525.Az

Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar


 

Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü: 

- "Netflix"in sənədli filmində "Boeing"i yıxıb sürüyən, 32 il şirkətdə mühəndis işləyən Con Barnet maşınında ölü tapılıb.

2019-cu ildə öncə "Lion Air", ardınca isə "Ethiopian" şirkətlərinin "Boeing 737 Max 8" təyyarəsi qalxandan sonra yerə çırpılmışdı.

Nəticədə yüzlərlə adam ölmüşdü. Bu qəzalardan sonra "737 Max 8" təyyarələri yerə endirilir və 2 il sistemləri təmir olunur.

Barnet həm qəzalardan əvvəl, həm də məşhur sənədli filmdə "Boeingin" keyfiyyəti aşağı saldığını, daha çox pul qazanmaq üçün bilə-bilə ölümcül xətalı təyyarələr istehsal etdiyini sübutlarla ortaya qoymuşdu.

Nəticəsi isə ortadadır...

 

Asif Nərimanlı, jurnalist:

- Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşü, ardınca İlham Əliyevin Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ilə görüşü üç ölkənin strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verməklə yanaşı, Cənubi Qafqazda proseslərin yönünü idarə etmək baxımından da əhəmiyyətlidir, xüsusilə Fransanın Ermənistanı silahlandırması planları fonunda.

Paşinyanın Parisə, Lekornunun İrəvana səfəri, ardınca erməni Baş nazirin Afinaya gedişi, Nikos Dendiasın Ermənistana gəlişindən sonra Fransadan silahların gətirilməsində Paris-Afina-Tbilisi-İrəvan marşrutu aktuallaşıb. Paris-İrəvan və Bakı-Ankara Tbilisini yanına çəkməklə həm də bu marşrut üzərində mübarizə aparır.

- Fransanın Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməsində silah marşrutunun Tbilisi dayanacağını təmin etmək məqsədi də var, yaxud gürcülərdən bunu da istəyəcəklər;

- Azərbaycan və Türkiyə regional əməkdaşlığı inkişaf etdirməklə Gürcüstanı bu marşrutda yer almaqdan imtinasına nail olmasını istəyir.

Nazirlərin də, Əliyevlə Kobaxidzenin də görüşündə regional sabitlik xüsusilə vurğulandı və mümkündür ki, hər iki müzakirədə Gürcüstana bölgənin sabitliyinin pozulmasında iştirak etməməsi mesajları çatdırılıb.

Bu prosesdə Tbilisi dilemma qarşısında qalır: bir tərəfdə Aİ-yə inteqrasiya, digər tərəfdə isə iqtisadi, enerji və təhlükəsizlik məsələsində real tərəfdaşlarla münasibətlər.

Bir də reallıqlar var: bir tərəfdə 2008-ci il təcrübəsi və Avropanın Tbilisiyə verdiyi vədlər, bir tərəfdə isə bu müddətdə Gürcüstanın iqtisadi və təhlükəsizliyinə ciddi töhfə verən Bakı-Ankara ikilisi;

Ukrayna müharibəsindən sonra Qərblə "yol getməyən" Qaribaşvilinin dəyişdirilməsi Tbilisinin Aİ-yə inteqrasiyada çox istəkli olduğunu göstərsə də, Bakıda verilən mesajlar Kobaxidze hökumətinin coğrafi reallıqları nəzərə alacağı gözləntisini yaradır.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- Region ölkələrində startapların inkişafına dəstək hansı vəziyyətdədir?

Araşdırmalar göstərir ki, ötən ilin yekununa görə bu sahədə üstün vəziyyət Qazaxıstan və Ermənistandadır.

Qazaxıstanda vençur fondları (VC) və yerli şirkətlər ötən il ərzində startaplara 80 milyon dollar investisiya yatırıb.

Crunchbase datasına görə regionun ən güclü vençur bazarı Qazaxıstanda cəmləşib. Son illər 5 dəfə artım olub bu sektorda. 20-dən çox VC fondları var. Dövlətin dəstəyi ilə innovasiya ekosistemin inkişafına kompleks yanaşma sərgilənir.

Gürcüstanın təkcə vençur bazarının dövriyyəsinin 21 milyondan çox olması, Özbəkistanın son illərdə  sürətlə irəli getməsi yetərincə diqqətçəkəndir.

Digər bir araşdırmaya görə, Ermənistanda yerli VC və yerli angellər tərəfindən maliyyələşmə 3 milyon dollar olsa da, erməni startaplara ötən il  toplam 216 milyon dollar investisiya yatırılıb. Daha çoxunu diaspora fondları ayırıb.

Crunchbase məlumatlarına görə, ötən il Azərbaycanda toplam VC və mələk investor yatırımı 2.2 milyon dollar olub.

Azərbaycanda hələlik cəmi bir vençur fond var. Bu da cəmi 15, o cümlədən, 3 yerli startapa investisiya edib.

Araşdırmadan görsənir ki, regionda Azərbaycanın ekosisteminin  inkişafı çox zəifdir, hələlik yalnız  Qırğızıstan və Tacikistanı üstələyə bilib.

Ümid edirəm ekosistemin inkişafına cavabdeh olan İRİA, KOBİA və ASAN da belə bir real vəziyyətin fərqindədir .

Fikrimcə, İRİA tərəfindən bu sahənin inkişafına xeyli resurslar ayrılsa da, görünür ki, səmərəlilik və effektivlik çox zəifdir.

Təəssüf ki, qurumun son hesabatında da vəziyyətin düzəldilməsi üçün komandanın ağlabatan bir yol xəritəsini görə bilmədik.

Düşünürəm ki, adı çəkilən qurumlar bir araya gələrək səylərini gücləndirməlidirlər.

 

Etibar Əliyev, millət vəkili:

- Dünyada yeni optimizmə ehtiyac var!

Azərbaycanda keçirilən 6 Beynəlxalq Humanitar Forum və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu dünyanın tanınmış simlarını yenə də bir araya gətirməklə yanaşı, həm də Bəşəriyyətin qarşısında duran ciddi mövzular ətrafında maraqlı diskussiyalar yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev Forumun Açılış mərasimində çıxışı zamanı haqlı olaraq söylədi ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Bakı Qlobal Forumundan əvvəl keçirilən Humanitar Forumlarda iştirak edən intellektualların, Nobel mükafatı laureatlarının nitqləri, onlarla keçirilən görüşlər olduqca böyük maraq kəsb etmişdi. Dünyanın sözə, yeni fikirlərə ehtiyacı var. Bu baxımdan ölkəmiz ədalətin və həqiqətin yanında olan şəxslərin fikirlərinin bütün dünyaya çatdırılmasnda maraqlıdır.

Bakı Qlobal Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışından: 

"XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir".

Azərbaycanın 20 faiz torpağı 30 ildən çox işğal altında qalıb. Ümummili liderimiz Heydər Əliyev və onun siyasi varisi Prezident İlham Əliyev münaqişənin Sülh yolu ilə həllinin tərafdarı olublar. Təəssüflər olsun ki, dünya bu çağırışlara biganə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin başçısı suverenliyimizin bərpasından sonra yenə də Sülh carçısı kimi çıxış edir. Parçalanmış dünyanın bərpasına çağırışlar edir. Bakıda keçirilən Beynəlxalq Forumların demək olar ki, hamısında dünyanın qarşılaşdığı ciddi problemlər müzakirə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda da qoyulan mövzular dünyanı düşündürən mövzulardır. Yəqin ki, Forumun materiaları ayrıca kitab şəklində çap olunacaq. Azərbaycan Prezidenti yüksək intellekual potensiala malik olan bir liderdir və Forumun nəhəng intellektual potensiala malik olması fikrini səsləndirməsi təbiidir. İntellektuallar intellekt ətrafında toplaşırlar. Gələcəyin necə seçilməsi ilə bağlı böyük alimlər tədqiqatlar aparırlar. Bakı Qlobal Forumu həm də qoyulan vacib mövzuların tədqiqatı kimi yadda qalacaq. Gələcək müasirliyə nüfuz etməyə başlayıb. Dünyanın yeni optimizmə ehtiyacı var. Böyük Dövlət adamı Vaslav Qavel deyirdi: "Optimizm dünyanın deyil, insan ruhunun vəziyyətidir. Dünyada horizontal baxışlar genişlənməlidir". Dünya parçalanmadan xilas olduqca insanların optimizmi də yüksəlir. Bunun Azərbaycan modeli də var. Torpaqlarımız işğaldan azad olunduqdan sonra hər birimizin gələcəyə optimizmi artıb. Azərbaycan artıq Qlobal miqyasda parçalanma mövzusu ətrafında möhtəşəm tədbirlərə ev sahibliyi edir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda vacib bir məqama da aydınlıq gətirdi: "Fransanın Evian şəhərində Natəvanın heykəlinə vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifqında Azərbaycanı  cəzalandırmaq cəhdlərinin uğursuz olması idi". Həqiqətən də Fransa dərin mədəniyyət və siyasi böhran yaşayır. Makronun başına yumurta açırpırlar, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktından sonra "Luvr" muzeyində yer alan Mona Liza tablosunun üzərinə şorba atırlar. Dünyanın ən məşhur, ən bahalı, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən sənət əsəri də bu ölkədə təhqir olunur. Belə görünür ki, bəzi ölkələr həm də mədəniyyət böhranı yaşayırlar.

Azərbaycan artıq dünya sivilizasiyasının bir parçasıdır: dünyaya hər zaman öz mədəniyyətimizi nümayiş etdirmişik və bunun müqabilində adekvat hərəkətlər gözləmişik.

Forum bir daha göstərdi ki, Dünyamızın firəvan gələcəyi naminə faydalı fikirlər  Azərbaycanda müzakirə olunur.

 

Səadət Məmmədova, jurnalist:

- Rəqib komandanı təntənə ilə qarşılamaq hər igidin ləyağı döyül.

Tovuzluların "Qarabağ" FK-nı qarşılama tərzi çox xoş və təqdirəlayiqdir.

"Qarabağ"ın Azərbaycan üçün etdiklərinin fərqində olduğuna görə rəqibə təşəkkürlər...

 

Vüqar Bayramov, millət vəkili:

- Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Sözügedən Parlamentdə "Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı dünən qəbul edilən yeni qərəzli qətnamə sözügedən qurumun ölkəmizə ikili münasibətini bir daha təsdiq etdi.

Qətnamədə siyasi etik normalardan kənara çıxan təhqiramiz ifadələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid etmə cəhdlərinin olması qurumun ölkəmizə qarşı qərəzini aydın şəkildə göstərir.  Unutmayaq ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür.

Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarına kölgə salır, həmçinin regionda Avropa dəyərlərinə ciddi zərbə vurur. Dəyərləri qorumaq lazımdır, cənablar.

 





19.03.2024    çap et  çap et