525.Az

"Le Figaro"nun yazısı Makronun çətin vəziyyətə düşdüyünü göstərir


 

"Le Figaro"nun yazısı <b style="color:red"> Makronun çətin vəziyyətə düşdüyünü göstərir</b>

Fransanın məşhur "Le Figaro" nəşri Azərbaycana qarşı növbəti qərəzli məqalə dərc edib. Yelisey sarayının tezisləri ilə işləyən nəşrin məqaləsində əslində prezident Emmanuel Makronun apardığı siyasətin fiaskoya uğradığı etiraf olunur, eyni zamanda bu, Fransa hökumətinin Azərbaycana qarşı qərəzli, məkrli siyasətini bir daha  ortaya qoymuş olur.

"Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası" adlı məqalədə qeyd olunur ki, Makron ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən baş tutmayıb.

Nəşr yazır ki, 2022-ci ilin oktyabrında Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib. Belə ki, Roma Papasını ziyarət edərkən, özü ilə ermənipərəst yazıçı Silvin Tessonu da aparıb ki, sonuncu Ermənistanla bağlı məsələni qaldırsın. Amma Vatikandan da istədiyi dəstəyi ala bilməyib.

Görünən odur ki, bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-ın, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir. Çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir. Makron məhz İlham Əliyevə məğlub olub. 

Bu məqalədə yer alan tezislər bir daha Fransa hakimiyyətinin və şəxsən prezident Makronun Azərbaycana qarşı son dərəcə qərəzli olması və düşmən münasibəti bəslədiyini nümayiş etdirir. Eyni zamanda bu, ermənipərəstliyinin açıq göstəricisidir.

Azərbaycanla münasibətlərin pisləşməsinin səbəbkarı Fransadır. Məhz rəsmi Paris İkinci Qarabağ müharibəsindən bu yana Azərbaycana qarşı düşmən münasibəti bəsləməyə başlayıb. Hətta Qarabağda mövcud olmuş separatçılara açıq dəstək verməkdən də çəkinməyən Paris Ermənistanı silahlandırmağa, bununla da onu yeni müharibəyə təhrik etməyə davam edir, İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasına əngəl yaradır. Nəticə isə budur ki, Paris məğlub olub, bütün cəhdləri fiaskoya uğrayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov mövzunu "525"ə şərh edib.

Ekspertin sözlərinə görə, "Le Figaro" qəzetinin bu məqaləni hazırkı şərtlərdə yaymasının məqsədi ondan ibarətdir ki, Makronun xarici siyasəti təkcə Ermənistan-Azərbaycan sülh prosesinə dair deyil, ümumilikdə Avropada və yaxın regionda baş vermiş hadisələrə görə ciddi tənqid edilir. Son həftələrdə bu tənqidlərin miqyası daha da artıb. Onun Ukrayna ilə bağlı verdiyi son bəyanatlar, yəni NATO qoşunlarının göndərilməsi ehtimalı digər Alyans dövlətlərinin rəhbərləri tərəfindən açıq şəkildə inkar edildi və müəyyən siyasi, ekspert dairələrində Makronun siyasi qabiliyyətinə, onun kvalifikasiyasına qarşı tənqidlər səsləndirildi.

V.Hüseynova görə, belə bir vəziyyətdə əlbəttə ki, Yelisey sarayı görür ki, prezident Makron çətin bir vəziyyətə düşüb, müxtəlif cinahlardan ona qarşı tənqidlər səsləndirilir: "Buna görə də onlar artıq müdafiə mövqeyinə keçərək Makronu, onun siyasətini müdafiə etmək, uğursuzluqlarını başqa güclərin, dövlətlərin siyasi fiqurların üzərinə atmaq istəyirlər. Bu kontekstdə qəzetin yazdığı Ermənistan-Azərbaycan məsələsinə dair məqalə heç də təəccüb doğurmur. Aydındır ki, burda məqsəd ondan ibarətdir ki, ermənilərə və ilk növbədə Fransa daxilindəki erməni diasporuna göstərilsin ki, Makron əslində Ermənistan üçün çalışır, əlindən gələni edir, lakin o, bu məsələdə başqa dövlətlər tərəfindən dəstək almır. Belə olan halda, əlbəttə ki, onun hətta Roma Papasını bu məsələyə qatması, Vatikanın Makronun siyasətinə dəstək verməməsini qabartması, onu vurğulaması prezident Makronun necə bir çətin vəziyyətə düşdüyünü göstərir. Bu, bizdə heç də təəccüb doğurmur".

Politoloq İlyas Hüseynov isə "525"ə deyib ki, Vətən müharibəsi və sonrakı dövrdə Fransa mətbuatında ölkəmizə qarşı destruktiv məqalələrə dəfələrlə şahidlik etmişik: "Eyni zamanda, bu proses bu gün də davam edir. Lakin bəzən reallıqlara eyham da vurulur. Çünki Makron Cənubi Qafqazda nə qədər möhkəmlənmək istəsə də, bunu bacarmır. Ona görə ki, Cənubi Qafqazın ən aparıcı dövləti olan Azərbaycan buna icazə vermir".

Politoloq əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən Makron administrasiyasının fəaliyyəti də iflasa uğrayır: "Qoşulmama Hərəkatının tərkibindəki Bakı prosesi daha da güclənir, Fransanın müstəmləkə siyasəti ifşa olunur, dənizaşırı ərazilərdə həyata keçirilən insanlıq və bəşəriyyət əleyhinə fəaliyyətlər geniş ictimaiyyətin diqqətinə çatdırılır və bu toplantılar öz effektivliyi ilə seçilir. Bütün bunlar onu deməyə əsas verir ki, Cənubi Qafqazdakı hazırkı proseslərdə Fransanın bütün təşəbbüsləri neqativ olması ilə yanaşı, həm də öz nəticəsini vermir və Fransa ictimaiyyətində bu geniş müzakirələrə səbəb olur. Eyni zamanda, düşünürəm ki, hazırkı durumda bu cür məqalələr həm də Cənubi Qafqaza Fransanın diqqətinin daha da artırılması məqsədilə yazılır və erməni lobbisi belə məqalələri maliyyələşdirir, ona dəstək olur ki, məqalələr də informasiya təxribatı yönündə formalaşır. Xüsusilə diqqət çəkən məsələ bundan ibarətdir ki, Makron digər dünya liderləri ilə də, hətta Roma Papası ilə də Cənubi Qafqazda gedən prosesləri müzakirə etməyə çalışır və öz ətrafında tərəfdar toplamağa cəhd edir. Bütün əlində olan imkanlardan Avropa və dünya miqyasında, beynəlxalq təşkilatlrda ölkəmizə qarşı istifadə edir. Bununla da öz aciz mövqeyini ortaya qoyur. Çünki Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurası, Fraknafoniya müstəvisində ölkəmizə qarşı müzakirələr keçirilsə də, onların heç bir praktiki əhəmiyyəti olmayıb. Avropa Şuraşı Parlament Assambleyası, Avropa Parlamentinin məlum qərəzli qətnamələr də aydındır ki, Yelisey sarayının təşəbbüsü və dəstəyi ilə qəbul olunub".

 

 





29.03.2024    çap et  çap et