525.Az

“Babam haqqında danışılan hər şey mənim üçün qiymətlidir” - İsmayıl Şıxlının nəvəsi


 

“Babam haqqında danışılan hər şey mənim üçün qiymətlidir” -<b style="color:red"> İsmayıl Şıxlının nəvəsi</b>

Ötən gün İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondu tərəfindən “Onun ölməyən dünyası” adlı tədbir təşkil edilib. Bir sıra qələm adamları çıxış edərək görkəmli yazıçı barədə xatirələrini bölüşüb, ürək sözlərini dilə gətiriblər. Tədbirin gedişatının, danışılan xatirələrin sorağı Xalq yazıçısının Niderlandda yaşayan nəvəsi Aysel Şıxılinskayanın da qulağına çatıb və aldığı xəbərin təsiri ilə redaksiyamıza kiçik, bir o qədər də sevgidolu yazı göndərib. Həmin yazını sizə təqdim edirik.

***

Aysel ŞIXILİNSKAYA

Uzaq Niderlanddan İsmayıl Şıxlının anadan olmasının 105 illiyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyində keçirilmiş tədbiri həyəcanla izlədim. Babamı itirəndə bir yaşım vardı. Onu xatırlamıram, təəssüf... Babam haqqında danışılan hər şey mənim üçün çox qiymətlidir, bütün söhbətlər yeni bir məlumatdır. Onun haqqında təsəvvürlərim ən çox əsərlərini oxuyarkən yaranır. Özü də hər dəfə təkrar oxuyanda yeni nələrsə aşkar edirəm.

Yazıçı olacağımı heç vaxt xəyal etməmişdim. Yazmaq daxili tələbatıma çevriləndən sonra başa düşdüm ki, başqa yolum yoxdur... İki ilə yaxındır ki, fentezi janrında böyük bir əsər üzərində işləyirəm. Əsəri İsmayıl Şıxlıdan götürdüyüm aşağıdakı sitatla başlamışam:

"Qanadı çıxan qarışqa elə bilir ki, uçmaq səadətinə nəsib olmuşdur. Amma başa düşmür ki, qanad çıxartmaq qocalığa, ölümün yaxınlaşmasına işarədir. İndi insanlıq da bu vəziyyətdədir. Təbiəti korlamışıq, qəribə görünsə də, hər şey bizdən qayğı və kömək gözləyir. Meşələr, axan çaylar, dənizlər, yaşıl çəmənlər, şır-şır bulaqlar, başı dumanlı dağlar qayğıya möhtacdır. Zəhərdən qaçan quşlar, güllələrdən qırılan ceyranlar, dənizdəki balıqlar insanlardan imdad və kömək diləyir. Bu dəhşətləri törədən insanlar özləri də aman diləyir. Kimlərdən? Bir-birindən...”  

Yeni əsərimdə babamın təsvir etdiyi bu dəhşətləri törədən insanların sonunu onlara göstərməyə çalışacam. Axı ədəbiyyat həyatın güzgüsüdür…

 





19.03.2024    çap et  çap et