525.Az

Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır


 

Aktrisanın şirin-acı həyat hekayəti - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Həzi Aslanov xalqımızın fəxr etdiyi qəhrəmanlardan biridir, bəlkə də birincisidir, onun məlum şücaətinin şişirdilməsinə də ehtiyac yoxdur. Biz mənfur erməni tarixçiləri deyilik ki, guya qədimdə yaşamış saxta qəhrəmanlar düzəldib, onların uydurulmuş xatirəsi əsasında xalqın tarixini min illər uzadaq, üfürülmüş şar kimi şişirdək və bu sərsəm əsasda xalqı şovinizm ruhunda, başqa xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə edək. Belə eybəcər təcrübəni nəinki qəbul edirik, hətta lənətləyirik.  Lakin biz də səhvlərdən sığortalanmamışıq, nadir hallarda olsa da, belə əsassız tərifə uyub, ölçü hissini unuduruq. Stalinqrad döyüşündəki qələbənin 80 illiyi qeyd edilərkən, televiziyamızın bir aparıcısı həddi aşaraq, bəyan etdi ki, əgər Həzi Aslanov olmasaydı, nə Stalinqrad döyüşündə qələbə çalınardı, nə də alman faşizmi ləğv edilərdi. Özü də bu sözləri təkcə süni pafosla deyil, mismarı ağaca vuran kimi, uydurmalarını beyinlərə nəqş etdirmək qaydasında deyirdi. Onun belə qəribə mülahizəsinə guya heç kəs etiraz edə bilməzdi. Hiperbolanın da həddi olmalıdır. Böyük səhvi mətni yazan buraxmışdı, aparıcı onu təkrar etməməliydi. Belə çıxır ki, Stalinin, Jukovun, Vasilyevskinin Stalinqrad döyüşünün uğurlu nəticəsində, alman faşizmi üzərindəki Qələbədə elə bir xidmətləri olmamışdır, guya Qələbədən xeyli əvvəl həlak olmuş qəhrəman sovet tank generalı təkbaşına Hitleri diz çökdürmüşdü.  Bəs ABŞ-ın Böyük Britaniyaya və Sovet İttifaqına elədiyi nəhəng və hərtərəfli kömək, 1944-cü ilin 6 iyunundaki İkinci Cəbhənin açılması, Müttəfiqlərin Faşist Almaniyası üzərindəki Qələbəyə nəhəng töhfəsi niyə tez yaddan çıxır, inkar edilir, kiminsə bir gülünc uydurması hesabına məntiqdən xəbər verməyən ağılsız iddiaya çevrilir. II Dünya müharibəsi kimi ağır kataklizmdə altı il ərzində qazanılan böyük Qələbənin bir nəfərin adına yazılması tarixə, qanlı döyüşlərdə qurban getmiş milyonlarla insanın, əsgər və zabitlərin xatirəsinə hörmətsizlikdir. Müharibə tarixdə heç vaxt bir silahla, lap bu qoy zirehli tank olsun, udulmamışdır. Almaniya kayzeri II Vilhelm I Dünya müharibəsində malik olduğu çox saydakı sualtı qayıqlarına bel bağlamaqla, qələbə çalacağına şübhə etmirdi, 1918-ci ilin noyabrında isə məğlub olub, ölkəsindən Niderlanda qaçmalı oldu. Sonra isə Hitlerə təriflər yağdırırdı.

 Yəqin ki, Həzi Aslanov özü sağ olsaydı, tarixin saxtalaşdırılmasına qəti etiraz edərdi, özünün adının belə müvafiq olmayan səviyyədə hallanmasından çox narazı qalardı, çünki o, həm də olduqca təvazökar insan idi.

Sonra Mehdi Hüseynzadənin  ("Mixaylo"nun) heykəlini müşahidə etdik. Sloveniya dağlarında və Şimali İtaliyada vuruşduğuna görə o, qaya başında təsvir edilmişdir. Sloven xalqı vətənlərini azad etmək üçün igid partizan kimi vuruşan Mixaylonu özünün milli qəhrəmanı hesab edir. Azərbaycanlılar üçün bu, əsl fəxr mənbəyi sayılmalıdır, Novxanı kəndindən olan gənc oğlan kiçik Qərbi Balkan ölkəsində ağıla gəlməyən igidliklər göstərmiş, alman işğalçılarının canlı qüvvəsinə və hərbi texnikasına böyük zərər vurmuş, onları məhv etmişdi.

Növbəti səfərimiz Rixard Zorqenin abidəsi yanına getmək oldu. Heykəlin müəllifi moskvalı heykəltaraş Vladimir Tsiqal idi, vaxtilə Avstriyadakı Mauthauzen ölüm düşərgəsində vəhşicəsinə  öldürülmüş, çılpaq bədəni soyuq su ilə buz parçasına çevrilməklə həyatdan getmiş general Karbışevin dəhşət saçan heykəlini də o, yaratmışdı. Zorqenin heykəli tam başqa qaydada, unikal üslubda işlənmişdi. Onun alnını dərin qırış kəsirdi. Gözləri isə geniş olmaqla işıq saçırdı. Gözlər Rafaelin "Sikstin kapellasında" anasının qucağında olan körpə İisusun bəşəriyyətin dərdlərinə görə geniş açılmış gözlərini xatırladırdı.

Zorgenin heykəli qara qranitəndir, sifətində heykəltaraş II Dünya müharibəsində dünyanın ağır qurbanlar, dəhşətli itkilər verəcəyini onun öncədən gördüyünü əks etdirməyi bacarmışdı. Bir böyük intellekt sahibi kimi o, müharibənin motivini yaxşı anlayırdı, bilirdi ki, Hitler bütün dünyanın olmasa da, Avropanın ağası, diktatoru olmaq istəyir. Heykəl olduqca sadədir, sadə bir bağda yerləşmişdir. Lakin bədii dəyərinə və tam qeyri-adi təsvir üslubuna görə şəhərin ən qiymətli abidələrindən biri hesab edilə bilər.

 Zorge aparıcı alman qəzetlərinin müxbiri kimi Tokioda siyasi və media dairələrində böyük nüfuz qazanmışdı. Yaponiyanın ABŞ hərbi-dəniz bazası olan Pyorl- Harbora hücumunun nələrə səbəb olacağını da yaxşı başa düşürdü, ABŞ şirini oyatmaq Yaponiyaya ağır başa gələcəkdi. Görkəmli yapon admiralı Yamomoto əvvəlcədən demişdi ki, yarım il ərzində üstünlük bizdə olacaqdır, 6 aydan sonra hərb səhnəsində bütün üstünlüklər amerikanlara keçəcəkdir. Yamomoto ABŞ-ı yaxşı tanıyırdı, orada sanballı hərbi təhsil almışdı və dediyi kimi də oldu.

 Məhz Zorgenin yüksək kəşfiyyatçılığı hesabına Yaponiyanın SSRİ-yə hücum etməyəcəyi ən böhranlı bir anda məlum olduğundan, 30 Sibir diviziyası Uzaq Şərqdən Moskva ətrafına gətirilmiş, onların tutarlı köməyi ilə 1941-ci ilin 5 dekabrından etibarən alman qoşunları Moskvadan 200 kilometr geri qovulmuşdular. Zorgenin Moskvanın müdafiəsinə, ən çətin vaxtda etdiyi kömək, müqayisədə, cəbhədə vuruşan diviziyalardan da böyük idi. Mən səhnədə onun rolunu yaratmağa çalışardım, axı söz vermişdim ki, kişi rollarını da ifa edəcəyəm. Təəssüf ki, bu rol mənə qismət olmayacaqdır, kiçik bədənim qəddi-qamətli, sərv boylu adamı oynamağı mənə qadağan edir. Mənim ifamda o, kiçik bir karikaturaya bənzəyərdi, bu isə yolverilməzdir.

Qəhrəmanlarla təsvirlərdəki görüşləri bitirdikdən sonra, planlarıma müvafiq olaraq, mənim xahişimlə şair Mikayıl Müşfiqin heykəlini seyr etməyə getdik. Başqa şairlər çox iri ölçüdə postament üzərində dayandıqları halda, elə bil ki, ilham səhnəsindən deyil, cəbhə döyüşündən qayıdırdılar, güllələnmiş bu şairin büstü isə kiçik olmaqla, həm də çəhrayı rəngdə idi.

Müşfiq faciəli ömür yaşamışdır. Gəncədən gələn Dilbər adlı gözəl qızla evləndikdən sonra daim özünü onun mühafizəsinə həsr etmişdi. Bir əsr sonra Azərbaycanada yeni bir Puşkin peyda olmuşdu. Rus şairi öz çirkinliyinə görə arvadı, füsunkar Nataliya Nikolayevnanı Dantesdən, çar I Nikolaydan qoruduğu halda, qəşəng Müşfiq tam layiq olduğu arvadı Dilbəri bütün gözlərdən qoruyurdu, axı şair arvadı hərəmxana divarları arasında başqalarından gizlənən odaliska- hərəmə çevrilə bilməzdi.

Müşfiqin ideologiyaya müxalifliyi də o qədər qatı olmayıb, elə ciddi nəzərə çarpmırdı. Lirik şeirlərlə yanaşı, sosializmin məşhur tikintilərini tərənnüm etməkdə heç də digər silahdaşlarından geri qalmırdı. Donosçu şairlərin, sistemə gur xidmətləri olanlara gücləri çatmadığından, sovet meşə canavarları kimi, onlar zəifləri ovlamaqla, yaradıcı ziyalılar meşəsində bir növ ikiayaqlı ideoloji sanitar rolunu oynayırdılar. Sadəlövh Müşfiqi isə əhatəsində olduğu dairə məhv etmişdi. Yuxarıdan verilən kvorumu doldurmaq üçün o, ən uyğun gələn, əlverişli qurbanlardan biri ola bilərdi və oldu.

Üzümü ərimə tutub dedim:

- Məşhur qəhrəmanları səhnədə təsvir etmək görünür, mənim xörəyim deyildir. Müşfiqi isə oynaya bilərəm, özü də təkcə repressiya qurbanı kimi deyil, ona qəbir qazanların ifşasını da tam nümayiş etdirməklə. Nə vaxta qədər donosçular qurbanlarının qəbri üzərində ritual rəqsi oynayan vəhşi insanlara bənzədikləri halda, hörmətlə yad olunacaq və KQB-nin, qəsri andıran arxiv otelindən öz  ilbiz buynuzlarını bir əsr sonra belə çıxarmayacaqlar. Bəlkə bizim tamaşa təşəbbüsümüz bir fayda verdi. Cəhd eləmək, ruslar demişkən, heç də işgəncə deyildir. Pyes hazırdır, nəticə rejissordan və əsasən mənim rola girməyimdən, bədbəxt bir insanın taleyini yaşamaq qabiliyyətimdən asılı olacaqdır. Zamanla bizim aramızda bir-birini ötüb keçmə qaçışı başlanmışdır.

Mən həm də az da olsa Müşfiqin indiyədək nəzərə çarpmayan laqeydliyinə də toxunacağam. Niyə o, faşizmə, antisemitizmə qarşı, onlar alovlandığı bir vaxtda səsini qaldırmamışdı? Qarsiya Lorka həyatını qurban vermək hesabına bunu etdiyi halda, bizim ziyalılar özlərinə şəxsən heç bir təhlükə olmadığı halda ağızlarına su almışdılar, elə bil ki, bu dünyada yaşamırdılar. İspaniyada Vətəndaş müharibəsi gedirdi, Fransisko Franko qoşunu ilə respublikaçıların kütləvi qırğınını törətdiyi bir vaxtda, Hitler, aviasiya bombardmanı ilə məhz respublikaçıları məhv etmək üçün İspaniyanın Qernika şəhərini Yer üzündən silmişdi. Ümumiyyətlə dünyanın çox hissəsini ölüm saçan hərb simfoniyasının harayı bürümüşdü, üç qitə əhalisi əzablarla üzləşdiyi dəhşətli bir vaxtda biz diqqətimizi namus, qeyrət nişanəsi kimi milli musiqi alətimiz olan tarın o qədər də ciddi görünməyən və əsasən sünilik təsiri bağışlayan müdafiəsinə yönəltmişdik. Tar bizim milli ruhumuzun ən vacib səsi olsa da, bədbəxtliklərin qarşısını almaqda elə bir güc sahibi deyildir.  Bu, məgər bir qədər cılız, bəşəri faciələrə məhəl qoymamaq kimi, "bizim komanın qıraqda olduğu" prinsipi tək görünmürdümü? Sonralar isə alman qoşunları ilə cəbhələrdə yüz minlərlə cavanlarımızı qurban verməli olduq. Ağacdan hazırlanmış tarla müqayisədə onların itkisi məhz daha dəhşətli təsir bağışlamırmı? Deyəsən, mən o vaxt, ziyarətimizin sonunda tam ittiham ruhunda köklənmişdim.

Biz aktrisalar həm də könül bağbanlayırıq, becərdiyimiz, qulluq etdiyimiz bağlar tamaşaçıların könülləridir. Biz çalışmalıyıq ki, o bağlarda yaxşı meyvə ağacları böyüsün, ərazisi daim gül-çiçək ətri versin. Çünki könül ona uyğun gəlməyənlərlə, qaranlıqla dolu olduqda, onda günah yetişməyə başlayır. Ona görə də könülləri həmin qaranlıqdan xilas etməliyik. Özümüz də, tamaşalarımız da yalnız bu məqsədə xidmət edir. Yaradıcılığımın ayrı-ayrı nüanslarına gəldikdə, tamaşaçılar mənim uşaq obrazlarımı xüsusilə bəyənirdilər. Mən uşaq baxçasında şuluqluq salan qızcığazı da, dəcəl məktəbli qızı da təsvir etməyi bacarırdım, bu işdə mənə həm də kiçik bədən quruluşum köməklik edirdi. Digər iri bədənli, cüssəli aktyorların uşaq obrazlarındakı tərəf-müqabillərim nə qədər cazibədar olsalar da, mənim oyunumla müqayisədə onlarınkı bir qədər süni alınırdı. Axı onlara məndən fərqli olaraq, yeniyetmə uşaq fiqurası yad idi, ifadələrindəki və danışıqlarındakı ustalıq nişanələrinin çoxluğu da, iri qarnı və ya uca boyu dəyişdirmək, kiçiltmək iqtidarında deyildi. Mən aktyor dostlarımın istedadına hörmətlə yanaşırdım, lakin onların özləri nə qədər çalışsalar da, həll yolları axtarıb tapsalar da, uşaq görkəminə uyğun gəlmirdilər. Ona görə də məni uşaq personajlarının səhnə taleyinin ən usta yaradıcı sayırdılar və belə qiymət məni olduqca ovundururdu.

Mənim bu sahədəki az-çox nailiyyətim diqqətdən yayınmamışdı. Bir jurnalist bu rollardakı uğuruma görə məni "kolibri" adlandırmışdı, ərimin verdiyi "Byenvenyu", indi də quş adı qəbul etmişdi. O yazırdı ki, kolibri ən xırda quş olsa da, uzun dimdiyinə görə istənilən çiçəyin ləçəklərinin dərinliyində yerləşən nektarı tapıb çıxara bilir. O, qidalanması üçün hər imkandan istifadə edir, butulkanın ağzından tökülən şirəni və ya balı, bunu onlar üçün edən turistlərdən çəkinmədən dimdiyi ilə sorur. Bu aktrisa da belədir, ona tapşırılmış rolun şirin şirəsini çıxarıb, tamaşaçıya nümayiş etdirməyənə qədər yorulmaq bilmir, özünü taqətdən salana qədər çalışır və istədiyi nəticəyə də nail olur. Uşaq obrazında əvvəlki gənc və gözəl aktrisadan əsər-əlamət qalmır, bütün varlığı uşaq obrazına tabe olur, onda əriyir və aktrisanın təcəssüm etmə qabiliyyəti özünü daha parlaq büruzə verir.

(Ardı var)  

 





27.03.2024    çap et  çap et