525.Az

Dünyanı parçalamağa cəhd edənlər...


 

Dünyanı parçalamağa cəhd edənlər...<b style="color:red"></b>

Azərbaycanın növbəti dəfə ev sahibliyi etdiyi Qlobal Bakı Forumunda dünyanın narahat edən problemlər, aktual məsələlər gündəmdə oldu. Üç gün davam edən forum (14-16 mart) "Parçalanmış dünyanın bərpası" üçün beynəlxalq birliyə aydın mesajlar verdi. Bu gün dünya həqiqətən də parçalanıb və ciddi çağırışlarla qarşılaşıb. Beynəlxalq aləmdə təhlükəsizliyə ciddi təhdidlər, risklər var. Təəssüf ki, bu parçalanmaya, təhdidlərə, çağırışlara səbəb olan da elə böyük güclərdir. Onların siyasəti məqsədyönlü şəkildə məhz buna yönəlib. Dünyaya ağalıq etmək, öz hegemonluğunu gücləndirmək istəyən bəzi güclər bunun üçün qarşıdurma, münaqişə ocaqları yaratmaqdan, müharibələrə rəvac verməkdən, dinc insanların həyatına son qoymaqdan belə çəkinmirlər. Hətta münaqişəyə son qoymuş dövlətləri belə yeni müharibəyə təhrik edirlər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Bakı Forumundakı çıxışında bu məqama toxunaraq qeyd edib ki, dünya doğrudan da parçalanıb və bu tədbir təhlükənin hökm sürdüyü vaxtda keçirilir: "Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar".

Bu gün Cənubi Qafqazı qarışdırmaq istəyən, yeni müharibəyə təhrik edən də Fransa başda olmaqla Qərbin bir sıra  qərəzli dairələridir. Onlar hər vəchlə artıq başa çatmış Azərbaycan-Ermənistan münaqişəsini yenidən alovlandırmaq istəyirlər. Bu məqsədlə Ermənistan silahlandırılır, sülh prosesini pozan addımlara təhrik edilir. Bununla da sülh sazişinin imzalanmasına imkan vermirlər. Azərbaycan məhz öz gücünə 30 ildən artıq davam edən münaqişəyə son qoydu, bununla həm də BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini icra etmiş oldu. Amma özünü dünya gücü hesab edənlər hər vasitə ilə münaqişəni yenidən alovlandırmağa çalışırlar.

Fransanın pozucu, sülh və təhlükəsizliyə qarşı olan siyasəti Bakı Forumunda da gündəmə gətirilib. Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində Fransanın mövqeyinin beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.

"Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi", - dövlət başçısı bildirib.

Prezident, həmçinin Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktından da danışıb: "Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.

Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi.

Belə olan halda biz israr etdik ki, bu heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır".

Dövlət baçşısı deyib ki, bu, Azərbaycanın suverenliyini bərpa etdikdən sonra üzləşdiklərinin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.

Bu vandal aktı əslində Fransa və Ermənistanın eyni "dəyərləri" bölüşdüyünü bir daha nümayiş etdirir. Belə ki, 30 il ərzində ermənilər Azərbaycanın işğaldakı ərazilərində bütün tarixi, mədəni, dini abidələri yerlə-yeksan edən, onları təhqirə məruz qoyub, məscidlərimizdə donuz saxlayıb. İndi Fransa da Natəvanın heykəlinə qarşı qisasçı hərəkəti ilə əslində vandal siyasətini, mədəniyyətə, tarixə yanaşmasını ortaya qoydu.

Bu gün Avropa liderinə çevrilməyi hədəfləyən Makronun apardığı siyasət fiaskoya uğrayır. Heç kimə sirr deyil ki, Makron Ukrayna münaqişəsindən də öz məqsədləri üçün istifadə etməyə çalışır. Xüsusilə, onun son günlər bu məsələdə "aktivliyi" Avropa Parlamentinə keçiriləcək seçkilərlə bağlıdır.

Makron ölkə daxilində etimadı itirməkdədir. Sorğular göstərir ki, ondan insanların narazılığı pik həddə çatıb, ölkədə sosial böhran getdikcə artır. Hakimiyyət sosial problemlərin həlli üçün heç bir addım atmır. Daxildə hər hansı bir problemi həll edə bilməyən rəhbərin Qərbin liderinə çevrilmək istəməsi bu coğrafi məkanda ciddi lider böhranının olduğunu nümayiş etdirir. 

İkincisi, Makronun nüfuzunu itirməsi Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə ifrat sağçıların qələbəsinə imkan yaradır. Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" Fransada 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olan siyasi partiyalar arasında ilk sıradadır. Makronun partiyasının şansları isə yaxşı qiymətləndirilmir. Ona görə də güclü namizədi sıradan çıxarmaq üçün məhz Ukrayna kartından istifadə edir. O, rəqibinin Ukraynanı dəstəkləmədiyini deyərək, ifrat sağçıların Rusiyanın yanında olduğunu bəyan edir. Sözlərlə oynayan Makron realda heç nə etmir, yalnız əsassız təşəbbüslər irəli sürür. Məsələn, Ukraynaya yardım vəd etdi, amma heç bir addım atmadı. Üçüncü dəfədir ki, Ukraynaya səfərini təxirə salır, əlbəttə ki, bu da onun acizliyini göstərir. Ukraynaya NATO qoşunlarının göndərilməsi təklifi də sadəcə təklif olaraq qaldı. Onun bu təşəbbüsü ölkə daxilində də dəstəklənmədi. Fransızların yarıdan çoxu hesab edir ki, Emmanuel Makron Ukraynaya hərbçi göndərmək ideyası ilə yanlış hərəkətə yol verdi. "Elabe" sosioloji xidmətinin BFMTV kanalı üçün keçirdiyi sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlər düşünürlər ki, onun bu cür ritorikası Qərb ölkələri arasında fikir ayrılığına səbəb ola bilər və Fransa-Rusiya münasibətlərində gərginliyin səviyyəsini daha da artırır.

Sorğuda Ukraynaya yardımın göstərilməsi məsələsində fransızlar arasında fikir ayrılıqları da aşkarlanıb. Respondentlərin 51%-i fevralın 16-da Makron və Ukrayna prezidenti Vladimir Zelenski arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanan və 3 milyard avro ayrılmasını nəzərdə tutan sazişə qarşı çıxıblar.  Rəyi soruşulanlar hesab edirlər ki, Kiyevin məğlubiyyətinə səbəb olsa belə, Rusiya ilə toqquşmadan qaçmaq üçün münaqişəyə girməyə dəyməz.

Bu gün Qərbin diktəsi ilə Ukrayna-Rusiya müharibəsinin, Qəzzada baş verənlərin nələrə səbəb olduğu ortadadır. Bu regionlarda tam bir faciə, dəhşət yaşanır. Rusiya-Ukrayna müharibəsi iki ildən, İsrail-HAMAS müharibəsi isə 5 aydan çoxdur artıqdır davam edir. Hər iki müharibə böyük itkilərə, dağıntılara səbəb olub. Amma hər ikisi də sonu görünməyən xarakter alıb. Böyük güclər hər iki münaqişənin dayandırılması, tərəflərin sülhə gəlməsi üçün hər hansı addımı atmır. Əksinə, daha çox dağıntı, insan faciəsi onların planlarına uyğundur. Ukraynanı müharibəyə "həvəsləndirən" Qərb artıq tükəndiyini bəyan edir, yavaş-yavaş geri çəkilir. Öz hegemon niyyətlərinə görə dünyanı parçalayan bu qüvvələr təbii ki, onun bərpasını istəməyəcəklər. Ona görə də ölkələri viran qoyduqdan sonra geri çəkilib, dağıtmaq üçün yeni hədəflər axtaracaqlar.

Əgər Qərb bu cür məsələlərdə ədalətli, vicdanlı olsaydı, ən əsası beynəlxalq hüquqa əməl etsəydi, 30 il Azərbaycana sülh vəd edib, ərazilərimizin dağıdılmasına, viran qalmasına göz yummaz, bizi işğalla barışmağa təşviq etməzdi. Azərbaycan unikal bir nümunə ortaya qoydu. Heç bir dəstək olmadan, hansısa xarici qüvvəyə arxalanmadan özünü hazır bildiyi anda torpaqlarını işğaldan azad etdi. Bunun üçün həm də dövlətin müstəqil siyasət aparması, güclü liderə malik olması mühümdür. Məhz buna görədir ki, Qərb dairələri müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərini qorumağı bacaran İlham Əliyev kimi liderlərə qısqanclıqla yanaşır, onları qəbul etmək istəmirlər. Amma onların nə istəməsindən asılı olmayaraq, bu, bir reallıqdır ki, Azərbaycan öz düz bildiyi yolla davam edir. Bu gün Bakı Qlobal Forumunun Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə olması da Azərbaycanın beynəlxalq aləmdə uğurudur. Bu tədbirə hər il olan maraq, iştirakçılıq səviyyəsi yüksəlir. Bir sıra ölkələrin sabiq və hazırkı dövlət başçıları, nüfuzlu ekspertlər, Nobel mükafatı laureatları dünyanı narahat edən ən vacib və aktual problemlərlə bağlı məhz Bakıdan qlobal aləmə mesajlar verirlər.

 

 





18.03.2024    çap et  çap et