525.Az

Dəlinin yadına daş salmaq...


 

MƏN Kİ BİLMƏZ İDİM NƏDİR MƏRC...

Dəlinin yadına <b style="color:red"> daş salmaq...</b>

Mərc oyunlarına aludəçilik vüsət alan ölkələr arasında ön sıralarda olmasaq da, bütün imkanını qumarda uduzan, maddi sıxıntısını bir az da qəlizləşdirən, qeyri-müəyyənlikdən mədət uman insanlara ətrafımızda tez-tez rast gəlirik. Bəzən media orqanlarını mənfi başlıqlı və məzmunlu xəbərləri tirajlamaqda, baş vermiş xoşagəlməz hadisələri yayımlayaraq insanların alt şüuruna təsir etməkdə günahlandırırlar. Həmin xəbərlərdə əks olunan hadisələri şərtləndirən amillər barədə isə aparılan müzakirə bir-iki günlük ictimai qınaqla məhdudlaşır, həyəcan təbilinin səsi eşidilən kimi yoxa çıxır.

Fikir vermisinizsə, kütləvi informasiya vasitələrində işıqlandırılan oğurluq, qəsdən adam öldürmə kimi cinayət hallarının səbəblərini təhlil edərkən bəzi cinayətkarların mərc oyunlarından asılılığı və törətdiyi hadisənin başlıca səbəbinin məhz sözügedən amil olması faktı üzə çıxır. Hətta bəzi intihar hadisələrinin kökündə dayanan külli miqdarda borcun məhz qumardan qaynaqlandığı məlum olur.

Mərc oyunlarının spesifik alqoritmi var və kütləvi şəkildə bu alqoritm özünün "uğurlu" nəticəsini verir: əvvəlcə yatırılan məbləğ qarşılığında onun bir neçə mislini əldə etmək mümkün olur. Daha sonra ziqzaqvari artıb-çoxalan xətlərlə büdcən dəyişir və məhkum olduğun sonluqla qumar "karyeran" iflasa uğrayır, uduzursan... Təkcə qumarda yox, ailə, cəmiyyət və ən əsası, öz içində uduzursan, öz-özünlə məğlubluğun sənin faciənə çevrilir. Vəziyyətdən çıxmaq üçün müəyyən məbləğ əldə edib yenidən nəyəsə cəhd edirsən. Amma qumar kitabını birdəfəlik bağlayana qədər bir dəfə düşdüyün bataqlıq daim səni özünə tərəf çəkir. Bax bu ardıcıllıq mərc oyunlarının "usta" gedişidir...

Ətrafımızda mərc oyunlarının aludəçisinə çevrilən tanışlarımızla mübarizə apardığımız, onları bu əməldən çəkindirməyə çalışdığımız bir dövrdə daha böyük problem meydana çıxıb. Mobil telefona yüklədiyimiz müxtəlif tətbiqi proqramlara daxil olarkən, müxtəlif əməliyyatları yerinə yetirərkən anidən 10-30 saniyə aralığında reklam çarxları nümayiş olunur. Son vaxtlar bu reklamların böyük qismi mərc oyunları haqqındadır. Onlayn mərc saytlarını, həmin saytların mobil tətbiqlərini təbliğ edən belə reklamlar elə bir ssenari əsasında qurulur ki, istər-istəməz səndə maraq yaranır və həmin mobil tətbiqi yükləmək fikrinə düşürsən. Elə olur ki, həmin reklamlar yayımlanmağa başlayan kimi imtina edə bilirsən. Bəzən isə sənə lazım olan əməliyyatın yerinə yetirilməsi üçün o reklamı sona qədər izləməyə məcbur olursan.

Əvvəlcə, mərc oyunlarının insan psixologiyasındakı təsirləri barədə danışaq. Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun "525-ci qəzet"ə verdiyi açıqlamaya görə, mərc oyununun asılılığa çevrilməyinin əsas səbəbi odur ki, insanlar daha asan üsulla öz rahatlıqlarını təmin etməyə çalışırlar və bu, mümkün olmur: "İnsan psixikası daim rahatlıq və həzz axtarışındadır. Bütün davranışlar və istəklər məhz bu iki anlayış üzərində formalaşır. İnsanlar çalışırlar ki, qısa yolla maddiyyat əldə etsinlər və bu yolla öz mənəvi rahatlıqlarını təmin etsinlər. Hər şey bir-birinə zəncirvari bağlıdır. Bəzən rahatlıq və həzzi təmin etmək üçün mərc oyunlarını vasitə kimi qiymətləndirirlər və bu da öz fəsadlarını büruzə verir. Bu gün hər hansısa bir reklamın ssenarisi həmin rahatlıq və həzz axtarışı nəzərə alınaraq hazırlanır; rənglər seçilir, hekayələr formalaşır. Bunun vasitəsilə insanların düşüncəsinə necə təsir edəcəklərini müəyyənləşdirirlər. Mərc oyunları aslılıq yaradan problemlər sırasındadır, insanların bir qismi bu səbəbdən artıq psixoloji halın nizamsızlığını yaşayırlar. Çünki beyində dopaminin (insan bədənində təbii yaranan kimyəvi maddə - red.) ifraz olunması prosesinə mənfi təsir edir və insan getdikcə daha çox maddi güc sərf edərək qumar oynamaqla asılılığını gücləndirir. Həmin şəxslərdə özünütənqid müşahidə edilmir və müəyyən müddət sonra bu vəziyyətin patoloji halını yaşayırlar. Beyin kordur, onun üçün önəmli olan rahatlığı və həzzi təmin edəcək davranış və hisslərdir. Əgər mərc oyunu vasitəsilə hansısa bir şəxs beyinə rahatlıq və həzz verə bilirsə, insan artıq daim olaraq buna can atır".

R.Nəcəfov onu da qeyd edib ki, mərc oyunları asılılığından uzaqlaşmaqdan ötrü peşəkar müdaxilə mütləqdir, bu vərdişin aradan qaldırılması üçün müalicə olunmaq lazımdır: "Peşəkar müdaxilə zamanı özünütənqid formalaşmalıdır ki, həmin şəxs zamanla bu asılılığını aradan qaldıra bilsin. Təəssüf ki, mərc oyunları rəqəmsal dünyada vüsət alıb. Buna qarşı fikir immunitetləri formalaşmalıdır və psixoloji maarifləndirmə aparılmalıdır. Valideynlər övladlarının mütəmadi qumar oynamasını ört-basdır etməməli, peşəkar dəstəkdən yararlanmağa can atmalıdırlar. İnsanlar mərc oyunlarının aludəçisi olan yaxınlarına dəstək olmaq istəyirlərsə, ilk növbədə onları psixoloqa müraciətə təhrik etməlidirlər".

Rövşən Nəcəfovun qeyd etdiyi bir məqam məsələnin reklam istiqamətləri barədə düşünməyə əsas verir. Həqiqətən, böyük şirkətlər reklam məsələsinin öhdəsindən ustalıqla gəlirlər və sosial media markentinqinin incəliklərini öz inkişafları naminə sahələrinə tətbiq edirlər. Zərərli nəticələrə yol açan reklamlar isə vətəndaş cəmiyyətində arzuolunmaz mənzərələr yaradır. Odur ki, mərc oyunlarının təbliğ olunması və bunun əsasında dayanan texniki tərəflər barədə düşünmək gərəkdir.

Marketoloq Anar Rüstəmli "525"ə açıqlamasında qeyd edib ki, reklamların yerli qayda-qanuna uyğun olub-olmamasına nəzarət olmadığından, bu tip reklamlarla tez-tez qarşılaşırıq: "Bütün reklam provayderlərində RMG (real money gambling, yəni real pulla qumar - red.) adlı qanunvericilik mövcuddur. Yəni reklam provayderlərinin mərc oyunları üçün nəzərdə tutulmuş xüsusi qanunları var. Yalnız müəyyən ölkələrdə xüsusi qaydalarla mərc oyunlarına dair reklamlar yayımlamaq mümkündür. Reklam provayderlərinin mərc oyunları ilə bağlı reklamların yayımlanmasına icazə verdiyi ölkələr sırasında Azərbaycan mövcud deyil. Bu reklamları idarə edən şəxslər və ya qurumlar reklam provayderlərini manipulyasiya edərək Azərbaycanda bu tip reklamları yayımlayırlar. Hətta demək olar ki, üçüncü tərəf reklam provayderlərində hər hansı bir reklamın yayımlanması üçün ciddi bir qanun, nəzarət yoxdur. Yəni reklamların bizim qaydalara uyğun olub-olmamasını ciddi şəkildə yoxlamırlar, reklamların yayımlanmasını tənzimləmirlər. Buna görə də qumar reklamları rahat idarə olunur".

A.Rüstəmli bildirib ki, bu tip reklamların idarə olunmasına xüsusi nəzarət yoxdur: "Mərc oyunları ilə bağlı reklamların qarşısını almaq, təəssüf ki, real görünmür. Çünki reklamlar vahid reklam hesabı üzərindən idarə edilmir, yüzlərlə reklam hesabından və yüzlərlə eyni mərkəzə bağlı mobil tətbiqdən söhbət gedir. Bunu da hansısa şikayətlər səbəbi ilə bağlamaq, həmin reklamı və tətbiqi sildirmək heç bir işə yaramır. Azərbaycanda mərc oyunlarının reklamlarının idarəsinə, respublikamızın qanunvericiliyinin həmin reklamlara tətbiq olunmasına nəzarət edən hər hansı bir xüsusi qurum yoxdur. Bütün rəqəmsal reklamların dövlət tərəfindən öz iqtisadi və antiinhisar qaydalarımıza uyğun olaraq idarə olunması üçün feysbuk, quql və digər reklam provayderlərinin ölkəmizdə ofisi olmalıdır və Azərbaycanda yayımlanan reklamlar üçün onlara yerli qaydaların tətbiq olunması lazımdır".

A.Rüstəmli problemin həlli kimi maarifləndirici tədbirlərin görülməsini daha uyğun variant kimi qeyd edib: "Problemin həlli üçün iki çıxış yolu var. Birincisi, məsələnin texniki həllidir. Bizim mərc oyunlarına dair yüklədiyimiz tətbiqlərin hər birinin bağlı olduğu bir mərkəz var. Həmin mərkəzin giriş-çıxışını ölkə daxilində bloklamaq mümkündür. Təbii ki, bun aidiyyəti qurumlar müdaxilə edə bilər. Lakin bu, heç də əlverişli üsul deyil. Bəzi istifadəçilər VPN-dən (məhdudiyyətləri aradan qaldıraraq əlaqə yaratmağı təmin edən vasitə) istifadə edərək yenidən həmin tətbiqlərə daxil ola bilərlər.

İkinci çıxış yolu isə, gənc nəslin bu sahədə maariflənməsidir. Əgər mərc oyunlarının mənfi tərəfləri lazımınca aşılansa, o reklamların yayımlanması öz effektiv nəticəsindən məhrum olacaq. Məncə, ən düzgün üsul budur".

Hekayə ustası Anton Pavloviç Çexovun "Mərc" hekayəsində qoca bankirlə bir hüquqşünas mərcləşirlər. Qoca bankir 2 milyon pul qoyur ki, hüquqşünas 15 il məhbusluğa dözə bilməz. Hüquqşünas isə əksini iddia edir. Bankir öz-özünə deyinir: "Bu mərc nəyə lazım idi? Hüquqşünas həyatının on beş ilini itirməkdə, mənim isə iki milyonumu çölə atmağımda nə fayda?.. Mənim tərəfimdən bu addım tox adamın şıltaqlığı idi, hüquqşünas tərəfindən isə pula olan adi hərislik..."

Sonda həmin hüquqşünasın pula həris olmadığı məlum olur. Mərcə pul qoyan qoca bankir isə həyatını təlatümlə keçirir, 2 milyonunu itirməsin deyə azadlığa buraxılan kimi hüquqşünası öldürmək fikrinə düşür və vicdan əzabı çəkir.

Mərc oyunlarının yaratdığı fəsadlar məlumdur. Amma bilməyəni də başa salmaq, el dili ilə desək, dəlinin yadına daş salmaq bu fəsadın vüsət almasına gətirib çıxarır və Çexovun yaratdığı qoca bankir kimi insanların həyatını qaraldır, ondan da daha pis nəticələrə gətirib çıxarır. Mərc oyunu təhlükəlidirsə, onu reklam etmək odun üzərinə benzin tökmək kimi bir şeydir. Dövlət tərəfindən Azərbaycanda istifadə olunan mobil tətbiqlərin nəzarətə götürülməsi, reklam provayderlərinin tənzimlənməsi ilə bağlı addımların atılması zəruridir.

 

 





18.03.2024    çap et  çap et