525.Az

Konqoda üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralanıb


 

Konqoda üsyançıların hücumu nəticəsində 8 BMT əsgəri yaralanıb<b style="color:red"></b>

Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançıların hücumu nəticəsində BMT-nin 8 sülhməramlısı yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasından (MONUSCO) verilən açıqlamaya görə, Şimalın paytaxtı Qomadan təxminən 20 kilometr uzaqlıqdakı Sake qəsəbəsində patrul xidməti həyata keçirən sülhməramlılara hücum edilib.

Açıqlamada 1-i ağır olmaqla 8 sülhməramlının yaralandığı bildirilib.

Ruanda tərəfindən dəstəkləndiyi iddia edilən və ilin əvvəlindən hücumlarını artıran üsyançı 23 Mart Hərəkatı (M23) strateji əhəmiyyətli Şimali Kivu əyalətinin paytaxtı Qomanın Sake qəsəbəsinə çatıb.

M23 üzvləri Ruanda sərhədində yerləşən Şimali-Kivu əyalətinin Rutşuru bölgəsindəki bir çox yaşayış məntəqəsini nəzarətə götürərək və Qomaya gedən iki əsas yolu bağlayaraq Şimali-Kivu əyalətinin mərkəzi hökumətlə quru əlaqəsini kəsiblər.

Sake şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə M23 üzvləri arasında şiddətli toqquşmalar davam edib.

Qeyd edək ki, Ruanda, Uqanda və Burundi ilə sərhədinin yerləşdiyi Konqo Demokratik Respublikasının şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Malik Atilay

 





18.03.2024    çap et  çap et