525.Az

İmdad Afşar... - Ulduz Qasım yazır


 

İmdad Afşar... - <b style="color:red"> Ulduz Qasım yazır</b>

Söz adamlarına, yazarlara, sözün gözəlliyini, qiymətini bilənlərə, onun oduna yananlara hörmətim bir başqadır... İnsanın düşüncələrini, sevincini, kədərini, Vətənini, təbiətin sonsuz gözəlliklərini anlatmaq böyük  istedad, hətta deyərdim ki, Allah vergisidir...

İlk tanışlığımız telefonla oldu İmdad Afşarla. Sanki çoxdandır bir-birimizi tanıyırmışıq kimi gəldi mənə. Sadə və mehriban danışığı təvazökar kimliyini  göstərirdi. Sonra İstanbulda “Qürbət Zöhrəsi” kitabımın təqdimatında görüşdük.

Yazarlar, şairlər başqalarından fərqlənirlər. Dünyaya baxışlarından, insanlarla ünsiyyətlərindən, düşüncələrindən... Bəzən adi insanların görmədiklərini görürlər. Təbiətdəki gözəllikləri, rəngləri, göy üzündəki ulduzları, ayı...

İmdad Afşar adamla danışanda da sanki haralardasa olur. Hansısa gözəllikləri fikirləşir. Hekayələrini, şeirlərini yazır. Kiminsə gözəlliyi, kiminsə kədəri onu uzaqlara aparır...

İslaq saçlarını sərən şəhərin,

Suda düyünlənən iki yaxası.

Gözlərində solan o itmiş rənglər,

Və yağmur əyirən küçə lampası,

His içində... his içində...

 

Uzaq iqlimlərdə susduqca günəş,

Ayı göy üzünə sən yasaqladın.

Ayaqdan asılı qalan “Zöhrə”tək,

Köksünə acılar yeridən qadın,

Sis içində... sis içində...

 

Söksən içindəki qəm çadrını,

Bahar yağmuruna bürünsən sərin.

Niyə baxışların dərdə qərq olmuş,

Matəm havasını çalan gözlərin,

Yas içində... yas içində...

 

Zülmətə adanmış nəğməni susdur,

İşıqlı gözlərlə dindir gecəni...

İçində dərdlərə yas ağacı qur,

Eşqə kölgə salan hər düşüncəni,

As içində... as içində...

 

Bilmirik sonunu, nədir yazımız,

Yenilmə ölümlü hər bir çağrıya.

Yeni dünyamızda göyərt bu eşqi,

Üsyankar gözlərlə baxma Tanrıya,

Sus  içində... sus içində...

 

Üsyankar gözlərlə baxma Tanrıya, sus içində, sus içində... Gözəl deyimdir, gözəl çağırışdır. Şairlərin təbidir insanlara çağırış etmək...

Bir bahar günündə dünyaya gəlib İmdad bəy. 1967-ci ilin may ayının  beşində. Çiçəklərin, güllərin dünyaya göz açdığı, səmaların ulduzlarla  dünyaya işıq saçdığı bir zamanda. Bəlkə elə buna görədir təbiətə vurğunluğu... Kırşəhərin Kaman köyündə. İlk təhsilini də, universitet  təhsilini də elə orda bitirib. Kırşəhər Eyitim Universitetini bitirdikdən sonra Malatyada, Ərzurumda  müəllimliyə başlayıb. Lap ucqar kədlərdə, dağlıq yerlərdə. Özü də  birincilərlə başlayıb. Həm də özü seçib kimsənin məşğul olmaq istəmədiyi birinciləri. Özünün də dediyi kimi, bütün təhsil ilk gündən, ilk sinifdən başlayır. Gərək uşaqlara həm hərfləri, həm yazını, həm də dili doğru öyrədəsən. Təməldi birincilər, əllərindən tutub ilk hərfi yazdırmaq, öyrətmək insana ayrı sevinc, ayrı hiss bağışlayır. Onlar öz uğurlarına sevinəndə, ilk hərflərini yazanda, ilk cümlələrini quranda uçmağa qanadları olmur. Bilirsiniz o anda nə gözəl mənzərə, nə gözəl tablo durur qarşınızda. Bütün zəhmətini, bütün ağrılarını unudursan. Onlarla birgə  göylərin yeddinci qatına qalxırsan. Unudursan bu keşməkeşli həyatı. Özün olursan, tək qəlbində sevinc olur... Mənim ürəkdən sevindiyim o anlarda olub həyatımda.

Bir uzaq dağ kəndində qarşılaşdığın nə varsa “boş ver” deyirsən. Buna dəyər, deyirsən... Fikirləşirsən yaxşı  ki, bu peşəni seçmişəm, nə yaxşı  məni belə bir ucqar kəndə göndəriblər. O anda hər şeyi unudub onlarla birgə sevinirsən, onlar birgə dadını çıxarırsan zəhmətinin bəhrəsinin... “Hələ də bəzən gözümü yumanda o anları xatırlayıram. Necə olursa-olsun, hansı vəziyyətdə oluramsa-olum gülümsəyirəm. Yaxşı ki müəllimliyi seçmişəm deyirəm. Mənə çox şey verdi. Ucqar kəndlərdə  işləməyim, ordakı insanlarla  qarşılaşmağım. Onlardan çox şey öyrəndim. Əsərlərimin ana vətəni olan o yerlərdən. Yaşayışları, xarakterləri, mənlikləri, adi və sadə insanların  qürurları rəng qatdı həyatıma. Bir də orda gördüklərim mənim bir yazar  olmağıma çox, həm də çox kömək etdi. Sanki o məğrur xarakterlər məni  yazmağa məcbur etdi. “Məni yaz, məni yaz” deyə qarşımda durdular. Bir çox hekayələrimin qəhrəmanları  həmin ucqar dağ kəndinin sakinləri, şagirdlərimdir... Onların hər birinin  fərqli dünyasıdır. Hərəsinin öz nağılı  olan dünyasıdır...”

Təhsilini davam etdirən İmdad Afşar 1999-cu ildə Fırat Universitetinin Sosyal bilimlər enstit üsündə yüksək lisansını tamamladı və İğdır bölgəsinə maarif müfəttişi olaraq işə başladı. Yenə məktəblərlə, şagirdlərlə  təmasda olmağı ürəyindəndi. Deyir ki, hər dəfə də məktəblərə gedəndə birincilərlə maraqlanır, onları dindirirdim...

“Uşaqlar bahar fəsli kimidir. Onları açmaq istəyən qönçələrə bənzədirəm.  Balacaların olduğu yer gül baxçasıdı  sanki. Ordan bir məsumluq, bir gözəllik, təmizlik duyursan ancaq. Sanki nağıl aləminə düşürsən. Hələ heç bir pisliklərə bulaşmayan, məsum uşaqlarla birgə gözəlliklər dünyasına səyahətə çıxırsan. Hər şeyi unudursan. Ruhun dincəlir. Sən də onların yerində olmaq istəyirsən. İçindəkiləri unutmaq, uşaqlaşmaq fikrinə düşürsən. Uşaqların sehri bambaşqadır. Doğrudan, kim o sehrə düşürsə, çıxa bilmir, çıxa da bilməz. Buna görə də onları həqiqətən də sevmək lazımdır. Onların əlindən tutmaq, doğru yola aparmaq, doğru yönəltmək lazımdır. O anda onların ürəyində nə əksən, onu görərsən, onu dərərsən. Gül əksən gül dərərsən, tikan əksən, tikan biçərsən. Bilirsiniz, onların nə maraqlı dünyası var. Əgər dindirsəniz, dinləsəniz, valeh olarsınız. Mən bunu hər zaman edirəm və hiss etdiklərim sətirlərə tökülür, şeir olur, hekayə olur...”

İmdad Afşar gözəl şair, yazar olduğu kimi, həm də istedadlı tərcüməçidir.  Məncə, bu da onun Türk dilini gözəl bilməsindən irəli gəlir. Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü olan  tərcüməçi demək olar ki, bütün türkdilli xalqların yazarlarının əsərlərini tərcümə edir. Həvəslə, məsuliyyətlə. Sadalamaq uzun olardı. Məncə, Azərbaycanın ədəbi aləmi onu yaxşı tanıyır.

İlk şerini orta məktəb illərində yazmağa başlayan İmdad Afşar bir çox əsərlərin, kitabların müəllifidir. “Niyə yazıçı oldunuz, siz gözəl müəllimsiniz” sualına belə cavab  verdi:

- Müəllim olmasaydım, heç yazar da olmazdım, bəlkə. Məni yazar o məsləyi seçməyim etdi əslində.  Ordakı insanları yaxşı öyrənməyim, iç-içə olmağım məcbur etdi. Bir də ətrafımızda baş verənlər. Haqsızlıqlar, Vətənimin mərhəmətinə, gözəlliyinə,  irəlləyişinə göz yumanlar.  Yolumuzun üzərinə daş qoyanlar. Haqqı qoyub, nahaqqı danışanlar.  Zorakılıqlar, belə bir əsirdə acından, susuzduqdan ölənlər, başqasının torpaqlarına göz dikənlər. Hansın deyim ki...

Hal-hazırda Türk ədəbiyyatı dərgisinin genel yayım yönəltməni  olan İmdad Afşarın Qarabağla bağlı əsərləri fikirləri də az deyil. Özü dediyi kimi, Azərbaycanı və azərbaycanlıları çox sevir. Onun da qəlbini hüznləndirdi, ağlatdı Qarabağda baş verənlər. O dəhşətli Xocalı soyqırımından sonra “Xocalıda qalan tar” əsərini yazdı. Bir türk kimi, bir yazar kimi, qara bağladı əsərləri. Bu acıni indiyə kimi də unutmur, unuda bilmir. Söhbət zamanı təkrar-təkrar o günlərə qayıtdı. Xain düşmənin türklərə vurduğu ən ağır zərbələrdəndir dedi Xocalı qətliamı.

Səyahəti, şəhərləri, ölkələri gəzməyi çox sevir İmdad bəy. Təbiətlə baş-başa qalmağı, orda baş verənlərin  seyrinə dalmağı çox sevir. Bir çiçəyin açması, bir yarpağın böyüməsi, bir  böcəyin hərəkətlərini, bir sözlə,  Allahın bizlərə bəxş etdiyi  gözəlliklərə baxmaqdan doymur. Dənizi, onun haldan-hala düşməsini, köksünün necə qabarmasını, nəsə demək istəməsini, qəlbində bizlərə hələ də çox bəlli olmayan dünyasını  anlatmağa çalışdığını öyrənir. Bir də dağları çox sevir. Əzəmətli, qürurlu dağları. Qəlbində dünyalar qədər sirr saxlayan, çəmənləri lalələrlə, nərgizlərlə bəzənən, başı dumanlı, çənli  dağları... Mənim Türk ölkələrinə bənzətdiyim zirvələri...

Bir də Dilbilgəni çox sevir - nəvəsini...

 





19.03.2024    çap et  çap et