525.Az

Füzuli rayonunda mina təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir


 

Füzuli rayonunda mina təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir<b style="color:red"></b>

30 il boyunca işğalçılar tərəfindən minalanmış Azərbaycan ərazilərində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq qurumlarının mütəxəssisləri birgə fəaliyyət göstərirlər. Minaların və partlamamış sursatların yaratdığı təhlükələrə qarşı mübarizə tədbirləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Ötən illər ərzində minalarla çirkləndirilmiş sahələr indi həmin ərazilərdə yaşayan və quruculuq işlərində çalışan mülki əhalinin həyat və sağlamlığı üçün böyük təhlükədir. Qızıl Aypara Cəmiyyətinin əsas missiyası mülki əhalini, eləcə də uşaqları minalar və onların yaratdığı təhlükələr barədə maarifləndirmək, həmçinin mina qurbanlarının qeydiyyatının aparılmaq və maddi yardımlar göstərməkdir.

Qızıl Aypara Cəmiyyətinin Füzuli rayon bölməsinin Mobil dəstə üzvlərinidən 15 nəfəri bu tədbirlərin icrasına cəlb edilib. 10 kişi və 5 qadından ibarət Mobil dəstə üzvü Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi, ANAMA ilə əməkdaşlıq əsasında xüsusi təlimlər keçərək sertifikatlar alıblar. Mobil dəstə üzvləri Füzuli rayon yaşayış məntəqələrində, təhsil müəssisələrində, həmçinin mülki əhali, uşaqlar arasında təbliğat, təşviqat, maarifləndirmə işləri  aparıb, proşürlər paylayıb, "Qapı - Qapı" adı altında sessiyalar həyata keçiriblər. Rayonun Aşağı və Yuxarı Alxanlı, Şükürbəyli, Əhmədallar, Qazaxlar kənd, Horadiz şəhər 1 nömrəli tam orta məktəblərində "Risklərə və təhlükəsizliyə dair" tədbirlər icra olunub, siniflərdə görüşlər keçirilərək əyani vəsaitlər əsasında şagirdlərə mina təhlükələri ilə bağlı izahatlar verilib, ondan qorunma yolları öyrədilib. Bundan əlavə, orta məktəblərdə "Form-Teatr" təşkil edilib, mina təhlükəsi ilə bağlı əyani səhnəciklər göstərilib. Maarifləndirici tədbirlərə rayon üzrə 11287 nəfər mülki şəxs, 3254 nəfər şagird cəlb edilib.

Füzuli şəhərdə ötən il tikilib istifadəyə verilən və 2023-2024-cü tədris ilində fəaliyyətə başlayan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də mina təhlükəsizliyi ilə bağlı məlumatlandırici bir sıra tədbirlər keçirilib. Bu il mart aynın əvvəlində keçirilən, "Qızıl Aypara" Cəmiyyətinin Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqov, onun müavini Seymur Hacalıyev və ANAMA-nın əməkdaşı Zamiq Aslanın iştirak etdikləri tədbirdə şagirdlərə minaların yaratdığı fəsadlar, onlardan qorunmaq yolları, yaralananlara nə kimi yardımların göstərilməsi, partlayıcı vasitələr aşkar olunduğu zaman ilk növbədə hansı instansiyaların məlumatlandırılmasının vacibliyi və digər bu kimi məsələlər barəsində məlumatlar verilib. Məktəbin direktoru Həcər Mahmudova, ingilis dili müəllimi, "Qızıl Aypara" cəmiyyətinin könüllüsü Adilə Əliyeva müəllim-şagird heyətinin partlayış təhlükəsi ilə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif layihələrin həyata keçirəcəyini qeyd ediblər. Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Aypara Cəmiyyətinin Füzuli rayon bölməsi tərəfindən təhsil müəssisələrində keçirilən tədbirlərdə yerli idarəetmə orqanlının rəhbərləri və nümayəndələri, həmçinin məktəblilərin valideynləri də fəal iştirak ediblər.

Rövşən AĞAYEV

 





25.03.2024    çap et  çap et