525.Az

"Biz "zövqsüzdür" deyib heç bir tamaşaçını incidə bilmərik" - Gövhər Həsənzadə ilə söhbət


 

BƏSTƏKAR GÖVHƏR HƏSƏNZADƏ: "İNSANLARDA ALİCƏNABLIĞI, ZADƏGANLIĞI, ƏSİLZADƏLİYİ ÇOX SEVİRƏM"

"Biz "zövqsüzdür" deyib heç bir tamaşaçını incidə bilmərik" - <b style="color:red"> Gövhər Həsənzadə ilə söhbət</b>

Bu yaxınlarda tanınmış bəstəkar Gövhər Həsənzadənin 55 yaşı tamam oldu.

Yaddaqalan və sevilən mahnılar müəllifi ilə bir ay öncə görüşməyi planlaşdırsaq da, görüşümüz bu günlərdə baş tutdu. Azərbaycan Respublikasının

Əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə ilə söhbəti təqdim edirik.

 

- Gövhər xanım, fəaliyyətiniz nə yerdədir, hansı layihələr üzərində çalışırsınız?

- Əsasən yaradıcılıq işlərimlə məşğulam. Məsuliyyət daşıdığım vəzifələrlə bağlı yaradıcılığıma lazımi vaxt ayıra bilmirdim. Bayram fasilələrində fürsətdən istifadə edib yarım qalan səsyazma və musiqilərimlə bağlı layihələrin başa çatdırılması ilə məşğul olmaq istəyirəm. Bəstəkarlıq dinləyicilər qarşısında məsuliyyət daşıdığım əsas fəaliyyətimdir. Bu yaxınlarda Avropada rəsmi işgüzar səfərdə idik. Brüssel, Lüksemburq, Amsterdam səfərimiz İstanbulda sona çatdı. Fürsətdən istifadə edib İradə İbrahimova ilə ərsəyə gətirdiyimiz yeni mahnımızı bir daha gözdən keçirdik. Əslən Cənubi azərbaycanlı olan, Los-Ancelesdə fəaliyyət göstərən ifaçı Gül xanım Meri ilə sözləri və musiqisi mənim olan iki mahnı üzərində çalışırıq, son mərhələdəyik, aprel ayında dinləyicilərə təqdim etməyi düşünürük. Bundan əlavə, sözləri Baba Vəziroğluya, musiqisi mənə aid olan bir vətənpərvərlik layihəmiz var. "Biz şəhid övladlarıyıq" adlanan musiqi əsərinin üzərində biz artıq bir ildən çoxdur çalışırıq. Layihənin ifaçıları Azərbaycanın şəhid övladlarından ibarət "Zəfər" xoru ilə Türkiyə şəhid övladlarından ibarət xorun üzvləridir. Düşünürəm ki, bu layihə də may ayında işıq üzü görəcək.

- Bu günlər ad gününüz idi, qeyd etdinizmi?

- Mən doğum günümü heç vaxt qeyd etmirəm. Bilmirəm kompleksdir, ya yox, doğum günüm olanda dəqiqələri sayıram ki, həmin gün tez bitsin. Nə vaxtsa kiməsə bir köməyim dəyəndə, elə olur ki, həmin insanlar özlərini borclu hiss edirlər və istəyirlər doğum günümdə bu borcu mənəvi, ya da maddi olaraq ödəsinlər. Elə insanlar var, ürəyindən keçəni etməyə imkanları olmur. Ona görə də bu günü xüsusi olaraq keçirmirəm, həmin gün mənim üçün çox sıxıntılı keçir. Amma onu da qeyd edim ki, bu il dostlarımdan hər il olduğundan daha çox diqqət və qayğı gördüm. Mənim üçün gözlənilməz sürprizlər oldu.

- Efirlərdə az görünürsünüz, bunun bir səbəbi varmı?

 - Mənə elə gəlir ki, efirlərdə çox oluram. Bəstəkarlar, layihə müəllifləri səhnəarxası işlərin icraçısı olduqları üçün o qədər də tamaşaçılara maraqlı deyillər. Sosial və ya mədəniyyətə aid olmayan verilişlərdə olmuram. Sənətimə uyğun verilişlərə dəvətlər tez-tez alıram və iştirak edirəm. Düşünürəm ki, bir bəstəkar üçün bu qədər yetərlidir.

- Sizin üçün ən uğurlu layihəniz hansı olub?

-  Bir çox müğənnilərimiz ən tanınan mahnıları ilə yardıcılığıma möhür vuraraq mənim ismimi Azərbaycan peşəkar musiqi sənətinə yazıblar. Bu gün Gövhər Həsənzadə adının təqdimatı da məhz bu ifaçıların mənim yaradıcılığımı məndən yaxşı mənimsəyib təqdim etmələri sayəsində yaranıb. Amma layihə deyiriksə, mənim üçün ən uğurlu layihə 2008-ci ildə vətənimizi ilk dəfə dünyaya təqdim etdiyimiz "Evrovision-2008" mahnı müsabiqəsi olub. Bu etimadı mənə göstərən hər kəsə ömrümün sonuna qədər minnətdaram. Onlar məni bir tarixi imza sahibi etdilər və bu layihədə mənə güvənməklə beynəlxalq bir status qazandırdılar.

- Necə düşünürsünüz, istedadlı musiqiçi üçün təhsil nə qədər önəmlidir?

- Tək musiqidə deyil, hər peşədə təhsil çox önəmlidir. İstedad, bacarıq Allah tərəfindən verilir. Amma heç bir almaz birdən-birə brilliant olmur, heç bir qızıl çaydan çıxanda parıltılı zinət əşyası olmur. Hər bir firti istedadın da təbii sərvət kimi cilalanmağa ehtiyacı var. Musiqi də belədir. Klassik janr, xalq musiqisi, estrada janrı, müxtəlif musiqi növləri var. İnsanın içindəki istedadı hansı tamaşaçıya, hansı auditoriyaya yönəltməsini təyin etmək üçün mütləq təhsil və məktəb lazımdır.

- Sizə elə gəlmirmi ki, son vaxtlar musiqimiz daha çox bayağılaşıb. İnsanların zövqləri korlanıb sanki.

- Zövqlər müxtəlifdir. Nə təbliğ olunursa, onun dinləyicisi mütləq üzə çıxacaq. Təbii ki, insanların zövqü birdən-birə dəyişmir. Biz "zövqsüzdür" deyib heç bir tamaşaçını incidə bilmərik. Hər kəsin öz sərbəst seçimi var. Biz sadəcə nəyi təbliğ etdiyimizə diqqət yetirməliyik. Musiqidə mənim narazı olduğum əsas məqam bizə aid olmayan yad nəfəsin, ladların, və ritmlərin yer alması, ən əsası da mədəniyyətimizə zidd mətnlərdir.  Əgər mətnlər qeyri-etik, mentalitetdən uzaqdırsa,  mədəniyyətimizlə uyğunlaşmırsa və cəmiyyətə mənfi təsir göstərirsə, əlbəttə ki, onlar qətiyyən efirə çıxmamalı və qətiyyən təbliğ olunmamalıdır. Burada artıq zövqdən, tamaşaçıdan söhbət getmir. Məni narahat edən daha bir məqam efirlərdəki ədəb qaydalarını kəskin pozan xarici görünütülər, efirə yaraşmayan geyim və danışıq tərzidir. İfaçının çılpaq, ifa tərzinə heç cür uymayan geyimlərdə efirlərə çıxarılması hər birimizə hörmətsizlikdir. Peşəkarla oturub bir musiqini daha gözəl, daha ecazkar səslənməsini tənzimləməklə onu səviyyəli, hər zövqə uyğun, keyfiyyətli şəkildə təqdim etmək olar. 

- Qonaq olduğunuz verilişlərdə nə vaxtsa bu iradları bildirmisinizmi?

- Özünüz də bilirsiniz ki, mən o verilişlərdə yoxam. Bəlkə elə verilişlər çox olduğundan mənim efirlərdəki çıxışlarım nəzərdən qaçır və hər kəs irad tutur ki, mən çoxdandır görünmürəm. Verilişlərdə ictimai xadimlər, alimlər, öz məsləyində təcrübəli şəxslər, pedaqoqlar, psixoloqlar olmalıdır, onlar tövsiyələr, məsləhətlər verə, yol göstərə bilərlər. Amma deyək ki, bir sənətkarın sənətdəki uğurunu, yaxud da uğursuzluğunu müzakirə etməyi bir kənara qoyub, onun sosial problemlərini qabardırlar, bu isə tamaşaçı üçün önəmsizdir.

- Müsahibələrinizin birində sənətlə bağlı proqramların az olduğunu bildirmisiniz. Sırf hansı proqramları nəzərdə tutursunuz?

- Bəli, düşünürəm ki, bizim sənətə aid peşəkar verilişlərimiz çox azdır. Efirə çıxan proqramlar da çox rəsmi olur, tamaşaçı oturub terminləri, mütəxəssisləri dinləyəndə yorulur. Verilişlər daha anlaşılan, rəngarəng, pozitiv çalarlarla, peşəkarlıqla hazırlanmalıdır. Mənim üçün ən  yaralı məqam isə efirdə yaş həddininin qorunmamasıdır. Bəzi verilişlər olur, ailəlikcə maraqla baxırıq, gözləmədiyin anda elə bir mövzu açırlar ki, davamına baxa bilmirsən. Bizdə uşaqlar üçün verilişlər var, amma yeniyetmələr üçün verilişlər görmürük. Bunu dəfələrlə demişəm, yeniyetməlik dövrü üçün xarakterik verilişlər yoxdur. Halbuki uşaqlıqdan gəncliyə keçid dövrü ən həssas və həlledici dövrdür. Yeniyetmələr üçün sənət verilişləri onların özlərini sənətdə tapmaları, nələri dinləyəcəklərini müəyyənləşdirmələri baxımından çox vacibdir. Biz yeniyetmələrə  daha çox vaxt ayırmalı, onlara daha yaxın olmalı, onları dinləməliyik. Çünki onlar məhz bu yaş dönəmində özlərini kəşf edib öz gələcəklərini müəyyənləşdirirlər.

- Sou biznesdəki mövcud vəziyyət sizi qane edirmi?

- Mən heç zaman şou-biznesdə olmamışam və özümü ora aid etməmişəm. Mən sənət adamıyam. Şou-biznes isə adından bəllidir ki, səhnədən təqdim olunan ticarət markasının təyinatlı idarə olunmasından xəbər verir. Biznesə addım atan adam məni partnyor seçsə, həmin şəxs iflasa uğrayar. Çünki mən səhnədəki əsərin keyfiyyətini düşünürəm, bilet daha çox satılar deyə yox, kim o əsəri daha gözəl ifa edə bilər deyə düşünürəm. Bunlar isə biznesdən çox uzaq fikirlərdir. Ona görə də mən sənət səhnəsində tamaşaçı ilə ünsiyyət qura bilən proqramları daha çox dəstəkləyirəm. Məsələn, səhnədə işıq effektlərinin təminatı mənim üçün bu gün ən əlçatmaz məqamlardan biridir. Müasir konsertin 50 faizini məhz işıq quruluşu təmin edir. Texniki avadanlıqları idarə edən şəxs də  musiqiçi qədər peşəkar olmalıdır. İncəsənəti hiss edən texniki heyətlə işbirliyimiz olsa, bəlkə, biz yaradıcı insanlar da, ancaq sənəti düşünən sənət adamları da şou-biznesə qoşulub pul qazanarıq, maddi durumumuz da daha yaxşı olar.

- Niyə Gövhər Həsənzadə hər zaman eyni tərzdə geyinir?

- Tərz çox önəmli məsələdir. Təəssüf ki, bu gün bəzən işbilməz, şou sözünü eşitsə də, məktəbini keçməyən dırnaqarası prodüserlər hələ ötən əsrin 70-80-ci illərində valeh olduğumuz, tanıdığımız bir çox sənətkarlarımıza "tərzini dəyiş" deyib onları gülünc görkəmə salırlar. Mən səhnəarxası insan olduğuma görə, işlədiyim işə uyğun tərzimi seçmişəm və iş ortamım üçün necə rahatdırsa, əsasən elə geyinirəm. Saç düzümüm həmişə səliqəli olmalıdır. Həm də zamanım olmadığı üçün salonlara gedə bilmirəm. İnsanlarda alicənablılığı, zadəganlığı, əsilzadəliyi çox sevirəm və bu keyfiyyətlərə böyük dəyər verirəm. Daha çox klassik, kübar geyimləri sevirəm. Bir çoxları deyir ki, bu, keçmişdə qalmaqdır. Bu gün mən zinət əşyası taxanda da, fərqli paltar geyinəndə də düşünürəm ki, nə yaxşı artıq yaşa dolmuşam. Çünki çox gənc yaşlarımda mən belə geyinəndə deyirdilər ki, bu, yaşlı qadınların geyim tərzidir. Elə gənc yaşlarımdan gimnaziya qızlarının geyim tərzinə meyilli idim. İndi isə belə geyinəndə hər kəs deyir ki, çox alicənab görünürsünüz. Artıq yaşım tərzimi doğruldur. Düşünürəm ki, mən heç kəsi qıcıqlandırmıram və tərzim artıq qəbul olunub. Düşünürəm ki, mən artıq dünyada olmayanda musiqilərimi dinləyəndə adımı xatırlamasalar da, həmişə "bu, abadokda olan bəstəkarın musiqisidir" deyəcəklər.

Havar ŞƏFİYEVA

 





18.03.2024    çap et  çap et