525.Az

"Kinoya dövlət dəstəyi var, amma kino özü yoxdur"


 

PRODÜSER VƏ REJİSSOR ORXAN MƏRDAN: "BİZİM ÖLKƏDƏ KİNO SAHƏSİNƏ YANAŞMA SOVETDƏNQALMA SİSTEMƏ ƏSASLANIR"

"Kinoya dövlət dəstəyi var, <b style="color:red"> amma kino özü yoxdur"</b>

Bu günlərdə "Səma ilə görüş" filminin təqdimat mərasimi keçirildi. Tədbirdə ən yaddaqalan məqamlardan biri də filmin prodüseri, rejissor Orxan Mərdanın qalmaqallı çıxışı oldu. Kinoteatrlar arasındakı problemlərdən danışan prodüser çatışmazlıqlardan da bəhs etdi, Nizami Kino Mərkəzində proyektorun işləməməsini kino adına qəbahət adlandırdı.

Orxan Mərdanla söhbətimizdə də həmin çıxışın fonunda müasir kinomuzun problemlərindən danışmışıq.

 

 

 

- Orxan bəy, nə idi o proyektor məsələsi?

- Məsələ belədir ki, Nizami Kino Mərkəzinin proyektoru yoxdur. Mərkəzdə filmi yayımlamaq üçün kənardan icarəyə proyektor götürmüşdük, həm də kinoteatrın icarə haqqını ödəmişdik. O binanın mütləq proyektoru olmalıdır. Təsəvvür edin ki, hazırda o böyük zalda kino göstərə bilmirlər. Belə getsə, Nizami Kino Mərkəzi əvvəlki kimi bilyard zalına dönəcək. Mən oranın bilyard zalı olmasını istəmirəm, məsələni gündəmə gətirməkdə də əsas məqsədim budur. Beş il öncəyə qədər tək o zal ilə Nizami Kino Mərkəzi ən çox bilet satan kinoteatr idi.

- İcarəli proyektorla olsa da, əsas odur ki, filmin təqdimatı baş tutdu. Orxan bəy, hekayədəki hansı maqam sizi bu filmi çəkməyə vadar etdi?

- Bank kartı məsələsi. Əslində, dərindən düşünəndə bu, çox ağır bir şeydir. Məsələn, dilənçi pul istəyəndə adam pis olmaya bilər, ancaq çox yaxından tanıdığım adam ehtiyac ucbatından pul istəyəndə mənə həmişə pis təsir edir. Təsəvvür edin ki, insanın çarəsizliyi nə həddədir ki, canından bir parça olan övladını xilas etmək üçün tanımadığı Orxandan, Əlidən, Vəlidən pul istəyir.

- Filmdə vermək istədiyiniz əsas mesaj nədir?

- Yaxşılıq. Hekayənin təməl prinsipi budur. Son dövrlərdə tez-tez xəstəsi olan adamların bank kartını paylaşıb, kömək istədiyini görürük. Bu filmin qəhrəmanları çarəsiz insanların həyatı ilə maraqlanıb, onlara kömək etməyə çalışır. Daha doğrusu, varlılardan oğurlayıb kasıblara verir. Filmin sonunda mənfi qəhrəmanın dilindən belə bir ifadə səslənir ki, biz on milyon adamıq, onun doqquzunu çıxsaq, bir milyon adam bir manatdan versə, bir milyon manat edir. Bu pul əlimizdə olsa, ölkədə bir nəfər də xəstə qalmaz. Həqiqətən də, bəzən bir manat, bir xırda yaxşılıq, hətta yaxşılığa cəhd belə kimlərinsə həyatına təsir edə bilər. Bizim əsas qayəmiz məhz bunu göstərməkdir. Tamaşaçı gülə-gülə insanların dramını görəcək. Kimi daha çox dramatizm hiss edəcək, kimisə də gülüb-əylənib pozitiv notlarla evinə qayıdacaq. İstənilən halda bu filmin içərisində fərqli hisslər pilləli şəkildə yer alıb.

- Sizcə, bu mesaj tamaşaçıya nə qədər çatacaq? Ümumiyyətlə, necə düşünürsünüz, "Zəhər tuluğu"nda qazandığınızı bu film qazandıra biləcəkmi?

- "Zəhər tuluğu" yaxşı nəticə verdi. O film büdcəsindən üç qat çox gəlir gətirdi. "Səma ilə görüş" bütün kinoteatrlarda çıxsaydı, bir milyon dörd yüz min satış edəcəyini proqnozlaşdırmışdım. İndi bütün şəbəkələrdə çıxmadığı üçün nə olacağını bilmirəm.

- Kinoteatrlardan danışırıqsa, bilet qiymətlərinə də mütləq toxunmalıyıq. Bir film istehsalçısı kimi siz bu haqda nə düşünürsünüz?

- Mən heç özüm də doqquz manatlıq biletin tərəfdarı olmamışam. Təsəvvür edin, tələbə oğlan tələbə qızı kinoya aparanda xeyli xərcə düşməli olacaq. Hər gələn tələbə daha çox say, daha çox say da daha çox adamın qulağına çatmaq deməkdir. Hər bəyənən tamaşaçı növbəti tamaşaçını gətirir. Bizim apardığımız piarın maksimum bir ay müddəti var. Bir ay ərzində bütün ölkəyə xitab edə bilmərik. İqtisadi gücü orta olan ailələri də nəzərə almaq lazımdır. Dörd nəfərlik ailənin bir filmə getməyi əlli manatdan çox puldur. Ola bilər ki, kimsə filmə gəlmək istəsin, ancaq buna maddi gücü çatmasın, artıq biz o tamaşaçını itirmiş oluruq.

- İtirmək demişkən. "Xoxan" filminiz vaxtilə kinoteatrlarda özünü doğrultsa da, "İkinci pərdə" çox riskli gediş oldu.

- O, mənim taktiki səhvim idi. Əgər "İkinci pərdə"ni bu gün çəksəydim, elə etməzdim. Üstəlik, bir az da gecikdirərdim. O film birmənalı şəkildə Avropa mentaliteti üçün hesablanmışdı. Filmin orijinal hekayəsi bu sual üzərindədir - həyat yoldaşı xəyanət edən bir azərbaycanlı kişisi neyləməlidir? Biz istəyirdik ki, filmin sonunda kişi arvadını bağışlasın. Bunun üçün də Azərbaycan kimi bir ölkədə bütün söhbətdən xəbərdar olanları susdurmasan, sənin onu bağışlamaq şansın qalmır. Bizim yanaşmamız bu sual ətrafında idi. Əslində, sizin filmdə gördüyünüz orijinal ssenarinin 40-45 faizidir. "İkinci pərdə" sosial mediada məşhurluq qazandı. Ancaq insanlar ona kütləvi şəkildə baxa bilmədikləri üçün kinoteatrlarda batdı. "İkinci pərdə" naməhrəm hekayə idi, bunu həmin vaxt çəkmək olmazdı.

- Amma kimsə eləməliydi.

- Onsuz da mən kimsə eləməliydi deyə-deyə gəlirəm. Özümüz özümüzə bazar düzəltmişik. Mən o bazar daxilində mərhələli keçidlər etməyə çalışıram. Məsələn, "Səma ilə görüş" filmi də fərqli yanaşma üzərində qurulub. Filmdə xəyanət, bağlılıq, dram, komik situasiyalar var. Çox qarışıq bir hekayədir. "Səma ilə görüş" bir eksperimentdir.

- Axı hər uğursuz eksperimentdə pul itirirsiniz.

- Daha çox pul qazanmaq üçün.

- Qazana bilirsiniz ki?

- Hazırda elə də çox qazanmırıq. Amma vaxt olacaq ki, kino iki-üç milyon qazandıracaq. Çox yaxın tarixdir. Düzgün hesablanmış film bu gün də milyon qazandıra bilir. Mən əminəm ki, Azərbaycanda kino beş il müddətinə vergidən azad olunsa, regionlarda kinoteatr stimullaşdırılsa, kino cameəsində olan hər kəs kifayət qədər yaxşı qazana bilər. İnanın ki, bizim dövrümüzdə övladlarını hüquqda, tarixdə, iqtisadiyyatda oxutmaq istəyən valideynlərə uşaqları deyəndə ki, rejissor, aktyor olmaq istəyirəm, valideyn özü ona kömək edəcək. Biləcək ki, onların pulu hüquqşünasın pulundan daha çoxdur. Bu gün də Azərbaycanda aktyor sarıdan əziyyət çəkmək qeyri-mümkündür. O qədər istedadlı aktyorlarımız var ki.

- Bayaqdan qazanmaqdan danışırıq. Bizdə hələ də kino və kommersiya sözlərini bir cümlədə işlətməkdən çəkinən adamlar var. Sizcə, bu, nədən irəli gəlir?

- Bizim ölkədə kino sahəsinə yanaşma sovetdənqalma sistemə əsaslanır. Dövlət kinoya pul ayırır, çünki kino rentabelli sahə sayılmır. Dövlət ona görə pul ayırır ki, Azərbaycan kinosu tənəzzülə uğramasın. Buna öyrəşən, gəncliyini sovet kinosuna həsr etmiş adamlar var. Onlar müstəqillik dövründə də bu siyasətin davam etməsini istəyirlər. Onlar öyrəşmişdi ki, dövlət pul verəcək, özünü bu işin əri sayan adamlar arasında o pul bölünəcək. İldə bir milyon büdcəsi olan müxtəlif istiqamətli üç-dörd dənə film çəkiləcək, heç kim də onlara bir şey deməyəcək, çünki onlar ağsaqqaldır. Son otuz ildə bu əsaslarla çəkilən filmlərin yalnız bir neçəsinin adını qeyd bilərik. Beləcə rəf filmləri yaranır. Kommersiya filmlərini çəkənlər isə öz hesabına film çəkib pul qazanan adamlar idi. Məhz onların filmlərindən sonra bəlli oldu ki, xalq sən demə, kinoya baxırmış. Dövlətdən pul almaq istəyən, özlərini sənət fədaisi, bizi isə alverçi kimi qələmə verməyə çalışan adamlar bizi özlərindən ayırmaq üçün kommersiya filmi anlayışını uydurdular. Dünyanın istənilən yerində kino kommersial xarakter daşıyır. "Oppenheimer" yeddi Oskar aldı, özü də kommersiya xarakterli filmdir. Onlara alverçi deyə bilərsinizmi? Rejissoru Nolandır (gülümsəyir).

- Gəlin etiraf edək ki, kommersiya filmi adı altında kifayət qədər bayağı filmlər çəkildi.

- Bəzi yerli istehsal olan filmlərimizdə mənim də xoşuma gəlməyən məqamlar var. Amma bu o demək deyil ki, onlar işləməməlidir. Onsuz da tamaşaçının gözü tərəzidir. Mən sizi əmin edirəm ki, bayağı dediyiniz o filmlər otuz min tamaşaçını keçməyib. Bir avropalı türk kinematoqrafiyasından bixəbərdir. Rus ədəbiyyatından, Amerika mədəniyyətindən bixəbərdir, ərəb adət-ənənəsini bilmir. Onun zövqü özünə aid olan qədərdir. Azərbaycan tamaşaçısı kimi acımasız və ədalətli tamaşaçı yoxdur. Azərbaycan tamaşaçısı rus, türk, ingilis dillərini bilir, ərəb mədəniyyətindən xəbərdardır, bütün Cənubi Amerika seriallarına baxıb. Azərbaycanlı tamaşaçını təəccübləndirmək üçün əlimizdə elə bir vasitəmiz də qalmayıb. Çünki onlar türk seriallarının da keyfiyyətini bilir, Amerika melodramalarının insanı hansı vəziyyətə saldığını da. Bu tamaşaçıya bayağı iş təqdim etsəniz belə, onu gətirib birinci sıraya qoymayacaq. Çünki həmin işin yaxşı versiyasını bilir. Odur ki, siz bayağı çəkilən filmlərdən narahat olmayın. Əgər bunu bilməsəydim, aşağı kateqoriyalı filmlər çəkərdim ki, onsuz da camaat buna baxır. Əmin olun ki, camaat elə bayağı filmlərə baxmır. Mən Azərbaycan tamaşaçısına çox inanıram.

- Neqativ hallardan danışdıq. Ancaq son dövrlər baş verən proseslər pozitiv nəticələr vəd edir sanki. Götürək, elə kino qurumlarının birləşməsini. Necə düşünürsünüz, bu barışıq ümumi prosesə nə kimi töhfə verəcək?

- Əvvəllər bir şöbədə beş-üç nəfər vardısa, indi bir qurumda otuz-qırx nəfər olacaq. Çoxusu da kino ilə əlaqəsi olmayan adamlar. Bir lətifədə deyildiyi kimi, sənəd-sünəd işi çoxalıb sadəcə.

- Bəs ARKA?

- ARKA indi nə işlə məşğul olur, yaxud gələcəkdə nə işlə məşğul olacaq? Bu sualların cavabı hələ ki yoxdur.

- Bəlkə zaman lazımdır?

- Gözlədiyimiz zaman bizi geriyə atır axı. Görün, neçə illərdir ki, bu əhvalat var. Ortalama otuz il hesablasaq, hər il altı-yeddi milyondan təxminən iki yüz milyon pul edir. Kinomuza dövlət dəstəyi var, amma kino özü yoxdur.

- "Zəhər tuluğu"nun regionlarda da nümayişini keçirdiniz. Nəticə sizi qane etdimi?

- Biz bu işə başlayanda dedilər ki, rayonlarda camaatın pulu yoxdur, çox da ümidli olmayın. Ancaq dedikləri kimi olmadı. Sizə sadəcə bir nümunə deyim ki, təkcə Ağdaş rayonunda 5 manatdan 1400 bilet satmışdıq.

Regionlarda kinoteatr açmaq mütləqdir. Bir rayonda kinoteatr formalaşdırmaq üçün təxminən üç yüz min manat pul lazımdır. Mən əminəm ki, rayonda hər axşam, yaxud iki gündən bir çaya iki manat verən adam bir gün o iki manatı götürüb kinoteatra gələcək. Mən inanıram ki, normal bir Azərbaycan filmi təkcə regionlarda nümayiş olunmaqla öz mayasını çıxara biləcək. Kinoteatr açanda avtomatik otuz-qırx nəfəri işlə təmin edəcəyik. Rayon yerlərində əsasən kişilər xanımları ilə çox yerə gedə bilmirlər. Ona görə ki, kişilərin xanımını aparmağa layiq bildiyi yer azdır. Həmin adamlar artıq başa düşəcək ki, bura kinoteatrdır, yoldaşını götürüb ora gedə bilər. Hazırda rayonda yaşayan insanın əlində olan TikTok, bir də televiziyaların təklif etdiyi sosial verilişlərdir. Ən çox reytinq verən verilişlər hekayələrə üzərində qurulub. İnsan hekayəsiz dayana bilməz. Biz həmin adamlara daha elitar olan kinonu təklif edəcəyik.

- Birinci filminizi otuz min manat sələmlə çəkmişdiniz. Sonuncu filmi necə çəkdiniz?

- Kredit götürmüşəm.

Aytac SAHƏD

 





18.03.2024    çap et  çap et