525.Az

Mirzə Fətəli Axundzadənin ev-muzeyində 600 eksponat nümayiş etdirilir - FOTOLAR


 

Mirzə Fətəli Axundzadənin ev-muzeyində 600 eksponat nümayiş etdirilir -  <b style="color:red"> FOTOLAR</b>

Azərbaycanda ilk ev-muzeyinin təşkilindən 85 il ötür. Bu, Şəkidə Mirzə Fətəli Axundzadənin ev-muzeyidir. Filosof alimin bu il həm də vəfatının 146-cı ildönümüdür.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mirzə Fətəli Axundzadənin ev-muzeyində 600 eksponat nümayiş etdirilir.

M.F. Axundzadə Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olub.

Bu günlərdə M.F.Axundzadənin həm də anım günüdür. Elə bu ərəfədə AZƏRTAC-ın əməkdaşı görkəmli dramaturqun ev-muzeyində olub, onun əməkdaşları ilə görüşərək bu barədə ətraflı məlumat alıb.

Bizi muzeyin direktoru Ulduz Xəlilova elə həyətdə qarşılayır. Dahi mütəfəkkirin həyatı ilə bağlı danışarkən bildirir ki, Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparıb. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Ulduz xanım onu da əlavə edir ki, dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il orada təhsil alır. 1834-cü ildə isə o, Tiflisə gedir, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona polkovnik rütbəsi verilir.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət verir, onun səhifələrində “Vəkili milləti-naməlum” imzası ilə məqalələr dərc etdirir.

Qeyd etdiyimiz kimi, ev-muzeyi iki hissədən - Axundzadənin doğulduğu evdən və eksponatların nümayiş etdirildiyi sərgi salonundan ibarətdir. Burada isə bizə Kəmalə Ağayeva bələdçilik edir.

“O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M. F. Axundzadənin dünyagörüşünə mühüm təsir göstərir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır”, - deyə məlumat verən bələdçi həmin şeirin fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazıldığını diqqətə çatdırır. Kəmalə Ağayevadan onu da öyrənirik ki, M. F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri rus dilinə şair özü tərcümə edib.

Ev-muzeyinin digər işçisi Sevda Rəhimova M. F. Axundzadənin Şərqdə ilk dəfə qələmə aldığı dram janrındakı əsərləri barədə məlumat verir. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi- nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilib.

Dahi mütəfəkkir həm də latın qrafikalı əlifbanın ilk müəllifi hesab olunur. Muzeydəki ən qiymətli eksponatlardan biri də məhz M. F. Axundzadənin ilk latın əlifbası ilə bağlı hazırladığı layihədir. Bu əlyazmalar muzeydə nümayiş etdirilməklə yanaşı, gələn qonaqların da diqqətinə xüsusi şəkildə çatdırılır.

Qeyd edildi ki, M. F. Axundzadə öz yaradıcılığında həmişə dünya maarifçiliyinə böyük önəm verib.

M. F. Axundzadə 1878-ci ilin mart ayında ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub. Təsadüfi deyil ki, dahi mütəfəkkirin əziz xatirəsi Tiflisdə də hər zaman ehtiramla anılır. Hazırda bu şəhərdə Axundzadənin adını daşıyan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

 





20.03.2024    çap et  çap et