525.Az

Qərbin Rusiya iqtisadiyyatını dağıtmaq strategiyası - Xaqani Cəfərli yazır


 

Qərbin Rusiya iqtisadiyyatını dağıtmaq strategiyası - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskvaya qarşı tətbiq olunan ilk məhdudiyyətlər əsasən qaz ixracatının qarşısının alınmasına və neft satışının məhdudlaşdırılmasına xidmət edirdi. Bu məhdudiyyətlərin tətbiqi zamanı qarşıya qoyulan məqsədlərə bir xeyli ölçüdə nail olunduğunu söyləmək olar. Rusiyanın Avropaya təbii qaz ixracatı son 50 ilin ən aşağı səviyyəsinə düşüb. Rusiyanın neft satışına tətbiq olunan məhdudiyyətlər isə "qara qızıl"ın satışından əldə olunan gəlirin azalmasına səbəb olub. Bu məhdudiyyətlərin tətbiqi zaman məqsəd Rusiyanın büdcə gəlirlərini azaltmaqla müharibənin dayandırılmasına nail olmaq idi. Rusiyanın neft-qaz satışından gəlirləri kəskin azalsa da, bu, Moskvanın Ukrayna ilə bağlı siyasətinə ciddi təsir etmədi. Moskvanın müharibəni davam etdirməkdə israrçı mövqeyi Ukraynanı və onun müttəfiqlərini Rusiyaya yönəlik siyasətlərinə dəyişiklik etməyə vadar edir.

Rusiya iqtisadiyyatında neft məhsullarının satışı önəmli çəkiyə malik olduğundan Ukrayna Rusiyanın neft emalı zavodlarını hərbi hədəf elan edib. Martın 17-nə kimi Ukrayna Rusiyanın 12 neft emalı müəssəsinə zərbə vurub. Mart ayının ilk yarısında hədəf alınan Rusiya neft emalı zavodlarının sayı isə doqquzdur. Bu məlumatları Müharibə Tədqiqat İnstitutu (ISW) ilə yanaşı, "Reuters" agentliyi də təsdiqləyir. Rusiyanın neft emalı zavodlarının dronlarla vurulması bir neçə məqamdan önəmlidir.

Neft emalı zavodlarından öncə Ukrayna əsasən yanacaq anbarlarını vurmağa çalışırdı. Bu taktika Ukraynaya qarşı müharibə aparan ordunu vaxtlı-vaxtında yanacaqla təmin etməyə mane olsa da, qısa müddətli effektə səbəb olurdu. İndi isə Ukrayna ordusu taktikasını dəyişərək neft emalı müəssisələrini vurmağa başlayıb. Bu taktikanın effekti isə yanacaq anbarlarının vurulması ilə müqayisədə dəfələrlə çoxdur.

Neft emalı zavodlarının vurulması yanacaq qıtlığı yaradaraq Ukraynadakı nəhəng ordunun döyüş qabiliyyətini azaldır. Rusiya ordusunun hücum əməliyyatlarını azaltması da bununla izah olunur.  Eyni zamanda neft emalı zavodlarının fəaliyyətini dayandırması nəticəsində Rusiyanın dövlət büdcəsinin neft məhsullarının satışından əldə etdiyi gəlirlərin önəmli bir hissəsi azalacaq. Neft məhsulları istehsalının azalması isə ölkə iqtisadiyyatın bütün sahələrində öz təsirini göstərəcək. Benzin və dizel yanacağının bahalaşaması bir çox məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərinin kəskin artmasına və rəqabətə davamlığının azalmasına səbəb olacaq. Bütün bunlar isə işsizliyin artması ilə müşahidə ediləcək.

Rusiyanın 74 neft emalı zavodunın təxminən yarısı Ukrayna dronların zərbə məsafəsində yerləşir. Bu isə o deməkdir ki, Ukrayna indiki imkanları ilə Rusiyanın neft emalı müəssisələrinin yarısını sıradan çıxarmaq imkanındadır. "Dron koalisiyası"nın Ukraynanı bir milyon ədəd pilotsuz uçuş aparatı ilə təmin etmək öhdəliyinin gerçəkləşəcəyi halda Rusiyanın neft emalı zavodlarının tamamilə məhv ediləcəyini proqnozlaşdırmaq olar.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft emalı zavodlarını məhv etməyə çalışdığı bir zamanda Kiyevin müttəfiqləri Rusiya iqtisadiyyatını dağıtmaq üçün növbəti həmləyə hazırlaşırlar. Çexiya Rusiya və Belarus taxılının Avropa İttifaqına idxalına qadağa qoyulmasına nail olmaq niyyətindədir. Çexiyanın Baş naziri Petr Fiala bildirib ki, Praqa Rusiya taxılının və bitki yağlarının sanksiyalar siyahısında olmasına çalışacaq. Məqsəd Rusiyanın kənd təsərrüaftı məhsullarının Avropa bazarlarından sıxışdırılıb çıxarılmasıdır. Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı isə bildirib ki, Rusiyadan taxıl almaq təcəvüzkarı dəstəkləməkdir. Nazir Marek Vıbornı deyib ki, Rusiya taxılının idxalına qadağadan sonra ərzaq qiymətlərinin əsaslı şəkildə bahalaşması təhlükəsi yoxdur: "Çünki Çexiyanın və digər ölkələrin Rusiyanı əvəz etmək imkanları var". Çexiya müxalifəti də hökumətin bu təşəbbüsünü dəstəkləyir. Bundan başqa, Litva, Latviya, Estoniya və Polşa da Praqanın təşəbbüsünü dəstəkləyir. Martın 14-də Litva Seymi Rusiya və Belarus taxılın Avropa İttifaqına idxalına qadağa qoyulmasını tələb edən qətnamə qəbul edib. Latviya parlamenti isə hələ fevral ayında ən azı 2025-ci ilin iyuluna qədər Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağa qoyub. Martın 8-də Polşa Seymi Rusiya və Belarus ərzaq məhsullarının idxalına qarşı sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib.

Ekspertlər hesab edirlər ki, Çexiyanın təşəbbüsü bütövlükdə qəbul olunmasa belə, Avropa Komissiyası Rusiya və Belarusdan taxıl idxalına kəmiyyət məhdudiyyətləri tətbiq edə bilər. Brüssel tam qadağanın qlobal qiymət dəyişkənliyinə səbəb olaraq dünyanın yoxsul ölkələrinə mənfi təsir edəcəyindən ehtiyat edir. Lakin siyasi münasibətlərin pisləşməsi və Ukraynada müharibənin qızışması halında Brüsselin Rusiya taxılının idxalına tamamilə qadağan edəcəyi istisna deyil. Avropa İttifaqının rəsmi məlumatına görə, 2023-cü ildə Rusiyadan 1,5 milyon tondan çox taxıl idxal edilib. Əgər Avropa İttifaqı Rusiyadan taxıl və bitki yağlarının idxalının qadağan etsə, bu, Rusiyanın kənd təsərrüfatı üçün sarsıdıcı zərbə ola bilər.

İqtisadçı ekspertlər hesab edirlər ki. neft emalı zavodlarının vurulmasının qarşısının alınması və Avropa İttifaqı Rusiyadan taxıl idxalına qadağa qoysa, bu, Rusiya iqtisadiyyatını tamamilə dağıda bilər. Moskvanın siyasi dairələrində isə hesab edirlər ki, neft emalı zavodlarının vurulması və taxıl idxalına qadağa qoyulması təklifi Rusiyanın iqtisadiyyatının dağıdılması planın tərkib hissəsidir. Moskva bütün vasitələrlə bu prosesin qarşısını almağa çalışır. Bütün strateji obyektləri, o cümlədən, neft emalı zavodlarını Ukraynanın dron hücumundan qorumaq üçün hava hücumundan müdafiə sistemi yetərli deyil. Ekspertlər təklif edirlər ki, dövlət bu vəzifənin öhdəsindən gələ bilmədiyi üçün iş adamları hava hücumundan müdafiə sistemlərini özləri almalıdırlar. Lakin bu təklifi həyata keçirmək asan deyil. Birincisi, bu sistemlər bahalı olduğu üçün bütün müəssisələr onu ala bilməz. İkincisi, həmin sistemləri idarə edəcək kadrları qısa zamanda hazırlamaq mümkün deyil. Üçüncüsü, Ukraynanın məhdud sayda dron hücumları hava hücumundan müdafiə sistemlərinin tam effektli olmadığını göstərdi. Dron hücumlarının kütləviləşəcəyi halda isə hava hücumundan müdafiə sistemləri faydasız ola bilər. Buna görə də bu təklif Kreml tərəfindən ciddi qarşılanmır. Rusiya iqtisadiyyatının dağıdılması isə qarşısıalınmaz prosesə çevrilməkdədir. 

 

 





27.03.2024    çap et  çap et