525.Az

Vilayət Quliyev "525"i təbrik etdi


 

Vilayət Quliyev "525"i təbrik etdi<b style="color:red"></b>

17 noyabr tarixi  mənim nəzərimdə  üç baxımdan əlamətdardır.

Bu tarixdə ünlü şairimizin “yatmış vulkana” bənzətdiyi Azərbaycan oyanıb, on minlərlə həmvətənimiz küçə və meydanlara axışaraq sovet imperiyasından milli hiss və tarixi yaddaşlarına hörmət tələb etmişdilər. Həmin gün ölkəmizin ən yeni tarixinə Milli Dirçəliş günü kimi daxil olmuşdu.

Bu tarixdə qızım Humay dünyaya gəlib.
 
Bu tarixdə yarandığı vaxtdan ardıcıl əməkdaşlıq etdiyim “525-ci qəzet”in ilk sayı işıq üzü görüb.
 
Yəqin ki, maraqlanan oxucular adla bağlı sirri bilirlər - təsis olunduğu dövrdə qəzet rəsmi qeydiyyat sırasında 525-ci idi.

Yarım mindən çox mətbu nəşrin mütləq əksəriyyəti zamanın və oxucu zövqünün, tələbatının sınağından çıxa bilmədi.

“525-ci qəzet” isə altıncı yüzlükdən birinci onluğa, birinci beşliyə, birinci üçlüyə, nəhayət birinciliyə yolunu əzmlə davam etdirdi.

Adında üç rəqəmi ehtiva etməsinə baxmayaraq bu gün həm yazı-pozu adamı kimi, həm də Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təəssübünü çəkən ziyalı kimi bu diqqətəlayiq mətbu orqanın yeri mənim təsəvvürümdə sadəcə bir rəqəmlə ifadə olunur.

Bu rəqəm 1-dir! Birinci qəzet!

Naməlumluqdan populyarlığa, tanınmazlıqdan şöhrətə, 525-cilikdən 1-ciliyə gedən yol asan olmayıb.

Belə yolu yalnız öz işinin vurğunları, həqiqi entuziastlar keçə bilərdilər.

1876-cı ildə Həsən bəy Zərdabinin “Əkinçi”ni necə vəziyyətdə, hansı əziyyət və məhrumiyyətlər bahasına çıxardığını görən bir fransız jurnalisti heyrətini bildirərək demişdi: “Görünür, siz öz millətinizi çox sevirsiniz”. 

Azərbaycanın analoqu olmayan inkişafı dövründə “525-ci qəzet” əməkdaşlarının hansı şəraitdə işlədiklərini, amma bütün bunlara baxmayaraq belə bir qəzet ərsəyə gətirdiklərini görəndə naməlum fransız jurnalistinin sözlərini təkrarlamamaq olmur: “Uşaqlar, görünür, siz  öz millətinizi (və həm də öz qəzetinizi!)  çox sevirsiniz!”

Əks-təqdirdə bunca fədakarlıq imkansız görünərdi!

Gənc yaşlarından öz üzərinə böyük və ağır missiya götürən baş redaktor Rəşad Məcid öndə olmaqla qəzetin bütün əməkdaşları çox çətin bir vəzifənin öhdəsindən gəliblər – qəzeti yaşadıblar, imicini qoruyublar,  onu çeşidli oxucu auditoriyasının  mətbuat brendinə çevirə biliblər.
“525-ci qəzet” bizim – yaradıcı ziyalıların əsas tribunasıdır.

Əvvəldə də qeyd etdim: iyirmi ilə yaxındır ki, bu qəzetdə müxtəlif mövzularda yazılarım çap olunur.

Düzdür, onların sayı hələ  525-ə çatmayıb. Amma ümumi həcmi yəqin ki,  525 səhifəni bir neçə dəfə keçib.

Müəllifliyimdə ara-sıra fasilələr yaranıb. Özümdən asılı olmayan səbəblər üzündən bu fasilə bəzən hətta bir neçə il çəkib.

Oxuculuğum isə fasiləsiz olub. “525-ci qəzet”in çox nadir sayları gözümdən qaçıb.

Nədir bu qəzeti məndən ötrü bunca doğmalaşdıran?

“525-ci qəzet” oxucularını heyrətləndirməyə, indi dəbdə olan ifadə ilə desəm, onlarda “şok” effekti yaratmağa yox, maarifləndirməyə çalışır.

“525-ci qəzet” həyatda və insanlardakı yaxşı, xeyirxah, işıqlı cəhətləri görməyə və göstərməyə,  nikbin notlar aşılamağa can atır.

“525-ci qəzet” bu gün çox böyük ehtiyac duyduğumuz təhsil və mədəniyyət sahəsinin güzgüsüdür. Onun həm uğurlarını, həm də problemlərini eyni ardıcıllıqla, eyni prinsipiallıqla göstərməyi bacarır.

“525-ci qəzet” dünyanı Azərbaycana gətirmək və Azərbaycanı dünyaya çıxarmaq üçün əlindən gələni edir.

“525-ci qəzet” partiya və qrup maraqları fövqündə, ümumilli mövqedə dayanmağı, Sabir demişkən, “dövrün aynası” olmağı  bacarır.

Bu məziyyətlərin siyahısını yenə də artırmaq mümkündür...

Böyük Britaniyanın “Tayms” qəzeti 1785-ci ildən eyni adla çıxır.

“525-ci qəzet”ə bu rekordu təzələməyi, 2517-ci ildə özünün 525 illiyini bayram etməyi arzulayıram.

Fantastik görünür?

Düşünürəm ki, “525-ci qəzet”də fantaziyanı həqiqətə çevirməyi bacaran gənclər çalışır və onların hər nəsli bu ənənəni özlərindən sonra gələnlərə təlqin etməyi, aşılamağı bacarsalar ən ağlagəlməz xəyalları gerçək olar!

Növbəti yubileyinizdə mütləq sizinlə birlikdə olmaq vədi ilə:

                                                                                                         Vilayət Quliyev
                                                                                   Azərbaycan Respublikasının Macarıstanda
                                                                                                      Fövqəladə və Səlahiyyətli səfiri

                                                  
                                                            
                                                                                                 12.XI.2012.  Budapeşt

                                                     “525”dən:

Dəyərli fikir adamı, böyük alim və dövlət xadimi, istedadlı publisist Vilayət Quliyevin bu səmimi təbriki yubileyqabağı bizi çox duyğulandırdı. Belə bir dəyərli şəxsiyyətin “525-ci qəzet” barədə söylədikləri görülən işin, çəkilən zəhmətin doğruluğuna, dürüstlüyünə və vacibliyinə inamı artırır. Bu xoş sözlərə, içdən gələn səmimiyyətə görə Vilayət müəllimə dərin təşəkkürümüzü bildiririk. Və öz növbəmizdə qeyd etməyi vacib sayırıq ki, noyabrın 5-də görkəmli alimimizin 60 yaşı tamam oldu. Bu ərəfədə Vilayət müəllim haqqında “525”də tanınmış yazıçılarımızın, ədəbiyyat xadimlərimizin yazıları dərc olundu. Biz dərc olunan və şifahi söylənilən çoxlu təbriklərə qoşularaq qəzetimiz adından Vilayət müəllimin 60 illik yubileyini bir daha təbrik edirik.

“525” belə bir dəyərli alimin yazılarını dərc etməkdən hər zaman qürur duyub. Onun son illərdəki araşdırmaları, tariximizin qaranlıq və müəmmalı məqamlarına aydınlıq gətirən yazıları, səlis və dolğun təkhiyyəsi, dili, yazı tərzi bizim üçün- sözlə çalışan bütün insanlar üçün örnəkdir, nümunədir, dəyərli məxəzdir, məhək daşıdır.

Vilayət Quliyevin bütün həyatı zəhmətin, inadkarlığın və istedadın vəhdətindən yaranan uğur, özünütəsdiq düsturudur. Universitetdəki təhsil illərindəki, ədəbiyyat inistitutunda çalışdığı dövrdəki dostları onu məhz belə xarakterizə edirlər. Sonrakı, daha geniş ictimaiyyətin gözü qarşısında olan millət vəkili və nazir kimi fəaliyyətinin də  ən fərqli insanlarda hörmət, ehtiram və rəğbət oyatdığının şahidiyik. Səfir işlədiyi ölkələrdə - Polşada və Macarıstanda mahir diplomat, siyasətçi kimi peşəkarlığına şübhə edən çətin tapılar. Bu ölkələrdə yaşadığı illərdə yazdığı publisistik yazılar, tarixi araşdırmalar isə həm mövzu, həm aktuallıq etibarilə heyrətamizdir, görkəmli alimi, onun gördüyü işi gələcək nəsilə çatdıracaq ən etibarlı sənəddir. 

Biz bu dəyərli işləri görən böyük alimimizi ötən əsrin əvvəllərində cümhuriyyətimizi quran, yaradan, bu şəraiti yetişdirən böyük publisistlərlə, dahi insanlarımızla, dövlət xadimlərimizlə bir səviyyədə görürük. Arzu edirik ki, Vilayət müəllimin bu yaradıcılıq şövqü, bu yazmaq eşqi, gerçək həqiqətləri bizə aydınladan axtarış həvəsi tükənməsin. Ömrünün qarşıdakı onilliklərində də beləcə şövqlə yazıb-yaratsın, Azərbaycan mədəniyyətinə, tarix elminə ədəbiyyatşünaslığına, publisistikasına dəyərli töfhələr verməkdə davam etsin. 

Vilayət müəllimi yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir və sonsuz təşəkkürlərimizi bildiririk.

 





12.11.2012    çap et  çap et