525.Az

Özümə söz verdim, özüm unutdum


 

Özümə söz verdim, özüm unutdum<b style="color:red"></b>

Qalib ŞƏFAHƏT

 

Özümə söz verdim, özüm unutdum.

Öz sözüm özümün xoşuma gəlmir.

Ağlıma gələnlər başıma gəldi.

Nə gəlir, düz gəlir, boşuna gəlmir.

 

Niyə tanımadım özüm-özümü?

Niyə öz üstümdən çəkdim gözümü?

Özümə dediyim o son sözümü

Ağlımdan çıxartmaq huşuma gəlmir.

 

Bu necə ömürdü, həsrətə dözür,

Kədəri, qüssəsi qəlbimi üzür.

Tale üz döndərib uzaqda gəzir.

Önümdə dayanmır, qarşıma gəlmir.

 

Əyri axtarırsan, hərdən düz olur,

İnsan bir-biriylə çox üz-göz olur.

Söz sözə toxunur, söhbət söz olur.

Bax hələ də ağlım başıma gəlmir.

lll

Hələ ümidimi itirməmişəm.

Səni axtaracam xatirələrdə.

Hələ son sözümü bitirməmişəm,

Səni axtaracam xatirələrdə.

 

Mənim xəyallarım divanə idi,

Sən isə onlara biganə idin.

Bax onda ən gözəl zəmanə idi,

Səni axtaracam xatirələrdə.

 

Şəklinə baxanda canımı yaxır,

Qəlbimdən boylanır, gözümdən baxır.

Fikrimi çaşdırır, ağlımdan çıxır.

Səni axtaracam xatirələrdə.

 

Arzular, istəklər sahibsiz qalıb,

Kimsəsiz böyüyüb, köməksiz qalıb.

Səndən ürəyimdə bircə iz qalıb,

Səni axtaracam xatirələrdə.

 





19.03.2024    çap et  çap et