525.Az

"Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır


 

"Sıfırı yeddinin yanından silin..." - <b style="color:red">Lətif Şüküroğlu yazır</b>

Rəşid Faxralıdan yazmağa o qədər söz var. Uc-uca düzsən, bir dastan olar. Özündən də çox sözünün, Sözün dastanı. O sözün ki, nə qədər çaları olduğunu, yaradan, daha əfzəl Yaradan bilir. Hansını deyim, hansını yazım. Sadəsi, qəlizi var, yerdə qərarsız qalıb "göylə əlləşən"i, oxvar görməmişi, cilalandıqca parlayanı, duzlusu, şirini, su kimi axanı, od kimi yandıranı, qayatək sərti, qu tükündən yumşağı, neçə qatlı, neçə misallı söz. İlk ağlıma gələnləri yazdım və ixtiyarsız onları birləşdirən bir cəhəti düşündüm. Minilliklərin o üzündən süzülüb gələn bu aydan arı, sudan duru, ana südü kimi saf sözlərin hamısını Rəşid özününküləşdirməyi bacarıb. Başı buraxılmış at kimi içində dörd yana çapıb varlığını çığnayan, ürəyinin qanıyla yoğrulub, bağrını köz-köz edən o sözlər bir qələm əhlini də tamam əsir-yesir edəndən sonra dönüb öz sözü olub. Yoxsa, nə düşüb ki, uf demədən bir ömrün külünü göyə sovursun. Bu misralar şahidim olsun ki, deyə biləcəklərimin heç üçdə birin yazmıram:

 

Özümü söznən üzürəm,

Sözüm dəryadı, üzürəm.

Yüz ildi ömür gəzirəm,

Hanı? - Ölümdən o yana.

 

Rəşiddən yazmağa nə var ki. Qələmindən çıxan şeirlər, publisistik məqalələr, müxtəlif janrlarda, birnəfəsə oxunan əsərlər. Bunların eləcə adını sıralasan səhifə nədir "cəridə dolar". Rəşid özünü yazıb - düşüncələrini, yaşantılarını, bir sözlə, nəyi varsa, açıb töküb, içini-dışını elə ələk-vələk edib ki, deyirsən, daha yazmağa nəsə qalmayıb. Ancaq hər yeni yazısını oxuyub yanıldığına sevinir, sanki o sözlərlə sən də qanadlanırsan. Və nə yaxşı ki, könlü gənclik həvəsində, əli qələmdədir. Həm də sadəcə, yazmır, kəlmə-kəlmə, misra-misra əriyib bu torpağa, onun bozqırlarından tutmuş yaşıl çəmənlərinə, dağına-daşına, çayına, bulağına, otuna-ələfinə, yovşanlı, tikanlı, lap elə şoran çöllərinə... elə qarışıb ki. Bu da bir taledir, ancaq özü fərqində olduğu, seçərək yaşadığı tale. Rəşid də sevə-sevə oxuduğumuz qələm adamları kimi başqa cür, yazı-pozusuz yaşaya bilərdimi? Təkcə mənim deyil, tanıdığım neçə oxucusunun da qənaətidir, bilməzdi. Buna məhkumdur və yəqin qismətindən gileyli də deyil. Dünyanın dərdini çiyninə alıb, ümidi kəsilənin təsəlli yeri olmaq əsl qələm əhlinin taledən qismətidirsə, yoruldum, usandım deməyə, gileylənməyə dəyərmi? Bir də bütün çəkilməz əzabların sonu sözlə yeni vüsaldırsa, hər şeyə qatlaşarsan.

 

Balıncım daş, yorğanım daş,

İçimdə dərd, gözümdə yaş,

Belə zülm olmaz qardaş,

Dilim yandı, söz ver mənə!

 

Ötən əsrin görkəmli şairi "Sıfırı 70-in yanından silin", demişdi. Nə xoş Rəşidə ki, 70-i sıfırsız gəlib. Qəlbi, ruhu, xəyalı 7-də necəydi, elə də qalıb. Uşaq kimidir deməyə dilim gəlmir. Uşaq desəm, soruşmazlar ki, "Gözümdə hönkürür bir dəli sevda", "Könlüm cənnət qapısıdı", "Müharibə", "Savalandan yellər əsə", "Min illərin duası" kimi əsərlər necə yazılıb? Uşaq qəlbinin saflığını qorumaq, xəyal qurmaq, düşüncələrində dünyanı dörd dolanıb, hər dəfəsində də Vətənə yenidən aşiq olan, onun ulduzları sayrışan göylərinə, uca dağlarının qartal qıyı ilə sərhədlənən üfüqlərinə, bir sözlə, ruha sığal çəkən gözəlliklərinə vurulmaq nə böyük səadətdir. Bunlar bir ömür boyu onun yol yoldaşı, alın yazısının sətir-sətir vərəqləndiyi ünvanlardır. "Səngər yazı masası" olanda da, "Səngərdən əbədiyyətə" qovuşanlarla nəfəs-nəfəsə "Lələtəpə"dən "Bayraqtəpə"yə yüyürəndə də, "Əsgər nəfəsi"nə qızınıb soyuğa, sazağa tablayanda da, "Salam, ruhumuzun şəhəri Şuşam!" deyəndə də.

2016-cı il iyunun 26-da, Aprel döyüşlərindən 2 ay 22 gün sonra Rəşid yazırdı: "Lələtəpənin sağından keçən yol bizi Cıdır düzündə dayanıb Topxanaya baxacağım anlara aparacaq. Onda Şuşanın dumanı çəkilmiş dağlarına baxıb Şuşada şəhid olanlarımızı xatırlayacam... Əsgərlərimizin ürəyindən keçən bu yol bizi Şuşaya yetirəcək! Şuşaya aparan yolda əsgərlərimizin iziycə dizin-dizin gedərəm! Gedəcəm! Ruhumuzun yoludu bu yol! Şuşaya aparan yollar görünür, əsgər qardaşım!"

Niyyətində düz olanlar inamında yanılmırlar. Rəşid də yanılmadı. İllərin məğlubiyətdən doğan dözülməz əzabı, torpaq, yurd itkisinin çəkilməz ağrısı "Şuşaya aparan yollar görün"əndə bircə andaca yox olmuşdu. Köksünə sığmayan bu qürurlu sevinci dağlara, daşlara səs salan hayqırtıya çevirməyin vaxtı gəlmişdi. Vətən göylərinin ən uca, ən müqəddəs mərtəbələrindən biri şəfəqlər qoynunda bərq vururdu. İlahi, necə şanslı idi ki, tale ona da illərcə həsrətində olduğumuz Zəfərə aparan şərəfli 44 günlük yolu keçənlərin cərgəsində olmağı qismət etmişdi. Kəndlərin, şəhərlərin ard-arda düşmən tapdağından qurtulduğu o tarixi günlərin şahidi olan şəhid və qazi oğulların yazdığı tarixi sözü, imzası ilə əbədiləşdirənlər arasında "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı Rəşid Faxralı da var idi. Vətənin azad Qarabağla, Şərqi Zəngəzurla başlayan yeni tarixinin ən təsirli, yaddaqalan səhifələrinin, Zəfər dastanının yazıldığı bu günlərdə o da öz sözünü, həm də ucadan deyir. "Torpağım bəsdi mənə", "Salam, ruhumuzun şəhəri Şuşam", "Qələbəyə salam olsun!", "Domokl qılıncı", "Gerçək nağıllar" və başqa əsərlər qələbə ovqatlı bu silsilənin uğurla davam etdiyindən xəbər verir.

Bunlar Rəşidin "dua"larıdır. Daha bir yazarın Tanrıya dan üzünə oxuduğu dualar. Bütün 44 gün ərzində bir addım belə geri çəkilmədən, yadların izlərimizi silməyə çalışdığı əzəli torpaqlarımıza yenidən öz qanları ilə möhür vuran şəhidlərimizin ruhuna, qazilərimizin şərəfinə oxunan dualar. Nə yaxşı ki, yurd, torpaq nisgilli insanların, 28 ildən artıq haqq-ədalət arayanların duaları uca dərgaha çatdı. Rəşidin də ürək ağrısı olan Xocalının, Ağdabanın, Meşəlinin və soyqırımı törədilmiş neçə yaşayış məskənimizin qisası qiyamətə qalmadı.

Onun "Ömür düsturu" çox sadədir, sözə, yazıya bağlılıq, sələflərdən əxz etdiyi qələmin müqəddəs missiyasına sadiqlik. Ötən illər bu seçimi zərrə qədər də dəyişməyib. 33 il əvvəl "Xalq Ordusu" qəzetində necə görmüşdümsə, elə də qalıb. Saçı-saqqalı ağarmasa, üzündə gərgin ömrün cizgiləri, gündüzlərə qatılan gecələrin yorğunluğu əks olunmasa, deyərdim, hər şey dünən olub. Dünən idi qələmi süngüyə çevirənlərin yoluna üz tutub, bir qəzet redaksiyasını çətiri altına toplaşdığımız. Bu yol cəbhəboyu səngərlərdən, güllə, mərmi atəşi məsafəsindən keçəcəkdi, müxtəlif təhlükələrə tuş gələcəkdi və gəldi də. Ancaq kimsənin dönmək, yayınmaq fikri yox idi. Qəzetin əksər saylarını hər dəfə, həqiqətən, səbirsizliklə gözləyən əsgərlərə apardıq. Bir neçə nömrəni isə onlarla birgə, çiyin-çiyinə dayandığımız döyüş bölgəsində çıxardıq. Rəid Faxralının, Bədirxan Başkeçidlinin, Söhbət Səfərlinin, Mehman Süleymanovun və daha neçə əməkdaşın yazıları N saylı hərbi hissələrin şəxsi heyətinin gözü önündə ərsəyə gəldi. "Xalq Ordusu"nun xalqın ordusunun gündəlik həyatından bəhs edən sayları bu gün hərbi jurnalistika tariximizin qürurverici səhifləridir. Onların həm yazılmasında, həm də tərtibatında Rəşidin xüsusi əməyi olub. Çünki o, qəzetin məsul katibi idi.

Onun həyatının "məsuliyyət" sözü ilə ifadə olunduğu məqamlardan biri də tutduğu vəzifənin adı ilə bağlı idi. Həm də bu sözün tam deyil, yalnız "məsul" hissəsi. Bunu təsadüfən qeyd etmirəm. Qəzetdə birgə işlədiyimiz təqribən 8 ay ərzində mən onun stolunun üstünü ən müxtəlif yazılar, şeirlərindən ibarət vərəqlər, fotolar, sənədlər, bir sözlə, hər cür kağız-kuğuzla dolu gördüm. Bu xaosun içində kimsənin məqaləsinin itməyəcəyinə əmin idim. Ancaq özünün hansısa yazısının (əsasən künc-bucağa səpələnmiş şeirlərinin) it-bata düşəcəyi Rəşidi qəti narahat etmirdi. Yəni açığını desəm, bu məsələyə ciddi yanaşmır, "bir yazı, şeir beynimə yazılmayıbsa, elə itsə yaxşıdır" məntiqi ilə hərəkət edirdi. Öz yaradıcılığına qarşı bu münasibətinə görə zarafatla ona "dünyanın ən dalğın, ən laqeyd şairi" deyirdim. Ancaq bundan heç vaxt incimir, "bəlkə sən məni əsərlərimə sahib çıxmağa öyrədəsən", deyirdi. Bilmirəm, bacardımmı. Ancaq onu dəqiq bilirəm ki, Rəşid üçün tanımağından asılı olmayaraq, yazarın kimliyi deyil, yazısı, sözü əsas idi. Ürəyindən olan yazını özü yazıbmış kimi qəbul edən, buna uşaq kimi sevinən neçə nəfər tanıyırsınız. Bir əlin barmaq sayı oldusa, hələ ümid var. Yeri gəlmişkən, təcrübəmdən bilirəm, Rəşid həm də sözün qədrini bilən maraqlı həmsöhbətdir.

Rəşidin bir Zəngilan göynərtisi, dərdi də vardı. Birinci Qarabağ müharibəsində Ermənistan işğalının sonuncu həlqəsi, son itkimiz, son qalamız Zəngilan. 1993-cü ilin o məşhum 29 oktyabr günündə Zəngilanı tərk edib Arazdan İrana, daha doğrusu, sərhəddən həmişə həsrətlə boylandığımız cənub torpaqlarımıza keçən insanların arasında o da, hərbi müxbir Rəşid Faxralı və məhrum videooperator Seyidağa Mövsümlü də olmuşdu. Onlar da Zəngilan itkisini zəngilanlar qədər ürək ağrısı ilə yaşamış, bu dərdin ovunacağı 20 oktyabr 2020-ci ilə qədər az qala bir igid ömrü qədər, 27 il 9 gün gözləmişdilər. Ürəyində illər, aylar, həftələr, günlərlə şişən bu dərdini o, neçə təsirli yazıya çevirmiş, bir gün Azərbaycan əsgərinin üzü Zəngəzura inamla xilas yürüşünə başlayacağına inanaraq gözləmişdi. O illərin dərdindən bir yarpaq:

 

Eh, yalan olmuşam, yalan,

Ocağıma düşüb talan.

Bir dərvişəm olub-qalan,

Heçim-köçüm də üşüyür.

 

Qəlbindəki Şuşa, Laçın, Kəlbəcər, yaraları ilə bərabər Zəngilan yarası da qövr etmişdi. İndi bu yaralar qaysaq bağlayıbsa da, Zəngilanda son nəfəslərinə qədər döyüşmüş Baloğlan, Elşad, Adil kimi oğulları düşündükcə qəlbi parçalanır, başını çiyninə qoyub, bir azacıq gözünün acısını alan gənc əsgərin surəti gözlərinin önündən çəkilmirdi.

O məşhum, dəhşətli işğal gününün elegiyasını yazmışdı. Əslində, Zəngilan itkisinə haray çəkib ağı demişdi Rəşid. O yazını bu gün, Zəngilanın Ağalısı geri dönən köç karvanlarının ilk ünvanı olandan, insanların yurd həsrətinə son qoyulmasına şahidlik etməyimizdən sonra da həyəcansız oxumaq olmur. Əminəm, qan yaddaşımıza rekviyem kimi həkk edilməli olan o yazını siz də, sadəcə, oxuyub keçə bilməyəcəksiniz. Təkcə ötən yüz ildə 4 dəfə təkrarlanan qanlı tarixə - başımıza açılan fəlakətlərə son qoymaq üçün o yazıları yaddaşlara köçürməliyik.

İşğaldan bir il sonra isə "Zəngilanım!" adlı şeirində yazacaqdı:

 

Yoxuşların yad yoluna çəpər idi,

İgidlərin dizlərinə təpər idi,

Dağın, daşın taleyinə sipər idi.

Od həyanım, köz həyanım, göz həyanım.

 

Jurnalist, şair... sıralamanı davam etdirmək olar. Ancaq məncə, dostumuz Rəşid Faxralının kimlik bələdçisi yazdıqlarıdır.

 

Əridəmməz ömürü qəm,

Dərdimə dönən müridəm,

Yol gedirəm ölümümdən

içimdəki ölüməcən.

 

Əslində, əsl şair, yazar ömrü də elə içindəki ölümü tapanda başlayır. Yolun açıq, sıfırsız 7-in mübarək olsun, Rəşid Faxralı.

 

 

 





28.03.2024    çap et  çap et