525.Az

Azərbaycan-NATO: Tərəfdaşlığın inkişafında yeni mərhələ


 

Azərbaycan-NATO: <b style="color:red"> Tərəfdaşlığın inkişafında yeni mərhələ</b>

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri Alyansla Bakı arasında tərəfdaşlığın daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Baş katibin Cənubi Qafqaza səfərini məhz Bakıdan başlaması ölkəmizə verdiyi önəmin nəticəsi, Azərbaycanı regionun güclü, nüfuzlu dövləti olaraq qəbul etməsidir.

Bu gün dünyanın qarşılaşdığı çoxsaylı çağırışlara, münaqişələrə, müharibələrə rəğmən, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq torpaqlarını işğaldan azad etməklə, həm öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, eyni zamanda Cənubi Qafqazda yeni reallıqlar yaratmış oldu. Bu reallıqları bütün beynəlxalq güclər görür və onları qəbul etməyin zəruriliyini aydın başa düşürlər.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında bu məqama diqqət çəkərək deyib: "İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək... bəziləri bu reallıqlarla barışmaq istə-mirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir".

Görünən odur ki, Bakının apardığı siyasət regionda sülhə, əməkdaşlığa, dinc qonşuluq siyasətinin bərqərar olmasına xidmət edir. Bütün bunları NATO-da da yaxşı anlayırlar. Baxmayaraq ki, bəzi dairələr, o cümlədən, Fransa, Avropa Parlamenti, AŞPA kimi təsisatlardakı qərəzli qüvvələr Azərbaycan əleyhinə iş aparmaqdan yorulmur, ölkəmizin aydın sülh gündəliyinə rəğmən, yeni müharibə hazırlığı ilə bağlı yalanlarını gündəmə daşıyırlar. Bütün bunların fonunda Stoltenberqin Azərbaycana səfəri və verdiyi bəyanatlar onu göstərdi ki, dünyanın əsas hərbi bloku yeni reallıqları qəbul edir. Bunun əksi də mümkün deyil. Birincisi, Azərbaycan beynəlxalq hüquq çərçivəsində addım ataraq öz ərazilərini azad edib, yəni Prezident İlham Əliyevin dediyi kimi, biz haqlıyıq. İkincisi, Bakı uzun müddət davam edən bir münaqişəyə son qoymaqla region üçün yeni səhifə açıb, geniş əməkdaşlıq imkanları üçün olan maneləri aradan qaldırıb. NATO-da da bu məqam müsbət qiymətləndirilməyə bilməz. Alyans rəhbərinin səfəri həm də regionda daha geniş əməkdaşlığa hesablanıb.

Qeyd edək ki, Azərbaycanla NATO arasında uzunmüddətli tərəfdaşlıq var. Bu əlaqələrin tarixi 30 ildən artıq dövrü əhatə edir. Ötən müddət ərzində ölkəmizlə Alyans arasında əlaqələr müsbət məcrada inkişaf edib. Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında ölkəmizin bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Lakin həmin dövrdə daxildəki mövcud vəziyyət bu əlaqələrin inkişafına da öz mənfi təsirini göstərdi. Bakı-NATO məzmunlu tərəfdaşlığının əsası 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

1996-cı il aprelin 23-də Brüsselə səfər edən Prezident Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.

SNT Təqdimat Sənədi (1996) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak, mülki fövqəladə planlama, meydana gələn təhlükəsizlik təhdidləri ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə edib. SNT proqramı çərçivəsində hər il Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər.

Ölkəmiz 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. 1997-ci ildə NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.

Azərbaycan 1999-cu ildə NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Həmçinin Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" əməliyyatına 120 nəfərlik heyətlə töhfə verib. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar.

Prezident İlham Əlyev Yens Stoltenberqlə görüşdə 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığını müsbət qiymətləndirib. Dövlət başçısı deyib ki, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib: "Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir".

Stoltenberq  isə bəyan edib ki, NATO-nun Baş katibi kimi Azərbaycana ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlir, Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olub: "Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur".

Enerji təhlükəsizliyi demişkən, hazırda Bakının neft nəql etdiyi 8 Avropa ölkəsindən 6-sı NATO-ya üzv, digər ikisi isə tərəfdaş ölkəsidir. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir.

Öz növbəsində Stoltenberq Azərbaycanın qazın, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunluğunu ifadə edib.

Təbii ki, görüş zamanı Ermənistanla sülh sazişinin bağlanması da diqqət mərkəzində olub. Prezident bildirib ki, hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Dövlət başçısı sülh danışıqlarına başlamağın Bakının təşəbbüsü olduğunu bir daha vurğulayıb.

"Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir", - deyən ölkə rəhbəri əlavə edib ki, sülhə heç vaxt olmadığımız qədər yaxınıq.

Stoltenberq bildirib ki, uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı var: "Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm. Bundan əlavə, həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram".

NATO ilə əməkdaşlıqda ətraf mühüt məsələsi də yer alır. Bu mənada Azərbaycanın cari ildə COP29-a ev sahibliyi etməsi Alyansda da maraqla qarşılanır. Prezident İlham Əliyev görüşdə Baş katibi Azərbaycanın yaşıl keçid gündəliyi haqqında məlumatlandırıb. Bildirib ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilib. Bu, ölkəmizin yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir: "Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun".

Baş katib isə COP görüşünü çox səbirsizliklə gözlədiyini, iqlim dəyişmələrinin təhlükəsizlik üçün vacib olduğunu, buna görə də onun NATO üçün də əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, iqlim dəyişmələri böhranı dərinləşdirir və onun fəsadlarını dünyanın hər yerində, o cümlədən, Azərbaycanda görürük: "Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, həmçinin alternativ enerjiyə sərmayə yatırır. COP29 çox mühüm tədbir olacaq. Vacibdir ki, hamı iqlim dəyişmələrinə qarşı mübarizə aparsın. O, təhlükəsizliyimiz üçün vacibdir, çünki həmin məsələlər özünü aydın büruzə verir".

Göründüyü kimi, uzunmüddətli tərəfdaşlar olan Azərbaycan-NATO əməkdaşlıq gündəliyi genişdir və aktual məslələri əhatə edir. Baş katibin sözləri ilə desək, tərəfdaşlıq təkcə siyasi dialoqa yox, o cümlədən, əyani əməkdaşlığa söykənir. Onun regionda sülhün bölgə xalqları, ölkələri, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulaması da Bakının sülh gündəliyinə dəstəyini göstərir. Bu səfər həm də yeni əməkdaşlıq perspektivləri vəd edir. Bu, özünü Ermənistanla sülh gündəliyinin irəliyə aparılmasında da göstərə bilər. Çünki regionda təhlükəsizlik, sabitlik Alyans üçün çox mühümdür. Bunun üçün isə sülh sazişinin imzalanması yubanmamalıdır. Azərbaycan bölgədə, ümumiyyətlə qlobal müstəvidə həm müstəqil xarici siyasəti, etibarlı tərəfdaş statusu, enerji təhlükəsizliyində rolu, logistik imkanları ilə əhəmiyyətli oyunçudur. NATO Baş katibinin səfəri də ölkəmizə beynəlxalq birlikdə olan marağı bir daha göstərdi. İstənilən halda, bu səfər hər iki tərəf üçün faydalı oldu.

 

 

 





27.03.2024    çap et  çap et