525.Az

Elektromobillərlə bağlı yenilik


 

2024-cü İLDƏ AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNDA ELEKTRİKLƏŞDİRMƏ İLİ OLACAQ

Elektromobillərlə bağlı yenilik<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan Prezidenti "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncam imzalayıb. Sərəncamda elektrik mühərrikli avtomobillərin ölkəyə idxalı, onların elektrik məntəqələrinin təşkili və gömrük rüsumları ilə bağlı müddəalar yer alıb. Sərəncamda qeyd edilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz, dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

 

2022-ci ildən elektromobillər və onlar üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib. Ötən ildən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli avtomobillərin idxalına gömrük rüsumunun tətbiqi dayandırılıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən sonra ölkəyə elektromobil idxalının əhəmiyyətli dərəcədə artığı bildirilir. Yəni ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə əsasən, ölkədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran müəyyən addımlar atılıb. Ölkədə idxal olunan yeni elektromobillər gömrükdə də, vergidə də rüsumdan azad edilib. Sonrakı mərhələdə ölkəyə idxal olunan enerjidoldurma məntəqəsinin istifadə olunan avadanlıq və cihazları da idxal zamanı rüsumlardan azad edilib. Bunlar hamısı sahibkarlara fürsət yaradır ki, bu növ avtomobilləri ölkəmizə idxal etsinlər. Eyni zamanda enerji doldurma məntəqələrinin qurulması üçün fəal iş görsünlər. Buna da qismən nail olunub: "Biz görürük ki, ilbəil idxal olunan elektromobillərin sayı çoxalır. Ölkə daxilində bu növ avtomobilləri alanların sayı artır. Sadəcə, elektrik doldurma məntəqələrinin sayında artım çox deyildi. Bu sərəncam enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində olan yarımçıq qalmış məsələlərin həllinə təkan verəcək. Bizdə elektrik enerjisi dövlətdədir, sahibkarlar elektrik enerjisini dövlətdən alıb, vətəndaşlara sata bilməlidir. Bunun üçün də orada müəyyən güzəştlər olmalıdır ki, sahibkarlar üçün bu, əlverişli olsun".

Ekspert bildirib ki, 2024-cü ildə nəqliyyat sektorunda elektrikləşdirmə ili olacaq: "Ölkədə elektrik nəqliyyat vasitələrinin infrastrukturunun inkişaf etdirilməsi və həmin o infrastrukturun da ümumi nəqliyyat sahəsinə adaptasiya olunması nəzərdə tutulur. Burada əsas məsələ enerjidoldurma məntəqələridir ki, artıq onların yeri müəyyən edilməlidir. Artıq bununla dövlət qurumları məşğul olacaqlar. Həmçinin paytaxt Bakıda xəttə iki ədəd elektrobus buraxılıb, onların da sayının artırılması gözlənilir. İl ərzində 150 elektrobusun gətiriləcəyi gözlənilir. Yəni ictimai nəqliyyatda da bu ildən elektrikləşmə olacaq".

Onun dediyinə görə, nəqliyyat vasitələrinin qiymətinin enməsi isə birbaşa idxalda edilən güzəştlərdən asılıdır: "Məsələn, elektromobillərin qiymətləri istehsaldan yüksək olur. Məhz buna görə də dövlət ölkəyə idxal olunan yeni elektromobilləri rüsumdan azad etdi ki, vətəndaş üçün əlçatan qiymətlər olsun. Gələcəkdə buna ehtiyac yaranarsa, elektromobillərin qiymətinin enməsi üçün dövlət müəyyən addımlar ata bilər, güzəştlər tətbiq edə bilər. Mən şəxsən təklif edirəm ki, elektromobillər üçün kasko və icbari sığortalar digər avtomobillərlə müqayisədə ən azı 50 faiz ucuz olsun. Eləcə də parklanma yerləri də elektromobillər üçün ucuz olsun. Yaxud da ən azı bir elektrik doldurma məntəqəsinin və avadanlığının həmin yanacaqdoldurma məntəqəsində quraşdırılması məcburi olsun. Belə olsa, infrastruktur problemi də həll oluna bilər. O zaman vətəndaşlar elektromobil almaqda tərəddüd etməzlər. Çünki biləcəklər ki, ölkəmizdə hər yerdə yanacaqdoldurma məntəqəsində bu avadanlıq var".

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycana hibrid avtomobillərin gətirilməsi ilə bağlı ən böyük problem gömrük rüsumu ilə bağlı idi: "Hibrid avtomobillərin bir çox ölkələrdə artmasının səbəbi həmin ölkələrdə gömrük rüsumunun ləğvi, əlavə dəyər vergisinin (ƏDV) olmaması kimi stimullaşdırıcı addımların atılmasıdır. Məsələn, elə qonşu Gürcüstanda artıq hər 10 avtomobildən 4-ü ya hibrid, ya da elektriklə işləyən avtomobildir ki, bu da son 10 ildə orada olan təşviq siyasətinin nəticəsidir. Gürcüstanda hibrid avtomobillərinə gömrük rüsumu yoxdur. Hibrid avtomobillərin Azərbaycana gətirilməsində ən böyük maneə gömrük rüsumları idi. Bu barədə Gömrük Komitəsinin rəsmilərindən birinin çox qəribə açıqlaması da olmuşdur ki, "Biz gömrük rüsumunu aşağı salsaq bu suiistifadə hallarına səbəb olacaq. Ölkəyə çoxlu sayda hibrid avtomobilləri gətiriləcək". Artıq bu maneə aradan qaldırıldı. Bu addım ona görə atıldı ki, ölkəyə hibrid avtomobili gətirilsin, ölkənin avtoparkı yenilənsin".

N.Cəfərli bildirib ki, ölkədə mövcud avtomobillər həm ekoloji, həm də təhlükəsizliklə bağlı çox ciddi problemdir: "Azərbaycanda avtomobil parkı həddindən artıq köhnədir. Yəni 2000-ci ildən aşağı illərə aid olan avtomobillərin sayı ümumi avtomobil parkında 60-faizdən yuxarıdı. Bu, həm ekoloji, həm də təhlükəsizliklə bağlı çox ciddi problemdir. Avtomobilin ili nə qədər köhnədirsə, həmin avtomobil bir o qədər təhlükəlidir. Azərbaycanda avtomobil qəzalarında ölüm hallarının çox olması köhnə avtomobillərlə bağlıdır. Siz əgər il ərzində ölümlə nəticələnən qəzaların araşdırmasını aparsanız görəcəksiniz ki, həmin avtomobillərin əksəriyyəti ya Rusiya istehsalı, ya da buraxılış ili 2000-ci ildən aşağıdır. Həmin avtomobillərdə təhlükəsizlik sistemi çox az təmin olunub. Rusiya istehsalı avtomobillərdə isə ümumiyyətlə təhlükəsizlik baxımından heç nə yoxdur. Ona görə də bu, birinci növbədə insanın həyatının qorunması məsələsidir. İkinci təbii ki, ekoloji məsələdir. Bakı ekoloji cəhətdən kifayət qədər çirklənmiş şəhərdir. Bakıda hibrid avtomobillərin çox olması şəhərə ekoloji baxımdan müsbət təsir göstərəcək".

İqtisadçı-ekspertin sözlərinə görə, daha çox hibrid avtomobillərin ölkəyə gətirilməsi iqtisadiyyatda da az-çox canlanmaya səbəb olacaq: "Çünki, hibrid avtomobillərin ehtiyat hissələrinin Azərbaycana gətirilməsi geniş yayılacaq, onun təmiri ilə bağlı yeni iş yerləri açılacaq, hibrid avtomobilləri təmir etməyi bacaran mütəxəssislər yetişəcək".

N.Cəfərli bir çox ölkələrdə hibrid avtomobillərə marağın artması üçün təşviq siyasəti aparıldığına diqqət çəkdi: "Dünyanın ekoloji vəziyyətinin ağır olduğunu nəzərə alaraq bir çox ölkələrdə təşviq siyasəti aparılır ki, hibrid və elektrik avtomobillərin sayı getdikcə artsın. Hətta Avropa Birliyi ölkələrinin bəziləri 2025-ci ildə, bəziləri isə 2030-cu ildə benzin və dizellə işləyən avtomobillərə ümumiyyətlə qadağa qoyacaq. Yəni bunun fəlsəfəsi tək qiymətlə deyil, yeni texnologiyalarla, ekoloji məsələlərlə ölçülür. Ona görə də bir çox dünya ölkələri tərəfindən hibrid avtomobilləri sahiblərinə subsidiya verilir. Onlara vergi güzəştləri, ciddi şəkildə gömrük güzəştləri olunur. Stimullaşdırma proqramı həyata keçirilir ki, vətəndaşlar getdikcə daha çox hibrid və ya elektrik avtomobillərinə keçid etsinlər".

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə əsasən, ölkədəki avtomobillərin təxminən 80 faizi yaşı 10-dan yuxarı olan avtomobillərdir: "Elektromobillər və elektriklə işləyən avtomobillər yaşı 10 ildən az olan müasir avtomobillərdir. Onların özlərinin qiymətinin ucuzlaşması, ehtiyat hissələrinin gətirilməsi bunlar hamısı birmənalı olaraq proseslərə təsir edən amillərdir. Sual oluna bilər ki, vətəndaşlar indiyə qədər niyə maraqlı deyildi? Çünki müəyyən gömrük rüsumlarının baha olması, dövlətin dəstəyinin olmaması elektriklə işləyən avtomobillərin sayının artmasına çətinlik yaradırdı".

Nəqliyyat eksperti Yasin Mustafayev vurğulayıb ki, hazırda dünya ölkələri elektrikli avtomobillərə keçid edir. Burada vacib məsələ zəhərli qazların ekologiyaya verdiyi zərərin qarşısını almaqdır. İkincisi də sərfəlidir, istismarı çox yaxşıdır. Bu baxımdan elektrikli avtomobilə keçmək dövlətlərin siyasətinə çevrilib. Prezidentin verdiyi sərəncam da bunu təşviq edir. Hazırda ölkədə elektromobillərin ölkəyə idxalında çox ciddi güzəştlər tətbiq olunur. ƏDV-dən, gömrük rüsumundan azaddır. Eyni zamanda sığortada, texniki baxışlarda müəyyən güzəştlər var. Sərəncamda hüquqi bazanın yaradılması tapşırılır. Bəzi ölkələrdə elektromobillərin nişanı fərqli rəngdədir. Bu da onlara müəyyən üstünlüklər verir. Xarici təcrübəni araşdırıb biz də tətbiq edə bilərik. Misal üçün, parkinq sahələrində 50-100 faizədək güzəştlər tətbiq oluna bilər. Həmçinin məhdudiyyət olan müxtəlif ərazilərə elektromobillərin girişinə icazə verilə bilər və sair. Bu istiqamətdə dünya təcrübəni də nəzərə alaraq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. O ki qaldı qiymətlərin endirilməsinə, qiymətləri formalaşdıran amillər var. İlk olaraq tələb və təklifdir, tələb çoxalıb, tələbat artıb. Eləcə də təklif də çoxdur. Əsasən də Çin markaları ölkəyə çox gətirilir. Qiymətləri də müxtəlifdir, 10 mindən 200 min dollara qədər. Bu güzəştlər isə artıq bir ildir tətbiq edilir və o vaxtdan bəri xeyli ucuzlaşma var. Ən azı ƏDV-nin 18 faizini ödəmirlər, gömrük rüsumunu ödəmirlər. Bu, qiymətə ciddi təsir edib. Bundan sonra qiymətə təsir edəcək ciddi amil yoxdur. Sadəcə, vətəndaşlara təşviq edilir ki, bundan sonra kim avtomobil almaq istəyirsə, elektromobil alsın. Qəbul ediləcək qərarlar düşünmürəm ki, qiymətlərə ciddi təsir göstərəcək".

Sevinc QARAYEVA

 





18.03.2024    çap et  çap et