525.Az

Türk dilinin iki yazılı abidəsindən bəhs edən romanlar


 

Türk dilinin iki yazılı abidəsindən bəhs edən romanlar <b style="color:red"></b>

Türk dilinin yazılı abidəsindən bəhs edən “Bilgin Şehzade” romanının adınca milli-mənəvi maraqlara xidmət edən növbəti bədii əsər -  “Balasagunlu Yusuf” romanı çap olunub.

525.az xəbər verir ki, hər iki romanın müəllifi Türkiyənin Dənizli şəhərində yaşayan uşaq ədəbiyyatı yazıçısı Hasan Kallimcidir. O, 950 il əvvəl Kaşqarda qələmə alınmış fundamental əsərdən bəhs edən romanları məktəblilərin oxuya biləcəyi səviyyəsində ərsəyə gətirib.

Əsərlər barədə fikirlərini bölüşən H.Kallimci qeyd edib ki, “Bilgin Şehzadə” Mahmud Kaşqarinin müəllifi olduğu ilk türkdilli lüğətimiz “Divani lüğət-it-türk”ü ehtiva edən bədii əsərdir: “Romana 9000-dən çox söz, 266 Atalar sözü, 91 şeir və 8 deyim daxil edilib. Bu kitabı oxuyan uşaqlarımız min il əvvəlki türk dili ilə tanış olacaq və onu indiki dilimizlə müqayisə edəcəklər. Onlar bu romanlar vasitəsilə dilin yaşatdığı və bu günə gətirib çıxartdığı mədəniyyətlə tanış olduqca böyük türk kimliyinə mənsub olmağın nə demək olduğunu daha yaxşı anlayacaqlar”.

Yeni çap olunan “Balasagunlu Yusuf” romanı barədə də söhbət açan müəlif bildirib ki, sözügedən əsər Balasaqun və Kaşqar şəhərlərində Yusif Has Hacib tərəfindən yazılmış “Qutadqu Bilik” kitabından qaynaqlanıb: “Kitab bir tərəfdən obrazların dili ilə bir ölkənin necə idarə olunmalı olduğunu izah edir, digər tərəfdən bir şəxsin "əsl insan"olmaq üçün daşımalı olduğu xüsusiyyətləri təkrar-təkrar təsvir edir”.

H.Kallimci sonda vurğulayıb ki, "Bilgin Şehzade” ve "Balasagunlu Yusuf” adlı romanları ilə “Divani lüğət-it-türk” və "Qutaqdu Bilik" adlı abidəyə çevrilmiş əsərlərimizi uşaqlarla tanış etməyin xoşbəxtliyini yaşayır.

Qeyd edək ki, “Bilgin Şehzade” romanı 2022-ci ilin mayında Bilgə Mədəniyyət və İncəsənət Nəşriyyatı, “Balasagunlu Yusuf” isə 2024-cü ilin fevralında Törə Dövlət Nəşriyyatı tərəfindən çap edilib.

NADİR

 





27.03.2024    çap et  çap et