525.Az

Əziz şəhər, mehriban diyar - Bakı


 

Əziz şəhər, mehriban diyar - <b style="color:red"> Bakı</b>

Aleyna Malkoç

 

Türk sevgisi, türkçülük sevgisi həmişə beynimdə, qəlbimdə olub. Amma düşünürəm ki, bu sevginin peşəyə və sistemli həyat tərzinə çevrilməsi mənim 19 yaşım olanda Qazaxıstana səfərimə təsadüf edib. O yaşda Türküstan coğrafiyasına çətin səyahət etmək, Əhməd Yəsəvi Universitetində 1 ay qonaq türkologiya tələbəsi olmaq və Özbəkistanı görə bilmək xoşbəxtliyi yaşadım. Bu, mənim üçün tamamilə yeni və sonsuz üfüqlər açdı. Türklərin geniş çölləri, müxtəlif xalqları, müxtəlif dialektləri məni valeh etdi. Çox sevdiyim Nəvainin dediyi kimi: “Türklərin yurdlarına, türk dillərinə daldığım zaman mənə on səkkiz min dünyadan yüksək bir dünya göründü”.

Qazax, özbək, qırğız, azərbaycanlı, qaraçay kimi soydaşlarımız arasında çoxlu dostluq qazanmağım məndə həm onların həyatına, həm də dilinə böyük maraq və həvəs oyatdı. Mədəniyyət sahəsinə girəndə ilk öncə ədəbiyyatı, musiqini araşdırmaq həvəsim güclü idi, ona görə də bütün Türk Dünyasının şeirlərini, mahnılarını, insanlarını çox qısa bir zamanda mənimsəməyə çalışdım. Türkoloq, vətən qızı olmaq, daim türkün yolunda, türklüyə xidmət etmək arzusu o günlərdə qəlbimdə möhkəm və əbədi bir taxtda oturmuşdu. Xüsusən də öz nəslimə, yaşadığım coğrafiyaya, Oğuz türklərinə, Azərbaycana, Bakıya, Təbrizə sevgim, marağım sonsuz idi. O vaxtdan dostluğumuz davam edən Azərbaycandan olan dəyərli dostlarım; Qoşqarın, Şükürün, Muradın sayəsində Azərbaycan türkcəsinin şirin melodiyaları, musiqisi, ədəbiyyatı qulaqlarımda daha çox yer almağa başladı. Bu bitib-tükənməyən mütaliə və dinləmələr zamanı məni bir səs, hə, bir səs vurdu: Rəşid Behbudov! Dahi Azərbaycan sənətkarının səsinə, yaradıcılığına aşiq oldum... Bütün mahnıları bir anda; Ayrılıq, Nazəndə Sevgilim, Arşın Mal Alan, Üzüyümün Qaşı, Laçın və bir çoxlarını beynimdə həkk olunana qədər təkrar-təkrar dinlədim. Onun bir neçə filminə, “Arşın mal alan”, “Bəxtiyar”a böyük maraqla baxdım. Bütün bu yeni maraqlar, əlbəttə ki, məni başqalarına, daha çox şeirə, daha çox mahnıya, daha çox filmə və daha çox sənətçiyə sövq etdi... İndi içimdə tamamilə yeni bir arzu yaranmışdı: Bakıya getmək, əziz dostlarımı öz vətənlərində görmək, Bakının küçələrində Rəşidi dinləmək və ikinci vətənimin qoxusunu doya-doya içinə çəkmək... Bakını, müqəddəs şəhəri, mehriban torpağı, gənc yaşlarımda ziyarət edə bilmək...

Əslində bu arzumu dəfələrlə həyata keçirmək imkanım olsa da, düşünürəm ki, həyata sürətli tələsməyimin yaratdığı xaos, dünyanı bürüyən epidemiya fəlakəti, məzun olan kimi TRT-yə daxil olmağımın yaratdığı əhval; bütün bunlar mənə mane oldu. Bəlkə də bir müddət Bakını xəyallarımda yaşatmaq istəyirdim. Nəhayət, vaxt gəldi. Ürəyim, ruhum, ağlım işdən, insanlardan, dostlardan bərbad halda ikən, canlı şəxsiyyətimin yaratdığı tələskənlikdən birdən özümü Bakı yolunda taptım. Səyahət ideyası həmişə mənim üçün çox cəlbedici olub. Eyni zamanda, bu, mənim üçün çox qorxulu, kədər və vətən həsrəti hissi ilə dolu bir vəziyyət idi. O qədər ki, səyahət deyəndə ağlıma ilk olaraq Övliya Çələbinin “Səyahət, Ya Rəsulullah!” cümləsi gəlir. Səyahət etmək istəyi, sevinc və həyəcan məni burur. Amma sonra həmişə böyük şairimiz Kəmaləddin Kamunun səsini içimdə eşidirəm: “Mən qürbətdə deyiləm, qürbət mənim içimdədir!”

Gördüyünüz kimi, ruhum ziddiyyətlərlə doludur; o, evini və rahatlığını sevdiyi halda, səyahətdə dözülməz bir yorğunluq, qeyri-müəyyənlik və qürbətdə olmanın kədərini hiss edir. Həm də utanmadan səyahət etmək və yeni yerlər görmək romantikası ilə doludur.

Belə bir ruhani təlatümdə uzun və yorucu bir gözləmədən sonra gecənin bir yarısında özümü Bakıda, Heydər Əliyev Hava limanında tapdım. Yerə düşən kimi Azərbaycan əsgərlərini görmək, qardaşlarımızın şirin türkcəsini eşitmək və firavan, dəbdəbəli bir türk şəhərinə gəlmək; bu, hisslərimi dərhal müsbət istiqamətə çevirdi. Sonra Azərbaycan bayrağının fonunda Dövlət Himninin möhtəşəm sözlərini görüb qürurlandım. Böyük şair Əhməd Cavadın və dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsini yad etdim:

“Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!”

Bu zaman Bakıda məni qonaq edəcək əziz dostum Aysel Xanlarqızının telefon zəngi ilə dünyaya qayıtdım və məni gözləyən maşına tərəf yollandım. Gecənin ortasında illərin arzusu gerçəkləşdi. Mən indi Bakıda idim. Köhnə Terminal binasının gecə almaz kimi parıldadığını görəndə üzümdə təbəssüm yarandı. İndi özümü xoşbəxt və rahat hiss edirdim. Axı bura hər hansı xarici ölkə deyildi, bizim öz vətənimizdi, qardaş vətənimizdi...

Maşında çalan Azərbaycan mahnılarının müşayiəti ilə yollara baxıb, neft iyindən nəfəs alıb Yasamal rayonuna, Ayselin evinə doğru yola düşdüm. Radioda Bahar adlı mahnı var idi, onu Bakıda və sonralar çox yerdə eşitmişəm. Bu mahnının melodiyaları insanın qəlbində şirin bir hüzn yaradırdı.

Bu hisslərlə nəhayət Ayselin evinə çatdım. Üzündə şair ruhu, gözəl qəlbi əks olunan əziz dostumu qapının ağzında gözləyən halda görmək; öz evimə gəlmiş kimi məni dinc və rahat hiss etdirdi. Bir az söhbət etdik, çayımızı içdik və dincəlmək üçün otağa yerləşdik.

Səhər 5 günlük Bakı arzum nəhayət başlayırdı. Aysel yazıçı, şair, millət vəkili Sabir Rüstəmxanlının sədrlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasında işləyirdi. Sabir müəllimin Türk Dünyası aşiqi kimi biz türk gənclərinin qəlbində hər zaman xüsusi yeri olub. Onunla təxminən 5 il əvvəl İstanbul Universiteti Türkşünaslıq İnstitutunun binasında görüşüb, xatirə şəkli çəkdirmişdik. O vaxt mən onun şeir kitabını da almışdım. Bir Azərbaycan ziyalısı kimi onun şeirlərində türkcənin bütün qüdrəti və Azərbaycana xas lirik duyğular, şövq var idi. Onu 5 ildən sonra Bakıdakı ofisində şəxsən görmək və yaxından tanımaq imkanım olacaqdı. Ayselin telefon zəngi ilə yuxudan oyandım. Nəhayət, onun ən yaxın dostu Arzu ilə görüşüb ünsiyyətdə olmaq fürsətim olacaqdı. Çünki məni evdən götürəcək və Sabir bəyin yanına birlikdə gedəcəkdik. Arzunun mərdliyini, dostluğunu, çılğınlığını, jurnalist ruhunu, bir sözlə, bənzərsiz şəxsiyyətini nəhayət görəcəkdim. Sonra Arzudan çox xoş bir mesaj gəldi. Yarım saata gələcəyini dedi. Dərhal hazırlaşdım. Aradan bir saat keçməsinə baxmayaraq, Arzu görünmürdü. Nadinc rəftarımla ondan soruşdum: “Hardasan?” yazmağı düşündüm. Bu, Arzu ilə mənim aramızda yaratdığımız sonsuz zarafatların, çəkişmələrin və xoş təəssüratların başlanğıcı idi. Həmişəki kimi hər yerə gecikən Arzu yaxın dostlarından belə cümlələr eşitməyə öyrəşdiyi üçün əvvəlcə kimin yazıb-yazmadığını başa düşə bilməyib, sonra mənim yazdığımı görüb təəccüblənib və üzündə təbəssüm yaranıb.

Arzu illərdir fotomüxbir olaraq işlədiyi üçün kamerası ilə ətrafı gəzirdi. Bu kamera ilə o, Bakının hər bir guşəsində yorulmadan bizim şəkillerimizi çəkdi. Özü də; çox sənətsevər olub, şeir, mahnı və bir çox başqa mövzularda geniş biliyə malikdir. Ayselin işlədiyi binaya gedənə qədər məni maşında şəhərlə tanış etməyi unutmadı. Nəhayət, Partiyanın qarşısında düşdük və sonra başa düşdüm ki, kimi görüm? Sabir bəy də maşından düşürdü və üz-üzə gəldik. Məni xatırladığını, Ayselin də məndn bəhs etdiyini dedi. O, isti gülümsəməsi ilə əlimi sıxdı və birlikdə onun ofisinə getdik. Nəhayət Aysellə görüşdük. Partiya işçiləri də son dərəcə mehriban insanlar idi. Türkiyədən gəldiyim və “qonaq jurnalist” olduğum üçün mənə çox isti münasibət bəsləyirdilər. Xüsusilə Sabir bəyin sağ qolu Gülnarla çox xoş vaxt keçirdik. Sabir müəllimlə siyasətdən tarixə, türklüyün uzaq diyarlarına qədər geniş söhbətimiz oldu. Mənə “Səni Vətənə Bənzədirəm” şeirini oxudu. Zarafatcıl rəftarı ilə, öz təbirincə desək, “türk qızına” qarşı təriflərini, mehribanlığını əsirgəməyib. Mənə söz verdi ki, növbəti günlərdə Bakıdakı Televiziya Qülləsinə gedəcəyik.

Beləliklə, mənim Bakı səfərim rəsmi olaraq başladı. Aysel və Arzu ilə yola düşməzdən əvvəl eyni binada olan Qanun Nəşriyatının kitab sərgisini və "Mənim Teatrım" adlı özəl teatrın sahibi, aktyor Vidadi Həsənovun zalını ziyarət etdik.

Burada kiçikdən böyüyə hər kəsdə şeirə, sənətə həvəs, şövqlü əhval-ruhiyyə hiss olunurdu. Aysel də musiqi məktəbini bitirdiyi üçün fortepianoda gözəl ifa edirdi və gözəl səsi vardı. Arzunun və mənim səsim o qədər də gözəl olmasa da, demək olar ki, bütün Retro Azərbaycan mahnılarına olan böyük sevgimizdən ortaq dil tapdıq. Maşınla səyahətlərimiz üçümüz arasında duet oxumaqla və Bakının dəhşətli dərəcədə gözəl binalarını seyr etməklə keçdi. Şövkət Ələkbərovanın valehedici səsindən “Getmə”, “Bir könül sındırmışam” mahnılarını həm çaldıq, həm də oxuduq. Nəhayət, səyahətimizin ilk nöqtəsinə çatdıq. Xəzərin ucsuz-bucaqsız maviliyi, Azərbaycan bayrağının qürurla dalğalanması, “Alov qüllələri”, şəhərin bütün möhtəşəm detalları qarşımızda dayanırdı. Arxamızda “Əbədi alov abidəsi”nin sönməz alovu yanırdı. Axı Bakı haqqında düşünəndə insanın ağlına alovlar, küləklər və Xəzər şəhəri gəlmirmi?

Bu mənzərə bizi valeh etdi. Fəxri xiyabana doğru yola düşdük. Müqəddəs şəhidlərimizi ziyarət etdik. Sonra Fəxri xiyabanda Azərbaycanın böyük dövlət xadimlərinin, akademiklərinin, incəsənət xadimlərinin, yazıçı və şairlərinin məzarlarını gördük. Hamısında bu şəxsiyyətlərin möhtəşəm heykəlləri və şəkilləri olan qəbirlər, Türkiyədəki məzar ənənəsindən tamamilə fərqli və valehedici idi. Amma mənim əsl istəyim Rəşid Behbudov və Elçibəyin məzarlarını görmək idi. Qapıdan girib Rəşidimin heykəlini görən kimi sözün əsl mənasında qışqırdım. Sevincim yetərli deyildi. Rəşid Behbudova olan sevgim Aysel və Arzu üçün xoş zarafat oldu. Daha sonra Heydər Əliyevin, Elçibəyin, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun və bir çox başqalarının məzarlarını ziyarət etdik.

Artıq yorulmuşduq. Yeni rotamız “Samik” adlı restoran və Azərbaycan milli yeməkləri oldu. Burada aramıza öz sakitliyi, sadəlövhlüyü, yetkinliyi ilə başqa ab-hava qatacaq yeni dost əlavə olunacaqdı: Sara xanım... Bura mənim ən çox sevdiyim yerlərdən biri oldu. Çox xoşuma gəldi. Ruhlu yerdi, şəxsi otağımız var idi, Gəncədən olan ofisiant Rəşad son dərəcə qonaqpərvər, zarafatcıl idi. Qəlyanaltılar, qutab, xəngəl, kabab sortları... Hamısı çox dadlı idi. İllərdir İstanbulda oxşar dostlarla getdiyim və təəssüf ki, bu yaxınlarda bağlanan Tanrı Dağ ruhunu mənə qaytardı. "Ah!" dedim. “Mən burada olsaydım, Samikdən heç vaxt ayrılmazdıq...”

Aysel “Samik”siz qalasan” deyərək hamımızı güldürdü. Onun sözlərinə görə, mən həmişə hər şeydə estetika tapırdım.

Axşam bu sətirləri yazanda gözlərimin hələ də axtardığı “Tarqovı” bulvarına, başqa sözlə, Fəvvarələr meydanına getdik. Mən olduqca şanslı idim. Hava çox gözəl idi, Novruz hazırlıqları yavaş-yavaş başlamışdı, Nizami Gəncəvi Ədəbiyyat Muzeyi, digər tarixi binalar və küçə işıqlı idi. Hər yer çox müasir idi. Tarixi havası yaxşı qorunub saxlanılan dəbdəbəli bir şəhərdə idim. Məncə, Taksim İstiqlal küçəsindən daha gözəl idi. Tanınmış müğənni Tünzalənin konsertinə də baxdıq. İlk gün belə bitdi və növbəti gözəl günə oyanmaq üçün otaqlarımıza çəkildik.

Səhər Xəzər dənizinin sahilində çox gözəl və elit restoranda gözəl səhər yeməyi yedik. Aramıza yeni qoşulan dost Şəlalə xanım oldu! “Türkiyədən qonaq var deyəndə, çox həyəcanlandım, dedim, inşallah dəvət edərlər!”

Bu cümlə mənim üçün dünya demək idi. Bəli, mən ikinci vətənimdə, evimdə, ailə istiliyində olan dostların yanında idim. Arxa fonda Rəşid Behbudovun melodiyaları, daha sonra rus mahnıları, daha sonra isə tar ifası ruhumuzu oxşadı.

İçərişəhərə, Qız Qalasına doğru yola düşdük. İndi canlı varlığımla ən çox maraqlandığım və hətta şəkilləri ilə məni valeh edən yerə gedirdim. İçişəhərin qədim tikililəri, zərif küçələri, Qız Qalasının azad və ləyaqətli duruşu görməyə dəyərdi. Bundan əlavə, bir küçədə məşhur rus filmi “Almas əl (Brilliantovaya ruka)” filminin çəkildiyi eyniadlı kafe olub və filmdən görüntülər də nümayiş etdirilib. Köhnə sovet filmlərinə marağım səbəbindən dərhal diqqətimi çəkdi. Bu filmin afişasında əvvəllər Qafqaz məhbusu (Kavkazkaya Plennitsa) filmində gördüyüm rus aktyoru Yuri Nikulin də var idi. Orada rastlaşdığımız bir rusla bu məsələ ilə bağlı qısa söhbətimiz oldu. Bununla da Arzunun mənim haqqımda ən çox nəyi bəyəndiyini öyrəndim. “O, dünyagörüşlü qızdır” deyə mızıldandı...

Aysellə Qız qalasına çıxdıq. Qalaya çıxdıq, yox, məhv olduq demək daha düzgün olardı. Qalanın zirvəsindən şəhərin qədim və müasir mənzərələrinin bir-birinə qarışdığını görmək üçün qala pilləkənlərində kifayət qədər yorulduq. Daha sonra dincəlmək üçün “Tarqovı”ya qayıdıb türk qəhvəmizi içdik. Nəhayət, 5 ildən sonra Bakıda əziz dostum Qoşqarla görüşüb bir-birimizlə həsrət gidərdik. Axşam qızlar Lənkəran mətbəxindən yeməklər yeməyə, dost məclisində görüşməyə  gəlməyimi gözləmək üçün evə qayıtdılar. Qazaxıstan xatirələrimizi, köhnə dostlarımızı yada saldıq, əziz dostum Qoşqarla indiki həyatımızdan danışdıq. Daha sonra birlikdə Rəşid Behbudov Mahnı Teatrına getdik. İllərdir xəyallarımda olan bu binanı və Rəşidin heykəlini Qoşqarla bir yerdə görmək tərifsiz xoşbəxtlik idi. Məni evdə Lənkəran mətbəxindən ibarət möhtəşəm ziyafət süfrəsi (ləvəngi, qutab...) və hər biri digərindən gözəl olan dostlar məclisi qarşıladı. Daha əvvəl Türk Ədəbiyyatı Vəqfində tanış olduğum şeirsevər Ülviyyə xanım da burada idi. Dərhal qucaqlaşdıq. Ülviyyə xanımın şeir sevgisi, şirin və mülayim səs tonu onu sevməyimizə səbəb olan çoxsaylı səbəblər arasında ilk gözə dəyirdi.

Adət üzrə hamı qədəhlərini mənə, qonağa qaldırdı, çıxışlar etdi. Nəhayət ki, çoxdandır axtardığım mühitə düşdüm. Şeiri sevən dostlarla gözəl süfrə... Nəhayət ki, onların hər birinin ayrı-ayrılıqda keçirdiyi şövqlə doldum. Bütün gecəni şeirlər oxuyurduq, xüsusən də mən, Arzu və Ülviyyə. Onlara müraciət edərək “Azərbaycan ürəyimdə şah damarıdır” şeirini ifa etdim. Sonra çox sevdiyim Ramiz Rövşənin mənə çox toxunan bu qəmli misraları ağzımdan çıxdı:

Bu nə təhər darıxmaqdı,

Axı belə kim darıxır?

Cibimdə əlim darıxır,

Ağzımda dilim darıxır.

 

Darıxır qabım-qaşığım,

Darıxır yorğan-döşəyim.

Evdə qalsam, evim-eşiyim.

Yol getsəm, yolum darıxır...

Şeir gecəmizdə Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox”, “Getmək istəyirsən bəhanəsiz get” kimi əsərləri də ağzımdan çıxdı. Daha sonra Ülviyyə xanımın şirin və məlahətli səsi ilə Ayselin gözəl şeirlərini dinlədik. Utansam da, əvvəllər cızdığım bir neçə şeirimi göstərməyi unutmadım.

Arzu geniş şeir biliyi və xoş zarafatları ilə gecəmizə rəng qatdı. Şəlalə xanımla Sara emosional anlar yaşadı. Daha doğrusu, hamımız təsirləndik, kövrəldik. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasındakı nüanslara əsaslanaraq etdiyim zarafatlar və ya Bakı ləhcəsində dediyim bəzi təhqiramiz sözlər hamını güldürdü. Xüsusən də Arzuya "Kül sənin başuva!" deyəndə məclisdə bir gülüş qopdu ki, bu, hələ də eşidənlərin qulağında səslənir. Mən artıq tam bakılı idim.

Ömrüm boyu unuda bilməyəcəyim bu ləzzətli və yaxşı axşam öz yerini növbəti səhərə verdi və bizi Abşeron rayonu, Yanardağ istiqamətində yola saldı. Zərdüştilərin də ziyarət yeri olan bu məkanda təbii qazın təsirindən dağda həmişə alov yanırdı. “Belimiz isindi” deyə zarafatlar edib şəkillər çəkdirdik.

Başqa bir şəhərə, Sumqayıta doğru yola düşdük. Bu, çimərliklərlə dolu sakit, dinc bir sahil şəhəri idi. Yeni rotamız Novxanıdakı Şato deyilən yer idi. Həkim Oktay bəyin bizə qoşulması ilə yeməyə başladıq. Xüsusilə Aysel, Arzu və mən mahnılar oxumuşduq. Üzüyümün Qaşı, Ayrılıq, Elbey Bir Gün Görüşəcəyik... Bunlar oxuduğumuz əsərlərdən sadəcə bir neçəsi idi. Azərbaycanın canlı və coşğulu rəqsləri ilə atmosfer xoş idi. Uzun müddətdir həsrətini çəkdiyim dostlar çevrəsini və sənət həvəsini nəhayət ki, burada təkrar tapdım.

Son gündən danışmazdan əvvəl Bakıda başımıza gələn iki taksi hadisəsini də danışmalıyam. Axşam getdiyimiz taksidə Türkiyədən olduğumu eşidən taksi sürücüsü maraqlı təkidlə Bakını tənqid etməyə başladı. Mən israrla ona səhv etdiyini və bu şəhəri sevdiyimi söylədim. Aysel dərhal məsələyə müdaxilə edib. Onun zərif və yumşaq görünüşünün altında türk qadınının gücü və qüruru dayanır. O, öz ölkəsini qonağın qarşısında belə ləkələmənin son dərəcə yanlış olduğunu vurğulayaraq sözünü dedi və nəhayət, taksidən düşdük. Əksinə, başqa bir taksi qardaşlıq nümunəsi göstərərək bizdən pul belə almaq istəmədi. Qarabağdan, şəhidlərimizdən, erməni xəyanətindən danışdıq. Axı mən dedim: “Erməni itə baxıb fikirləşir, it erməniyə baxıb minnət alır!”

"Ay sağol!" nidaları ilə sürücümüz bizi yola saldı...

Son günün acısı, son görüşlərin, son səfərlərin kədəri məni bürüdü. Yolda olan bütün heykəlləri, muzeyləri ağlıma yazdırdım ki, heç vaxt unutmayım. Qanun Nəşriyatından ən gözəl klassikləri: Cəfər Cabbarlı, Əhməd Cavad, Nüsrət Kəsəmənli, Anar, Əliağa Vahid kimi yazıçıların əsərlərini aldım. Milli Kitabxanaya və Azərbaycan Yazıçılar Birliyinə getdik. Ola bilsin ki, azsaylı əhalinin müsbət təsirinə görə Azərbaycan bizdən fərqli olaraq hələ də ədəbiyyata, yazıçılara böyük önəm verir. Yazıçılar, şairlər, Yazıçılar Birliyi fəaliyyətini fəal şəkildə davam etdirir. Hər güşəsində ədəbiyyat xadimlərinin portretləri olan Azərbaycan Yazıçılar Birliyinin binasını çox bəyəndim. İlqar Fəhmi ilə də burada tanış olmaq imkanım oldu və o, kitabından birini imzalayıb mənə hədiyyə etdi. Gecə yarısı yola düşməzdən əvvəl bir dostumun mehriban dəvəti ilə Azərbaycan Dövlət Milli Musiqi Teatrına, möhtəşəm və klassik bir Sovet Opera-Teatrı binasına getdik. Burada möhtəşəm bir zalda “Oqtay Eloğlu” adlı məşhur tamaşaya baxdıq. Tamaşada Azərbaycanda teatrın ilk dövrlərindən və tarixindən bəhs edilib. Çıxışda isə məni çox xoş sürpriz gözləyirdi. Nəcib, qəşəng, centlmen görünüşü ilə ürəyimdə yer tutan yeganə ağabeyim Kamil Şahverdi teatrın qapısında idi. İstanbuldakı görüşümüzdən sonra nəhayət Bakıda xoş bir restoranda söhbət etmək fürsətimiz oldu. Azərbaycanın önəmli televiziya siması, Rəşid Behbudovun kürəkəni Kamil ağabeyimlə onun xeyirxahlığı sayəsində tanış olduq. Rəşid bəyə olan sevgimi sosial şəbəkələrdəki yazılarımdan kəşf etdi və bu mövzuda əsərlərimi dərc etdi. Hər şeydən çox o, mənim həyatımda bir ağabey idi. Həyat yoldaşı Rəşidə xanımla isə telefonla salamlaşdıq.

“Tarqovı”ya girdiyimiz ilk anda meydanda Rəşid bəyin səsindən “Dağlar qızı Reyhan” eşidilməyə başladı. Kamil Ağabəy dedi:

“Bax Rəşid bəy səni qarşılayır!”

Təəssüf ki, bu gözəl gecədən sonra yaddaşımdan və ürəyimdən heç vaxt silinməyəcək Bakı səyahətim başa çatdı. Ürək ağrısı ilə Aysellə, onun sevimli qızı Aytellə, oğlu Yunislə sağollaşdıq. İstanbula gəldiyim zaman; Vətənə qayıtmağın sevinci də, dostlarımı Bakıda qoyub getməyin kədəri də ziddiyyət təşkil edirdi.

Müqəddəs şəhər, gözəl diyar Bakı və əziz dostlarım hər zaman ürəyimdə idi... Növbəti dəfə görüşənə qədər...

 





19.03.2024    çap et  çap et