525.Az

Ət məhsullarının elektron izlənmə sistemi nədir?


 

BU SİSTEMİN TƏTBİQİ HEYVANLARIN VƏ ƏT MƏHSULLARININ "FERMADAN SÜFRƏYƏDƏK" PRİNSİPİ İLƏ İZLƏNMƏSİNİ HƏYATA KEÇİRMƏYƏ İMKAN VERƏCƏK

Ət məhsullarının elektron izlənmə sistemi nədir?<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılıb. Bu sistem vasitəsilə "fermadan süfrəyədək" prinsipi ilə izlənmənin həyata keçirilməsi mümkün olacaq.  Kəsilən hər bir heyvan haqqında məlumat istehlak məhsulunun üzərindəki QR kod vasitəsilə oxunacaq. İstehlakçı diri heyvanın haradan və nə vaxt gətirildiyi, məhsulun (ətin) mənşəyi, kəsim məntəqəsinin ünvanı, kəsilmə və satış şəbəkələrinə göndərilmə tarixləri, məhsulun daşınması haqqında sənədin nömrəsi barədə müfəssəl məlumatlar əldə edəcək. İzləmə sistemi vasitəsilə istehlakçı həmçinin məhsulun aid olduğu heyvanın sağlamlıq vəziyyəti, aparılmış sonuncu peyvəndləmənin tarixi, yaşı və s. məlumatları da əldə edə bilər. Bununla yanaşı, QR kodda məhsulun daşınmasına verilmiş müşayiətedici baytarlıq sənədinin nömrəsi də əks olunur ki, bu nömrə ilə istehlakçı sənədin əslini tələb edə bilər. Beləliklə, sistem vasitəsilə istehlakçı son məhsula uyğun tam qida zənciri üzrə məlumat əldə etmək imkanı qazanacaq. Bu isə izlənmə imkanlarının genişlənməsi ilə biotəhlükəsizlik tələblərinin ödənilməsinə şərait yaradacaq.

Qeyd edək ki, sözügedən sistem pilot olaraq hazırda bir satış şəbəkəsində sınaqdan keçirilib. Müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyeklərinin də izləmə sisteminə qoşulması istiqamətində işlər davam etdirilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sistemin qurulması dövrün tələblərindən irəli gəlir və eyni zamanda bilavasitə insanların sağlamlığının qorunmasına xidmət edir: "Qida təhlükəsizliyi haqqında" qanunda bu müddəalar öz əksini tapıb və sənəddə "fermadan süfrəyədək" prinsipi aydın şəkildə göstərilib. Bu, çox vacib məsələdir. Çünki heyvanların mənşəyinin bilinməsi, onların sağlamlığı haqqında məlumatın əldə edilməsi, harada kəsilməsi, kəsim məntəqəsinin ünvanı, məhsulun daşınma tarixi və digər məsələlərin bu sistemdə yer alması istehlakçını arxayınlaşdırır. Bu, istehlakçıda inam yaradır ki, aldığı heyvan məhsulu təmizdir, yararlıdır".

Komitə sədri bildirib ki, bu sistem ilk növbədə insanların sağlamlığının qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib: "Digər tərəfdən, gələcəkdə fəsadların qarşısının alınması üçün çox mühümdür. Çünki bu gün biz tez-tez təsadüf edirik ki, mənşəyi məlum olmayan ətlər satışa çıxarılır. At ətinin, eşşək ətinin hətta bəzən digər heyvanların ətinin bazara çıxarılması halları olur. Çox təəssüf olsun ki, bu ətlərin insan həyatı üçün ciddi təhlükə olduğuna baxmayaraq, bəzi işbazlar pul qazanmaqdan ötrü bütün vasitələrə əl atırlar. Ancaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu sistemin yaradılması xoşagəlməz halların qarşısının alınmasında mühüm rol oynayacaq. Bu, həm bizim səhhətimiz üçün, həm də vətəndaşların özlərinin rahatlığı üçün çox vacibdir. Bu sistemin tətbiqi dövlətin öz vətəndaşının sağlamlığına göstərdiyi qayğının əyani nümunəsidir. Belə tədbirlər bütün sahələrdə həyata keçirilməlidir".

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, ölkənin baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, artıq bazarlarda, ticarət şəbəkələrində kəsilərək satılan heyvan haqqında məlumatlar (heyvanın mənşəyi, cinsi, yaşı və s.) istehlak məhsulunun üzərindəki QR kod vasitəsilə oxunacaq: "Bu da bizə imkan verir ki, fermadan süfrəyədək məhsulların tam izlənilməsini həyata keçirək. Hazırda AQTİS-də bu sistem qurulub və ikin sınaqlar uğurla nəticələnib. Ət məhsullarının üzərindəki QR kod vasitəsilə istehlakçı məlumatları əldə edə bilər".

"Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı, şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanan AQTİS istismara verilib. Ölkə ərazisində Agentliyin mütəxəssisləri tərəfindən ailə-kəndli və fermer təsərrüfatlarında identikləşdirilmiş heyvanlar və təsərrüfatlar haqqında məlumatlar AQTİS-ə daxil edilir.

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də "Şəxsi kabinet"ə "ASAN İmza" və ya "ASAN Login" ilə daxil olurlar. Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qida təhlükəsizliyi sertifikatının verilməsi, baytarlıq nəzarətinə aid məhsulların idxalına rəy verilməsi və s. bu sistem vasitəsilə həyata keçirilir. Ümumilikdə "Şəxsi kabinet" vasitəsilə sahibkarlar Agentliklə olan münasibətlərini tənzimləyir, müraciətlərini edir və bu müraciətlərə elektron olaraq cavab ala bilirlər. 2021-2025-ci illər üzrə AQTİS-də bir çox yeni modulların hazırlanması da nəzərdə tutulub.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvanların və məhsulların elektron izlənmə sistemi yaradılması müsbət haldır. Bu insanların keyfiyyətli, təmiz və təzə ət almasına imkan yaradacaq: "Keyfiyyətsiz ət həzm sistemində problem yaradır, maddələr mübadiləsi pozulur. Eyni zamanda həmin ətdən insana keçən bir çox xəstəliklər var ki, o an bilinmir, müəyyən müddət sonra ortaya çıxır. Bu kimi halların qarşısını almaq üçün də belə tədbirlər həyata keçirilməsi zəruridir".

S.QARAYEVA

 





18.03.2024    çap et  çap et