525.Az

Terror, şər qüvvələr və dağıdıcı mərkəzlər


 

Moskvadakı terrordan sonra dünyada baş verən proseslər bizi ayıq-sayıq olmağa vadar edir

Terror, şər qüvvələr və dağıdıcı mərkəzlər<b style="color:red"></b>

Şəhla Nağıyeva,
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Briliyinin sədri

 

“Crocus City Hall” konsert zalında törədilmiş dəhşətli terror bir daha sübut etdi ki, heç bir dövlət, heç bir cəmiyyət belə hadisələrdən sığortalanmyıb. Şər qüvvələr, şərə xidmət edənlər hər an hər cür qırğına, hər cür insan tələfatına hazırdır.

Şübhəsiz, bu cür hadisələr bütün bəşəriyyəti, o cümlədən Azərbaycanı da narahat edir, kədərləndirir. Çünki vaxtilə biz də terror hadisələrinin ağrı-acısını yaşamışıq. Şükürlər olsun ki, indi belə hadisələr bizim sərhədlərimizdən uzaqlarda baş verir. Ölkəmizdə tam stabillikdir. Amma görünür, məhz bu stabillik, xalq-hakimiyyət birliyi kimlərinsə yuxusuna haram qatır.

“Crocus City Hall” terrorunun müzakirələri zamanı Rusiyanın tanınmış teleaparıcı və təbliğatçısı Vladimir Solovyovun hansısa familiya uyğunluğuna görə tələsik Azərbaycanın adını hallandırması təsadüfi deyil.

Fransa prezidentinin Qafqazda gedən proseslərə müdaxilə cəhdləri, Ermənistanın silahlandırılması üçün göstərdiyi canfəşanlığın da hansı niyyətlərə hesablandığı göz qabağındadır.

Ermənistanın Azərbaycanla sərhəd zonalarında Avropa İttifaqı missiyasının gücləndirilməsi və fəallığı bir çox mətləblərə işıq salır. 

Bütün bunlardan sonra aprelin 5-də Brüsseldə təşkil olunacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı isə artıq təkcə Azərbaycanı deyil, bütün region ölkələrini narahat edir. Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçiriləcək konfransda Cənubi Qafqazda gedən proseslərin müzakirəsi gözlənilir.

Qeyri-şəffaf formatda keçiriləcək bu tədbirin regionda etimad quruculuğuna zərbə vuracağı heç kimə sirr deyil. Bu konfrans Cənubi Qafqazda yeni bölücü xətlər yaratmağa xidmət etməklə yanaşı, ikili standart yanaşmasının təzahürü olacaq.  Təsadüfi deyil ki, Azərbaycan və Ermənistanın sülh müqaviləsinə çox yaxın olduğu bir vaxtda belə bir müzakirənin keçirilməsi Ermənistanda “qisasçı kəsimi” yenidən ruhlandırıb. 

Görünür, şər qüvvələrə, dağdıcı mərkəzlərə  nə “Crocus City Hall” terroru dərs olur, nə də dünyanın ayrı-ayrı bölgələrində gedən lokal müharibələr.
Bütün bu kimi proseslər bizim hər birimizdən ayıq-sayıq olmağı tələb edir. Bu günlərdə təhlükəsizlik orqanlarının respublikamızda da terror törətmək, qarışıqlıq yaratmaq istəyən bir qrupu ifşa etməsi də təsadüfi deyil. 

Onlar niyə indi fəallaşıb? 

Quru sərhədlərimiz niyə açılmır?

Təbii ki, bu sualların cavabı yuxarıda qeyd edilən proseslərlə birbaşa bağlıdır.

 





28.03.2024    çap et  çap et