525.Az

İndi ruhun müəllimdir bizə... - Ənvər Rza - 85


 

İndi ruhun müəllimdir bizə... - <b style="color:red"> Ənvər Rza - 85</b>

Yaşanılmış illər təkcə xatirələr deyil, həm də ömrün mahiyyətini müəyyənləşdirir. Necə yaşadım, kimlərin işığını gördüm, kimlərin xeyir-duasıyla illərimi ömür edə bildim kimi sualların da cavabı o illərdədir. İllərimi ömürləşdirən xeyirxahlar olub; təhsilimə həssas yanaşanları da, oxumaq istəyimə mənəvi dəstək olanları da, öyrəndiklərimi məhdudiyyətlərdən xilas edənləri də, istəyimin işığını görənləri də, bu və ya digər məqamda tərəddüdlərimi beş-üç kəlmə ilə sovuşduran-ları da həmişə xoş xatirələrlə xatırlayıram. Hərdən kövrəlirəm də...

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Unversiteti) ingilis dili fakültəsinin İngilis-Azərbaycan dilləri şöbəsində təhsil alırdım. Hüseyn Bayramov, Abbas Hacıyev, Səyadulla Babayev, Abbas Rəhimov, Minirə Qarayeva, Allahverdi Tağızadə, Alim Yusifzadə, Qulamhüseyn Əliyev, İsbəndiyar Cabbarzadə, Əli Xəlilov, Ənvər Rza, İslam Zeynalov, Arif Hüseynov, Fatma Abdullayeva, Fəhrad Əliyev, Cəfər Cəfərov, Qılıncxan Bayramov kimi pedaqoqlardan dərs alırdım, öyrənirdim, püxtələşirdim. Bir dəfə gənc ingilis yazıçısının bir hekayəsini tərcümə etmişdim. Orijinalı da, tərcüməni də Ənvər müəllimə vermişdim, ciddi fikrini bildirməyi xahiş etmişdim. O gecə uzun gecə olmuşdu, səhərin açılmasını səbirsizliklə gözləmişdim. Dərs başlamışdı. Tənəffüsdə Ənvər müəllimin gəlişini görəndə ürəyim titrəmişdi, "Hələ çox öyrənməlisən, Bayram" deyəcəyini gözləmişdim. Belə olmamışdı. Əlini çiynimə qoymuşdu, gülüm-sünmüşdü, "İngilis dilinin leksikasına yaxşı bələd olubsan, belə də davam elə. Sən yaxşı tərcüməçi olacaqsan, marağın olsa, lüğətçiliklə də məşğul ola bilərsən..." demişdi. O təsadüfi (təsadüfmü?) ömrümün "Arximed nöqtəsi" bilmişdim...

Beşinci kursda Ənvər müəllim bizim həm kuratorumuz, həm də tərcümə müəllimimiz idi. Onda daha tez-tez görüşürdük, həm də yaradıcılıq söhbətlərimiz olurdu. Bu söhbətləri təkcə mənə oxunan elmi, elmi-bədii mühazirə bilirdim. Fədakar alim kimi sevirdim Ənvər müəllimi, istedadlı tərcüməçi, mərd insan, böyük azərbaycançılıq hissləri ilə yaşayan ziyalı kimi sevirdim. Ənvər müəllimi bütün tələbələr belə sevirdi. "Hər sadə, mürəkkəb cümləsinin mübtədası" Azərbaycan olan, Kəlbəcər olan Ənvər müəllim həm də səlis nitqinə görə sevilirdi, məntiqli mühazirəsinə, düşündürücü şeirlərinə, heyrət (heyranlıq) yaradan tərcümələrinə görə sevilirdi...

1939-cu il martın 3-də Kəlbəcərin Aşağı Ayrım kəndində anadan olan Ənvər Rza istedadlı şairdi. Şairlər şeirlərində əbədiyyən yaşayır, şeirləri oxuyanın düşüncələrinin nizamına dönür. Həyat həqiqətləri var Ənvər Rzanın şeirlərində. Bu şeirlər təbiəti də sevdirir, təbiəti sevənləri də.

Ənvər Rzanın şeirləri təbiətin söz təsviridir. Sözlə təsvir edilən lövhələri (görüntüləri) oxucu doğmalıqla yaddaşına köçürür. Bu baxımdan şair Ənvər Rzanın yaradıcılığının bir hissəsinə təbiətin "antologiyası" da deyə bilərik. Hər şeirdə sevgi var. Bu sevgi bəşəri sevgidir. Kəlbəcərə yüzlərlə şeir yazılıb. Hamısı da gözəl şeirdir. Ənvər Rzanın "Kəlbəcərə gedən yollar" şeiri heç birinə bənzəmir, bu şeir Kəlbəcərə sevginin üvertürasıdır sanki; Ənvər Rzanın poetik duyumuna görə, Kəlbəcərə sevginin başlanğıcı Kəlbəcərə aparan yollardan başlayır. Bu yollara sarılan yolçu bilir ki, ecazkarlığa uğur üstədir. Yolları gözlərinə köçürən yolçular da deyir ki:

 

Min bulaqdan içib gedir,

Qayaları biçib gedir.

Ürəyimdən keçib gedir

Kəlbəcərə gedən yollar.

 

Bu yolçular şairin ruh qardaşlarıdır; bu şeiri sevmədən, ruhuna can ortağı etmədən Kəlbəcəri necə sevə bilərsən? Sağda - sıldırım qaya (dağ), solda sıldırım qaya (dağ), yollar uzandıqca uzanıb gedir. Gözlərini qayaların sinəsində nəfəs gözləyən kahanın birindən çəkməmiş başqa bir kaha görünür. Ayaq saxlasa, çayın şırıltısını şərqi biləcək. Sonra addım atmağı bacarmayacaq - gözəlliklərdən könüllü ayrılmaq çətindir axı. Şairin poetik təfəkkürünə ehtiramla yanaşanlar inanır ki, bu yollar dünyanın yozumsuz möcüzələrindəndir...

Girib buz altına - iş otağına

Yaza nəğmə yazır bəstəkar çaylar.

("Vətənin mehrindən-məhəbbətindən")

 

deyən Ənvər Rza ağrılı bir gerçəkliyi də şeirləşdirib. Bu şeiri tərəddüdsüz Böyük vətəndaş, vətəndaş-şair Ənvər Rzanın dünyaya sığmayan el sevgisinə şair təəssüfü bilirəm; gördüyündən könlü qübarlanan şairin "Kəndimlə söhbət" şeiri ürəyinin döyüntüləri kimi oxunur:

 

Anbarın, xırmanın gözümə dəymir,

Kövşənsiz, küləşsiz, samansız kəndim!

 

Ənvər Rzanın sevgisi də böyükdür, həsrəti də, səmimiyyəti də. Sevgisi də şeirdir, həsrəti də, səmimiyyəti də (sevgisi səmimi olmayanın səmimi insan olması mümkünsüzdür). Hamı doğulduğu kəndin pərvanəsidir. Hərəyə öz kəndi gözəldir, hərə öz kəndini ömrünün səccadəsi bilir. Şair olaraq Ənvər Rza da "çiyninə qaldırıb dünyaya tanıtmaq istədiyi" ("Yazda məkən salıb...") Kəlbəcərin Aşağı Ayrım (Aşağı Binə) kəndini belə sevirdi, indi ruhu bu kəndin göylərindədir. Bu sevgi həm də "Kəndimiz" şeirində ifadə olunub. Şeirdə sevgi də var, həsrət də. Duyanlara o həsrət də sevgidir - şair belə təqdim edir:

 

Ulduzlar - çiynində alışan nişan,

Əsgər kəməridir qıvrılan çay da.

Böyüksən, demirəm ümmansan, ümman,

Böyüksən çəkdiyim həsrətin boyda...

 

Ənvər Rza folkloru (xalqın danışıq tərzini, leksikoloji tərkibini) yaxşı bilirdi. Ona görə oxuyanlar bu şeirləri könlünə köçürürdü. Məmməd Aslan yazır: "Özü bayatıdan, qoşmadan dikəlib şair olmuşdu. Ənvərin poetik dilinin hərarətini, şirinliyini təfərrüatı ilə anlamaq, sözün arxasında göstərdiyini görə bilmək üçün gərək onun vaqif olduğu canlı xalq dilinə bələd olasan. Ənvər Rzanın müasir şeir şəkillərindən hansında qələmə alınmış əsərinə nəzər salsanız, hamısında xalq yaradıcılığından rəng, çalar görərsiniz".

"Ala xurcun"u ("Dəlidağ lövhələri"), "yaşmağ"ı ("Mənə kəndimizdə qonaq deməyin"), "baldırğanlı bulaqları, qantəpəri, gülxətmini" unuda bilməyən, onları şeirinin üzərriyinə döndərən şair oxucusunu "yumaq kimi çözələnən sürünün tozuna baxmağa çağırır", onları inandırır ki, "dağların şəlalə sazını görənlər elə biləcək ki, Dədə Şəmşir qayalaşıb". Həm poetikası, şeiriyyəti ilə gözəldir, həm də yerdən-göydən bac alan sevgi var bu misralarda...

Hamı şəhərdən dağları arzulayır, dağlara can atır, ömrün günlərini dağların həndəvərində yaşamaq istəyir. Bu, dağlara, dağların timsalında təbiətə vurğunluqdur. Ənvər Rzanın təbiətə, bu baxımdan dağlara sevgisi kimsənin sevgisinə bənzəmir. Bu sevginin böyüklüyü də gözəldir, səmimiliyi də. Dağlara qonaq olmaq istəməyən şairin yazdığı şeir təvəqqedir, ricadır, iltimasdır. Kimdən? - dağlardan. Dağların qüdrətinə inama görə deyir ki,

 

Könül, elə duyduğunu saf-çürük,

Bu dağlardan ayrı keçən ömür - yük.

Bir yer versin balasına ömürlük,

İstəmirəm qonaq olam dağlara!

 

"Şələyə gücü çatmayan dünyaya"nın da, "ələyə gücü çatmayan" nənənin də, "tələyə gücü çatmayan" pələngin də halına yanan şair qüdrətə tapınır: işığın özünü də, kölgəsini də bütün çarəsizliklərin çarəsi bilir. Aydınlığıyla göründüyünə görə...

Qurbanidən üzü bu yana bənövşəyə minlərlə şeir yazılıb. Hamısında intizar, hamısında həsrət. Bu intizarların, həsrətlərin heç biri digərinə bənzəmir. Hər şair öz həsrətini, öz intizarını yazsa da, bu həsrət, bu intizar ümumiləşir. Ənvər Rzanın "Bənövşə"si də belədir:

 

Düşüb bir məhəbbət yükü çiynimə,

Nə boran, nə şaxta gəlməz eynimə,

Zülmət gecələri geyib əynimə,

Gözlərəm səni.

 

Bədii tərcümə tariximizdə Ənvər Rzanın əvəzolunmaz və təkrarsız tərcümələri tərcümə tariximizdə ehtiramla xatırlanır, onlara həmişə müraciət olunur. Ənvər Rza ingilis poeziyasının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisi kimi tanınıb. O, qeyri-adi istedadı sayəsində V.Şekspirin, C.Bayronun, P.Şellinin və digər söz nəhənglərinin əsərlərini milli koloriti saxlamaqla orijinaldan Azərbaycan dilinə mükəmməl səviyyədə böyük sənətkarlıqla tərcümə edib. Onun digər tərcümələri kimi, V.Şekspirin "66-cı sonet"i də klassik tərcümə kimi tərcüməçilik nümunələrindəndir:

 

Yetər, düzlük əsir düşdü paxıllığa,

əyriliyə...

 

Azərbaycan şairlərinin şeirlərini ingilis dilinə çevirmiş Ənvər Rzanın bu işləri də yüksək poetik dəyərə malikdir. Bu tərcümələr təkcə Azərbaycan ədəbiyyatına deyil, Azərbaycana xidmət kimi tarixləşib. Səməd Vurğunun "Azərbaycan" şeirini", "Va-qif" dramından parçalar, Nəsiminin, Bəxtiyar Vahabzadənin və Nəbi Xəzrinin şeirlərini, " Nəsimi" monoqrafiyasını və s. ingilis dilinə tərcümə edib. Ədəbi tənqid bu tərcümələrin poetik dəyərini etiraf edir. İstedadlı alimin Azərbaycanda peşəkar tərcüməçilərin formalaşmasında xidmətləri minnətdarlıqla xatırlanır; tərcüməçi Ənvər Rza şair Ənvər Rzanın ruh qardaşıdır!..

1987-ci il iyunun 8-də yaradıcılığının çiçəkləndiyi bir dövrdə - 48 yaşında haqq dünyasına qovuşan istedadlı şair Ənvər Rzanın dəyərli yaradıcılığı indi də yüksək poetik dəyəri ilə oxunaqlıdır. Unudulmaz müəllimimin, əbədiyaşar ustadımın yaradıcılığı da, məsləhətləri də, tövsiyələri də, dünyabaxışı da tələbələrinin yaddaşındadır. Yaşaya-yaşaya müəllimimizin əsərlərini də yaşadırıq, gənclərlə bağlı murazını-niyyətini də...

Bir vaxtlar özün müəllimimiz idin, Ənvər Rza, indi ruhun müəllimdir bizə...

 





18.03.2024    çap et  çap et