525.Az

Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır


 

Kamil Vəli Nərimanoğlunun son arzuları - <b style="color:red"> Əli Şamil yazır</b>

İlin axır çərşənbəsi Torpaq çərşənbəsi adlandırılır. Həmin gün dünyadan köçənlərimizi torpağa tapşırdığımıza görə onların qəbri üstünə gedir, ruhlarını yad edirik. Özümüzü müsəlman adlandırsaq da, ənənəyə bağlı yaşayırıq. Mərhum professor dr. Kamil Vəli Nərimanoğlu da ənənəmizlə sıx bağlı, onu yaşadan və təbliğ edən bir insan idi. 2023-cü il dekabrın 16-da dünyadan köçdüyünə görə ailəsi, qohumları, dostları, tanışları martın 19-da qəbir üstünə gedib onu yad edəcəklər. Mən də Kamil Vəli Nərimanoğlunun xatirəsini yad etmək üçün onunla son görüşlərimi oxucularla bölüşürəm.

Səs yaddaşım zəif olduğundan zəng vuranın kim olduğunu adətən telefonun ekranındakı yazıdan bilirəm. Kamil Vəli Nərimanoğlunun ad və soyadını oxuyanda səsimdə bir dəyişiklik yarandı. Xoş əhvali-ruhiyyə ilə "nə var, nə yox" elədik. Bakıya nə vaxt gələcəyini xəbər aldım. "3-4 gündür Bakıdayam. Fatma xəstə olduğundan başım ona qarışıb" - dedi.

Allahdan şəfa dilədim və mətləbə keçdim:

- Nə vaxt görüşə bilərik?

- Onun üçün zəng vurmuşam. Havalar yaxşıca soyuqdur. Xəngəl mövsümüdür. Göyçəlilər də xəngəlsiz keçinə bilmir. Üzeyir Hacıbəyov və Fikrət Əmirov küçələrinin kəsişdiyi yerdə dərbəndlilər bir xəngəlxana açıb. Sabah saat altıda orada görüşək. Bax gör dərbəndlilər necə xəngəl bişirir.

Zarafatla:

- Kamil müəllim, - dedim - yeri düz evinizin yanında seçibsiniz, xeyiri də Fatma xanımın qohumlarına verirsiniz.

Ürəkdən gülərək:

- Bu qoca vaxtımızda necə olmalıdır ki? - dedi və əlavə etdi: - Arvad qohumlarımı diqqətdən kənar qoyduğuna görə səni bərk danlayacam. Nazir Əhmədlinin "Dərbənd şəhərinin kameral təsviri" kitabının nəşrindən üç il keçir. Amma indiyədək dərbəndliləri bir yerə yığıb o kitabın təqdimetməsini keçirməmisən!

- Mənim tənbəlliyimdən olmayıb. Tanıdığım dərbəndlilərlə dil tapa bilməmişəm. Məmmədkazım Ələkbərlini (söhbət ədəbiyyatşünas, Azərbaycan Yazıçılar İttifaqının sədiri işləmiş, 1937-ci il repressiyasının qurbanından gedir) qardaşı oğlu nüfuzlu bir liseyin direktorudur. Liseydə geniş toplantı salonu da var. İki dəfə mövzunu ona açdım. O da Bakıdakı dərbəndlilər dərnəyinin rəhbərləri ilə danışmağı məsləhət gördü. Onlar da bu işi rəsmi qurumların görməsini istədilər. Əlim rəsmi qurumlara çatmadı. Dərbəndlilər də bir yerə toplanmadılar. Beləcə istəyimizi reallaşdıra bilmədik,  - dedim.

Kamil müəllim:

- Seçimi düz etməyibsən, qaynımın oğluna desəydin, dərbəndliləri bir yerə toplayardı" - cavabını verdi və əlavə etdi -  Bu məsələni sabah geniş müzakirə edərik.

Sabahısı gün şərtləşdiyimiz xəngəlxanada görüşdük. Müştəri az olduğundan rahat söhbət etməyə imkan vardı. Kamil Vəli Nərimanoğlu söhbətə telefonda yarımçıq qoyduğu məsələ ilə başladı:

- Qarabağ məsələsi uğurla başa çatandan sonra Azərbaycanın ən önəmli məsələsi Dərbənddir. Dərbənd strateji məsələdir. Aydınlarımız da, iş adamlarımız da, ticarətlə məşğul olanlarımız da Dərbəndə diqqəti artırmalıdır.

Dərbənd mövzusunda yarım saata yaxın söhbət etdik. Qərara gəldik ki, sabah yenidən görüşək. Nazir Əhmədlini də dəvət edək, "Dərbənd şəhərinin kameral təsviri" kitabından bir neçəsini gətirməsini xahiş edək, Kamil müəllim də kitabları dərbəndlilərə paylasın.

Sonra söhbətin mövzusu dəyişdi. Onun Bakıya birdəfəlik qayıtmaq fikrində olub-olmamasını xəbər aldım. Bakıya budəfəki gəlişində məqsədi vətənə dönməyi planlaşdırmaq olduğunu bildirdi. Dedi ki, dost-tanışla görüşüb məsləhətləşəcək. Münasib şərait olsa, elmi fəaliyyətini burada davam etdirəcək. İstanbuldan Bakıya köçməsinin vacibliyi haqqında mən də bəzi fikirlər söylədim.

Həmin axşamkı söhbətimizin əsas mövzusu Bakıda çap olunan kitablar və gənc alimlər, onların yaradıcılığı oldu. Kamil müəllim İstanbula işləməyə gedəndən sonra Bakıdakı elmi mühitlə əlaqəsi zəifləmişdi. Buna görə də həmişə ona Bakıda nəşr olunan kitablardan, toplantılardan söhbət etməyimi istəyirdi. Diqqətini çəkən kitabların çoxunu özü alıb Türkiyəyə aparırdı. Kitaba, kitabları aparmaq üçün təyyarəyə pul verməyə qızırğalanmırdı. Bəzən əldə edə bilmədiyi kitabları mənim tapıb göndərməyimi xahiş edirdi. Poçt və karqo xidməti baha olduğundan heç vaxt məni xərcə salmırdı. Bərk-bərk tapşırırdı ki, İstanbula elmi toplantılara gələnlərlə göndərim, ya da özünün tanıdıqlarına deyirdi ki, məndən kitabı alıb aparsınlar.

Kamil müəllim eşidəndə ki, Seyfəddin Altaylı İzzəddin Həsənoğlunun "Kitab-i siretün-nebi" adlı məsnəvisini çap etdirib, heyrətləndi. Bir az da şübhə ilə yanaşdı. Kitabın "Altınorda" yayım evində çap edildiyini, latın əlifbası ilə 934 səhifə olduğunu deyəndə bir az duruxdu və "Fatma bacı yalnız mənim deyil, o tay-bu tay Azərbaycanda yaşayan alimin də, tələbənin də, siyasətçinin də, şair və yazıçının da, müalicəyə gedənin də əziyyətini çox çəkib. Borcumdur gedib bir fincan qəhvəsini içək. Seyfəddinlə də dərdləşək" dedi. Onun dediklərinin arxasında "gedək İzzəddin Həsənoğlunun "Kitab-i siretün-nebi" əsərini əlimə alım, özüm bir diqqətlə gözdən keçirim" fikri dururdu.

Söz verdim ki, Seyfəddin Altaylıya zəng vuraram, yaxın günlərdə onlarda görüşərik.

Ondan ayrılanın sabahısı günü Seyfəddinə zəng vurdum. Kamil Nərimanoğlunun Bakıda olduğunu və onlara gəlmək istədiyini söylədim. Seyfəddin də bazar günü görüşməyi münasib saydı.

Səhərisi gün Nazir Əhmədli ilə birlikdə dərbəndlilərin xəngəlxanasına getdik. Nazir bəy son illərdə nəşr etdirdiyi kitablardan gətirmişdi. Kamil müəllim Nazir bəyə kameral təsvirlər kitablarını öz vəsaiti ilə nəşr etdirdiyinə, arxivlərdən sənədlərin üzünü almaqda göstərdiyi bacarığa görə təşəkkür etdi. Söhbətin çox hissəsi Kamil müəllimlə Nazir Əhmədli arasında oldu.

Nazir Əhmədli Gürcüstan arxivlərində işləməyə icazə ala bilmədiyindən, Gürcüstanın və Azərbaycanın rəsmi dairələri ilə yazışmalarından danışdı, bürokratik əngəllərdən xeyli gileyləndi. Kamil müəllim də gülərək: "Dünyanın işinə bax, Ermənistanla savaş şəraitindəyik, buna baxmayaraq, Nazir Əhmədli oradan bütün mahalların kameral təsvirlərini əldə edərək 15 kitab nəşr etdirə bilir, amma müqaviləmiz olan, dost saydığımız Gürcüstanın arxivləri ona işləməyə şərait yaratmır. Nazir bəy də məcbur qalıb üçüncü ölkənin vətəndaşının əli ilə ona lazım olan arxiv sənədlərinin surətini alır", ? dedi. Mən də gülümsəyərək: "Kamil müəllim, çobanın könlü olsa, təkədən pendir tutar", ? dedim.

Kamil müəllim kameral təsvirləri gözdən keçirə-keçirə yenə Dərbənd mövzusuna qayıtdı. Nazir Əhmədliyə bir daha təşəkkürünü bildirdi. Dedi ki, yazılarını "Millət" qəzetində maraqla oxuyurdum. Yazılarında tərəfkeşlik görmürdüm. Milli məsələdə çox qətiyyətli və sərt mövqe tutursan. Qarabağ problemi artıq başa çatıb. İndi əsas məsələmiz Dərbənddir. Strategiyanı düzgün müəyyənləşdiribsən və məsələni vaxtında gündəmə gətiribsən. Birinci Bakıda olan dərbəndliləri toplayıb kitab haqqında bilgi vermək gərəkdir. Çoxları bu məsələyə vaxtı çatmamış bir iş kimi baxa bilər. Qoy baxsınlar. Bir zamanlar Rusiya işğalından azad olacağımıza, Qarabağın erməni quldurlarından təmizləyəcəyimizə də inamsız yanaşanların sayı çox idi. Lakin zaman bizim xeyrimizə işlədi. Aydınlarımız, milli mübarizl?rimiz də bütün varlıqları ilə işə girişdilər və ideyalarını gerçəkləşdirdilər. Əminəm ki, yaxın gələcəkdə Dərbənd məsələsini də həll edəcəyik.

Nazir müəlim də Dərbənd şəhərinin son iki yüz ildə necə dəyişildiyindən söz açdı. Qərarlaşdılar ki, kitabın tanıtmasını sürətləndirsinlər və hər yerdə, imkan düşdükcə bütün məclislərdə bu məsələ gündəmdə saxlanılsın. Sonra da Kamil müəllim zəng vurub qaynının oğlunu çağırdı. Bizimlə tanış edərək dedi: "Sizin ən yaxın köməkçiniz Elçin olacaq. Kitabın tanıdılmasında və Dərbənddə rus dilində nəşrində əlindən gələni əsirgəməyəcək".

Elçin bəyin işi olduğuna görə kitabları da götürüb getdi və razılaşdıq ki, sonra rahat bir vaxtda görüşək.

Sonra söhbət Kamil müəllimin planlarının üstünə gəldi. Bildirdi ki, 2026-cı ildə Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi tamam olur. Onun rəhbərliyi ilə bu mövzuda 10 cildlik kitab hazırlayaq. Bu kitablarda mənim işim Qurultay iştirakçılarının haqqında ensiklopedik məqalələr yazmaq, eləcə də Qurultay günlərində iştirakçılardan yaradılmış kommunist dəstəsinin fəaliyyəti, Bakıdan Stalinə, Mikoyana göndərilmiş məktub və teleqramları toplamaq olsun.

"Kitabi-Dədə Qorqud" ensiklopediyası"nın hazırlanmasından 30 ildən çox keçir. Ötən müddətdə Qorqudşünaslıq sahəsində çox yeniliklər olub. Onları da əhatə edən üçcildlik "Kitabi-Dədə Qorqud ensiklopediyası" hazırlayaq.

- Kamil müəllim, deyəsən, yeni enerji ilə işə başlamaq istəyirsiniz. Bu layihələri həyata keçirməyi planlayırsınızsa, mənə bel bağlamayın. Yaşım 75-i keçib. Çalışıram yarımçıq yazılarımın əl-ayağını bir yerə yığım və Milli Azadlıq Hərəkatı ilə bağlı xatirələrimi sənədlər əsasında yazım. Yaxşı olar, sizin komandaya gəncləri cəlb edək. Sizin planlarınızı həyata keçirməyə ancaq onların ömrü və enerjisi çatar, - dedim.

Kamil müəllim gülümsəyərək:

- Sən həmişə beləsən. Çətini bir işi boyuna qoymaqdır. Boynuna qoyandan sonra onu vaxtında yerinə yetirəcəksən. Ətrafına da bu sahənin uzmanlarını toplayacaqsan. Gənclərlə əlaqən yaxşıdır. Onlar da sənin sözündən çıxmazlar. Əl-ələ verib hazırlayarıq, - dedi.

Təklif etdim ki, Dədə Qorqud ensiklopediyasının hazırlanmasına Asif Hacıyevi də dəvət etsin. Kamil müəllim: "Asif müəllim yaxın dostumdur, Allah rəhmət eləsin, atası Abbas müəllimi də tanıyırdım" deyəndə gördüm ki, o da bəziləri kimi eyni ad və soyadlı araşdırıcılarımızın yazılarını bir-birindən ayıra bilmir. Məsələyə aydınlıq gətirmək üçün dedim: "Kamil müəllim, görünür, siz borçalı Asif Hacılı ilə şirvanlı Asif Hacıyevi qarışıq salırsınız?" Təəccüblə üzümə baxdı və dedi:

- "Kitabi-Dədə Qorqud"un şərhli oxunuşu ilə bağlı məqalələri yazan Abbas müəllimin oğlu Asif deyilmi?

- Kamil müəllim, sizin oxuduğunuz məqalələrin yazarı Şirvan bölgəsindən, İsmayıllıdan olan Asif müəllimdir. O, Asif Hacıyev (Şirvanelli) imzasıyla yazır. Abbas müəllimin oğlu, sizin dostunuz rus ədəbiyyatı mütəxəssisi olsa da, mən onun Axısqa türkləri haqqında yazdığı məqalələri və nəşr etdirdiyi kitablarını daha həvəslə oxuyuram. Görünür, onun "Bayatı poetikası", "Mifopoetik təfəkkür fəlsəfəsi", "Quranı Kərim rus ədəbiyyatında" kitabları və bu mövzuya yaxın məqalələri sizdə belə bir fikir yaradıb ki, "Kitabi-Dədə Qorqud"dan, dilimizin tarixindən yazan Asif Hacıyevdir. Abbas müəllimin oğlu Asif 30 ilə yaxındır "Hacıyev" imzasından istifadə etmir, Asif Hacılı imzası ilə yazır. Asif Hacıyev imzası ilə son otuz illikdə yazan şirvanlı Asif müəllimdir,  ? dedim.

Kamil müəllim heyrətlə:

- Necə olub ki, mən onların yazılarını qarışıq salmışam? Necə olub ki, mən dilimizin tarixindən yazan Asif Hacıyevi tanımamışam? ? dedi. Mən:

- Kamil müəllim, Asif Hacıyev çox təvazökar, başını aşağı salıb araşdırmalar aparan sakit bir araşdırıcıdır. Onu simpoziumlara, elmi toplantılara cəlb etmək də o qədər asan deyil. Özünün də bu işlərə həvəsi yoxdur. Düşünür ki, səfərə çıxmaq, xarici ölkələrdə keçirilən elmi toplantılara qatılmaq, onlara yeni qaydalara uyğun məruzələr hazırlamaq vaxt itkisidir. Bir də siz Asif Hacıyevin məhsuldar işlədiyi vaxtda Bakıda olmadınız. Görünür, ona görə yadınıza sala bilmirsiniz.

Kamil müəllim təklif etdi ki, şirvanlı Asif müəllimi dəvət edim, bir yerdə oturub çörək yeyək və "Kitabi-Dədə Qorqud" enskilopediya"sının hazırlanmasını planlaşdıraq. 

Elə həmin axşam evə gələndə Asif Hacıyevə zəng vurub Kamil müəllimin onunla görüşmək istədiyini söylədim. O, Kamil müəllim haqqında xeyli xoş sözlər söylədi və razılığa gəldik ki, səhərisi gün işdən çıxanda ona da münasib olan dərbəndlilərin xəngəlxanasında görüşək.

Kamil müəllim Asif Hacıyevi görəndə

 gülərək:

- Asif bəyi tanıyıram. Amma əsərlərini qarışıq salmışam - dedi.

Asif müəllim son illərdə nəşr etdirdiyi "Dədə Qorqud Kitabı"nın şərhli oxunuşuna həsr etdiyi 4 cildlik kitabına avtoqraf yazaraq Kamil Vəli Nərimanoğluna bağışladı. Kamil müəllim də kitabları səhifələyə-səhifələyə xoş sözlər söyləyir, hərdən də suallar verirdi. Söhbətləri o qədər şirin keçirdi ki, az qala, yeməyi də, mənim orada olduğumu da unutmuşdular.

Razılığa gəldilər ki, Asif müəllim "Kitabi-Dədə Qorqud ensiklopediyası"nın hazırlanmasında fəal iştirak etsin. Təklif etdim ki, Kamil müəllim Dilçilik İnstitutunda, universitetlərin dilçilik kafedralarında da olsun, köhnə tanışları ilə, gənc alimlərlə görüşsün, müzakirələr aparsın. O, fikrimi bəyəndi. Dedi ki, bir aya yaxın Bakıda olacağam, sonra İstanbula dönərək oradakı işlərini sahmana salıb geri qayıdacağam.

Kamil müəllimin Bakıya qayıtmaq istəyi mənim də ürəyimdən oldu. Düşündüm ki, İstanbulda oturmaqla Bakıdakı qrupla birlikdə 10 cildlik Birinci Türkoloji Qurultayın materiallarını, üçcildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nı hazırlamaq  çətin olar. Beləcə xoş əhvalla ayrıldıq.

2024-cü il noyabrın 12-də Seyfəddin Altaylıgilə getdik. Kamil bəy Fatma xanıma dedi ki, bacım, çoxdandır qəhvənizi içməmişəm, ona görə gəlmişik. Fatma xanım: "Xoş gəlib səfa gətiribsiniz, çoxdandır görməmişdik, sağ olun ki, Bakıda da görüşdük. Öncə oturub biraz söhbət edin, yemək hazırlamışam, yeyin, sonra qəhvənizi içərsiniz" dedi.

Dəfələrlə Seyfəddinin Ankaradakı evində görüşmüş, süfrə başında Fatma xanımın bişirdiyi ləzizli xörəkləri yeyərkən Türk dünyası ilə bağlı söhbətlər etmişdik. Kamil bəy Seyfəddinin Bakıda müəllim işləməyinə çox sevindiyini bildirib:

- Biz yeni nəsilləri Türk birliyinə inandırmasaq və bu ideya ətrafında cəmləşdirməsək, gələcəyimiz Allah eləməsin, təhlükə ilə üzləşər. Artıq Azərbaycan otuz il öncəki Azərbaycan deyil. Nə olsun ki, mən müxalifətdəyəm, ancaq adamın üstündə Allah var, gərək düzünü deyəsən. - dedi və daha sonra əlavə etdi, - Siz İzzəddin Həsənoğlunun irsini işıqlandırmaqla böyük bir iş gördünüz. Çap etdirdiyiniz əsər türk dilinə və ədəbiyyatına böyük töhfədir. Bu cür işlər türk birliyinə gedən yolda yeni nəsillərə milli şüur aşılamaqda əvəzsiz kömək edir, çox sevindim. Bəs belə bir əsəri nə cür və hansı yolla tapıb xalqımıza əvəzsiz töhfə verdiniz? 

Seyfəddin dedi:

- Bir zamanlar Kültür Bakanlığında işləyən bir dostum vardı. 2009-cu ildə o, əlyazmanı Finlandiyadan gətirdi. Diqqətlə gözdən keçirdim. Düzünü deyim cismim orda idi, ancaq ruhumda həyəcan təlatümləri yaranmış, hardasa özümü itirmiş kimi idim. Dostum əsəri Türk Dil Qurumuna bağışladı. Təqaüdə çıxıb altı ay qədər Ankarada qaldım. Əlyazmanı diqqətlə oxuyub incələdim.

2015-ci ildə Bakıya gəldim. Avrasiya Universitetində işləməyə başladığımdan əlyazmadan bir az aralı düşdüm. Ankaraya qayıtdıqda Türk Dil Qurumuna gedib məsnəvinin elektron variantını götürdüm. Geri döndükdə akademik İsa Həbibbəyli ilə görüşüb məsələni dedim və əsər üstündə doktorluq dissertasiyası kimi işləmək arzusunda olduğumu bildirdim. O da sağ olsun, kömək oldu və həm dissertasiyanı hazırladım, həm də əsər üstündə intensiv işlədim. Bunu da deyim ki, Türkiyədə, Macarıstanda və Almaniyada həmin əsərin nüsxələri var, ancaq nöqsandılar. Türkiyənin müəyyən kitabxanalarında bəzilərinin baş hissəsi, bəzilərinin də sonluqları itib və onlar fərqli adlar altında qeydə alınıb.

Kamil bəy Seyfəddinin dediklərini görkəmli bir alimin sakitliyi ilə dinləyirdi. Nə qədər şad olduğu sifətinin cizgilərindən aydın başa düşülürdü.

Saatların nə cür gəlib keçdiyinin fərqinə vara bilmədik, çünki axşam olmuşdu. Fatma xanımın bişirdiyi türk qəhvəsini nəşə və ürək xoşluğu ilə içdik, icazə istəyib ayrıldıq. Heyiflər olsun, görüş o qədər maraqlı idi ki, bir foto çəkdirməyi də unutduq.  

Kamil Vəli Nərimanoğlu ilə ilk görüşdən sonra tanıdığım araşdırıcılara zəng vurub xahiş etdim ki, iş yerlərində Kamil müəllimlə görüşlər təşkil etsinlər. Belə qərara gəldik ki, Kamil müəllimi iş yerlərinə dəvət etsinlər. Otaqlarında beş-üç nəfərlə birlikdə çay içib söhbətləşsinlər. Kamil müəllimlə görüşmək və söhbət etmək zəng vurduğum araşdırıcıların hamısı üçün xoş idi.

Kamil müəllim bir neçə elm ocağında oldu. Səmimi və işgüzar söhbətlər apardı. Bəziləri ilə də kafelərdə görüşdü. Düşünürdüm ki, Kamil müəllim bu enerji ilə işə başlayıbsa, azı 90 il ömür sürəcək, panlarını həyata keçirəcək. Çox heyif ki, elə olmadı. Dekabrın 16-da səhər tezdən xəbər tutdum ki, Kamil Vəli Nərimanoğlu gecə ürək tutmasından dünyasını dəyişib.

Dəfnə məsləkdaşlarının əksəriyyəti gəlmişdi. Amma köhnə iş yerlərindən gözümə dəyən olmadı. Onu Mehdiabaddakı qəbiristanlıqda torpağa tapşırdıq.

İçimdə bir inam var ki, gənclər Kamil müəllimin arzularını reallaşdıracaqlar.

 

 





19.03.2024    çap et  çap et