525.Az

"Fransa hakimiyyəti hirsini Natəvanın heykəlindən çıxır"


 

POLİTOLOQ XƏYAL BƏŞİROV: "HEYKƏLƏ QARŞI VƏHŞİLİK MAKRON HAKİMİYYƏTİNİN AZƏRBAYCANFOBİYADAN ƏZİYYƏT ÇƏKMƏSİNDƏN XƏBƏR VERİR"

"Fransa hakimiyyəti hirsini Natəvanın heykəlindən çıxır"<b style="color:red"></b>

Fransanın daxili və xarici siyasəti fiaskoya uğramaqdadır. Prezident Emmanuel Makron hakimiyyətdə olduğu müddətdə ölkə həm ciddi daxili böhranla üzləşib, eyni zamanda, onun beynəlxalq müstəvidə liderlik rolunu qazanmaq üçün apardığı siyasət heç bir uğur qazanmayıb. Rusiya-Ukrayna müharibəsindən istifadə edib öz siyasi hədəflərinə çatmaq istəyən Makronun Ukraynaya Qərb qoşunlarını göndərmək təklifi dəstək qazanmadı. Eyni zamanda,  Afrika qitəsindən qovulub, onu Ermənistan vasitəsilə Cənubi Qafqazla əvəzləmək istəyən Makron burda da təbii ki, öz çirkin niyyətinə çata bilmədi. Fransanın Qafqaza gəlməkdə məqsədi sözsüz ki, burada qarşıdurma, gərginlik yaratmaqdır. Belə olmasaydı, Paris Ermənistanı silahlandırmaq əvəzinə, Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə verərdi. Amma gördüyümüz odur ki, Fransa var gücü ilə sülh prosesinə əngəl yaratmaqdadır. Makron hakimiyyəti Fransanı elə cılız və acınacaqlı səviyyəyə düşürüb ki, "mədəniyyətin beşiyi" indi heykəllə müharibə aparır, kinini, nifrətini, Azərbaycanfob hisslərini Natəvanın heykəlini təhqir etməklə göstərmiş olur. Əlbəttə ki, uğursuz Makrondan artıq hər şey gözləmək mümkündür.  

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bu proseslərlə bağlı "525"ə şərhində deyib ki, Emmanuel Makron hakimiyyətə gəldiyi gündən bəri yürütdüyü siyasətlə həm ölkə daxilində, həm xaricində ciddi uğursuzluğa düçar olub. Bu uğursuzluq daxildə özünü etiraz aksiyaları ilə göstərir. "Sarı jiletlilər"in etirazlarını qeyd etmək yerinə düşür. Onlar Makronun hakimiyyətə gəlişindən sonra küçələrə çıxıblar və etiraz dalğası bu günə kimi davam edir. Fransada sosial sahədə qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı Makron hakimiyyətinin atmaq istədiyi addımlar hər gün, hər saat etirazlarla qarşılanır".

Politoloq bildirib ki, Fransa yüzilliklər boyu xarici siyasətində müstəmləkəçiliklə yadda qalıb: "Tarixə nəzər yetirdikdə, onun siyasəti qanlı qırğınlar, soyqırımlarla, xalqların müstəqillik səslərinin boğulması ilə yadda qalıb. Əlcəzair, Ruanda nümunələrini qeyd edə bilərik. Hazırda da Fransa özündən minlərlə kilometr uzaqda yerləşən dənizaşırı ərazilərdə xalqların müstəqilliklə bağlı istəklərini boğmağa, etirazlarını yatırmağa davam edir. Bunlara nümunə kimi Korsikada, Mayot adalarında, Qəmər adalarında, Martinik, Fransız Qvianası, Fransız Polinezyası, Qvadelupa, Salomon Adalarında, Fransadan 10 km uzaqda yerləşən Yeni Kaledoniyada baş verən baş verən hadisələri göstərə bilərik. Bunlar Fransa dövlətinin ərazisi deyil və bu, ölkənin daxili siyasəti hesab edilə bilməz. Hətta belə olsa, çox ciddi uğursuzluqlar göz önündə canlanır. Dünyaya demokratiya, insan hüquqları, söz, vicdan azadlıqlarından nağıllar danışan Fransada polis etiraz edənləri dəyənəklə, qamçı ilə döyür, etirazları atlardan, itlərdən istifadə etməklə boğur. Təbii ki, kimdə nə yoxdursa, ondan danışır. Fransa da bu siyasəti davam etdirir və düşünürəm ki, Makron ölkə tarixində ən cılız prezident statusuna artıq layiq görülüb. Biz bunu onun regionlara səfərləri zamanı da görürük. Etirazlar əslində fransız seçicisinin, vətəndaşının Makron hakimiyyətinə, onun şəxsiyyətinə, yeritdiyi siyasətə olan münasibətdir. Təəssüf ki, vətəndaşların səsləri boğulur, onlara qarşı zor tətbiq edilir".

X.Bəşirova görə, Fransa həmişə çalışıb ki, dünyanın fövqəldövlətləri sırasında yer alsın, ayrı-ayrı regionlarda baş verən proseslərin gedişatında özünəməxsus yer alsın: "Amma proseslərə nəzər yetirsək, görürük ki, Fransa dövlətinin həmin proseslərə heç bir təsir mexanizmi yoxdur. Təbii ki, bu da bu gün Fransa hakimiyyətinin yürütdüyü daxili siyasətin məntiqi nəticəsidir. Makron daxili siyasətdə uğursuzluğa düçar olubsa, insanların nifrətini və qəzəbini qazanıbsa, heç bir halda o, xarici siyasətdə ciddi uğur əldə edə bilməz. Çünki dövlətlərin daxili və xarici siyasətləri bir-birlərini tamamlayır, sıx məntiqi əlaqədə olur. Bu proses Fransa dövlətinin nümunəsində də özünü göstərməkdədir. Fransa Ukrayna ilə bağlı baş verən proseslərdə ciddi uğursuzluğa düçar olub. Əslində Paris bu prosesdə ciddi və aktiv rola malik deyil. Bu dövlətin mövqeyi həm NATO-nun, həm Avropa İttifaqının mövqeyindən fərqli olaraq Ukraynada aktiv şəkildə müharibədə iştirak etmək niyyətini özündə ehtiva edir. Fransa yaxşı bilir ki, prosesə qoşulmaqla Rusiya-Ukrayna müharibəsində hər hansı ciddi dəyişikliyə səbəb ola bilməz. Amma NATO-nun, Aİ-nin xəttindən fərqli bir siyasət ortaya qoymağa, bununla da seçilməyə, yadda qalmağa çalışır. Ukraynaya ordu yeritmək, NATO-nun müharibədə bilavasitə iştirak etmək təşəbbüsləri nə Alyans, nə də Aİ tərəfindən qəbul edilir. Təbii ki, bu da Fransa dövlətinin xarici siyasət komponentlərinin ən vaciblərindən birinin uğursuzluğa düçar olması deməkdir. Fransa Yaxın Şərqdə baş verən proseslərdə də heç bir rola malik deyil. Həmçinin, Cənubi Qafqazla bağlı proseslərdə də yalnız və yalnız ciddi uğursuzluqla qarşılanıb".

Politoloq xatırladıb ki, İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Fransanın aktivliyi artıb: "Paris haqqa, ədalətə, Azərbaycanın ərazi bütövlüyünü, antiterror tədbirləri ilə suverenliyini bərqərar etməsinə qarşı çox aqressiv, hiddətli və qəzəbli oldu. Fransa dövlətinin rəhbəri 2022-ci ilin oktyabrında Qarabağı Ermənistanın ürəyi adlandırdı. Bu siyasətin müəllifindən biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından nə gözləyə bilərik. Təbii ki, yalnız aqressivlik, qəzəb, hiddət, antiazərbaycan mövqeyi, Azərbaycanfob siyasəti. Müharibədən sonra Fransanın Azərbaycana heç bir təsir göstərmək imkanının olmaması ona gətirib çıxardı ki, beynəlxalq aləmdə özünün bütün resurslarından, imkanlarından isifadə edərək Azərbaycana qarşı səfərbərlik təşkil etdi. Bu səfərbərliyi öz parlamentinin hər iki palatasından başlamaqla, BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, AŞPA-da, Frankafoniya təşkilatnda dəfələrlə Azərbaycana qarşı qətnamələrin qəbuluna çalışdı. Amma AP-ni çıxmaqla bütün cəhdləri uğursuz oldu. Azərbaycana qarşı sənədlərin qəbuluna nail ola bilmədi. AŞPA-da nümayəndə heyətimizin səlahiyyətlərinin məhdudlaşması ilə bağlı addım da ata bildi. Bütün bunlar ondan xəbər verir ki, beynəlxalq aləmin, ayrı-ayrı dövlətlərin etibar etdiyi bu cür platformalar belə addımlarla bu etibarı, etimadı zədələyir, sarsıdır və təbii ki, onlar nüfuzdan düşürlər. Hansısa bir dar çərçivədə Fransa kimi ədalətsiz, qərəzli mövqe tutan qüvvələrin maraqlarına xidmət edən platforma heç vaxt beynəlxalq aləmdə etimada, etibara tuş gələ bilməz. Gəlsə belə, müəyyən müddət sonra tamamilə əks təsirini göstərəcək. Necə ki, artıq göstərməkdədir. Bu gün BMT, ATƏT, AŞ, Aİ artıq baş verən proseslərə təsir göstərmək imkanında olmadıqlarını nümayiş etdirirlər. Xüsusilə də dünyada siyasi və diplomatik coğrafiyada ən böyük təşkilat olan BMT baş verən proseslərə heç bir təsir göstərə bilmir. Bu, Fransa kimi dövlətlərin "xidmətlərinin" nəticəsidir".

Politoloq hesab edir ki, Fransa bu beynəlxalq platformalarda Azərbaycana qarşı heç bir təsir mexanizmi ortaya qoya, hər hansı nəticə əldə edə bilmədiyi üçün özünün hirsini, qəzəbini şairə Natəvanın heykəlindən çıxır:  "Ermənistan zamanında Ağdamda Natəvanın məzarına qarşı vandallıq törətmişdi, bu siyasətin davamı kimi Makron hakimiyyəti də o "nümunəni" Fransada Evian şəhərində törətdi. Heykələ qarşı olan vəhşilik Fransa dövlətinə rəhbərlik edən Makron hakimiyyətinin Azərbaycanfobiyadan, islamfobiyadan əziyyət çəkməsindən xəbər verir. Çünki Azərbaycan təkcə özünün probleminin həllinə nail olmadı, həm də paralel şəkildə bəşəriyyət, insanlıq üçün ciddi problem yaradan neokolonolist siyasətin əsas müəlliflərindən biri olan Fransanın bu siyasətinə qarşı bütün dünya miqyasında mübarizə aparır. Fransa dövlətinin soyqırımı tarixinin ifşa edilməsi ilə bağlı mövqe ortaya qoyur. Təbii ki, onlar da Azərbaycanın yürütdüyü o məntiqli, praqmatik siyasətə qarşı belə cılız, vəhşi və vandal addımlarını ortaya qoyurlar. Bununla da Makron hakimiyyəti Fransa dövlətinin tarixində çürük, uğursuz siyasət yürüdən bir iqtidar kimi tarixə adını əbədi olaraq həkk edəcək".

 

 





19.03.2024    çap et  çap et