525.Az

Ədibin arzusu - Cəfər Cabbarlı-125


 

Ədibin arzusu - <b style="color:red"> Cəfər Cabbarlı-125</b>

Görkəmli Azərbaycan dramaturqu və teatr xadimi Cəfər Cabbarlı ömrünün qısa, lakin mənalı illərini, demək olar ki, əvvəldən axıra kimi Bakı şəhərində keçirib. Lakin buna baxmayaraq, o, mütəmadi olaraq əyalət teatrlarının fəaliyyəti ilə də maraqlanıb, həmin sənət ocaqlarında çalışan aktyor və rejissorlardan dəyərli məsləhətlərini əsirgəməyib. Lənkərana xüsusi məhəbbəti olan ədib bütün ömrü boyu bu əsrarəngiz cənub şəhərində olmaq arzusu ilə yaşayıb.

Köhnə arxiv sənədləri arasında teatr rejissoru Əli Mənsur Quliyevin Cəfər Cabbarlı ilə görüşləri barədə xatirələri bu gün də mühafizə olunmaqdadır. "1934-cü ildə Lənkəranda işçi-kolxozçu dövlət teatrı yaratmaq haqqında təşəbbüs irəli sürdüm, - deyə Ə.M.Quliyev yazır. - İlk tamaşanı həmin ilin dekabr ayında göstərməli idik. Mən Bakıya gəlib Cəfərlə (C.Cabbarlı ilə - A.B.) görüşdüm. Onu Lənkərana dəvət etdim və dedim ki, teatrın təntənəli açılışı olacaq. Opera teatrından, dram teatrından, xalq maarif komissarlığından da nümayəndələr çağırmışıq. Cəfər gülə-gülə: - Paraxod məni tutmaz? - dedi. Mən isə: - Yox, "Kalantay" çox böyük paraxoddur, - deyə cavab verdim.

C.Cabbarlı belə məsləhət gördü ki, açılışı yanvar ayında edək. Mən razılaşdım. Ancaq sənətkarın qəfil ölümü bu arzunu ürəyimdə qoydu. Dəfn mərasimindən bir neçə gün sonra Lənkərana qayıtdım".

Bununla belə dramaturqun çox sevdiyi şəhərlə "görüşü" onun əsərinin tamaşaya qoyulması ilə baş tutdu. 1935-ci il fevralın 14-də Lənkəran teatrı C.Cabbarlının "Almaz" pyesinin premyerası ilə öz pərdəsini qaldırdı. İlk tamaşanın quruluşunu teatrın direktoru və rejissoru Əli Mənsur Quliyev vermişdi. Tamaşada iştirak edən aktyor heyəti rayon xalq teatrının yetirmələrindən və Bakı teatrlarından dəvət olunmuş bir neçə artistdən ibarət idi. Ən təqdirəlayiq cəhət isə onda idi ki, Lənkəran teatrına həm də Cəfər Cabbarlının adı verilmişdi.

Lakin 1940-cı ildə məlum olmayan səbəblərdən C.Cabbarlının adı Lənkəran teatrından götürüldü. İndi artıq bu sənət ocağı Azərbaycanın tragik aktyoru Hüseyn Ərəblinskinin adını daşımağa başlamışdı. Bizim fikrimizcə, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə fəaliyyət göstərən teatrın da Cəfər Cabbarlının adını daşıması belə bir qərarın qəbul edilməsinə rəvac vermişdi. Buna baxmayaraq, görkəmli dramaturqun əsərləri heç vaxt Lənkəran teatrının repertuarından yerə düşməyib. C.Cabbarlının yaradıcılığı bu sənət ocağında çalışan yeni aktyor və rejissor nəslinin həmişə nəzər-diqqətini özünə cəlb edib.

1973-cü ildən fəaliyyətini bərpa edən Lənkəran Dövlət Dram Teatrının kollektivi də əvvəlki ənənəyə sadiq qalaraq dəfələrlə Cəfər Cabbarlının yaradıcılığına müraciət etməklə, ədibin "Oqtay Eloğlu", "Aydın", "Sevil", "Solğun çiçəklər" kimi dram əsərlərini müvəffəqiyyətlə tamaşaya qoyub. 2019-cu ildə isə teatrda dramaturqun 120 illik yubileyinə tohfə olaraq onun "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" dramı səhnəyə qoyulub. Bu tamaşa həmin ilin noyabr ayında Bakıda keçirilən "Cəfər Cabbarlı həftəsi" çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində, habelə Astara, Ağdam, Biləsuvar, Lerik və digər rayonlarda da uğurla nümayiş etdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Qeyd edək ki, "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş" tamaşası bu gün də teatrın repertuarında özünə möhkəm yer tutmaqdadır.

Ağaddin BABAYEV

 





18.03.2024    çap et  çap et