525.Az

"Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"


 

İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ TƏDQİQATÇILARIN BEYNƏLXALQ ELMİ KONFRANSI BU MÜHÜM MÖVZUYA HƏSR OLUNACAQ

"Dayanıqlı inkişafın yeni dövrü: <b style="color:red"> yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"</b>

Bu il mayın 23-26-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı və "Paşa Holdinq" şirkətlər qrupunun baş sponsorluğu ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) təşkil olunacaq. "Yaşıl dünya naminə həmrəylik" ili çərçivəsində keçiriləcək builki konfrans "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi" mövzusuna həsr olunub. Konfrans çərçivəsində məruzə sessiyaları və onlayn vörkşoplarla yanaşı, Heydər Əliyev Mərkəzində 3 aktual mövzuda panel müzakirələr də keçiriləcək. Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 30-a yaxın elmi bazasında (Web of Science, Scopus və digərləri) indekslənəcək.

UNEC-in elm üzrə prorektoru, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədovun sözlərinə görə, VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2024) dünyanın müxtəlif ölkələrindən olan professor, müəllim və tədqiqatçılar üçün tədqiqat nəticələrinin paylaşılması və fikir mübadiləsi üçün bir platformadır. Eyni zamanda Azərbaycanda təhsil və tədqiqatların inkişafına töhfə verəcək müxtəlif tədbirlərin keçirilməsi və akademik vəsaitlərin nəşr olunması ilə də fərqlənir: "İnformasiya texnologiyalarının, süni intellektin və dünyada təhsillə bağlı yanaşmaların dəyişməsi və yeniliklərin bütün ölkələrə transformasiyası mühüm bir reallıqdır. Azərbaycanda təhsil sisteminin inkişafında, tədqiqatların keyfiyyətinin artırılmasında, beynəlxalq təhsil arenasının qabaqcıl qurumları ilə əlaqələrin genişləndirilməsində, fikir və informasiya mübadiləsində elmi-akademik tədbirlər mühüm rol oynayır. Təhsil və tədqiqat mühitinin təkmilləşməsinə dəstək olmaqla yanaşı, ölkəmizin təhsil imicinə də müsbət təsir göstərən bu tədbirlərin beynəlxalq təcrübə və keyfiyyətlərə əsaslanaraq təşkili əsas prioritetlərdən biridir. Bu çərçivədə artıq 6 ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təşkil olunan İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) dövrün çağırışlarına cavab verən aktual mövzuların geniş müzakirəsi ilə seçilməkdədir".

Fariz Əhmədov bildirib ki, son illər xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni yaşıl texnologiyalara keçid sürətlənib. Dünyanın hər yerində olduğu kimi, qarşıdakı bir neçə ildə Azərbaycanda da iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən biri olacaq. Məhz bu istiqamətdə Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib: "İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Bu ərazilərdə həyata keçirilən dövlət siyasəti ekosistemin bərpasına və alternativ enerji mənbələrinin iqtisadiyyatdakı payının artırılmasına istiqamətlənib. Təsadüfi deyil ki, görülən işlərin nəticəsi olaraq sözügedən sahədə dünyanın ən nüfuzlu tədbiri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda keçiriləcək. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Sərəncamda qeyd olunur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir".

Prorektor vurğulayıb ki, konfransın elm komitəsi tərəfindən keyfiyyət standartlarına uyğun olaraq seçilmiş bu tədqiqat işləri üçün müxtəlif nəşr imkanları yaradılıb. Bu günədək konfrans tərəfindən beynəlxalq ISBN nömrəsi ilə "Konfrans xülasələr kitabı" və "Konfrans tam mətn məruzələr kitabı" nəşr edilib və elektron versiyada konfransın rəsmi saytına yerləşdirilib. Eyni zamanda, konfrans çərçivəsində elm komitəsi tərəfindən seçilmiş keyfiyyətcə daha yüksək olan tədqiqat işləri dünyanın qabaqcıl akademik platformalarında indekslənən beynəlxalq elmi jurnalda çap edilib və indekslənib. Bundan əlavə, ərsəyə gələn bütün elmi nəşrlər dünyanın müxtəlif nüfuzlu universitetlərinin kitabxanalarında və digər beynəlxalq bazalarda indekslənib. VI konfransla bağlı da sözügedən nəşrlərin indekslənməsi həyata keçiriləcək: "Qeyd edim ki, beynəlxalq konfrans çərçivəsində ölkəmizdə təhsil və tədqiqatların keyfiyyətinin artırılmasına töhfə verilməsi məqsədilə müxtəlif mövzularda kitablar nəşr olunaraq ictimaiyyətə təqdim edilib. Bu baxımdan "Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı", "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu" və "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının qiymətləndirilməsi", "Strateji idarəetmə", "Tədqiqat metodları", ingilis dilində "Exploring The Green Economy: Issues, Challanges and Benefits", Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı "Bir əsrin iqtisadi portreti" kitablarını qeyd etmək olar. Builki konfrans çərçivəsində də "Yaşıl iqtisadiyyat" dərs vəsaiti və "Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf" məqalələr toplusu hazırlanaraq çap ediləcək, elektron formada konfransın rəsmi saytında yerləşdiriləcək, habelə müxtəlif universitetlərin kitabxana bazalarına göndəriləcək".

Fariz Əhmədovun dediyinə görə, VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının açılış mərasimindən sonra dövlət, özəl sektor və beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı ilə "Gələcəyi istiqamətləndirmək: dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər", "Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər", "Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi", "Yaşıl enerji zonası olaraq Qarabağ və Şərqi Zəngəzur: mövcud vəziyyət və perspektivlər", "Yaşıl maliyyə və yaşıl investisiyaların təkamülü: trendlər və ümumi baxış", "Ətraf mühitlə bağlı sosial təşəbbüslərin həyata keçirilməsi", "İqlim dəyişikliyi ilə mübarizədə yaşıl innovasiyalar", "Dayanıqlı inkişafda beynəlxalq rəqabətqabiliyyətlilik meylləri", "Bərpaolunan enerji mənbələrinə keçid: qlobal istiləşmə ilə mübarizə" mövzularında panel müzakirələri təşkil olunacaq və konfransın rəsmi sosial media hesabları vasitəsilə canlı yayımlanacaq.

Prorektor əlavə edib ki, konfransın üçüncü və dördüncü günləri onlayn məruzə sessiyaları keçiriləcək. Azərbaycan, türk, ingilis və rus dillərində keçiriləcək sessiyalarda dünyanın müxtəlif ölkələrindən 500-dən çox tədqiqatçı 100-ə yaxın məruzə ilə öz tədqiqatlarını təqdim edəcək. Tədqiqat işlərindən elm komitəsi tərəfindən seçilənlər beynəlxalq elmi jurnallarda xüsusi buraxılış olaraq çap ediləcək və dünyanın qabaqcıl akademik platformalarında indekslənəcək. Həmçinin tədqiqatçıların elmi işləri əsasında beynəlxalq ISBN nömrəsi ilə "Konfrans tam mətn məruzələr kitabı" olaraq onlayn formada nəşr ediləcək, müvafiq saytda yerləşdiriləcək və dünyanın ən qabaqcıl akademik platformalarında və kitabxanalarında yer alacaq.

Sevinc QARAYEVA

 





27.03.2024    çap et  çap et