525.Az

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi


 

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi bu il də ənənəsini davam etdirərək Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

Bu barədə 525.az-a universitetdən məlumat verilib.

UNEC-in rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək onlara sevgi və qayğı göstərməyin hər kəsin mənəvi borcu olduğunu bildirib. Azərbaycan xalqının hər zaman öz ağsaqqallarına və ağbirçəklərinə münasibətdə diqqət və sevgisi ilə fərqləndiyini deyən rektor gənclərə bu sevgini aşılamağın önəmini vurğulayıb. Rektor Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ahıllara, onların problemlərinin həllinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr mahnılar ifa ediblər, ahıllarla birlikdə rəqs ediblər.

UNEC-in tələbəsi Rəvan Əliyevin müəllifi olduğu “Ana” şeiri isə hər kəsə duyğulu anlar yaşadıb.

Müəssisənin ağsaqqal sakinləri səsləndirdikləri musiqi və şeirləri ilə hər kəsin qəlbində unudulmaz iz qoyublar.

Sevinc Qarayeva 

 





18.03.2024    çap et  çap et