933-cü ildə doğulub, 1997-ci ildə vəfat edib. Həyat yoldaşı Nane Gelaşvilidir. Hazırda sağdır. 4) Əbülfət ağanın kötücələri - Nikolay Mdivani (1961), Nataliya Mdivani (1971) -  Georgi Mdivaninin və Nane Gelaşvilinin uşaqlarıdır.

14 mart 2002-ci il".

Hər dəfə Tbilisiyə gedəndə onları axtarırdım. Onlar Saburtaladan köçmüşdülər. Tbilisidə Azərbaycan Səfirliyinə, Naxçıvanda Xarici İşlər İdarəsinə də müraciət etmişdim. Yenə də axtarışlarım onların tapılmasına kömək etmədi. Sosial mediada Gürcüstanda yaşayan gənc qızın - Aygül İsayevanın fəaliyyətini maraqla izləyirdim. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə çalışan, bəzən məqsədinə çatmaq üçün mübarizə aparan Aygül xanıma müraciət etməyi qərara aldım. Ona bu haqda yazdım. Aygül xanım axtaracağına söz verdi. 1 ilə yaxın müddətdə axtarışlar apardı. Nəhayət Tbilisidə tapdı. Doğrusunu deyim ki, necə axtarışlar apardığını mənə yazmayıb. Amma Əbülfət ağanın qızı Qonçabəyim tərəfdən varislərini tapdığını mənə sevinclə bildirdi. Yeri gəlmişkən, bir daha ona qəzetimiz vasitəsilə təşəkkürümü bildirirəm.

Aygül xanımın köməkliyi ilə polkovnik Əbülfət ağanın qızı tərəfdən olan gürcü varislərilə telefon əlaqəsi saxladım. Natali xanımın ulu nənəsi Qonçabəyim-Ketevana Mdivani haqqında dedikləri: "Ulu nənəm Qonçabəyim-Ketevana Sankt-Peterburqda Nəcib Qızlar İnstitutunda ali təhsil alıb. Onun  Qərbi Avropa dillərini - alman, ingilis və fransız dillərini tədris etməyə ixtiyarı vardı. Qonça nənəm 1904-cü ildə ulu babam, hərbçi Varlam Mdivani ilə ailə qurub. O vaxtlar müsəlman qızla xristian dinində olan oğlanın ailə qurmağı çox çətin məsələ idi. Ona görə də Varlam ürəkdən sevib bağlandığı Qonçabəyimi onun razılığı ilə qaçırıb. Mdivani və Şahtaxtinskilər ailəsi gənclərin bu ürəkdən olan sevgilərinə qarşı çıxmayıblar. Bir sıra səbəblərin baş ağrıtmaması üçün Qonçabəyim Ketevana adını rəsmi olaraq yazdırıb. Amma evdə ona "Qonça" deyə müraciət edirmişlər. Varlam Gürcüstanın qədim zadəgan nəslindəndir. O, Birinci Dünya müharibəsində iştirak edib və həlak olub.

Sərkərdə Əbülfət ağa Şahtaxtinskinin viran qalmış məzarı.

Qonçabəyimlə Varlamın nikahından iki oğlan dünyaya gəlib: Nikoloz (Nikolay) və Vladimir. Nikoloz (Nikolay) mənim babam idi. O, DTK-da işləyirmiş və yüksək vəzifəsi varmış. 1937-ci ildə onu həbs edirlər və güllələyirlər. Nikolozun qardaşı Vladimir troitskiçi olduğundan onu sürgün edirlər. Bu ailələrin qadınlarını da sürgün ediblər. O vaxtlar sovet hökuməti Qonçabəyimi - Ketevananı istintaqa cəlb etsə də, sürgün etmir. Amma Tiflisdə yaşamasına icazə vermirlər. Qonça nənəm Tiflisin yaxınlığındakı Mangilisə köçür və orada fransız dilini tədris edirmiş. Gərək ki, 1943-cü ildə vəfat edib və orada dəfn edilib. Biz sonralar oradakı qəbiristanlıqda onun məzarını tapa bilmədik. Mangilisdə olarkən o, bir ukraynalı ilə ailə qurur və o nikahdan 1 oğlu və 1 qızı olub. Qonça nənəm ömrünün son illərini həmin qızı ilə yaşayıb. Qonça nənəmin son illəri çox çətin olub. İkinci həyat yoldaşı içki və qumar məclislərini çox sevdiyindən Qonça nənəmin bütün varidatını uduzub. 1980-ci illərədək Bakıdan Abbas ağanın (Qonçabəyimin qardaşı) uşaqları Tbilisiyə gəlirdilər. Amma sonralar əlaqələr kəsildi. Ona görə də biz nənəmiz Nina Stasın ölümündən sonra Əbülfət ağa Şahtaxtinskinin qızı Qonçabəyimə bağışladığı "Quran" kitabını Tbilisidəki Azərbaycan Səfirliyinə apardıq, məktub də yazdıq ki, Azərbaycan Tarix Muzeyinə çatdırsınlar. Abbas ağanın, babam Nikolozun və Vladimirin 1912-ci ildə Kutaisidə çəkdirdikləri şəkli, ulu babamın və onun varislərinin də fotolarını sizə göndərirəm. Biz sizin yazınızda oxuduq ki, ulu babamız Əbülfət ağanın məzarı Naxçıvan Muxtar Respublikasında Şahtaxtı kəndində babalarının sərdabəsindədir. Sağlıq olsun, o məzarı ziyarət etmək arzumuz var". Yeri gəlmişkən, cəsur sərkərdə, poliqlot, tərcüməçi Əbülfət ağanın məzarı haqqında bir az məlumat vermək mənəvi borcumdur. Əbülfət ağanı öz vəsiyyətinə görə çar hökuməti 1913-cü ildə təntənəli surətdə gətirib ehtiramla babalarının yanında dəfn edib. Hətta onun həyat yoldaşı Balabəyim xanım Məhəmməd ağa Şahtaxtinskinin qızı) məzarın üzərində sərdabə tikdirib. 1920-ci ilədək sərdabəyə hər gün 2 kazak zabiti keşik çəkirmiş. 1920-ci ildən sonra sərdabəni uçurmağa başlayıblar. Çox təəssüf ki, 1990-cı ildən sonra həm sərdabəni, həm də məzarı dağıdıblar. Sonra sərdabəni məzarın üstünə uçurublar ki, yoldan keçənlər xarabalığı görməsinlər. Hər dəfə o məzarı ziyarət edəndə görkəmli şairimiz Seyid Əzim Şirvaninin 1879-cu ilin yayında Şamaxıda məktəb açmaq üçün Tiflisə  gedərkən Nizami Gəncəvinin sərdabəsinin uçub-dağıldığına təəssüflənib elə oradaca yazdığı rübaini misra-misra xatırlayıram:

 

Ey şeyx Nizami, ey nizamı dağılan

Ey Gəncədə  izzü  ehtişamı dağılan;

Olubdu sən ilə mən kimi aləmdə

Beyti, evi, məktəbi, kəlamı dağılan.

 

1891-ci ildə Aleksandropol (indiki Gümrü) şəhərində həvəskarlar tamaşası təşkil edən Əbülfət ağa Şahtaxtinski toplanan103 manatı Şahtaxtı Zemstvo məktəbinə göndərmişdi. Məktəb Şahtaxtinskilərin malikanəsində yerləşirdi. İndi Şahtaxtı tam orta məktəbi sərkərdənin məzarının yaxınlığındadır. Hər gün dərsə gedən şagirdlərin addım səslərini eşidir.

İndiyədək qaranlıq qalan bəzi  məsələləri Mdivaninin köməkliyi ilə aça bildik. Çox təəssüflər olsun ki, polkovnikin qızı Qonçabəyim faciəli bir ömür yaşayıb.

 





15.03.2024    çap et  çap et