525.Az

Yens Stoltenberq: "Gürcüstan NATO-nun üzvü olacaq"


 

Yens Stoltenberq: "Gürcüstan NATO-nun üzvü olacaq"<b style="color:red"></b>

Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberqin Azərbaycan, Gürcüstan və Ermənistana səfəri Cənubi Qafqazın beynəlxalq münasibətlərdə əhəmiyyətinin artdığını göstərir. Bu da təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi postsovet ölkələrinə yönəlik marağı artırıb. Postsovet coğrafiyası isə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinə ayrılıb. Lakin hər bir bölgədə də NATO-nun daha çox əməkdaşlıq etdiyi ölkələr var. Şərqi Avropanın postsovet respublikları arasında NATO-nun əsas müttəfiqi Ukraynadırsa, Cənubi Qafqaz ölkələri arasında Brüssel Gürcüstanı əsas tərəfdaşı hesab edir. Ona görə NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubu Qafqaz respublikalarına səfəri zamanı ən çox diqqət çəkən Gürcüstana səfəri idi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirdiyi brifinqdə Yens Stoltenberq bəyan edib ki, Buxarest sammitinin qərarı Gürcüstanın NATO-nun üzvü olmasını nəzərdə tutur. NATO ilə Gürcüstan arasında əməkdaşlıqdan danışan Yens Stoltenberq deyib ki, bir neçə gün əvvəl türk hərbi briqadası Batumidə olub və gürcü tərəfdaşları ilə görüşüb. "Bu, bizim regionda necə əməkdaşlıq etdiyimizə, bir-birimizlə imkanları paylaşdığımıza bir nümunədir. Bu, Gürcüstanın NATO üçün nə qədər önəmli olduğunu sübut edir".

Yens Stoltenberq bildirib ki, Gürcüstanla əl-ələ verib NATO-ya doğru addımlayacaqlar. Bu proses zamanı Gürcüstanda qanunun aliliyi istiqamətində yerli islahatlar, o cümlədən, azad və açıq parlament seçkiləri həyata keçirilməsi ilə bağlı islahatları vacibliyini qeyd edən NATO Baş katibi rəsmi Tiflisi islahatlara çağırıb. Rəsmi Tiflisin NATO-ya inteqrasiya prosesinə sədaqətli olduğuna görə Baş nazir İrakli Kobaxidzeyə təşəkkür edən Yens Stoltenberqin Gürcüstana səfərdən razı qaldığı aydın görünür.

NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz respublikalarına səfəri son dörd ildə ilkdir. Rusiyalı politoloq Sergey Markedonov NATO-nun bölgəyə marağının artmasında Türkiyə faktorunun önəmli rol oynadığını hesab edir. Bu fikirdə müəyyən həqiqət var. Son iki-üç ildə Türkiyə Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevrilib. Markedinov hesab edir ki, bunun əsas səbəblərindən biri Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağ üzərində suverenliyini təmin etməsidir. Eyni zamanda, Moskva ilə İrəvan arasında münasibətlərin soyuqlaşması da Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsinə səbəb olub.

NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinin uğurlu keçməsi Rusiya ilə yanaşı, İranı da narahat edir. NATO ilə əsəb müharibəsində olan Rusiya Şimali Atlantika Alyansının postsovet coğrafiyasının daha bir bölgəsində güclənməsini narahatlıqla izləyir.

İran da Rusiya kimi bölgədə gedən prosesdən narahatdır. Tehran rejimi İsraillə müttəfiq münasibətləri olan NATO-nun İranla həmsərhəd bölgədə güclənməsidən narahatdır.

Ekspertlər hesab edirlər ki, Yens Stoltenberqin İrəvana səfəri Ermənistan-KTMT əlaqələrini daha da zəiflədəcək. Hətta bu səfərdən sonra Ermənistanın KTMT ilə əlaqələrinin tamamilə qırılacağı da istisna edilmir. Artıq Ermənistanın NATO ilə yaxınlaşması perspektivləri yaranıb. Bütün bunlar Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişdiyini aydın göstərir.

 

 





28.03.2024    çap et  çap et