525.Az

"Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda"


 

"Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda"<b style="color:red"></b>

Bu yaxınlarda Azərbaycan müəllimləri təhsilin inkişafına həsr edilmiş yeni bir əsərlə tanış oldular. İlk növbədə öz nəfis tərtibatı ilə diqqət çəkən kitab mahiyyət etibarı ilə də yeni bir formata sahibdir. Belə ki, sözügedən əsər daha çox hesabat biçimində hazırlanan təhsil işçisinin "yol xəritəsi" də hesab oluna bilər. Dövlət dəstəyi ilə son illər bir çox ilkə imza atan Mingəçevir Dövlət Universiteti (MDU) bu əsərlə də prosesə yenilikçi ruh qatmış oldu. MDU-nun son beş ildə keçdiyi yolu səlis qələmi ilə təqdim edən müəllif əsərin üslubuna bir qədər də publisistik çalar qatmaqla onu daha geniş auditoriya üçün əlçatan edib. Kitabda öz əksini tapmış, MDU-nun son beş ildə əldə etdiyi nailiyyətləri nəzərdən keçirərəkən təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının uğurlu nümunəsi ilə qarşılaşırıq. Bildiyimiz kimi, Ulu öndər Heydər Əliyevin "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır" ideyasını əsas götürən MDU yeni trendlər və innovasiyalara əsaslanaraq inkişaf etməkdədir. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də elm və təhsilin birgə inkişafı ilə bağlıdır. Əsəri oxuyarkən bu prosesin MDU-da yüksək şəkildə həyata keçirdiyini müşahidə etməkdəyik.

Kitab formatında təqdim olunmuş hesabatlardan da aydın olur ki, tədrisin yüksək şəkildə təşkili, əldə edilən səriştələrin universitet daxili laboratoriyalarda tətbiqi, şəffaflıq və kollektiv işləmə prinsiplərinin əsas götürülməsi MDU-nun ən böyük uğurlarındandır. MDU hazırda hər gün daha da inkişaf etməkdə olan cəmiyyətimizə profesional kadrlar yetişdirməyə xidmət edən geniş sosial institut şəklində formalaşmaqdadır. Sözügedən hesabat xarakterli topludan də göründüyü kimi, MDU son beş ildə yeni innovativ ideyalar və yeni trendlər istiqamətində sürətlə inkişaf etməkdədir. Dövlətimizin dəstəyi ilə Universitetin bu sahədə artıq kifayət qədər ciddi uğurlara imza atması və əldə etdiyi bir çox nailiyyətlər "Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda" adlı kitabda geniş şəkildə öz əksini tapıb.

Müəllifin mütəmadi şəkildə "Azərbaycan müəllimi" qəzetində dərc etdirdiyi məqalələrinin toplusu olan bu əsər son beş ildə rəhbərlik etdiyi universitetin elm və təhsil sahəsində əldə etdiyi uğurların bir növ pasportudur. Qeyd etməliyik ki, əsər ilk növbədə MDU ailəsinin böyük güc, potensial və yüksək enerji sayəsində əldə etdiyi müvəffəqiyyətlərin göstəricisidir. Müəllif əsərində MDU-nun elm və təhsil ocağının inkişafı yolunda əldə olunan nailiyyətləri təqdim etməklə yanaşı, MDU-nun təhsil strategiyasının istiqamətlərini və yönlərini də oxucuya sərgiləməyi bacarıb.

Azərbaycanda və ölkədən kənarda elm və təhsildə uğura imza atmış gənc alim Şahin Bayramovun "Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda" adlı əsəri sübut edir ki, bu ali təhsil ocağı öz müasirliyi ilə Azərbaycanın elm və təhsil sahəsində öndə olan universitetləri sırasındadır.

Əsərdə MDU qarşısında duran əsas prioritetlər kimi kadr potensialının gücləndirilməsi, idarəetmə, tədris və tədqiqat fəaliyyətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi olduğu bildirilir.

Müəllifin hazırladığı kitab bir daha sübut edir ki, Azərbaycan universitetetləri sırasında MDU da mühüm mövqe əldə edib. Sözügedən istiqamətdə inkişafın təmin edilməsi məqsədi ilə Mingəçevir Dövlət Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsi məsələsi də xüsusi əhəmiyyət daşıyır. Əsərdə də ifadə edildiyi kimi, qardaş Türkiyə dövləti başda olmaqla Qazaxıstan, Qırğızıstan, o cümlədən, Ukrayna, Belarusiya və Almaniya universitetləri ilə sıx əməkdaşlıq qurmuş MDU eyni zamanda, Erasmus+ proqramında fəal təmsil olunur. Bununla yanaşı, MDU Beynəlxalq Universitetlər Assosiasiyasına, Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilib. Müəllifin fikirlərinə istinadən deyə bilərik ki, MDU artıq Azərbaycandan kənarda da öz uğurları ilə kifayət qədər tanınır. Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda iştirak da Universitet üçün yaddaqalan hadisələrdən olub.

"Mingəçevir Dövlət Universiteti modernləşmə yolunda" adlı əsər sözügedən ali təhsil ocağının Azərbaycanın elm və təhsil sahəsində yeniliyə açıq universitetlər sırasında olduğunu bir daha sübut edir.

Fərəh CƏLİL

Filologiya elmlər doktoru, professor

 





25.03.2024    çap et  çap et