525.Az

Su itkisinin qarşısını necə almaq olar?


 

Su itkisinin qarşısını necə almaq olar?<b style="color:red"></b>

Bu gün dünyanın əl qlobal problemlərindən biri də içməli su qıtlığıdır. İçməli su ehtiyatı mənbələrinın azalması, əhalinin sayının isə artması suya olan tələbatın ödənilməsini getdikcə çətinləşdirir. Dünya üzrə gələcəkdə içməli su problemi yaşaya biləcək ölkələrdən birinin də Azərbaycanın olduğu göstərilir. Ona görə də bu sahəyə xüsusi diqqət yetirilməsi tələb olunur və ölkədə mövcud su ehtiyatlarının qorunmasından əlavə, yeni su mənbələrinin tapılması vacib məsələyə çevrilib. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın su ehtiyatları suya olan tələbatın ödənilməsi səviyyəsindədir.  Amma məhz  lazımsız itkilər ucbatından bu, real olaraq ciddi problem sayılır.

İqtisadçı Pərviz Heydərov "525"ə açıqlamasında bildirir ki, ölkənin su ehtiyatı potensialı müvafiq yanaşma tələb edir. İqtisadi sferada enerji və ərzaq balansının olduğu kimi, içməli su ilə bağlı da müvafiq balansının tərtibi zəruridir: "Bu yolla biz ölkədə suya olan tələbatı  yerli su ehtiyatları hesabına təmin edə bilmək imkanına sahib ola bilərik. Su, ölkənin inkişafında enerji resurslarının inkişafına qədər mühüm əhəmiyyətə malikdir. Əgər yaxın gələcəkdə su problemi ilə üzləşməli olsaq, bu, ölkə üzrə iqtisadi artıma da ciddi şəkildə mənfi təsir göstərər".

Məlumata görə, şirin su dünyanın su ehtiyatının 2,5 faizini təşkil edir - təqribən 35 milyon kubmetr. Bunun 68,7 faizi buzlaqların və buz örtüklərinin, 30,1 faizi isə hasilatı çətin olan yeraltı su mənbələrinin payına düşür.

Son 20-30 ildə iqlim dəyişmələrinə görə havanın çoxillik orta temperaturunun 10 selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur.

Ekoloq Ənvər Əliyev "525"ə açıqlamasında bildirir ki, Kür çayının suyundan Mingəçevirdən çıxandan sonra məişətdə istifadəsi düzgün deyil. Çünki suyun tərkibində fosfor, azot, kalium kübrələrin qalıqları hələ də qalmaqdadır. Həmin qalıqlar insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, bədxassəli xəstələliklərin əmələ gəlməsinə də səbəb olur: "Sənaye və əkinçilik sahəsinə gəlincə, sənaye tullantıları ilə qarışmış sular tullantı şəklində israf olunur. Bəzi ölkələrdə bu suları təmizləməklə məişətdə və əkinçilikdə ikinci dəfə istifadə edirlər. Qeyd edim ki, şirin suların ən çox istifadə olunduğu sahə  əkinçilik sahəsidir. Bu sahədə olan suvarma sistemlərimiz yararsız olduğuna görə həddindən artıq israfçılıq baş verir. İllər ərzində istifadə etdiyimiz torpaqlarda  şoranlaşma prosesi gedir. Bununla da torpaq sahələrimizin bir çox hissəsi dövriyyədən çıxarılaraq yararsız hala düşür. Dövriyyədən çıxarılmış bu torpaq sahələrini  yuyulmaqla yenidən dövriyyəyə qaytarmaq mümkündür".

Qeyd edək ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacağı proqnozlaşdırılıb. 2025-ci ilədək isə Azərbaycan adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacaq. Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı "Azərbaycanda DİM-in Maliyyələşdirilməsi" ilə bağlı hesabatında bildirilib.

Ekoloq Qorxmaz İbrahimli açıqlamasında bildirir ki, su israfçılığının qarşısını almaq üçün ilkin olaraq uşaq bağçaları və ibtidai siniflərdən başlamaq lazımdır. Bundan əlavə, insanlar TV, sosial media vasitəsilə veriliş və reklam rolikləri, iri şəhərlər və avtoyollar kənarında bilbordlarla maarifləndirilməlidir: "Bu, bir mədəniyətdir ki, mütləq formalaşdırmalıyıq. Bakı və digər iri şəhərlərimizdə ana və daşıyıcı xətlərdə itki olmaması üçün lazımi işlər görülməlidir. Məsələn, zeytun əkinin genişləndirilməsi təqdir olunmalı, institutlar və uyğun elmi idarələr belə məsələləri işləyib, hökumətə təqdim etməlidirlər".

Havar ŞƏFİYEVA

 





18.03.2024    çap et  çap et