525.Az

ABŞ kəşfiyyatı: Rusiya-Ukrayna münaqişəsi qızışır - Xaqani Cəfərli yazır


 

ABŞ kəşfiyyatı: Rusiya-Ukrayna münaqişəsi qızışır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

ABŞ Milli Kəşfiyyatının direktoru (Director of National Intelligence) Avril Haynes Senatın Kəşfiyyat Komitəsinin üzvləri qarşısında çıxışı zamanı bəyan edib ki, Ukrayna və Rusiya arasındakı hərbi münaqişə qızışır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns qanunvericilərə müraciətində müharibənin yol ayrıcına çatdığını və gələcək inkişafın çox güman ki, Amerikanın köməyindən asılı olduğunu deyib. "Ukraynalıların cəsarətləri və dözümlülükləri tükənmir. Onların döyüş sursatı tükənmək üzrədir". Haynes və Börns Ukrayna ordusunun indiyədək Rusiya qüvvələrinə ağır itkilər verdiyi barədə Müdafiə Nazirliyinin məlumatını təsdiqləyiblər. ABŞ kəşfiyyatının hesablamalarına görə, ən azı 315.000 rus əsgəri həlak olub və ya yaralanıb, eləcə də Rusiyanın müharibədən əvvəl malik olduğu tankların üçdə ikisi məhv edilib. Haynes və Börns bildiriblər ki, bu strateji məğlubiyyətlərin heç biri Rusiya Prezidenti Vladimir Putinin fikrinin dəyişməsinə səbəb olmayıb: "Putin vaxtın onun tərəfində olduğuna inanmağa davam edir".

Haynes və Börnsün Senatın Kəşfiyyat Komitəsinin üzvləri qarşısında çıxışından bir gün sonra, martın 13-də "Rossiya 1" və "RİA Novosti"yə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib ki, "qarınlarını insan əti ilə doldurmağa" adət etmiş Qərb elitaları "vampir şənliyi"nin sona çatdığını başa düşməlidirlər. Putin müsahibəsində onu da qeyd edib ki, Rusiya ilə bağlı qırmızı xətlərinin olmadığını deyən ölkələr başa düşməlidirlər ki, Rusiyanın da belə xətləri olmayacaq. O, həmçinin əlavə edib ki, Rusiya hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır: "Rusiyanın suverenliyinə və müstəqilliyinə, dövlətin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırıq".

Ukrayna isə Rusiyanın neft emalı zavoduna dron zərbələri endirməklə onları iflic edir. Bunun nəticəsində ilin əvvəlindən bəri neft emalı azalıb və hökumət ölkədən benzin ixracını qadağan etmək məcburiyyətində qalıb. Bu həftə Ukrayna Silahlı Qüvvələri dron zərbələri ilə ən azı iki iri neft emalı zavodunu iflic vəziyyətinə salıblar. Bütövlükdə isə Ukrayna ordusu Rusiyanın Bryansk, Belqorod, Kursk, Voronej, Volqoqrad, Ryazan, Yaroslavl, Orlov, Nijninovqorod, Lipetsk, Moskva və Leninqrad əyalətlərinə dron zərbələri endiriblər. Ryazan vilayətindəki ən böyük "Rosneft" neft emalı zavodu fəaliyyətini dayandırıb. Ötən il 13 milyon tona yaxın neft emal edən, 6 milyon tondan çox benzin və dizel yanacağı istehsal edən zavodda iki aqreqat - AVT-4 və AT-6 sıradan çıxıb. Ryazan vilayətinin qubernatoru Pavel Malkov deyib ki, neft emalı zavodu PUA-nın hücumuna məruz qaldıqdan sonra zavodda yanğın başlayıb. Bu zavod Moskva da daxil olmaqla paytaxt ətrafı əyalətləri yanacaqla təmin edən əsas müəssisə idi. Eyni zamanda, Rusiyanın cənubunu yanacaqla təmin edən Rostov vilayətindəki "Novoşaxtinski" neft emalı zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldıqdan sonra texnoloji qurğular fəaliyyətini dayandırıb. Rostov vilayətinin qubernator Vasili Qolubev deyib ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Lakin bu məlumat inandırıcı hesab olunmur. Bu hadisədən əvvəl isə "Lukoyl" şirkətinə məxsus "Nijeqorodnefteorqsintez" neft emalı zavoduna hücum edilmişdi. Rusiyanın ən böyük beş neft emalı zavodundan biri olan "Nijeqorodnefteorqsintez" neft emalı zavodunun ilkin emal bölməsi fəaliyyətini dayandırıb. Bu zavod ötən il 15 milyon tondan çox neft emal edilib. Zavodların fəaliyyətini dayandırması və ya məhdudlaşırması nəticəsində benzin sürətlə bahalaşır. Dizel yanacağı ilin əvvəlindən rekord həddə bahalaşıb və bir tonun qiyməti 63103 rubla çatıb. Enerji və Maliyyə İnstitutunun iqtisadi şöbəsinin sektor müdiri Sergey Kondratyev hesab edir ki, zədələnmiş qurğuların təmiri uzun vaxt apararsa, benzin bazarında balans kifayət qədər gərgin ola bilər: "Benzin istehsalı 8-9 faiz azala bilər".

Ukraynanın dron hücumlarının qarşısını almaq mümkün olmasa, vəziyyət daha da pisləşəcək. Ukraynanın dron hücumlarının davam edəcəyini proqnozlaşdırmaq çətin deyil. Belə ki, Böyük Britaniya və Latviyanın başçılıq etdiyi "Dron koalisiyası" Ukraynanı bir milyon ədəd dronla təmin etmək öhdəliyi götürüb. Böyük Britaniya bu məqsədlə 325 milyon dollar ayırıb. "Dron koalisiyası"nın digər üzvləri də yüz milyonlarla avro ayırırlar. Avropa mətbuatının məlumatına görə, hərbi məqsədlərlə ayrılan pulların məbləğinin fantastik sürətlə artması əksər startapları dron istehsalına yönəlməyə sövq edir.

Ukrayna ordusunu artilleriya mərmisi ilə təmin etmək üçün Çexiyanın öndərliyi ilə qurulmuş "Mərmi koalisiyası" Praqanın üçüncü ölkələrdə tapdığı 800 min mərminin alınması üçün tələb olunan 1.5 milyard avronu qısa zamanda topladıqdan sonra sursatın Kiyevə çatdırılması prosesi başlayıb. Ukraynadakı mənbələr qeyd edirlər ki, mərmilərin ilkin partiyası artıq cəbhə bölgəsinə göndərilib. Çexiya rəsmiləri isə bəyan ediblər ki, üçüncü ölkələrdə daha 200 min mərmi tapıblar və satın alınması üçün danışıqlar aparırlar.

Kanada 2000-ci illərin əvvəllərində istifadəyə verilmiş, indi isə yeniləri ilə əvəzlədiyi 83.3 min ədəd CRV7 hava-yer tipli raketini Ukraynaya verir. Almaniya hökuməti daxili və xarici təzyiqlərin təsiri ilə uzaq mənzilli "Taurus" raketləri ilə bağlı mövqeyini dəyişir. Uzun müddət Ukraynaya hərbi yardımın ABŞ Konqresinin aşağı palatasında səsverməyə çıxarılmasının qarşısını alan Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçı senatorlarla görüşdən sonra bəyan edib ki, Ukraynanı silahsız qoymayacaqlar. Martın 14-də nüfuzlu respublikaçı senatorların bir qrupu Mayk Consonla görüşərək Senatın bir neçə həftə əvvəl qəbul etdiyi yardım paketin səsverməyə çıxarmağı tələb ediblər. Nümayəndələr Palatasının özündə də spikerin vetosunu aşmaq üçün imza toplanışı davam edir.

Danimarka Ukraynaya 336.8 milyon dollarlıq, ABŞ isə 300 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb. "F-16 koalisiyası"na başçılıq edən Danimarka və Niderland Ukraynanın yay aylarında F-16 qırıcılarını əldə edə bilməsi üçün çox fəal şəkildə işləyirlər. Niderland Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, F-16 qırıcılarının Kiyevə təhvil verilməsi artıq Ukraynadan və ukraynalı pilotlardan asılıdır. Ukrayna tərəfi hazır olan kimi bu təyyarələr Kiyevə veriləcək.

Ukrayna ərazsində rusiyalı könllülərin yaratdıqları  "Azad Rusiya" Legionu, Rusiya Könüllüləri Korpusu və Sibir batalyonu Ukrayna Rusiya sərhədini keçərək imperiya qüvvələrinə zərbələr endirməyə başlayıblar.

"Azad Rusiya" Legionu Rusiyanın Kursk və Belqorod vilayətlərinin sərhədyanı rayonlarının sakinlərini "məhdud hərbi əməliyyat" səbəbindən təcili tərk etməyə çağırıb. Bu barədə cümə axşamı, martın 14-də legionun "Telegram" kanalında məlumat yayılıb. Bu məlumat yayılmaşdan öncə  sərhədboyu kəndlərin sakinlərinin sürətlə ərazini tərk etmələrini əks etdirən videolar yayıldı. İnsanların piyada halda sürətlə meşələrə doğru qaçdığı, gizlənməyə çalışdıqları qeydə alınıb. Bəzi videolarda isə avtomobil yolu ilə Rusiyanın içərilərinə doğru qaçan insan köçü görünür. "Azad Rusiya" Legionu "Putin ordusuna" qarşı kütləvi hücum edəcəklərini bəyan ediblər. Belqorod vilayətinin hakimiyyət orqanları vilayət paytaxtında ticarət mərkəzlərini bağlamaq qərarı veriblər. Bölgənin qubernatoru Vyaçeslav Qladkov bunu təhlükəsizlik tədbiri kimi dəyərləndirib.

Müharibə qızışıb və daha amansız xarakter alacağını da proqnozlaşdırmaq mümkündür. 

 

 

 

 





18.03.2024    çap et  çap et