525.Az

Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram


 

Böyük Qayıdış: <b style="color:red"> uğurla gerçəkləşən taleyüklü proqram</b>

Artıq neçə müddətdir ki, soydaşlarımızın doğma yurd, yuvalarına qaytarılması prosesi başlayıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi uğurla davam edir.

Prezident İlham Əliyev çıxışlarında qətiyyətlə bildirir ki, işğaldan azad edilən ərazilərə Böyük Qayıdış Proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. 2026-cı ilədək Qarabağa təxminən 40 min ailənin köçəcəyi planlaşdırılır.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, torpaqlarımızın Ermənistan işğalından azad edilməsi ərazilərin viran günə qoyulmasının mənzərəsini açdı. Ermənistan 30 il ərzində yaşayış evlərini, sosial obyektləri, infrastrukturları darmadağın etdi. Həmin yerləri insan yaşaması üçün mümkünsüz şəraitə çevirdi. Eyni zamanda torpaqların əhəmiyyətli bir hissəsi minalandı ki, bu sonradan geri qayıdan əhali üçün çox böyük təhlükə törətdi. Amma rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı ilə torpaqlar işğaldan azad edildikdən sonra qısa zamanda böyük bərpa quruculuq işlərinə başlandı. Hələ Vətən müharibəsindən xeyli əvvəl Böyük Qayıdış planları hazırlanmışdı ki, onlar həyata keçirilməyə başlandı.

O bildirib ki, il yarım bundan əvvəl Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələrin qayıtması həmin torpaqların sahiblərinin öz dədə-baba yurdlarına qayıtmaq əzmindən xəbər verdi: "Artıq 5 yaşayış məntəqəsində 5 minə qədər əhali yaşayır. Bu il 25 yaşayış məntəqəsində 20 minə qədər keçmiş məcburi köçkünlər yaşayacaq. Dövlət tərəfindən yaşayış yerlərinin bərpası, kommunikasiyaların salınması, sosial obyektlərin tikilməsi üçün böyük işlər görülür. O cümlədən, iş yerlərinin yaradılması da dövlətin böyük diqqətindədir. Bu il artıq Kəlbəcər, Şuşa və mümkündür ki, Ağdam rayonuna qayıdış baş verəcək. Onlarla kənddə geri qayıdış üçün böyük işlər görülür, evlər tikilir, insanlar üçün iş yerləri yaradılır. Burada dövlət vəsaiti ilə yanaşı, artıq özəl imkanların da cəlb edilməsi üçün qanunvericiliklə böyük imkanlar açılmışdır. Nəzərə almaq lazımdır ki, bütün bunlar Azərbaycan dövlətinin öz hesabına edilir. Bir beynəlxalq təşkilat, bir dövlət bizə hansısa məsələdə yardımçı olmadı. Özbəkistan və Qazaxıstanın azad edilən ərazilərdə məktəb və uşaq yaradıcılıq mərkəzi tikməsi onların qardaşlıq həmrəyliyindən, türk birliyindən xəbər verir. Bütün bölgələr olduğu kimi, Kəlbəcər, Şuşa, Ağdam da Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Xankəndi şəhərində Qarabağ universiteti yaradılır. O universitet zaman keçdikcə Azərbaycan təhsilinin flaqmanlarının birinə çevriləcək. Artıq həmin universitetin formalaşması üçün böyük işlər görülür. Görülən işlər barəsində vaxtaşırı cəmiyyət məlumatlandırılır".

Millət vəkilinin dediyinə görə, turizm şirkətiləri tərəfindən azad edilən zonalara səfərlər təşkil edilir: "İnsanlar indidən Ermənistanın işğal etdiyi ərazilərdə real vəziyyəti gözləri ilə görə biləcəklər. İnanırıq ki, zaman keçdikcə həmin ərazilər özünün inkişafı, yeniliyi və dövlətçiliyimizə xas olan fəaliyyəti ilə göz oxşayacaq. Azərbaycan xalqı qurub yaradan xalqdır. Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti torpaqlarımızın azad edilməsinə, azad edilən torpaqların bərpasına, insanlarımızın öz dədə-baba torpaqlarına qayıdaraq tarixinə, torpağına sahiblənməsinə gətirib çıxarıb".

Millət vəkili Zahid Oruc deyir ki, 2022-ci ilin noyabrında Böyük Qayıdış Proqramı qəbul edilib və proqram əsasında bütün dövlət, hakimiyyət strukturları qarşısında vəzifələr qoyulub. Hazırda ölkəmizin tarixində bu çoxəsrlik zaman ölçüsündə ilk genişmiqyaslı hadisədir ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Bu bir dövlətin iradəsi, qərarı, planlı strategiyası, həyata keçirdiyi infrastruktur layihələri çərçivəsində gerçəkləşir. Yəni bu yaxın şərq və digər ərazilərdə olan hadisələrin eynisi deyil. Bu eyni zamanda son 100 illik tarixdə bir çox millətlərin həyatında görünməmiş addımdır, misilsiz hadisədir. Onun sözlərinə görə, təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzi Böyük Qayıdışın əhatə etdiyi insanların rəylərini soruşub: "Onların əksəriyyəti doğma torpaqlara qayıdışa hazır olduqlarını bəyan edirlər. Təbii ki, amma bu müxtəlif şəraitlər istəyi ilə özünü göstərir. Yaşlı nəsil deyir ki, qeyd-şərtsiz öz torpağına qayıdacaq. İkinci qrup ayrı, üçüncü isə tamam fərqli yanaşma nümayiş etdirir. Başa düşürəm ki, məcburi köçkünlərin də ailələri, sonra qazandıqları qohumları Bakı və digər məskunlaşdıqları ərazilər üzrədir. Onların iş yerlərini bir anda itirərək harasa qaytarmaq düzgün deyil. Çünki ümumiyyətlə Böyük Qayıdış könüllülük əsasında gerçəkləşir. Bu mühüm prinsip BMT-nin 6 müddəasından biridir. Qeyd etdiyimiz tədqiqatı aparan zaman bir gördük ki, dünyada buna oxşar nümunə yoxdur. Öz torpaqlarına 30-40 il sonra sistemli dövlət qərarları çərçivəsində xalq nümunəsi yoxdur. Bu baxımdan 21-ci əsrdə tək millətik".

Millət vəkili bildirib ki, artıq 5400 nəfər şəxs Şuşa daxil olmaqla Laçın, Füzuli, Kəlbəcər və digər ərazilərə qayıdıblar: "Amma dövlət tərəfindən qarşıya qoyulan məqsəd, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 2026-cı iliin sonuna qədər bu sayın 140 minə qədər olmasıdır. Bu isə o deməkdir ki, həmin köçkünlərin mühüm bir hissəsinin qaytarılması deməkdir. Bu da özlüyündə dövlətin strateji xəttini sübut edir. Bu da o deməkdir ki, biz Qarabağın işğalı dövründə 300 min yerini iş yerini itirmişdik. İndi isə əhalimiz 3 milyondan çox artıb. Şükürlər olsun ki, demokratik cəhətdən böyük inkişaf yolu keçmişik. Belə olan şəraitdə xüsusilə də minaların təmizlənməsi sürətlənməsi üzərindən tədbirlər gerçəkləşdirilməlidir. Bu müddət ərzində o ərazilərin təcavüzə uğraması, torpağın zəhərlənməsi bir yana verilən mina xəritələrinin də böyük hissəsinin saxta olduğu üzə çıxıb. Nə qədər insanımız da həyatını itirib, yaxud da zərər çəkib. Hesab edirik ki, Böyük Qayıdış yalnız insanların azad edilmiş torpaqlara insanların köçürülməsi deyil. Bu Qarabağ və ətraf ərazilərin ölkənin iqtisadi-sosial həyatına qaytarılmasıdır. Oradan iqtisadiyyat, kənd təsərrüfatı üçün böyük addımlar atılacaq. Biri var məcburi köçkünlər üçün Qobu qəsəbəsində evlər verilsin, burada iqtisadi gəlir mənasında geri qayıdış yoxdur. Amma azad edilmiş torpaqlara qoyulan hər bir manat geri dönüm edəcəkdir. Bu, Qarabağın inkişafı üçün də böyük yollar açacaqdır. Ona görə də Gədəbəyin ucqar kəndlərindən Naxçıvana qədər hansı ərazilərimizdə insanlarımız sosial səbəblərdən öz evlərini tərk edib Bakıya və digər ərazilərə daxili miqrasiya edirlərsə, biz çalışmalıyıq ki, onların qayıdışına nail olaq. Bu qayıdış həm milli tarixi köklərə dönüş deməkdir".

Millət vəkili Vüqar Bayramovun sözlərinə əsasən, "Böyük Qayıdış" proqramı çox intensiv və uğurla icra olunur. Deputat diqqətə çatdırıb ki, artıq 2024-cü ildə daha 5 şəhərimizə qayıdış reallaşacaq: "Eyni zamanda 2025-ci ildə qayıdış prosesinin daha da genişlənməsi gözlənilir. Bu baxımdan qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamlarının daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirməli, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri çox önəmlidir. Artıq Qarabağda sərmayə qoyuluşu ilə bağlı müraciət edən xeyli şirkət var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışır. Bu istiqamətdə proses intensiv şəkildə aparılacaq və biz qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşması və reinteqrasiyasını müşahidə edəcəyik. İlkin gözləntilər və proqnozlar təsdiq edir ki, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faiz həcmində yeni dəyər yaradılacaq. Bu, praktik olaraq 10 milyard manata yaxın yeni dəyərin Qarabağ və Şərqi Zəngəzurda yaradılması anlamına gəlir. Ona görə də Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının yeni drayverinə çevriləcək".

Millət vəkili Ceyhun Məmmədov deyir ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə mütəmadi olaraq səfərlər edir və xüsusi əhəmiyyət daşıyan bu səfərlər artıq davamlı xarakter alıb. Onun sözlərinə görə, dövlət başçısı görülən işlərə birbaşa nəzarət edir, bu ərazilərdə bir sıra obyektlərin təməlqoymasında iştirak edir: "Görülən işlər bütövlükdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına öz töhfəsini verir. Bu gün Azərbaycan Prezidentin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Bütün bölgələrimizdə bərpa, quruculuq işləri aparılır. Bu da Azərbaycanın qısa zamanda işğaldan azad edilmiş əraziləri dirçəldəcəyinin göstəricisidir. Həmin ərazilərimiz bölgənin ən gözəl ərazilərindən birinə çevriləcək".

Sevinc QARAYEVA

 





28.03.2024    çap et  çap et